
BƏRABƏRLƏR ARASINDA BİRİNCİ
İranın yeni prezidentinin Qərblə davranış ritorikası daha konstruktiv ola bilər
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Tezliklə İran İslam Respublikasının (İRİ) vətəndaşları ölkənin sayca 7-ci prezidentini seçəcəklər. İran Konstitusiyaya Nəzarət Şurasının (Müşahidə Şurası) qərarı ilə prezidentlik uğrunda 686 iddialı arasından seçilmiş 8 namizəd mübarizə aparacaq. Sonda siyahıda şərti olaraq islahatçı sayılan 3 namizəd qalıb. Bunlar İran baş nazirinin sabiq müavini M. R. Arif, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi, İranın nüvə proqramı ilə bağlı "altılıq"la aparılan danışıqlardakı əsas nümayəndəsi H.Ruhani və sabiq poçt və teleqraf naziri S. M. Qarazidir. Onların seçkidə qələbə şanslarına çoxları şübhə ilə yanaşır.
Daha bir iddialı İranın dini lideri yanında Məqsədyönlülük Şurasının rəhbəri M. Rezayidir. O, mühafizəkar mərkəzçi sayılır. Rezayi özündə ciddi iqtisadi məqamları əks etdirən seçki proqramı ilə çıxış edən yeganə namizəddir. Onun proqramında iqtisadiyyatın regionallaşdırılması və kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirilməsi vədləri var.
Yekun siyahıdakı digər 4 namizəd hazırkı siyasi rejimin tərəfdarlarıdır. Onlar İranın dini lideri ayətulla Ə.Xamneiyə yaxınlıqları ilə tanınırlar: sabiq xarici işlər naziri A.A.Vilayəti, Tehranın meri M.B.Qalibaf, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi S.Cəlili və parlamentin eks-spikeri Q.A.Hadad Adel. Analitiklərin fikrincə, növbəti prezident məhz bu 4 namizəddən biri olacaq. Onlardan Tehranın meri Qalibaf daha şanslı hesab olunur. 2005-ci ildə keçirilmiş prezident seçkisində o, 14% səs toplamışdı. Qalibaf elə həmin ilin sentyabrında Tehran meri seçildikdən sonra, paytaxtda "adı pis çıxmış" "ev" həbsxanası yığışdırılıb, yerində istirahət parkı salınmışdı. Qalibaf mer postunda çalışdığı illərdə dövlət xidmətində islahatlar aparıb, şəhərdə 380 rayon şurası yaradıb, infrastrukturun inkişafına xüsusi investisiyalar cəlb edib. Mer vəzifəsində olduğu dövrdə mühafizəkarlıq və islami baxışları islahatların vacibliyi anlayışı ilə qarışdırması da Qalibafa populyarlıq gətirib. Qeyd etmək lazımdır ki, hazırkı dövlət başçısı M. Əhmədinejad da prezident kürsüsünə məhz Tehranın meri postundan gəlib.
Bununla yanaşı, müəyyən populyarlığa malik A.A.Vilayətinin qələbə şansı da az deyil. O, hələ xarici işlər naziri postunu tutarkən dünyanın istisnasız olaraq bütün ölkələri ilə diplomatik əlaqələr qurulmasının vacibliyini bildirirdi. Azərbaycanlı olan Vilayətinin populyarlığı həm də İranda çoxmilyonlu azərbaycanlı elektoral bazanın olması ilə əlaqədardır. Məhz bu elektoratın mövqeyi seçkinin nəticəsinə ciddi təsir göstərə bilər. Bu baxımdan, Tehran meri Qalibafın mayın ortalarında Təbrizə səfəri zamanı səsləndirdiyi bəyanat təsadüfə bənzəmir. O, çıxışında auditoriyaya ritorik sualla müraciət edib: "Niyə tarixin müxtəlif dövrlərində İran üçün böyük fədakarlıq göstərmiş, özünü qurban verməkdən belə çəkinməmiş Azərbaycan bu gün ayrı-seçkiliyə və ədalətsizliyə düçar olur? Niyə Azərbaycan, ondan sonra inkişaf etməyə başlayan və bu cür istedad və imkanlara malik olmayan vilayətlərdən süni olaraq arxada saxlanılır? İrana ilk müasir məktəb, tipoqrafiya, teatr və jurnal gətirmiş Azərbaycan bu gün ayrı-seçkilik və ədalətsizlik baxımından ön cərgədədir". Bu bəyanatı həm İranın çoxmilyonlu azərbaycanlı elektoratına, həm də ölkənin dini lideri Ə. Xamneiyə qarşı siyasi reverens saymaq olar.
Seçkiqabağı dövrün intriqa ilə dolu məqamı isə Konstitusiyaya Nəzarət Şurasının iki sanballı siyasətçinin prezidentliyə namizədliyini qeydə almamasıdır. Söhbət eks-prezident Haşimi Rəfsəncanidən və hazırkı dövlət başçısının yaxın silahdaşı, qohumu, sabiq işlər müdiri Maşaidən gedir. Müşahidəçilər Şurasının öz qərarını şərh etməmək hüququ olsa da, qurum Rəfsəncaninin namizədliyinin yaşı ilə (78 yaş) əlaqədar qəbul edilmədiyini açıqlayıb. Rəsmi Tehranın versiyasına görə isə, ona maksimum 10% seçici dəstək verir. Çünki Rəfsəncaninin prezidentliyi dövründə İranda yoxsullar daha da kasıblaşıb, varlılar isə daha da varlanıb.
Bəzi ekspertlər isə hesab edir ki, Rəfsəncaninin yarışdan uzaqlaşdırılması daha ciddi səbəblərlə bağlıdır. Hələ Xamneinin nəzarətində olan Müşahidəçilər Şurasının qərarı açıqlanmamış KİV-də Rəfsəncaniyə ötən prezident seçkisindən sonra kütləvi iğtişaşların təşkili ilə bağlı ittihamlar irəli sürülürdü. O, bu iğtişaşları "amerikalılar və sionistlərin sifarişi ilə həyata keçirməkdə" günahlandırılırdı. Mətbuat yazırdı ki, Rəfsəncani bu dəfə də rəhbərin (liderin) nüfuzuna zərbə vurmaq üçün iğtişaşların təşkilini planlaşdırırmış. Guya bu dəfə o, iğtişaşları prezident M.Əhmədinejad və dövlət başçısının layihəsi olan E.R.Maşai ilə birlikdə təşkil edəcəkmiş.
Yeri gəlmişkən, əksər analitiklər hesab edir ki, Maşai islahatçı ideyaları üzündən "özünü yandırıb". O, hakimiyyət səlahiyyətlərinin prezidentin xeyrinə yenidən bölüşdürülməsinə tərəfdardır. Maşai hesab edir ki, hakimiyyət səlahiyyətlərinin əksəriyyətinin dini liderdə olması ədalətsizlikdir. Üstəlik, o, iki il əvvəl prezident M.Əhmədinejadı ruhanilərdən səlahiyyətlərin bir hissəsinin alınmasına təhrik etmişdi. Maşainin bu uğursuz cəhdi səlahiyyətlərini itirmək istəməyən din xadimləri tərəfindən kəskin etirazla qarşılanmışdı.
Əhmədinejad son bir neçə ildə "irəli çəkdiyi" Maşainin prezidentliyə namizədlər siyahısına salınması üçün sonadək mübarizə aparacağını bildirsə də, bir müddət sonra mövzu aktuallığını itirdi.
Namizədlər siyahısında adı olmayan daha bir sanballı siyasətçi isə populyar islahatçı, eks-prezident M.Hatəmidir. Amma onunla bağlı vəziyyət bir qədər fərqlidir. Bu il martın sonlarında İran Məclisinin (parlament) saytında aparılmış sorğuda Hatəmi səslərin 60%-ni toplayaraq, "İlin siyasətçisi" seçilib. Rəfsəncani isə cəmi 9% səslə üçüncü olub. Lakin seçkiyə hazırlıq mərhələsində M.Hatəmi tərəfdarlarını Rəfsəncaniyə səs verməyə çağırdı.
Analitiklərin fikrincə, səsvermənin nəticəsindən asılı olmayaraq, Tehranın daxili və xarici siyasətdəki əsas məsələlərlə bağlı mövqeyi ciddi dəyişikliyə məruz qalmayacaq. Bu, İranın nüvə proqramına da aiddir. Yeni prezident avral rejimdə iqtisadi problemlərin həlli ilə məşğul olmalı, "altılıq" və MAQATE ilə nüvə məsələsində razılığa gəlməli, həmçinin İranın regional fövqəldövlət olmaq iddialarını müdafiə etməlidir. Bu baxımdan, H.Ruhani daha mülayim siyasətçi sayılır. O, Tehran Universiteti tələbələri qarşısındakı çıxışında deyib: "Bəziləri hesab edir ki, biz bütün dünya ilə mübarizə aparmalıyıq. Digərləri təslim olmağı lazım bilir. Amma üçüncü variant da var. Bu, konstruktiv əməkdaşlıqdır. Biz milli maraqlarımızdan çıxış etməklə, dünya ilə birgə addımlamalıyıq".
Sabiq xarici işlər naziri Vilayəti də demək olar ki, eyni mövqedədir. Bunun Vaşinqtona mesaj olduğu istisna deyil. Lakin ABŞ Dövlət Departamentinin rəsmisi P. Ventrellin İranda rejimin yox, xalqın maraqlarını təmsil edə biləcək namizədlərin seçkiyə buraxılmadığına dair bəyanatı Vaşinqtonun İslam Respublikasına qarşı sərt mövqeyini qoruyub-saxladığını göstərir. Mayın 22-də ABŞ Konqresinə respublikaçı senatorlar M.Kirk və C.Kornin tərəfindən təqdim edilmiş və İrana qarşı daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin məhz Müşahidəçilər Şurasının qərarı ilə bağlı olduğu istisna deyil.
Amma siyasət dəyişən kəmiyyətdir. İranın yeni prezidentinin Qərblə davranış ritorikasının daha konstruktiv olacağını düşünmək çətin olsa da, mümkündür. Bu, qarşı tərəfin də sərtliyi azaltmasına yol aça bilər. Hadisələrin necə inkişaf edəcəyi yaxın günlərdə bəlli olacaq. Bu məsələdə həlledici söz sahibi isə təbii ki, iranlı seçicilərdir.
MƏSLƏHƏT GÖR: