Müəllif: Emil İSMAYILOV Bakı
2014-cü ilin əvvəllərində nəhəng regional dəmir yolu layihəsi olan Bakı-Tiflis-Qars (BTQ) istismara verilməlidir. Layihənin gerçəkləşdirilməsində məqsəd Azərbaycan, Türkiyə və Gürcüstanın tranzit imkanlarının genişləndirilməsi, həmçinin fəal şəkildə inkişaf edən mal və xidmətlər bazarı - Avropa ilə Asiya arasında yük daşımalarının genişləndirilməsinə töhfə verilməsidir. Lakin ötən həftə Bakıda keçirilən 12-ci Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 3-cü Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgilərinin gedişində layihənin istismara verilməsinin bir qədər ləngiyəcəyi məlum olub. Bu, obyektiv səbəblərləmi bağlıdır və ləngimə marşrutun iqtisadi faydalılığını yenidən şübhə altına sala bilərmi?
Yavaş gedən axıracan gedər
Yeni dəmir yolu xəttinin strateji əhəmiyyətinə heç bir şübhə yoxdur. Lakin buna baxmayaraq, son zamanlar layihənin iqtisadi faydalılığı, onun istismara verilməsinin ləngiməsi və bahalaşması ilə bağlı birmənalı olmayan fikirlər də səsləndirilməyə başlanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nazirov isə bildirir ki, BTQ 2014-cü ilin sonunda istismara tam hazır olacaq. "Hazırda layihə çərçivəsində işlər planlaşdırılmış qrafikə uyğun aparılır. Tikinti işlərinin 2013-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulub", - deyə o, qeyd edib: "2014-cü ildə işə salma-sazlama işləri görüləcək, təşkilati və inzibati məsələlər həllini tapacaq". Q.Nazirov layihənin reallaşdırılmasındakı cüzi ləngiməni Gürcüstan-Türkiyə sərhədində tunel tikintisilə bağlı texniki və inzibati məsələlərin həll olunmasının vacibliyilə izah edib.
Xatırladaq ki, BTQ layihəsi 105 kilometrlik yeni dəmir yolu xəttinin inşasını nəzərdə tutur. Bundan başqa, Gürcüstan ərazisində Axalkalaki-Marabda-Tiflis dəmir yolu yenidən qurulmalıdır. Bu, layihənin yükdaşıma qabiliyyətini ildə 15 milyon tonadək artırır. Axalkalakidə qatarların Avropa təkərlərinə keçiriləcəyi məntəqənin inşası da nəzərdə tutulub.
BTQ-nin maksimal yükdaşıma qabiliyyətinin ildə 17 milyon ton olacağı gözlənilir. İlkin mərhələdə isə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.
Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün 775 milyon dollar kredit ayırıb. Layihənin maliyyələşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Dövlət Neft Fondu hesabına həyata keçirilir.
Son zamanlar Gürcüstanın layihə ilə bağlı mövqeyinə dair də çox söz-söhbətlər meydana çıxıb. Məsələn, 2012-ci ilin dekabrında Gürcüstanın baş naziri Bidzina İvanişvili onun iqtisadi məqsədəuyğunluğuna şübhəsini ifadə etmişdi. Lakin cəmi bir neçə gün sonra o, BTQ-nin inşasının dayandırılmayacağını, Gürcüstanın yeni hökumətində bu məsələ ilə bağlı heç bir sualın qalmadığını bildirdi.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kvirikaşvili isə Qəbələdə bu yaxınlarda keçirilən iqtisadi forumda bu marşrutun prioritet olduğunu bəyan edib. "Bakı-Tiflis-Qars Gürcüstan üçün ən vacib layihələrdən biridir. Hökumətimiz hesab edir ki, layihə mütləq davam etdirilməlidir. Texniki problemlər, layihənin koordinatları ilə bağlı problemlər var idi. Onlar Gürcüstan parlamenti tərəfindən dəqiqləşdirildi. Artıq Axalkalakidə stansiya tikilir. Bir neçə gündən sonra Türkiyə ilə Gürcüstanı birləşdirən tunelin inşası da davam etdiriləcək. Qeyd etmək istəyirəm ki, bu, strateji layihədir. Onun reallaşdırılmasında heç bir problem yoxdur", - deyə nazir qeyd edib.
İqtisadi səmərəli
BTQ layihəsinin iqtisadi səmərəliliyinə gəlincə, artıq qeyd edildiyi kimi, ona şübhə yoxdur. Regionumuzun böyük tranzit potensialına malik olduğu heç kəsə sirr deyil. Bu potensial tam gerçəkləşdirilməyib və onun inkişafı üçün yeni tranzit layihələrinin reallaşdırılması vacibdir.
Azərbaycanın Ələt qəsəbəsində (Bakının 65 kilometrliyində) yeni beynəlxalq dəniz limanı inşa olunur. Orada ildə 11,6 milyon tonadak yükün boşaldılması və yüklənməsi mümkün olan böyük logistika mərkəzi tikiləcək. Bu, BTQ ilə birlikdə layihənin iştirakçısı olan ölkələrin tranzit potensialını genişləndirməsi üçün böyük imkanlar açır. Nəticədə, Avropa ilə Asiya arasında yük daşımalarının həcmi xeyli artacaq.
Hazırda Mərkəzi Asiya ölkələrinin Çindən Mərkəzi Asiya, Xəzər və Qafqaz vasitəsilə Avropaya tranzit dəhlizinin inkişafı istiqamətində fəaliyyəti xeyli güclənib. Bütün bu proseslərdə katalizator rolunu isə məhz BTQ oynayır. Layihəyə Qazaxıstan və Türkmənistan kimi ölkələr də maraq göstərir. BTQ-nin istismara verilməsilə TRACECA çərçivəsində təşəbbüslər - "Silk Wind" layihəsinin reallaşdırılması da mümkün olacaq. Ötən ilin noyabrında Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə bu layihə ilə bağlı memoranduma imza atıblar. Layihənin məqsədi Xəzərin şərq sahillərindən Avropayadək (dəmir yolu və dəniz nəqliyyatının cəlbi ilə) layihə iştirakçısı olan ölkələrin gömrük xidmətləri və dəmir yolu operatorları arasında ilkin informasiya mübadiləsi sisteminə malik multi-modal marşrutun yaradılmasıdır. Layihədə iştirak edən ölkələr yüklərin daşınmasına vahid tarif tətbiq etməyi də planlaşdırır.
Bundan başqa, BTQ layihəsinin əhəmiyyəti "Marmaray" layihəsi çərçivəsində Bosfor boğazı altından tunelin istismara verilməsilə daha da artacaq. İstanbulun Asiya hissəsilə Avropa hissəsini birləşdirəcək "Marmaray" dəmir yolu tuneli ilə sınaq hərəkəti avqustun 1-də həyata keçiriləcək. Onun bu ilin oktyabrında tam istismara verilməsi nəzərdə tutulub. Dəmir yolunun uzunluğu 76,3 kilometrdir. Onun 13,6 kilometri tuneldə olacaq. Dəmir yolu "Bosfor" boğazı vasitəsilə hər iki istiqamətə sutkada 1,2 milyon sərnişin daşınmasına imkan verəcək. Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyindən əvvəllər də deyildiyi kimi, bu, eyni zamanda həm sərnişinlərin, həm də yüklərin daşınacağı yeganə analoji layihədir.
Naxçıvana qatarla
Azərbaycana gəlincə, BTQ-nin istismara verilməsi iqtisadi gəlirlər, Avropa ilə Asiya arasında vacib nəqliyyat dəhlizinin yaranması ilə yanaşı, respublika üçün strateji əhəmiyyət daşıyan problemin həllinə də kömək edə bilər. Onun Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın digər ərazilərilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa yerüstü əlaqənin yoxluğundan yaranan problemi aradan qaldıracağı da gözlənilir. Hazırda bu problem təyyarə reysləri və İran ərazisilə hərəkət edən avtobuslar vasitəsilə çözülür. İndi BTQ ilə yanaşı, Naxçıvan-Qars (Türkiyə) marşrutu üzrə də dəmir yolunun çəkilməsi təklif olunur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılmasına hazırlıqlar başa çatdırılıb və hazırda layihələndirmə işləri aparılır. O, Azərbaycan ərazisində dəmir yolunda yenidənqurma işlərinin aparılmasının, Türkiyə ərazisində isə yeni xəttin çəkilməsinin vacibliyini vurğulayıb. "Azərbaycan tərəfi dəmir yolunun yenidən qurulması işlərini təkbaşına görəcək. Türkiyə ərazisində yeni dəmir yolu inşasının necə həyata keçiriləcəyinə isə baxılacaq", - deyə A.Əsgərov bildirib.
Naxçıvan-Qars dəmir yolunun inşası ilə yanaşı, İranla sərhəddən Sədərəyədək olan yolun yenidən qurulması, həmçinin 10 kilometrlik yeni yolun çəkilməsi də nəzərdə tutulur. İlkin məlumata görə, Naxçıvan-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsi üçün 1 milyard manat vəsait lazımdır.
Yeri gəlmişkən, BTQ-nin vaxtında istismara verilməsi layihədə iştirak edən üç ölkənin hər birinin marağına uyğundur. Çünki o, həm bu ölkələrin gəlirlərinin artmasına, həm də iqtisadiyyatın bir-birilə bağlı sahələrinin inkişafına ciddi təkan olacaq.
MƏSLƏHƏT GÖR: