14 Mart 2025

Cümə, 22:43

DÜNYA SİYASƏTİNİN QƏFİL KÜLƏYİ

"G8" sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanat qəbul olundu

Müəllif:

25.06.2013

"Böyük səkkizlik"in sammitindən, adətən, taleyüklü qərarlar və səs-küylü bəyanatlar gözlənilmir. Burada söhbət başqa şeydən gedir - "səkkizlik" üzvləri arasında bu və ya digər məsələ ilə bağlı prinsipial razılaşma və ya fikir ayrılığı, həmçinin onun tərkibində parçalanmanın olub-olmaması. Bu üzdən  çox vaxt gözlənilmədən tam fərqli məqamlar da müzakirə obyektinə çevrilir; məsələn, "vücud dili": jestlər, mimikalar və hətta ikitərəfli görüşlər zamanı prezidentlərin duruşu, oturuşu... Ən xırda məqam ətrafında belə qızğın müzakirələr aparılır. Birgə nahar zamanı kim-kimin yanında əyləşir, yaxud idman zalına birinci girməyi kim-kimə güzəşt edir və s. Toplantıda səsləndirilən istənilən zarafat bəzən ciddi siyasi proqnozlara da yol açır.

Deyəsən, son sammit bu mənada daha xarakterik olub. Dünya KİV Suriya ilə bağlı qəbul edilən kommünikenin mətnindən çox Putinin, Obamanın və ya Kemeronun ikitərəfli görüşlər zamanı özünü necə apardığını müzakirə edir. Qəzetlərin ilk səhifələrində Putinin mətbuat konfransı zamanı jurnalistlərə "qorxulu baxışı", Amerika prezidenti Obamanın isə rusiyalı həmkarının çıxışı zamanı "etinasızcasına saqqız çeynəməsi" haqda yazılır.

Jurnalistləri başa düşmək olar. Çünki "G8" çərçivəsində görüşlər zamanı əsas hadisələr məhz "kulisarxası" baş verir, reportyorlar və ekspertlər isə 8 ölkə liderinin yekun bəyanatlarından konkret terminlər və təlimatlar yox, sadəcə, ümumi istiqamətlər gözləyirlər. Başqa sözlə, "səkkizlik" ölkələrinin sammitlərində əsas məsələ küləyin hansı sürətlə və hansı istiqamətə əsdiyini, daha doğrusu, əsə biləcəyini anlamaqdır.

 

Qarabağ münaqişəsi - köhnə hamam, köhnə tas

İyunun 17-18-də Şimali İrlandiyanın Lox-Ern kurortunda keçirilən "G8" sammitindən Azərbaycanda dünya liderlərinin Dağlıq Qarabağ münaqişəsi  ilə bağlı mövqelərini dəqiqləşdirməsini gözləyirdilər. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (Rusiya, ABŞ, Fransa) prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Ollandın birgə bəyanatında münaqişə tərəflərinin danışıqlar nəticəsində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunub.

"Əminik ki, münaqişənin sülh yolu ilə hərtərəfli həllinə aparan balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da uzanması yolverilməzdir. Azərbaycan və Ermənistan liderlərini hələ də açıq qalan məsələlərin həllinə yeni enerji ilə köklənməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Rusiya, ABŞ və Fransa hesab edir ki, münaqişə ilə bağlı son 4 ildə yaydıqları bəyanatlar "Dağlıq Qarabağ münaqişəsinin ədalətli və möhkəm həlli üçün əsas olmalıdır". "Bu bəyanatlar bir tam kimi qəbul olunmalıdır. Çünki onların hər hansının digərindən üstün tutulmasına edilən istənilən cəhd balanslaşdırılmış razılaşmanın əldə olunmasını istisna edir. Biz bütün tərəfləri bir daha Helsinki prinsiplərinə, xüsusilə güc tətbiq etməmə, yaxud güc tətbiqi  ilə hədələməmə, ərazi bütövlüyü, bərabərhüquqluluq və xalqların öz müqədd?ratını təyinetmə prinsiplərinə sadiqliklərini təsdiqləməyə çağırırıq", - Rusiya, ABŞ və Fransanın birgə bəyanatında belə qeyd olunub.

Bəyanatda ilk nəzəri cəlb edən bu tezislərin Azərbaycan XİN-in bəyanatları ilə tam uyğunluq təşkil etməsidir. Azərbaycanın xarici siyasət idarəsi məsələ ilə bağlı mövqeyini bu dəfə də təsdiqləyib.

"Azərbaycan tərəfi regionda sabitliyə təhlükə yaradan status-kvonu qəbul etmədiyini dəfələrlə bəyan edib. Bu məsələdə Azərbaycanın mövqeyi ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi  ilə uyğundur. Azərbaycandan fərqli olaraq, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq üçün əlindən gələni edir", - deyə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

O, rəsmi Bakının məsələ ilə bağlı əsas mövqeyini bir daha dilə gətirib. Birincisi, münaqişə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmalıdır. İkincisi, Ermənistandan fərqli olaraq, Azərbaycan baza sənədi kimi, yenilənmiş Madrid prinsiplərini qəbul edib, həmsədrlər də elə bu haqda danışırlar.

"Azərbaycan dəfələrlə münaqişənin "yol xəritəsi" əsasında həlli təklifi  ilə çıxış edib. Təəssüf ki, Ermənistan Azərbaycanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin bu təklifini rədd edir. Bu, Ermənistanın yenilənmiş Madrid prinsiplərini qəbul etmədiyini bir daha təsdiqləyir", - deyə E. Abdullayev qeyd edib. Konkret olaraq "güc tətbiq edilməməsi prinsipi"nə gəlincə, bu prinsipi məhz Ermənistan pozur: onun silahlı qüvvələri Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Qeyd etmək lazımdır ki, erməni tərəfi xarici işlər naziri Edvard Nalbandyan vasitəsilə tələm-tələsik İrəvanın da həmsədrlərlə razı olduğunu, qəti şəkildə "münaqişənin yalnız sülh yolu ilə həllinə" kökləndiyini bəyan edib.

Beləliklə, "Böyük səkkizlik"in danışıqlar prosesinə yönəlmiş əsas mesajı nədən ibarətdir? Birincisi, bu cür sənədlərin əvvəllər də qəbul edildiyini vurğulamaq vacibdir. Amma necə deyərlər, köhnə hamam, köhnə tas. Yenilənmiş Madrid prinsiplərinin açıqlanmasından 4 il keçir və bu, heç də az müddət deyil. Həmsədrlər isə hələ də nəticə əldə olunmamasından "təəssüflənir", "həmsədr ölkə başçılarının son 4 ildə qəbul etdikləri bəyanatlarda yer alan fikirlərin ədalətli, möhkəm həll üçün əsas ola biləcəyinə" əminliklərini ifadə edirlər. Bununla yanaşı, bəyanatın mətnində niyə həll prosesində heç bir irəliləyişin əldə olunmadığına dair bircə eyham belə yoxdur. Niyə bəyanatlar münaqişənin həllinə əsas ola bilər, lakin olmur? Həmsədrlər bir-birləri  ilə, münaqişə tərəfləri  isə həmsədrlərlə razıdırlarsa, danışıqlar proses "ölü nöqtə"dən niyə tərpənmir?

Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun dediyi kimi, "nə qədər ki, təcavüzkar öz adı ilə çağırılmır, Minsk qrupunun bütün həmsədrləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair konkret tələb irəli sürmür, münaqişənin həll prosesində irəliləyiş mümkün olmayacaq. Hesab edirəm, Minsk qrupuna həmsədrlik edən ölkələr bu məsələyə konkret münasibət ortaya qoysaydılar, nizamlanma prosesində daha ciddi nəticələr əldə oluna bilərdi".

Həqiqətən də, dünya liderləri əksər hallarda aydın olmayan ifadələr ortaya atır, nəticədə jurnalistlər və ekspertlər onların bu dəfə nə demək istədikləri üzərində baş sındırmalı olurlar.  Əlbəttə ki, dünya ictimaiyyətinin həmsədrlərin simasında münaqişəni yada salması və onun tezliklə çözülməsinin vacibliyini bildirməsi sevindirici haldır. Lakin vasitəçi ölkələr danışıqlar prosesinin başlanmasından 20 il sonra da nəticənin olmamasından təəssüflərini ifadə edirlərsə, bu, diqqəti cəlb etməyə, məyusluq yaratmaya bilməz. Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğaldan azad olunmasını tələb edən 4 qətnaməsinə hələ də əməl etmir. Azərbaycan daim nədən Ermənistana lazımi təzyiqin göstərilmədiyini soruşur. Axı bunun üçün hansısa yeni mexanizmlərə ehtiyac yoxdur - beynəlxalq hüquqa dair birgə sənədlərdə bunların hamısı çoxdan yazılıb və sınaqdan keçirilib. Həmsədr ölkələr tərəfindən münaqişənin həllilə bağlı ümumi istiqamətləri də çoxdan müəyyənləşdirilib və tam aydındır. Amma deyəsən, bu, artıq kifayət etmir...

 

Biri yeddisinə qarşı

Son sammitin əsas mövzusu isə Suriyadakı müharibə olub. Bu məsələdə dünyanın siyasi şərhçiləri Putinin diplomatik qələbə qazandığı qənaətindədirlər. Onların fikrincə, Rusiya prezidenti bu qələbəni "yeddi ölkəyə qarşı təkbaşına" olmasına rəğmən qazanıb. Bir sıra dünya KİV isə yalnız Putinin qələbəsindən yox, az qala, Rusiya və ABŞ prezidentləri arasında "soyuq müharibə"dən bəhs etməyə başlayıb. "Onlar bir də söhbətləşməmək haqda razılığa gəliblər", - deyə Obama-Putin görüşü zamanı hiss olunan gərginliyi diqqətlə müşahidə etmiş bloggerlər zarafatla yazır.

Moskva ilə Vaşinqton arasında hazırda həqiqətən də çoxlu sayda fikir ayrılıqları var - "qara siyahılar"dan tutmuş, HHM sistemləri və Suriyayadək. Buna rəğmən, "G8" sammitində Ağ Evlə Kreml "nüvə təhlükəsinin ixtisarına dair ikitərəfli çərçivə razılaşması" da əldə ediblər. Bununla da onların arasında Nann-Luqar proqramı çərçivəsində başlanmış əməkdaşlıq davam etdirilib. Bundan başqa, Moskva ilə Vaşinqton komp?ter sahəsində təhlükələrin yaranacağı təqdirdə, birbaşa rabitə xətti yaratmaq qərarına gəliblər. Beləliklə, Rusiya ilə ABŞ kiberməkanda inamın möhkəmləndirilməsi sahəsində faktiki olaraq, presedent yaradıblar.

"G8" liderləri dünyada vergi şəffaflığının artırılması sahəsində əllərindən gələni etmək öhdəliyi də götürüblər. Söhbət nəhəng korporasiyaların vergidən yayınmasının önlənməsi yollarından - dünya iqtisadiyyatının deooşorlaşmasından və bu sahədə vahid standartın qəbulundan gedir. 

Lox-Eyrdə Amerika-Avropa Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının, başqa sözlə, azad ticarət zonanın yaradılması qərarı da təsdiqlənib. Aİ ilə ABŞ arasında iqtisadi ittifaqın yaxın zamanlar üçün dünya iqtisadiyyatında ən vacib sənəd olacağı, tarixin ən nəhəng ikitərəfli ticarət razılaşmasına çevriləcəyi gözlənilir. Vaşinqtonla Brüssel bununla, nəhayət, iqtisadiyyatda canlanmanın yaranmasına, yeni iş yerlərinin açılmasına, transatlantik cəmiyyətin möhkəmlənməsinə ümid edir.Tərəflər arasında danışıqların ilk mərhələsi iyulda Vaşinqtonda aparılacaq. Əlbəttə ki, tərəflər hələ kino sənayesi və televiziya, kənd təsərrüfatı, maşınqayırma və sair sahələrdə mövcud olan fikir ayrılıqlarını aradan qaldırmalıdırlar. Amma layihə sürətlə irəliləməkdədir. Yeri gəlmişkən, o, Rusiyanın Avrasiyaya inteqrasiya layihəsi  ilə sərt şəkildə kəsişir.

Növbəti sammit 2014-cü ildə Soçidə keçiriləcək. O zaman dünya siyasətində küləyin hansı tərəfə əsəcəyini ehtimal etmək belə çətindir.



MƏSLƏHƏT GÖR:

573