15 Mart 2025

Şənbə, 00:26

"QRADONAÇALNİTSA"nın YERİ HARADADIR?

Xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin adı və şəxsiyyəti ətrafında qorxulu xəbərlər dolaşırdı

Müəllif:

18.06.2013

1913-cü ilin yanvar günlərində Bakı ictimaiyyətinin, bəlkə də, bütün imperiyanın diqqəti Tiflisə yönəlmişdi. Məhkəmə palatasında Bakı Dairə Məhkəməsinin "H.Z.Tağıyevin işi" üzrə apellyasiya şikayətinə baxılırdı. Söhbət Hacı Zeynalabdin Tağıyev ilə onun kontorunun işçisi Lütfəli bəy Behbudov arasında 1911-ci il mayın 16-da baş vermiş qalmaqaldan gedir. Şəhərdə Tağıyevin arvadı Sofya Vladimirovna ilə Lütfəli bəy arasındakı sevgi əlaqəsi olması barədə söhbət  gəzirdi.    

Məsələyə aydınlıq gətirmək üçün Tağıyev özünə yaxın şəxslərin iştirakı ilə Behbudovu "ailə şurası"na" çağırıb. Gəzən söhbətlərə görə, Tağıyevin evində Behbudov vəhşicəsinə döyülüb.  Bakını çaxnaşmaya salmış bu hadisənin iştirakçıları qalmaqalın səbəblərini öz bildikləri kimi izah edirmişlər. Lütfəli bəyin nə dərəcədə döyüldüyünü demək çətindir. Amma zərərçəkmiş söyləyib ki, onun əllərini bağlayıblar və sonra altı adam döyməyə başlayıb. Əks tərəf isə iddia edib ki, Lütfəli bəy, sadəcə, pilləkəndən yıxılanda əzilib. 

Orada nə olursa-olsun, amma Bakı Dairə Məhkəməsi H.Z.Ta-ğıyevi, onun oğlu Sadıxı, ştabs-rotmistr İrza bəy Məmmədbəyovu (Tağıyevin bacısı qızının ərini), İran şahzədisi Mansur Mirzə Qacarı, "Kaspi" nəşriyyatının təsərrüfat hissə müdiri Ağa Həsənovu, fabrik müdiri Mehdi Cəfərovu və Tağıyevin qardaşı oğlu Məmməd Rza Tağıyevi mühəndis-texnoloq Lütfəli bəy Behbudovu döyməkdə günahkar sayıb və onlara müxtəlif müddətə həbs kəsib. H.Z.Tağıyevə iki il yarım, qalanlarına isə iki il iş kəsib.  Düzdür, mühakimə olunanlar həbsxanaya girmədilər, çünki hələ istintaq zamanı azadlıqda qalmaq üçün pul girovu verdilər. Tağıyevin girovu 200 min rubl, qalanlarınınkı isə 20-25 min rubl təşkil edib. Qərar çıxandan sonra ittiham olunanlar apellyasiya şikayəti ediblər və buna Tiflis Məhkəmə Palatası baxıb. 

Proses Tiflisdə yanvarın 10-da başlayıb və üç gün ərzində gedib. H.Z.Tağıyevi Tiflisdə andlı iclasçılar (vəkillər - müəllif) Kazarinov, Zamıslovski, Bıkov, Vonsoviç və Makalinski,  Behbudovu isə andlı iclasçı knyaz Baratov müdafiə edib. Ekspert kimi məhkəməyə professor Kosorotov və doktorlar Elaişvili, Jitkov, Rodionov, Leplinski və Semyonov, həmçinin zərərçəkmişi insidentin ertəsi günü müayinə etmiş şahid həkimlər Axundov və Sultanov çağırılıb. "Prosesə maraq böyük idi. Prosesdə iştirak etmək istəyənlər çox idi", - deyə həmin gün "Kaspi" qəzeti yazırdı. "Prosesə biletlər", əlbəttə, hamıya çatmırdı, çünki zala cəmi 85 adam yerləşirdi. Amma bununla yanaşı, bütün müxbirlər iclas zalında yer tutublar.

 

Üçüncü gün məhkəmə qərar çıxardı. Bütün ittiham edilənlər günahkar sayılıblar, amma daha yumşaq maddələrlə cəza alıblar. Nəticədə, H.Z.Tağıyevə hərbi hauptvaxtda saxlanmaqla iki ay həbs kəsilib, qalanların hər birinə isə bir ay iş kəsilib. Bu barədə xəbər Bakıya gündüz saat ikidə çatıb və çoxları tərəfindən bu, H.Z.Tağıyevin qələbəsi kimi qəbul edilib. Həmin saatdan başlayaraq Tağıyevi məhkəmə prosesinin uğurla bitməsi münasibətilə təbrik etmək üçün onun Qorçakov küçəsindəki evinə insan axını başlayıb. 1913-cü ildə Romanovlar sülaləsinin taxta çıxmasının 300 illiyi münasibətilə əfv keçirilir. H.Z.Tağıyevin həbs müddəti bir aya qədər azaldılıb. Noyabrda II Nikolay fərmanla həbsi 7 günlük ev dustaqlığı ilə əvəz edib. 

Bir həftə sonra ictimaiyyət yeni qalmaqalla çaxnaşıb. Bu dəfə H.Z.Tağıyevin qradonaçalnikin şəxsində yerli hakimiyyətlə münasibəti gündəmə gəlib. Buna əsas səbəb Bakı Xeyriyyə Cəmiyyətinin sədri, Bakı qradonaçalnikinin arvadı Yelena Martınovanın erməni yönümlü "Baku" qəzetinə yazdığı və "Redaksiyaya məktub" rubrikasında yerləşdirilmiş bir məktub səbəb olmuşdu. O yazırdı: "Zati - aliləri baş redaktor! Xahiş edirəm, lütfünüzü əskik etməyəsiniz və "Qarlı axşam" üçün H.Z.Tağıyev tərəfindən mənə verilmiş 10 rublu Müsəlman Maarifçilik Cəmiyyəti "Nicat"ın gücləndirilməsi üçün verəsiniz. Gerçək sayğılarla Bakı Xeyriyyə Cəmiyyətinin sədri Y.Martınova". Qradonaçalnikin arvadının bu kobud jestinin  hansı mənalar verdiyini sadəcə ehtimal etmək olardı. Düşmənlər sevinirdi, müsəlman ziyalıların isə Tağıyevin timsalında özlərinin təhqir edildiyinə tam hüquqları var idi. Buna görə də ölçülü və düşünülmüş cavab lazım idi. Və Tağıyevdən bu gəldi. Yanvarın 23-də həmin qəzetin 19 saylı nüsxəsində Tağıyevin cavabı dərc edilmişdi: 

"Zati-aliləri baş redaktor! "Baku" qəzetinin 15-ci sayında Bakı Xeyriyyə Cəmiyyətinin sədrinə mənim tərəfimdən verilmiş 10 rublun "Nicat" Müsəlman Cəmiyyətinə verilməsi ilə bağlı məktub dərc edilmişdi. Bu məktubun yerli cəmiyyətdə müxtəlif mənalar yaratması səbəbindən mən xahiş edirəm ki, bununla bağlı qısa izahatımı dərc etməkdən imtina etməyəsiniz. Bir cəmiyyət üçün edilmiş ianəni ianəçinin özünün razılığı olmadan başqa cəmiyyətə verilməsinin nə dərəcədə hüquqi olub-olmaması məsələsinə toxunmaq istəmirəm (qoy cəmiyyət özü buna qiymət versin), ancaq mən Bakı Xeyriyyə Cəmiyyətini bu addımı atmağa vadar etmiş səbəb barədə susa bilmərəm. Təəssüf ki, sədr xanımın məktubunda səbəb göstərilməyib. Ancaq bütün mümkün ehtimallardan ən doğru olanı odur ki, mənim tərəfimdən edilən ianənin götürülməməsinin əsas səbəbi onun cüzi olması ilə bağlıdır. Əgər bu ehtimal doğrudursa, deməli, Bakı Xeyriyyə Cəmiyyətinin idarə heyəti mənə başa salmağa çalışıb ki, məndən daha böyük ianə almağa əsası və mənəvi haqqı var. Mən də bildirməyi özümə borc sayıram ki, tərəfimdən edilən ianənin həmin məbləğdə olması təsadüfi anlaşılmazlığın nəticəsidir. Bilet götürmək təklifi ilə kontora yanıma gələn şəxslər (şəxsən özümün onları qəbul etmək imkanım olmayıb) öz gəlişlərinin məqsədini və önəmini yetərincə izah edə bilməyiblər, mən də bunun növbəti sıradan mövsüm axşamlarından biri sayaraq, biletə görə pul vermək qərarına gəldim və həmişəki kimi, ən yaxın yüksək yuvarlaq məbləği ödədim. Özü də biletin özü toplayıcı cənablarda qaldı. Bu son durum, yəqin,  ona səbəb olub ki, əldə edilmiş pullar biletin haqqı kimi deyil, ianə kimi rəsmiləşdirilib. 

Bakı Xeyriyyə Cəmiyyəti üçün mən yad şəxs deyiləm. Öz vaxtında onun fəaliyyətində aktiv iştirak etmişəm, həmin vaxtdan cəmiyyətin bütün xeyirxah layihələrinə dəstək verməkdən heç zaman imtina etməmişəm. Düşünürəm ki, bu, mənə ehtimal etməyə imkan verir ki, bu cür təsadüfi anlaşılmazlıq qəzetdə məktub dərc etdirmək kimi tamamilə yersiz mənalara  və arzuolunmaz şərhlərə yol açan sərt tədbirdənsə, birbaşa mənə müraciət etmək yolu ilə həll edilə bilərdi. Gerçək sayğılarla H.Z.Tağıyev".  

"Qradonaçalnitsa"nın bu qədər sərt addımına ən yaxşı cavab isə Tağıyevin növbəti ianəsi oldu. O, Bakı Aleksandr Rus-Müsəlman Qadın Məktəbinin müsəlman qızlar üçün ikiillik pedaqoji kurslarına 100 min rubl ianə verib ki,  orada diyarın hər yerində açılan qadın məktəbləri üçün müəllimələr hazırlığı dü-şünülürmüş. 



MƏSLƏHƏT GÖR:

640