15 Mart 2025

Şənbə, 00:32

İRAN SEÇİMİNİ ETDİ

Həsən Ruhaninin qələbəsi dünyaya və İranın qonşularına nə vəd edir?

Müəllif:

25.06.2013

"Mühafizəkar"larla "islahatçı"lar arasında qızğın mübarizə şəraitində keçmiş və Əhmədinejadın qələbəsi  ilə bitmiş 2009-cu il seçkisindən fərqli olaraq, İranda sayca 11-ci olan budəfəki prezident seçkisi kifayət qədər sakit keçdi. İslahatçı "Yaşıl Hərəkat"ın liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi artıq 4 ildir ev dustağıdırlar. Onların bir çox tərəfdarları həbsxanalara salınıb. İslahatçılardan heç kəs bu seçkilərə buraxılmadı. Axı İranın hazırkı qanunvericiliyinə əsasən, prezidentliyə namizədlərin hər biri bilavasitə İranın dini lideri ayətulla Xamneinin nəzarətində olan Konstitusiyaya Nəzarət Şurasından da keçməlidirlər. Bu qurum isə 868 namizəddən yalnız 8-ni seçkiyə buraxıb. Prosesdən kənarlaşdırılmış siyasətçilər arasında kifayət qədər nüfuzlu və xarizmatik iki şəxs də var idi: eks-prezident Rəfsəncani və son prezident Mahmud Əhmədinejad tərəfindən dəstəklənən Maşai. Qeyd edək ki, Maşai Əhmədinejadın yaxın qohumu və silahdaşıdır.

Bu seçkidə əksər yerli və xarici müşahidəçilər üstünlüyü mühafizəkar inamizədlərə verirdi. Bunlar İranın Milli Təhlükəsizlik Şurasının hazırkı rəhbəri Səid Cəlili və Tehranın nüfuzlu meri Baqer Qalibaf idi. Dini lider Əli Xamneinin də gizlin olaraq məhz onları dəstəklədiyi güman edilirdi. Lakin hadisələrin gedişi göstərdi ki, bu proqnozlar səthi olub və ehtimalları irəli sürənlər İranın hakim elitası daxilindəki çətin qammanı nəzərə almayıblar.

Mühafizəkar siyasi cəbhənin həddindən artıq güclənməsi yalnız rejim üçün yox, İran elitasının superhakimi olan ali rəhbər üçün də risklər yaradırdı. Prezident Əhmədinejadın sərt, qarşıdurmalara meyilli siyasəti uranın zənginləşdirilməsi prosesində irəliləyişə, Buşəhr AES-in işə salınmasına imkan yaratmış, əhalinin "islam normaları"na əməl etməsində müşahidə olunan sərbəstliyin aradan qaldırılmasına yol açmışdı. Amma bu, eyni zamanda, İranda daxili gərginliyi də artırmışdı. Ölkə beynəlxalq aləmdən təcrid duruma düşüb, Qərbin sanksiyaları ciddi iqtisadi və maddi çətinliklərə səbəb olub. Nəhəng neft və qaz ehtiyatlarına malik İran onları hasil etmək üçün investisiya və Qərb texnologiyalarını cəlb edə bilmir. İnflyasiya 30-40%-ə çatıb. Milli valyutanın dəyərdən düşməsi getdikcə daha ciddi xarakter alır. Əhalinin həyat səviyyəsi aşağı düşüb, işsizlik artıb. Bütün bunların fonunda İran hökumətinin həm daxili, həm də xarici siyasi kursunda ciddi praqmatik korrektəyə ehtiyac yaranmışdı.

Daha bir önəmli amil, İranda açıq şəkildə danışılmasa da, çoxlarının beynindən keçən məsələ - 75 yaşına çatmış və deyilənlərə görə, səhhətində ciddi problemləri olan ali dini lider Əli Xamneinin varisi məsələsidir. Vaxtilə Xamnei prezidentlik kürsüsündən ayətulla Xomeynini dini lider və ali rəhbər kimi əvəzləyib. Onun varisinin də müəyyən meyarlara cavab verməli olduğu aydındır. O, dini korporasiyaya mənsub, kompromis, mərkəzçi bir fiqur olmalıdır. Bununla yanaşı, həmin şəxsdə dövlətçilik və siyasi təcrübənin olması da vacibdir. Həsən Ruhani bütün bu meyarlara ideal şəkildə uyğun gəlir. Ötən seçkilərdə Xamneinin favoritinin məhz Ruhani olması da təəccüblü deyil.

Ölkədə ciddi nüfuzunu qoruyub-saxlamış, faktik olaraq mötədil və islahtçı siyasətçilərin liderləri sayılan eks-prezidentlər Əli Əkbər Haşimi-Rəfsəncaninin və Məhəmməd Hatəminin dəstəyi onların namizədlərinin ilk turdaca qələbə üçün lazım olan səs toplamasına kifayət etməzdi. Amma istənilən halda, Həsən Ruhani seçkidən qalib çıxıb və bu hadisə İran vətəndaşları, ilk növbədə isə mühafizəkarların sərt repressiv idarəçiliyindən bezmiş gənclər və ziyalılar tərəfindən sevinclə qarşılanıb. Həsən Ruhaninin İran prezidenti seçilməsi dünya tərəfindən də müsbət qiymətləndirilib. Əksər KİV və analitiklər Ruhanini islahatçı və liberal adlandırır. Halbuki, o,  keçmiş siyasi karyerasında, seçkiqabağı kampaniyasında buna oxşar nə bəyanat səsləndirib, nə də əməl ortaya qoyub. Ruhani daha çox islahatçı-liberal yox, Rəfsəncani kimi ehtiyatlı və mötədil mərkəzçi siyasətçidir. O, tamamilə İranın dini-siyasi isteblişmentinə mənsubdur və ölkədə istənilən dəyişikliyi mövcud islam sistemi çərçivəsində mümkün sayır.

Prezident Əhmədinejadın administrasiyasından fərqli olaraq, Ruhani ölkəsinin nüvə proqramı ilə bağlı konstruktiv danışıqların davam etdirilməli olduğunu düşünür. O, hesab edir ki, bu məsələdə Avropa liderlərinə etibar etmək mümkündür. O, İrana qarşı beynəlxalq sanksiyaların ləğvinə nail olmaq niyyətindədir. Həsən Ruhani bildirib ki,  tezliklə "altılıq"la (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) danışıqlar prosesini canlandıracaq. Ruhani Tehranın uranın zənginləşdirilməsi prosesinin əsas hissəsinin artıq reallaşdır?ldığının, bu üzdən də geri dönüşün mümkün olmadığını bildirir. Tehran "Fordu" müəssisəsində uranın 20%-dək zənginləşdirilməsi  ilə məşğul olduğunu inkar etmir, sadəcə olaraq, bunun Tehran Tibb Reaktorunda istifadə üçün nəzərdə tutulduğunu iddia edir. Ruhani bu mövzuda danışıqları davam etdirməyə hazırdır. Lakin o, İranın nüvə proqramından imtinasını mümkünsüz sayır, danışıqların yalnız aparılan işlərin şəffaflığınının təmini, MAQATE tərəfindən müvafiq nəzarət həyata keçirilməklə reallaşdırılması ətrafında davam etdirilə biləcəyini söyləyir. Ruhaninin fikrincə, bu, İranın nüvə proqramının hərbiyönülmlü olduğuna dair narahatlıqların aradan qaldırılması baxımından edilməlidir.

Daxili siyasətə gəlincə, Ruhani iqtisadi həyatı sərt dövlət nəzarətindən azad etməyi, reqlamentə həddindən artıq tabeliyə son qoymağı vacib hesab edir. O, prezident seçiləcəyi təqdirdə, "Vətəndaş azadlığı xartiyası"nı hazırlayacağını, əməlləri islam normalarına uyğun gəlməyən şəxslərə qarşı repressiv əməllərin sərtliyinin azadlılacağını bildirmişdi. İlk mətbuat konfransında Musəvinin azad edilməsi haqda verilən sualı isə Ruhani cavabsız saxlayıb.

İran əhalisinin Ruhaninin prezident seçilməsinə müsbət yanaşdığını artıq qeyd etmişik. Seçkinin ilkin nəticələrinin elan olunmasından sonra rialın məzənnəsinin 9% artması ümid göstəricisi sayıla bilər. Bu, maliyyə-iqtisadi dairələrin etimadının da göstəricisidir.

Ruhaninin qələbəsinə beynəlxalq mətbuatın, Qərb siyasətçilərinin reaksiyası da müsbətdir. ABŞ prezidentinin mətbuat katibi Cey Karni bildirib ki, "Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığına tam cavab verəcək diplomatik həllə nail olmaq üçün İran hökuməti  ilə birbaşa təmaslara hazırdır".

Qərb dövlətlərinin (Böyük Britaniya, Almaniya) Ruhaninin iştirakı ilə aparılmış danışıqlarda iştirak etmiş yüksək rütbəli diplomatları onunla işləməyin mümkün olduğunu bildirirlər. Mahmud Əhmədinejaddan fərqli olaraq, Həsən Ruhani uzun müddət Avropada yaşayıb, ingilis və fransız dillərini bilir. Amma hələ nüvə proqramı ilə bağlı dialoq bərpa olunmamış, İranla Qərb arasında münasibətlərin normallaşmasına başqa bir məsələ də töhfəsini verə bilər. Söhbət Suriyada davam etməkdə olan vətəndaş müharibəsindən gedir. Yeri gəlmişkən qeyd edək ki, Tehran bu məsələdə Bəşər Əsəd rejimini dəstəkləyir.

İranın nüvə proqramı ilə bağlı problem və Tehranın Qərblə qarşıdurması, ümumilikdə, Cənubi Qafqaz regionuna da təsir göstərən məqamlardır. Amma region üçün daha vacib olanı Ruhaninin prezidentliyinin İran-Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyidir. Son illər bu münasibətlərdə hər şeyin qaydada olduğunu söyləmək çətindir. İki ölkə münasibətlərində aradan çətinliklə qaldırılan insidentlər bir-birini əvəz edir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi azalıb, siyasi dialoqun səviyyəsi və intensivliyi azalıb. Zaman-zaman İran siyasətçiləri, dövlət və din xadimləri Azərbaycana, onun rəhbərliyinə qarşı qəbuledilməz bəyanatlar səsləndirir, KİV-də mənfi təbliğat kampaniyası aparılır.

İranın Arannews saytının yazdığına görə, Həsən Ruhani seçkiqabağı çıxışların?n birində Azərbaycanın Qərblə münasibətlərdə problemdən qaçmaq üçün İrandan uzaqlaşdığını bildirib. Ruhaninin fikrincə, bununla da Azərbaycan İran üçün təhlükə mənbəyinə çevrilir. Guya o, Azərbaycanı İranda "etnik qarşıdurmaya təhrik" siyasəti yürütməkdə də ittiham edib. Ruhani Azərbaycanda və Türkiyədə vəziyyətin nəzarətdə saxlanılmalı, bu ölkələrlə sərhədlərdə "tədbirlər görülməli olduğunu" deyib.

Bu informasiyaların həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək çətindir. Lakin İranın Azərbaycandakı səfiri Möhsün Pakayin "ANS" telekanalına açıqlamasında "Ruhaninin İranın siyasətini yaxşı bildiyini" söyləyib: "Xarici siyasətdə  Azərbaycanla münasibətlərə böyük önəm veririk. Azərbaycanla xüsusi münasibətlərimiz olmalıdır. Düşünürəm ki, qonşularla yaxşı münasibətlər təhlükəsizlik baxımından ölkəmizin müdafiəsinə töhfədir".

Bakı prinsipial olaraq İranla mehriban qonşuluq və qarşılıqlı səmərəli münasibətlərin tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyev Həsən Ruhanini İran prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olub. «Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər özərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik», - deyə İlham Əliyevin təbrik məktubunda  bildirilir.Yeni prezident Ruhaninin daha zirək, kompromislərə əsaslanan siyasəti nəticəsində İran ətrafında gərginliyin azalmasının Bakı ilə bağlı lazımsız, əsassız şübhələri də aradan qaldıracağına, həm Azərbaycan-İran münasibətlərinə, həm də regiondakı vəziyyətə müsbət təsir göstərəcəyinə ümid etmək olar.



MƏSLƏHƏT GÖR:

406