14 Mart 2025

Cümə, 23:36

TAKSİM KOMPROMİS YOLUNDA

"Türk yayı" nə ilə bitəcək?

Müəllif:

18.06.2013

Türkiyədəki böhran dönüş nöqtəsini yaşayır. 12 gün davam edən etiraz aksiyalarından sonra polis nümayişçiləri İstanbulun mərkəzində yerləşən Taksim meydanından çıxarıb. Bu dəfə də asayiş keşikçiləri gözyaşardıcı qazdan, rezin güllələrdən, su şırnaqlarından istifadə etməli olub.  Amma Gəzi parkının müdafiəsi məqsədilə başlamış, sonradan hökumət əleyhinə etirazlara çevrilmiş daxili siyasi qarşıdurmanın ölkədə müəyyən izlər buraxacağına şübhə yoxdur. Ölkənin siyasi mənzərəsində hansı dəyişikliklərin baş verəcəyindən asılı olmayaraq, Türkiyədə partiyalar arasındakı qüvvələr nisbətinin əvvəlkitək qalmayacağı dəqiqdir.

İstanbul rəhbərliyinin Gəzi parkının ərazisində ticarət mərkəzinin inşası planından imtinasını müəyyən mənada nümayişçilərin qələbəsi saymaq olar. Amma İstanbul meri Kadir Topbaş hökumətin parkın yenidən qurulması planından tam imtina etmədiyini də bildirib. Sadəcə indi Gəzi parkının yerində muzey və ya sərgi mərkəzinin inşasını nəzərdə tutan plan müzakirə olunur. Beləliklə, park və oradakı ağacların taleyi böyük sual altında olaraq qalır. Halbuki, Türkiyədə kütləvi etiraz dalğası məhz bu parkın və ağacların taleyindən narahatlıq səbəbilə başlayıb.

Türkiyə baş nazirinin müavini Bülənt Arınçın ölkə rəhbərliyi adından polis zorakılığına məruz qalmış nümayişçilərdən üzr istəməsi də vacib məqamlardan biridir. Amma o, hökumətin yalnız ətraf mühitin müdafiəsinə qalxmış insanlar qarşısında özünü günahkar saydığını da söyləyib. Odur ki, hökumətin üzrxahlığı ekoloji xarakterli nümayişlərə siyasi çalar qazandıranlara, baş nazir Rəcəb Tayyib Ərdoğan və komandasının istefasını tələb edənlərə aid deyil.

Maraqlıdır  ki, polisin Taksim və etiraz aksiyalarının keçirildiyi digər meydanlardan nümayişçilərin çıxarılması üçün sərt tədbirlərə əl atması Ərdoğanın iğtişaşlara tam son qoyulması üçün bütün lazımi addımların atılacağını söyləməsindən sonraya təsadüf edir. Amma nümayişlərin dağıdılması heç də etirazçı əhvalın aradan qaldırılması demək deyil. Hökumət əleyhinə keçirilən nümayişlər göstərdi ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (ƏİP) ölkəyə rəhbərlik etdiyi 10 ildən artıq müddətdə Türkiyə ictimaiyyətinin ciddi bir hissəsində hökumətin siyasətinə etiraz etmək üçün əməlli-başlı əsaslar yaranıb. Bu, xüsusilə Ərdoğanın islama meyil strategiyası ilə bağlıdır. Bu, əhalidə ƏİP hökumətinin siyasi və sosial sahələrdə yürütdüyü siyasətin Atatürk dövlətini təftiş etməyə yönəldiyinə dair şübhələr yaradıb. Etiraz aksiyalarında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün irsinə qayıdışla bağlı çağırışlar da bununla bağlıdır. Türkiyə və atatürkçülüyü  bir-birindən ayrılmaz sayan əhalinin böyük bir hissəsinin etirazçı enerjisinin meydana çıxması üçün bir qığılcım kifayət edib. Hökumətin İstanbulun mərkəzindəki parkı dağıtmaq qərarı hakim partiyanın siyasətindən narazı olan insanların özündən çıxması üçün son nöqtə olub. Onların arasında həm sağçılar, həm solçular, millətçlər, kosmopolitlər, tələbələr, həm də futbol fanatları var idi. Etirazçı hərəkatın potensialı Ərdoğanın istefasına nail olmağa yetməsə də, onların gücü ölkənin siyasi arenasında dünyəvi və islamçı qüvvələr arasında kompromisin vacibliyi məsələsini qoymağa kifayət edə bilər.

Bütün bunlarla yanaşı, Türkiyədə baş verənlərə daxili siyasi qarşıdurmaya az aidiyyəti olan məsələlərin təsiri də getdikcə artmaqdadır. Ölkədə qarşıdurmanın böyüməsində müəyyən xarici siyasi və maddi-iqtisadi dairələr də maraqlıdır. Onlar Ankaranın beynəlxalq arenada çəkisini artırmasından, Türkiyənin regional fövqəldövlətlərdən birinə çevrilməsindən narahatdırlar. Buna Ərdoğan da kifayət qədər açıq şəkildə eyham vurub. Onun tənqid etdiyi əsas hədəf baş nazirin "iğtişaşlara rəhbərilk edən qüvvə" adlandırdığı atatürkçü Cümhuriyyət Xalq Partiyası (CXP) olsa da, hökumət başçısı sosial medianı (Facebook və Twitter), xaricdən dəstək alan bəzi "marginal qruplaşmaları" da tənqid atəşinə tutub. Ərdoğan xarici qüvvələri etirazçılara dəstək verməkdə günahlandırıb, onların məqsədinin Türkiyə iqtisadiyyatını zəiflətmək olduğunu bildirib. Baş nazir hesab edir ki, həmin qüvvələr "Türkiyəni diz üstə çökdürməyə, xarici investorları qorxutmağa" çalışırlar.

Həqiqətən də, bəzi dünya mərkəzlərinin "ərəb banketi"nin "Türkiyə küçələrində" də təkrarlanmasını arzuladığını istisna etmək olmaz. Qərb KİV-də "ərəb baharı" ilə "türk yayı" arasında həddindən artıq çox müqayisə aparılır, Türkiyədə baş verənlərin Yaxın Şərqin bir sıra ölkələrində yaşanmış inqilabların davamı ola biləcəyi vurğulanır.

Əlbəttə ki, Türkiyənin liderləri, ilk növbədə, hökumət başçısı Ərdoğan hazırda xalq etirazı aksiyalarına qarşı çıxan şəxs rolundadır. Vaxtilə Misir, Liviya və bir sıra digər ölkələrin rejimləri də bu vəziyyətlə üzləşmişdilər. Eyni sözləri Ərdoğan tərəfindən sərt tənqid olunan, silahlı müxalifətlə ölüm savaşına çıxan Suriya prezidenti Bəşər Əsəd haqqında da söyləmək olar.

Dünya elitasının Ərdoğandan narazılığına Ankaranın bir sıra ağrılı qlobal məsələlərlə bağlı inadkar mövqe nümayiş etdirməsi də səbəb ola bilər. Onun İsrailin Fələstinə qarşı siyasətini sərt tənqid etməsi belə məqamlardandır. Qərbin Ərdoğanın Bəşər Əsəd rejiminin devrilməsi üçün kifayət qədər fəallıq göstərmədiyini düşünməsi də mümkündür. Ərdoğanın ABŞ-a bu yaxınlarda etdiyi səfər və orada prezident Barak Obama ilə apardığı danışıqlardan sonra bu haqda söz-söhbət də yayılmışdı: guya, Türkiyə hökumətinin başçısı antiəsəd hərəkatına tam dəstək versə də, Ağ Evin Suriyaya qarşı konkret hərbi əməliyyatların başlanılması istəyini mənfi cavablandırıb. Halbuki, Türkiyənin Suriya münaqişəsilə bağlı tutduğu mövqe Fransa və Böyük Britaniyanın Liviyada Qəddafi rejiminin devrilməsi zamanı ortaya qoyduqları mövqedən, demək olar ki, fərqlənmir.

Amma "ərəb baharı" tərəfdarlarının arzularına rəğmən, Türkiyədə baş verənlər Yaxın Şərq diktaturalarında yaşananlara o qədər də uyğun gəlmir. "Ərəb baharı"nın qələbə qazandığı ölkələrdə dünya dünyəvi olsa da, uzun illər hakimiyyətdə qalmış və özünü hörmətdən salmış rejimlərin devrilməsini müşahidə etdi. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası isə təmiz keçirilən seçkilərdə dəfələrlə qalib olub, üstəlik, demokratik proseslər vasitəsilə hakimiyyətdən getməyə hazır olduğunu da bildirir.

Vaxtilə Türkiyə olimpinə məhz demokratik vasitələrlə yüksələn Ərdoğan israrla bildirir ki, hazırkı daxili siyasi qarşıdurmada son söz xalqa məxsus olmalıdır. O, xalqın öz seçimini 2014-cü ilin martında və 2015-ci ili iyununda keçiriləcək bələdiyyə və parlament seçkisində edəcəyini deyir.

Ölkədə daxili siyasi gərginliyin yüksək olmasına baxmayaraq, aparıcı qüvvələrin dialoq üçün yollar axtardıqları hiss olunur. Düşünmək olar ki, Türkiyə bəzi Yaxın Şərq ölkələrində "inqilab"a aparıb çıxarmış xaosun qarşısını almaq üçün kifayət qədər güclü fövqəldövlətdir. Bundan başqa, Türkiyədə siyasi proseslərə təsir imkanlarına malik ordunun olduğu da yaddan çıxarılmamalıdır. Ordunun belə təsir imkanları Ərdoğan hökuməti tərəfindən zəiflədilsə də, hər halda, o, ölkədə təhlükəsizliyə, dövlətin bütövlüyünə problem yarada biləcək daxili qarşıdurmaları etinasız şəkildə müşahidə edəcək qədər də zəif deyil.



MƏSLƏHƏT GÖR:

440