
ZİDDİYYƏTLƏR MƏNZƏRƏSİ
Yekaterinburq sammiti Rusiya ilə Aİ arasındakı yumşaq qarşıdurmanın miqyasını üzə çıxardı
Müəllif: İrina XALTURİNA Bakı
Türkiyə və Suriyada baş verənlərin, Şərqi və Mərkəzi Avropadakı daşqınların fonunda iyunun 3-4-də Uralın Yekaterinburq şəhərində keçirilən Rusiya-Aİ sammiti o qədər də diqqətə səbəb olmadı. Üstəlik, sammitdə gözlənildiyi kimi, Moskva-Brüssel münasibətlərində heç bir irəliləyiş də baş vermədi.
Amma nəticənin olmaması da bir nəticədir. Yekaterinburq sammiti Avropa-Avrasiya məkanının iki nüfuzlu iki gücü arasında illərdir davam edən, gah bir tərəfin, gah da digərinin uğur qazandığı miqyaslı geosiyasi oyunun mənzərəsi idi. Bu oyunda müxtəlif terminlərdən geniş istifadə olunur - enerji təhlükəsizliyindən insan haqlarınadək. Oyunda "stavka" isə milyardlarla dollar və geosiyasi nüfuzdur. Bu üzdən siyasətçilərin, diplomatların və ekspertlərin oyun qaydalarına dəqiq icra etdikləri bu qarşıdurma qeyd olunan məkana aid hər kəsə təsirini göstərəcək - istər Avropa olsun, istər Asiya, istərsə də onların kəsişməsi. Yeri gəlmişkən, son sammitin keçirildiyi yer son dərəcə rəmzi xarakter daşıyırdı - Yekaterinburq məhz Avropa ilə Asiyanın coğrafi sərhədində yerləşir.
Rusiya ilə Aİ arasında fikir ayrılığına səbəb olan mövzular kifayət qədər genişdir - enerji, qarşılıqlı ticari iddialar (antidempinq tədbirləri, sanitar, fitosanitar normalar və s.), viza rejimi, söz azadlığı, insan haqları, vətəndaş cəmiyyəti və nəhayət, ən aktual beynəlxalq problem olan Suriya münaqişəsi.
Sammitin əsas mövzusu enerji idi. Maraqlıdır ki, toplantıdan bir müddət əvvəl Brüsseldə Rusiya ilə Aİ arasında əməkdaşlığa dair illik konfrans keçirilmişdi. Söhbət tərəflərin qaz sahəsində əməkdaşlığından bəhs edən "Enerji dialoqu: Rusiya-Aİ. Qaz aspektləri" konfransından gedir. Orada tərəflər, əsasən, dialoqu davam etdirəcəklərinə dair vədlər verməklə kifayətlənmişdilər.
Britaniyanın nüfuzlu "The Financial Times" nəşri Yekaterinburq sammitinin bitdiyi günlərdə "Qazpromun iddialarının sonu" başlıqlı məqalə dərc etdi. "Qazprom"un Rusiya milli istehsalında 8%, büdcə daxilolmalarında isə 20% paya sahib olduğunu xatırladan qəzet konsernin beynəlxalq arenada özünü həmişə inamlı apardığını, Rusiyanın enerji sahəsində fövqəldövlət olmaq iddialarının lokomotivinin hələ də "Qazprom" olduğunu vurğulayıb. Bununla yanaşı, "The Financial Times" və digər mətbu orqanlar hesab edir ki, yaxın gələcəkdə dünyanın qaz bazarında ciddi dəyişikliklər olacaq və bu, Rusiya nəhəngini özünü yığışdırmağa, Kremli isə geosiyasi niyyətlərinə əl gəzdirməyə vadar edəcək.
Daha konkret desək, Yekaterinburq sammiti elektrik enerjisi və qaz bazarının liberallaşdırılmasına yönəldilmiş "üçüncü enerji paketi"nin məzmununa yanaşmadakı fərqi bir daha üzə çıxarıb. Aİ-də hesab edirlər ki, artıq qazın qiymətinin neftin qiymətindən asılı olduğu uzunmüddətli müqavilələrin dövrü arxada qalıb. Brüssel əmindir ki, qaz nəqli şəbəkələri tədarükçülərdən asılı olmamalı, qaz boruları və anbarlar bazar iştirakçılarının hər biri üçün eyni dərəcədə əlçatan olmalıdır. Avropalılar artıq bu istiqamətdə konkret addımlar atır. Məlumata görə, bəzi şirkətlər qiymət siyasətinə Avropaya spotovoqo qaz satışı bazarı (qısa müddət üçün tədarüklər) vasitəsilə təsir göstərməyə çalışır. Bu zaman xammal alıcısı müqavilənin imzalandığı andan məhsul üzərində mülkiyyət hüququ əldə edir.
Rusiya isə öz növbəsində, transsərhəd layihələri üçün xüsusi hüquqi rejimin yaradılmasını tələb edir. Belə olarsa, elə həmin "Cənub axını" üçüncü paketin təsiri altından çıxacaq. Brüssel siyasətçiləri hələ ki, bu tələbi anlayışla qarşılamır. "Biz dialoqu davam etdirəcəyik", - deyə Avropa İttifaqının prezidenti Herman van Rompey bildirib. Eyni vədi Rusiya prezidenti Vladimir Putin də verib. O, bu ilin martında Rusiya ilə Aİ arasında 2050-ci ilədək enerji sahəsində əməkdaşlığın "yol xəritəsi"nin imzalandığını xatırladıb. Putin Moskvanın müqavilənin şərtlərinə əməl edəcəyini söyləyib.
"Qazprom"un mövqelərinin zəifləməsinə səbəb olacaq digər amil kimi, "şist inqilabı" göstərilir. Neft və qaz ehtiyatlarından fərqli olaraq, bu yataqlar hər yerdə var. O, xüsusilə ABŞ-da daha çoxdur.
Beləliklə, Qərb mətbuatı son zamanlar durmadan "şist inqilabı" haqda yazır. Rusiya ekspertləri isə bu prosesin reallığına və uğuruna inanmır. Avropa və ABŞ "Qazprom"un maddi vəziyyətinin zəiflədiyini, konsernin istismar xərclərinin artdığını bildirirsə, Rusiya şist qazı hasilatının baha başa gəldiyini vurğulayır.
Bütün bunlarla yanaşı, Brüsselin əlində Moskva üçün daha bir sürpriz var.
Məlum olduğu kimi, 2012-ci ilin sentyabrında Avropa Komissiyası "Qazprom"a qarşı antiinhisar araşdırmasına başlayıb. Rusiya şirkəti hakim mövqeyindən Mərkəzi və Şərqi Avropa ölkələrində məqsədəuyğun olmayan formada istifadədə günahlandırılır. Söhbət Aİ ölkələrinə tədarükün məhdudlaşdırılmasından, diversifikasiya prosesinə maneələr yaradılmasından, həmçinin "mavi yanacaq"ın qiymətinin artırılmasından gedir. Bu iddialar təsdiqini taparsa, "Qazprom"u illik dövriyyəsinin 10%-i həcmində cərimə gözləyir. Bu, şübhəsiz ki, son dərəcə ciddi məbləğdir.
Moskva həmişəki kimi, qazın qiymətini siyasi tələblərlə əlaqədəndirməkdə ittiham olunur. Buna klassik nümunə Ukrayna ilə bir neçə il davam edən danışıqlar göstərilir. İndi bu sırada İrəvan da Kiyevin yanındadır. Məlumata görə, Ermənistan üçün Rusiya qazının yeni tarifləri 2013-cü il iyulun 7-10-da qüvvəyə minəcək. Erməni tərəfi artıq bununla bağlı Kremlə incikliyini nümayiş etdirir.
Beləliklə, Rusiya ilə Aİ arasındakı ziddiyyət hazırda sanki "çərçivəsini" aşmır. Amma onların asanlıqla aradan qaldırılan olduğunu düşünmək də lazım deyil. Bəlkə də daxili ziddiyyətlər üzündən Aİ-nin özünün yekdil qərara gəlməsi çətindir. Rusiya isə çoxdandır ki, özünü Avropanın bir hissəsi saymır və Avrasiyanın mərkəzi qismində çıxış edir. Təbii ki, burada söhbət MDB ölkələrinin kimin yanında olacağından gedir - Avropanın, yoxsa özünü Avrasiyanın mərkəzi sayan Moskvanın? Məsələn, sammitdə Vladimir Putin Rusiya ilə Avropa İttifaqı arasında 2014-cü ildə 20 yaşı tamam olacaq baza razılaşmasının yeni variantının hazırlanmalı olduğunu bildirib. Lakin yeni razılaşmada yer alacaq bəzi məsələlər Gömrük İttifaqının, daha dəqiq desək, Avrasiya İqtisadi Komissiyasının nizamlamalı olduğu sahəyə aiddir. Bundan başqa, Rusiya Avropanın bir çox dəyərlərini açıq-aşkar qəbul etmir və ya onlara fərqli yanaşır. Söhbət multikulturalizm siyasətindən, eynicinslilərin nikahından, söz azadlığının hüdudlarından, fikir azadlığından gedir. Odur ki, bütün bunların fonunda panavropa enerji məkanının yaradılması, çətin ki, mümkün olsun. Necə ki Rusiya ilə Aİ arasında davam edən yumşaq qarşıdurmadan kiminsə qalib çıxacağı da inandırıcı deyil.
MƏSLƏHƏT GÖR: