24 Noyabr 2024

Bazar, 09:39

ABŞERON ÇİMƏRLİKLƏRİNİN “BAYRAĞI”

Dəniz kənarı və ictimai çimərliklər necə olmalıdır?

Müəllif:

11.06.2013

Paradoks. Müvafiq dövlət strukturlarının özlərinin də həyəcan təbili çalmasına baxmayaraq, Abşeronun ictimai çimərliklərinin böyük əksəriyyətinin vəziyyəti hələ də yaxşı deyil. Amma ölkə turizm sənayesini inkişaf etdirmək niyyətindədir və muzey sektorunun obyektləri, yollar və digər turizm infrastrukturları kimi çimərlikləri də abadlaşdırmaq lazımdır; məsələn, açıq səma altında 2013-cü ildə "Avropada İlin Muzeyi" adını alan Qobustan Milli Tarixi-Bədii Qoruğu nəyə desən dəyər. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda atəşpərəstlərin unikal məbədi - Atəşgah bərpa edilib. Dövlət başçısının turizm sektoruna bu cür yanaşması fonunda bəzi strukturların “çimərlik məsələsi”nə səthi münasibəti, ən azı, məyusluq və təəccüb doğurur. 

 

Günəş, qum və su

Bu gün Qobustanla fəxr etdiyimiz kimi, Ulu Yaradanın bərəkətli Abşeron torpağına verdiyi mükafatla niyə də qürur duymayaq? Axı heç də hər ölkə dövlət sərhədləri çərçivəsində dənizin olması ilə öyünə bilməz və heç də hər paytaxtın dənizkənarı istirahətdən həzz almaq imkanı yoxdur. Odur ki, Abşeron çimərliklərini lazımi qaydaya salmalı olan strukturlar bilməlidirlər ki,  biabırçılıq hökm sürən bu çimərliklərimiz  və ümumən bütün Xəzər sahillərimiz də əsrlərlə yaşı olan açıq səma altındakı muzeylərimiz kimi qorunmağa, diqqətə və abadlığa ehtiyac duyurlar.  

Gənc nəsil bu gün "çimərlik qızıl qumu"nun bütün mahiyyətini, çətin ki, anlaya bilər. Əgər dəniz duzu ağlabatan həddə zərərverici maddələri əritməyi bacarırsa, o halda qum haqda, təəssüf ki, bunu demək olmaz. Özəl çimərliklər zibillərdən təmizlənirsə, dövlət çimərlikləri, məhdudlaşdırılmış girişlə, Allahın və icra hakimiyyətinin ümidinə qalıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Nurlanə Mərdanova “R+”a bildirdi ki, çimərliklərin təmizlənməsi ilə məşğul olan vahid müəssisə və bölmə mövcud deyil.  “Bununla ictimai çimərlikləri olan müvafiq rayonların icra hakimiyyətlərinin kommunal xidmətləri məşğul olurlar”. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov etiraf edir ki, “Abşeron yarımadasının çimərliklərinin əraziləri Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, yerli icra hakimiyyətinə həvalə olunub”. Nazirlər Kabinetinin 74 nömrəli qərarına əsasən, abadlıq işlərinin aparılması yerli İH-ə tapşırılıb. Bakı İH-in sərəncamına görə, 21 may 2013-cü ildən “Bakı çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında” Səbail, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayon icra hakimiyyətlərinə müvafiq işlərin görülməsi üzrə tədbirlərin həyata keçirilməsi tapşırılıb. Bizim işimiz dəniz suyunun laborator tədqiqi və sahilyanı xətlərin sanitar-texniki vəziyyətinin monitorinqinin keçirilməsindən ibarətdir”.  

Z. Kazımovun sözlərinə görə, may ayında sahilyanı xətlərin sanitar-texniki vəziyyətinə dair tədbirlər planı keçirilib. Həmsöhbətimiz qeyd etdi ki, bəzi çimərliklərdə abadlaşdırılma işləri aparılmayıb, antisanitariya hökm sürür, ayaqyolu, stollar, stullar, əhalinin istirahəti üçün normal şərait yoxdur; məsələn, Corat qəsəbəsindən başlayraq, Qaradağ rayonuna qədər sahilboyu ərazilər antisanitar vəziyyətdədir. “Biz, təbii ki, rayon icra hakimiyyətlərini bütün bu faktlar haqqında məlumatlandırmışıq”, - deyə Z. Kazımov bildirdi. İcra hakimiyyətləri niyə fəaliyyət göstərmir? Bu sualın cavabını isə çox güman ki, yerli strukturların özləri yaxşı bilirlər. 

Digər tərəfdən, əsas problemlərdən biri də təkcə kommunal xidmətin işində deyil, eləcə də dənizdə çimən insanların maariflənməsi və mədəniyyət səviyyəsi ilə bağlıdır. 

Ətraf mühitin qorunması və təmizliyi üzrə çoxsaylı aksiyaların könüllüsü olan Valeriya Qarber şikayət edir: «Hələ bir neçə il bundan öncə mən çimərliklərin təmzlənməsi üzrə könüllü proqram təşkil etmişdim. Biz Hövsan çimərliyini, Abşeronun isə bir neçə çimərliyini təmizlədik. Amma bir həftə keçdikdən sonra çimərlikləri əvvəlki kimi zibillə doldurulmuş vəziyyətdə görmək mənə və uşaqlara toxundu. Özünüz başa düşürsünüz ki, əməyinin nəticəsi bu qədər qısa müddətli olanda, sonrakı fəaliyyət üçün heç bir həvəs qalmır”. 

Hesab edirəm, kommunal xidmətlərə cərimə sanksiyalarının düzgün tətbiq edilməsi də məsələyə kömək edə bilər: cərimələri sərtləşdirmək lazımdır - məbləği artırmaq, ətraf mühiti çirkləndirənləri ictimai işlərə cəlb etmək vacibdir. 

Unutmayaq ki, bu gün dövlət çimərliklərində tapılmayan zibil qutularının sayı nə qədər çox olarsa  və çimərlik ərazilərinin təmizlənməsi müntəzəm hal alarsa bu, orada çimən insanların maariflənməsi və mədəniyyətlərinin səviyyəsinə də müsbət təsir göstərmiş olar. Mədəniyyəti öyrətmək olar və lazımdır da. Məişət tullantıları üçün konteyner və zibil qutuları, çimərliklərin abadlaşdırılmış görünüşü - bu işdə ən yaxşı köməkçidir. 

 

Dənizə girmək                             

Bakının  dövlət çimərlikləri və dəniz kənarında istirahətin inkişaf səviyyəsinin göstəricisi olan Azərbaycanın (özəl olmayan- müəl.) bütün sahilyanı xətləri normal vəziyyətdə olmalıdır! Birincisi, turist axınını artımaq olar. İkincisi, özəl olmayan sektorun ərazisindəki dəniz kənarında əsl və normal istirahət ölkənin bütün vətəndaşları üçün mümkün ola bilər.  

Uğurlu dünya praktikasına görə, qeyri-hökumət fondları öz reytinqlərini təqdim edərək, dövlət çimərliklərinin keyfiyyətinin yaxşılaşması işini də stimullaşdırırlar. Turistlər məhz onlara bələd olaraq, istirahət yerlərini (uyğun olaraq turizm şirkətlərini də) seçirlər.  

“Mavi bayraqlar” - Avropa kurortlarında istirahət edən turistlərə yaxşı tanış olan termindir. 

1987-ci ildən etibarən Ekoloji Təhsil Fondu  (Foundation for Environmental Education, FEE) mavi bayraqları hər il keyfiyyət sertifikatı kimi təqdim edir. Proqramda 63 ölkə iştirak edir, amma siyahıda mükafatlandırılanların sayı cəmi 49-dur. Mükafat çimərliklərin təchiz olunması, dənizdə çimən insanlarn və dənizə gələnlərin təhlükəsizliyi, sahilyanı zonada  təbiətin qorunması və s. nəzərə alınmaqla, qum və suyun təmizliyinə dair yoxlamaların nəticələrinə görə təqdim edilir. Cəmi 31 meyar nəzərə alınır. Bu il beynəlxalq komitənin mavi bayraqları 3103 çimərliyə və 626 marinaya verildi. Mükafatların verilmə mərasimi hər il iyunun 5-də olur. 

Bu müsabiqənin qalibləri artıq uzun illərdir İspaniyanın, daha sonra isə Yunanıstanın çimərlikəri seçilir. 2013-cü ildə aparılan yoxlamaların nəticələrinə görə, İtaliyanın 135 istirahət məkanı (248 çimərlik) mavi bayrağa layiq görülüb.  Qaliblərin siyahısında, uyğun olaraq ən prestijli çimərliklər arasında Xorvatiya, Sloveniya, Litva, Yunanıstan, İspaniya, İtaliya, Kipr və Türkiyənin çimərlikləri də var. Ən qəşəng çimərliklərdən biri də Seyşel və Baham adalarındadır.  

 

Bizdə nə var? Təəccüblüdür, amma faktdır.

Bu gün heç bir Abşeron çimərliyində isitrahət edən şəxs üçün dənizə parlaq mənzərə açılmır - praktiki olaraq onların hamısı arakəsmə ilə bölünüb və bəzi vətəndaşların sərbəst girişi üçün bağlanıb. Abşeronun bütün sahilboyu ərazilərində çoxsaylı şlaqbaumlar, quma basdırılmış boru və şinlər qurulub. Hər il köhnə yerlərə qorxu ilə gedirsən ki, gözlərinə adət etdiyin mənzərə açılacaq - çimərliyi iş adamları “zəbt ediblər” . 

“R+” dəfələrlə yazıb ki, dünya praktikasına görə, dəniz, göl, okean, çay pulsuz olmalıdır. Misal üçün, İspaniyanı götürək - bu ölkənin qanunlarına əsasən, vətəndaşın dəniz kənarı ilə ölkənin bir başından o biri başına qədər rahat şəkildə keçmək hüququ var. Avstraliyada - orada da çoxlu çimərlik, mehmanxanalar, əyləncə mərkəzləri var, amma bütün çimərliklər insanlara açıqdır. Pullu çimərlik ümumiyyətlə yoxdur. 

Hətta əgər okeanın yaxınlığında kafe və ya akvopark varsa, giriş hər yerdə pulsuzdur, maşınlar isə çimərlikdə saxlanılmır.  Bakı çimərliklərində isə biz tez-tez qanunlara əməl olunmamasını, istirahət edənlərin hüquqlarına kobud şəkildə hörmətsiz yanaşıldığını görürük. Nə edək? Bu cür hallarla mübarizə aparmaq olar və lazımdır. Çimərliyə giriş üçün sizdən pul istədikdə ödəməyin, çünki Bakı çimərlikləri rəsmi olaraq pulsuz hesab olunur və paytaxt administrasiyası bu haqda dəfələrlə çıxış edib. “Bakıda fəaliyyət göstərən bütün çimərliklərə giriş pulsuzdur. Ancaq müəyyən turizm zonaları və dövlət təyinatlı obyektlərin ərazisinə giriş qadağan oluna bilər. Dəniz kənarında bütün çimərliklərə giriş pulsuzdur. Lakin çimərliklərdə təqdim edilən bəzi xidmətlər - məsələn, şezlonqlar, çətirlər, geyinib-soyunma otaqları, duş otaqları və s.-ə pul ödənilə bilər. Ancaq çimərliyə girişə görə pul yığmaq qadağandır, bu cür hallar hüquq pozuntusu kimi qiymətləndiriləcək. Bu məsələ ilə bağlı inzibati hüquq pozuntuları haqda Məcəllədə müəyyən cərimələr də nəzərdə tutulub. Əvvəllki illərdə bu cür hallar aşkar edilmiş, günahkarlara qarşı inzibati cərimələr tətbiq edilmişdir”. Eyni zamanda icra hakimiyyətindən iddia edilir ki, müəssisə mütəmadi olaraq çimərliyə daxil olmaq üçün ödəniş tələb edən, qanunu pozanların aşkar edilməsi  üçün reydlər keçirir.  Lakin vətəndaşlara aydın olmayan səbəblərə görə, çimərliklərdə bu cür iş adamlarının sayı azalımır. Növbəti bir paradoks. 

 

Çimərlikdə necə çimmək olar?  

Adətən, çimərlik mövsümünün açılması Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi icazə gəldikdə, hava, su və çimərliyin vəziyyətinə dair məlumatlar daxil olduqda baş verir. Hazırda bütün Abşeron sahilboyu sularının vəziyyətinin monitorinqi aparılır. Əgər suda zərərli maddələr, xüsusilə də, bağırsaq çöpləri təyin olunmuş normadan artıq aşkar olunarsa, bu çimərliklərdə çimmək qadağan olunacaq.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “R+”a verilən məlumata görə, dəniz suyunun vəziyyəti haqda məlumatlar yaxın vaxtlarda açıqlanacaq. “Qadağan” olunan çimərliklər arasında daha çox şəhərə yaxın olanlar - Səbail rayonundakı Şixov və Qaradağ rayonundakı Sahil çimərlikləridir.  

Ziyəddin Kazımovun sözlərinə görə, dəniz suyunun bağırsaq çöpləri ilə çirklənməsinin əsas səbəbi çirkab sularının hədsiz dərəcədə birbaşa dənizə axmasıdır. Xüsusi cansıxıcı mənzərə Novxanıda - sadə və ehtiyatsız insanların kanalizasiya boruları ilə dənizə tökülən çirkab sularında çimərkən  müşahidə olunur. 

Suyun çirklənməsi bu sahədə ən ciddi problemlərdən biridir.  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, Bakı şəhərinin bütün kanalizasiya şəbəkəsi hazırda mərkəzləşdirilib və 18 kommunikasiya sistemi var. “Onlardan 16-sı Hövsan kollektorlarına - təmizləyici stansiyalara yönləndirilib. Qalan ikisi isə ayrı ərazidə yerləşir və birbaşa dənizə axır”, - deyə ekoloq bildirib. Onun sözlərinə görə, digər sistemlərdən fərqli olaraq, onlar Ekologiya Nazirliyinə hesabat vermirlər və hətta ərazilərinə Sanitar-Epidemioloji Stansiyanın nümayəndələrini də buraxmırlar. 

Vəziyyətin düzəlməsi üçün "Azərsu" ASC bir neçə mobil təmizləyici qurğular tikməyi planlaşdırır. “Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "R+"a bildirdi ki, sahilboyu ərazilərin bəzi yerlərində, ümumiyyətlə, kanalizasiya şəbəkələri yoxdur və bütün çirkab sular dənizə axıdılır. “Lakin biz bu vəizyyəti düzəltməyi planlaşdırırıq: bu məqsədlə 200 min kubmetr gücündə olan 10 sutəmizləyici qurğular quraşdırılacaq”, - deyə o, bildirib. 

Azərbaycanınn çimərlik probleminin çoxlu sualı mövcuddur, müvafiq strukturların isə öz cavabları var.  Lakin vəziyyət bununla kökündən dəyişmir. Hərçənd çoxdan dəyişməli idi. Bu məsələyə Azərbaycan çimərliklərinin - ölkənin turizm potensialının inkişafı üçün bilavasitə dəyər kəsb edən açıq səma altında unikal muzey olmaları nöqteyi-nəzərindən yanaşmaq kifayətdir. Və təkcə müvafiq strukturlar deyil, hər birimiz onlara diqqətlə yanaşmalıyıq. Azərbaycanda, ilk növbədə, suyun qarşısını alan bütün hasarlar sökülməlidir və bununla da dəniz kənarının panoramı yaxşılaşdırılmalıdır, eləcə də ödənişli çimərliklərin işləmə konsepsiyaları nəzərdən keçirilməlidir. Bunun üçün effektiv beynəlxalq təcrübə də mövcuddur; ikincisi, çimərliklərin sahilboyu xətləri təmizlənməli; üçüncüsü, dəniz suyunun vəziyyəti yaxşılaşdırılmalıdır. Heç şübhəsiz ki, müvafiq strukturlar yuxarıdan tapşırıq gözləməməlidirlər. Bunun üçün bütün imkanlar var. Əgər istək olarsa...



MƏSLƏHƏT GÖR:

423