Müəllif: Vəfa ZEYNALOVABakı
Azadlıq əsri qadınlara birmənalı şəkildə kişilərin üstünlüyü sayılan səsvermə hüququ, tənqidlərə məruz qalmadan şalvar geymək, dünyaya avtomobilin alın şüşəsindən baxmaq kimi imkanlar qazandırıb. Amma burada ortaya bir sual çıxır: onlar bu "yüksək etimad"ı nə dərəcədə doğruldurlar? Digər məsələlərə toxunmayacağıq. Bu yazıda sadəcə zərif cins nümayəndələrinin sükan arxasında özlərini necə aparmalarından danışacağıq.
Artıq illərdir ki, "qadın sükan arxasında" anlayışı nonses deyil. Artıq o, adi hala çevrilib. Artıq Şərq gözəlləri də sükan arxasına əyləşir, tıxaclarda manevrlər edir, magistrallarda şütüyürlər. Əksər hallarda, onlar bu zaman qadın olduqlarını, təpədən dırnağadək baxımlı qalmalarının vacibliyini də yaddan çıxarmırlar. Bunu sadəcə söz naminə demirik, çünki bəzən hamımıza kuryoz kimi görünən hala da rast gəlinir: qadınlar, hətta sükan arxasında da bəzənməyə macal tapırlar.
"Ötürücülük" qabiliyyəti
34 yaşlı Səid Məmmədov sərbəst iş qrafikinə malikdir. Odur ki, iki yaşlı qızı ilə tez-tez gəzintiyə çıxır. "Tez-tez uşaq arabası ilə yol keçməli oluram. Maraqlı bir halı müşahidə etmişəm: sükan arxasında olan qadınlar mənə çox nadir hallarda yol verirlər. Kişilər haqda bunu demək olmaz: hətta yollarını kəssəm belə, siqnal vermədən asta-asta arxamca gələcəklər - yəqin fikirləşirlər ki, birdən uşaq yuxuda olar", - deyə o, bildirir.
26 yaşlı mühasib Sevil Həsənova daha sərt danışır: "Mən həmişə piyadaların hərəkət qaydalarına əməl edirəm ki, hüquqlarımı müdafiə etmək fikrinə düşsəm, məzəmmətlə üzləşməyim; yolu yalnız işıqforun yaşıl işığında və yalnız nəzərdə tutulmuş hissələrdən keçirəm. Bizdə qonşu ölkələrdən, xüsusilə də Avropadan fərqli olaraq, sürücülərin "zebr" olan hissələrdə belə, piyadalara yol verməsi qəbul olunmayıb. Qadınlar isə piyadalara heç yol vermirlər. Qafqazlı kişilərimiz nəzakətlidirlər və əksər halda avtomobili saxlayaraq, piyadaya yol verirlər. Qadınlar isə bir adi məsələni unudurlar - onlar sükan arxasına əyləşən kimi bütün qadın üstünlüklərini itirir və sürücüyə çevrilirlər".
Yana Maşkova 5 illik təcrübəyə malik sürücüdür. O, qaydalara tam əməl edən sürücünün olmadığını, bu haqda deyilənlərin mif olduğunu söyləyir. "Əlbəttə, ki, yol hərəkəti qaydalarını pozan, amma bunu kobud şəkildə etməyən, qayda pozuntusuna heç kimin həyatına təhlükə yaratmadan, narahatlıq vermədən gedən avtomobil həvəskarları var. Özümü belələrinə aid edərdim. Amma özüm sükan arxasında qadınların əyləşməsinə pis baxıram. Kişilərə adekvat olan qadın sürücülərə də rast gəlinir. Amma onların sayı çox azdır. Qadınlar sükan arxasına əyləşdikdə düşünürlər ki, əyləncəli gəzintiyə çıxıblar. Onlar digər sürücülərə ciddi narahatlıq yaradırlar. Piyadalara yaratdıqları narahatlıqlar isə öz yerində", - deyə Maşkova bildirir. Bundan başqa, o, hesab edir ki, dar küçələrdə kişilər sənə yol verməyə məcbur olmadıqları halda belə, bunu edirlərsə, qadınlardan bunu görmək mümkün deyil.
