12 Mart 2025

Çərşənbə, 13:10

İRANDA RUHANİNİN QƏLƏBƏ QAZANMASI ABŞ-ı QANE EDİR

"R+" jurnalının suallarını amerikalı politoloq, "The Moscow Times" qəzetinin icmalçısı Maykl Bom cavablandırır

Müəllif:

25.06.2013

İranda keçirilən prezident seçkisini dünyanın hər tərəfində diqqətlə izləyirdilər. Dünyadakı geosiyasi vəziyyət həm də bu ölkədə və onun ətrafında baş verənlərdən asılıdır. İranın xarici siyasətində, həmçinin nüvə proqramı məsələsində heç kim ciddi dəyişikliklər gözləməsə də, Həsən Ruhaninin İran prezidenti seçilməsi çoxlarında Tehranla Qərbin münasibətlərindəki gərginliyin azalacağına ümidlər yaradıb. "The Moscow Times" qəzetinin icmalçısı Maykl Bom də əksər analitiklər kimi, hadisələrin bundan sonrakı inkişafı ilə bağlı nikbin düşüncədədir.

- ABŞ-da Həsən Ruhaninin İran prezidenti seçilməsini necə qiymətləndirirlər? ABŞ-İran münasibətlərində "isinmə"yə ümid varmı?

- ABŞ-ın nöqteyi-nəzərində Həsən Ruhani İrandakı prezident seçkisinə qatılmış namizədlər arasında ən yaxşısı idi. Onun qələbəsi Amerikada da müsbət qarşılanıb. Vaşinqton seçkidə radikal Möhsün Rezai və ya Səid Cəlilinin qalib gələcəyindən ehtiyatlanırdı. Onlarla müqayisədə Ruhani mülayim siyasətçidir. Necə deyərlər, ABŞ üçün Ruhani iki şərdən daha yaxşısıdır. Bunun konkret nə ilə nəticələnəcəyini heç kəs bilmir. İranın nüvə proqramı ilə bağlı problemin həllində irəliləyişə nail olunacağını düşünmək üçün heç bir əsas yoxdur. Amma güman edirəm ki, Ruhaninin hakimiyyətə gəlişi ilə İran-Qərb münasibətlərində gərginlik artmayacaq. O, Əhmədinejadla müqayisədə daha yumşaq siyasət yürüdəcək. İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həlli ehtimalını birmənalı şəkildə istisna etmək olar. Yaxın illərdə MAQATE müfəttişləri  ilə İran hökuməti arasında bitmək bilməyən "siçan-pişik" oyunu başa çatacaq. İrana vaxt qazanmaq lazımdır. Müəyyən mənada, ABŞ bu oyunda iştirak etməklə özünü elə aparır ki, guya danışıqlarda həqiqətən də nələrsə həll olunur. Amma Vaşinqtonun imkanları məhduddur. O, beynəlxalq təşkilatlara təzyiq göstərə bilər. Amma bütün bunların heç bir mənası yoxdur. İran vaxt udur, danışıqların isə sonu görünmür. Status-kvo nüvə silahı hazır olanadək davam edə bilər.

- Ruhani uranın zənginləşdirilməsi prosesinin dayandırılmasının artıq gec olduğunu bəyan edib. Bir gün İranın həqiqətən də nüvə silahı əldə etməyin bir addımlığında olduğu üzə çıxarsa, ABŞ hansı addımları ata bilər?

- O vaxt Barak Obama hakimiyyətdə olacaqsa, o, İranın nüvə silahlarının yayılmamasına dair müqavilənin üzvü olmasından istifadə edəcək. İranın nüvə silahı əldə etməyə çalışdığını sübut edən təkzibolunmaz faktlar ortaya çıxarsa, başqa səviyyədə müzakirə olunacaq - BMT Təhlükəsizlik Şurasında. ABŞ İrana beynəlxalq təzyiqlər rçaqından istifadə edəcək, bunu Tehranın Nüvə silahlarının yayılmamasına dair müqavilənin tələblərini pozması ilə əsaslandıracaq. Bu, çox çətin prosesdir. Amma Barak Obamanın başqa yolu qalmır. Ancaq ABŞ-da hakimiyyətə respublikaçılar gəlsə belə, İrana hərbi müdaxilə ehtimalı yoxdur. Başqa bir variant da var. İran daxilində nələrsə baş verərsə...

- Suriya ssenarisinə bənzər?

- Əlbəttə, ABŞ özünü elə aparır ki, guya bunların ona aidiyyəti yoxdur. Amma hansısa məqamda Vaşinqton suriyadaxili münaqişəyə cəlb oluna bilər.

- Təhlükəsiz zonanın təmini, qiyamçılara yardım...

- Bəli, böhran məqsədə çatmaq üçün bəhanə olacaq...

- İran daxilində ABŞ-ın müttəfiq kimi "stavka" etdiyi siyasi qüvvələr varmı?

- İran hökuməti ölkədəki vəziyyətə qəti şəkildə nəzarət edir. Orada sistemdənkənar müxalifət yoxdur. Doğrudur, 2009-cu ildə kütləvi etiraz aksiyaları keçirildi. Amma o, yatırıldı. Bu üzdən İran daxilində ABŞ-ın potensial müttəfiqləri haqqında danışmaq artıq olardı.

Prinsipcə, İran-Amerika münasibətlərində müəyyən isinişmə mümkündür. Amma istənilən halda, bu münasibətlər İranın nüvə proqramı ilə bağlı problemin həllindən asılıdır.

- Bu günlərdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı birgə bəyanatla çıxış ediblər. Amma hələ ki, bu münaqişənin həllinin Amerika administrasiyası üçün prioritet olduğunu göstərən konkret fakt yoxdur...

- Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi həllivacib problemdir. Amma indi dünya liderləri alışıb-yanmaqda olan münaqişələrin həlli  ilə məşğuldurlar. ABŞ-ı, məsələn, 90 minədək insanın həlak olduğu Suriya müharibəsi maraqlandırır. Dünyada miqyasına görə xeyli böyük olan kifayət qədər münaqişə var və onlara etinasız yanaşmaq mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi ilə ABŞ Dövlət Departamentinin ayrıca şöbəsi məşğul olur və o, prezident Obamanı məlumatlandırır.

Digər tərəfdən, ABŞ-ın da cəlb olunduğu nizamlanma prosesi  ilə Rusiya məşğul olur. Yəni, Rusiya ilə rəqabətdə xal qazanmaq imkanları var. Bu gün Amerika-Rusiya münasibətlərində gündəlikdəki əsas məsələ nüvə silahlarının ixtisarıdır. Nizamlanma prosesində fəallığın artırılması sülhməramlı ölkələrin sayının artırımına səbəb ola bilər. Məsələn, prosesə Almaniyanın və digər ölkələrin cəlb olunması şəklində. Yaxın Şərq münaqişələrinin həllində olduğu kimi, "dördlük", "beşlik" yaradıla bilər.

- Avropa ölkələri "Nabucco" qaz kəməri layihəsinə dəstək veriblər. Bu layihənin reallaşdırılması prosesinin "ölü nöqtə"dən tərpənəcəyinə ümid etmək üçün əsas varmı?

- "Nabucco" avropalılar üçün Rusiya qazından asılılıqlarını azaltmaq üçün vacibdir. Avropalıların Rusiyanın etibarlı tərəfdaş olmasına şübhələri var. Bu baxımdan, "Nabucco" qaz kəməri Aİ üçün ehtiyat variantdır. Amma onun inşası halında da Rusiya qazından imtina nəzərdə tutulmur. Problem "Nabucco"ya vurulacaq qaz resursu ilə bağlıdır. Layihənin reallaşdırılması "Nabucco"ya Mərkəzi Asiya resurslarının nə qədər tez cəlb olunacağından asılıdır.

Yeri gəlmişkən, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlıqla yanaşı, ona silah satmaqda da maraqlıdır. Rusiyanın Azərbaycana 1 milyard dollarlıq silah satdığına dair xəbərlər Amerikanın marağını çəkib. Bu, ciddi məbləğdir. Bu müqavilə Azərbaycanla Rusiyanın ciddi şəkildə yaxınlaşdıqlarını göstərir. Təbii ki, ABŞ da Azərbaycana hərbi məhsullar satmaq istəyir.


MƏSLƏHƏT GÖR:

482