Üç kateqoriya
Amma əlbəttə ki, bütün qadın sürücüləri eyni cərgəyə qoymaq olmaz. Avtomobili idarə etmək üzrə təlimçi Fərman Namazov R+ jurnalına açıqlamasında bildirib ki, qadınlar sürücülük kurslarına daha diqqətli və ciddi yanaşır, təlimçini diqqətlə dinləyir, prosesi ardıcıllıqla öyrənirlər. Kişilər isə, əsasən, təlimlərə başdansovdu yanaşırlar.
Fərman Namazovun sözlərinə görə, onun təcrübəsi qadın sürücüləri üç kateqoriyaya ayırmağa imkan verir.
Birinci kateqoriya müasir biznes ledilərdir. Onlar orta hesabla 30 yaşında, yalnız həyatda deyil, sükan arxasında da özlərinə inanan qadınlardır. Onlar sürücülüyün bütün qaydalarını ustalıqla qavrayır, ən başlıcası isə, maşını ustalıqla park edirlər. Bu tip qadınlar, adətən, özlərinə o qədər də böyük olmayan avtomobillər seçir, bu da park etmədə problemlərin yaranmasının qarşısını alır.
İkinci kateqoriyaya da yol hərəkəti qaydalarına münasibətdə "sözəbaxan" qadınlar aiddir. Söhbət evdar xanımlardan gedir. Əksər hallarda, onlar ailəli xanımlar olur və onların avtomobili idarəetmə üslubu buna müvafiqdir: çünki əksər hallarda maşında uşaqlar olur və bu səbəbdən, qadın avtomobili səliqə ilə idarə edir, sürət həddini aşmır və heç zaman işıqforun qırmızı işığında hərəkəti davam etdirmir.
Nəhayət, üçüncü kateqoriya: onlar əksər hallarda digər sürücülərin haqlı narazılığına səbəb olurlar. Namazovun sözlərinə görə, bu, yaşı 17-30 arasında olan, maşını həyat yoldaşı və ya atası tərəfindən alınmış xanımlardır. Belə sürücülər, əksər hallarda, bilərəkdən sükan arxasında risklər edir, üstəlik, böyükölçülü maşınlara üstünlük verir, nəticədə manevr imkanlarını çətinləşdirirlər.
Qayda pozucuları
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev R+ jurnalına açıqlamasında bildirib ki, hazırda qeydə alınmış, təxminən, milyon yarım sürücünün 40-42 mini qadınlardır. K.Əliyev daha çox qayda pozanların da xanımlar olduğunu bildirir: "Amma bunlar ciddi qayda pozuntuları olmur. Onları daha çox sükan arxasında telefonla danışarkən, bəzənərkən görmək mümkündür".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov da eyni fikirdədir: "Qadınlar daha çox öz cinslərinə uyğun pozuntulara yol verir, diqqətsizlik edirlər". V.Əsədovun sözlərinə görə, qeydə alınan 100 qayda pozuntusunun 20%-i zərif cins nümayəndələrinin payına düşür. Yol qəzalarında, həmçinin ölümlə nəticələnən qəzalarda da qadınların payı az deyil: 15-18%.
Əsədov hesab edir ki, sükan arxasında ən vacib olanı yol hərəkəti qaydalarına əməl olunmasıdır: "Maşın sürərkən sürücünün cinsindən asılı olmayaraq, ilk şərt qaydalara əməl edilməsi olmalıdır. Çünki həm ətrafdakıların - sürücülərin və piyadaların, həm də sükan arxasındakı şəxsin özünün təhlükəsizliyi bundan asılıdır".
Sonda tənqid etdiyimiz qadınların bir az da könlünü alaq. Sürücülük məktəblərindən birinin rəhbəri İbad Allahverdiyev bildirir ki, sürücülük kurslarına yazılan qadınların sayı durmadan artır. Demək, gələcəkdə xanımların avtomobili idarə etməyə daha ciddi yanaşacaqlarına ümid var. Görünən odur ki, zərif cins nümayəndələri hər bir şəraitdə, hətta sükan arxasında da zərif cins olaraq qalmaq istəyirlər. Bu, əlbəttə ki, təqdirəlayiqdir. Amma unutmaq olmaz ki, sükan arxasında qadın, hər şeydən əvvəl, elə sürücüdür.
MƏSLƏHƏT GÖR: