
"AVROPA ARZULARI" və "RUSİYA" REALLIQLARI
İrəvan Gömrük İttifaqına üzvlükdən danışır
Müəllif: NURANİ Bakı
Mayın sonunda MDB dövlətləri hökumət başçılarının Minskdə keçirilən iclasından heç kəs səs-küylü siyasi sensasiyalar gözləmirdi. Siyasi qərarlar bir qayda olaraq, hökumət deyil, dövlət başçılarının sammitlərində qəbul olunur. Bu toplantıdan xüsusilə İrəvan-Moskva "siyasi istiqamət"ində hər hansı irəliləyiş gözlənilmirdi. Sammit ərəfəsində Ermənistan prezidenti Serj Sarqsyan KTMT-yə üzv dövlət başçılarının Bişkəkdə keçirilmiş qeyri-formal sammitinə qatılmamışdı. Daha sonra o, Gömrük İttifaqına üzv dövlət başçılarının Astana görüşündə də gözə dəymədi. Doğrudur, Ermənistan bu qurumda müşahidəçi statusuna malikdir. Amma İrəvan Sarqsyanın toplantıya qatılmamasını izah etməyə ehtiyac duymuşdu : Ermənistan dövlət bayramı - birinci respublika gününü qeyd edir və belə gündə prezident öz ölkəsində olmalıdır. Amma əksər ekspertlər bunun sadəcə demarş olduğuna əmindirlər. Onların fikrincə, Ermənistan prezidenti bununla Rusiyaya ermənilər üçün təbii qazın qiymətini artırmasından incikliyini göstərir. Çünki Rusiyanın qazı bahalaşdırması onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün ciddi problemlər yaradıb.
Amma əsl sensasiya məhz Minskdə baş nazirlər səviyyəsində keçirilən görüşdə baş verdi. Rusiya hökumətinin rəsmi saytında yer alan, İrəvan KİV-də oraya istinadla yayılan məlumata görə, MDB-yə Üzv Dövlətlərin Hökumət Başçıları Şurasının toplantısında Rusiya və Ermənistanın baş nazirləri Dmitri Medvedev ilə Tiqran Sarqsyan arasında görüş keçirilib. Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələr, MDB məkanında, o cümlədən Gömrük İttifaqı çərçivəsində inteqrasiya prosesləri müzakirə edilib. "Görüşümüz MDB formatında keçirilir. Gömrük İttifaqına və ümumilikdə inteqrasiya proseslərinə aid məsələləri də müzakirə etdik. Ermənistan ümumilikdə bu inteqrasiya proseslərində iştirak etmək arzusundadır. Biz də bunun vacib olduğunu düşünürük. Sadəcə, bu əməkdaşlıq üçün lazım olan formatı tapmaq lazımdır", - deyə Dmitri Medvedev danışıqların gedişində bildirib.
Tiqran Sarqsyanın cavabı isə belə olub: "Bizim dəqiq mövqeyimiz var və buna heç bir şübhə ola bilməz. Bu mövzunu prezidentlərimiz də müzakirə edir. İndi texniki səviyyədə məsələ həll edilməli, hansı templərlə, hansı addımlarla irəliləyəcəyimiz müəyyənləşdirilməlidir". T.Sarqsyan bildirib ki, o və rusiyalı həmkarı "iki protokola imza atıblar, qarşıda duran vəzifələrin əhatəsini, siyahısını, atılacaq növbəti addımları müəyyənləşdiriblər".
Xatırladaq ki, Moskva İrəvana Gömrük, daha sonra isə Avrasiya İttifaqına üzv olmağı bir neçə ay əvvəl təklif edib. Amma açıq şəkildə Rusiyanın "tarixi müttəfiqi", hətta "forpostu" adlandırılan Ermənistan hökumətini bu təklif gözlənilən səviyyədə sevindirməyib. Bundan başqa, İrəvan "Avropa perspektivlərindən", "xarici siyasi komplementarizm"dən danışmağa başlayıb və bu, əlbəttə ki, Moskvanı heç də qane etməyib. Ermənistanın Gömrük İttifaqına qoşulmasının ən qatı əleyhdarı isə məhz baş nazir Tiqran Sarqsyan sayılırdı. O, müsahibələrinin birində bildirmişdi ki, Gömrük İttifaqı üzvləri ilə heç bir ümumi sərhədi olmayan Ermənistanın birliyə üzvlüyünün sadəcə mənası yoxdur.
İndi isə məhz T.Sarqsyan tezliklə memorandumun hazırlanacağından danışır. Onun bu bəyanatı İrəvanda Ermənistanın Gömrük İttifaqına qoşulmağa hazır olması kimi qiymətləndirilib. Baş nazirin bu açıqlaması nəinki İrəvanın siyasi "bomondu" üçün, İrəvanda akkreditasiya olunmuş Rusiya diplomatları üçün də tamamilə gözlənilməz olub. Hər halda, Rusiyanın Ermənistandakı yeni səfiri İvan Volınkin jurnalistlərlə söhbətində Medvedevlə Sarqsyanın Minsk görüşü haqda sualı cavablandırarkən deyib: "Söhbətin hansı memorandumdan getdiyini bilmirəm". Diplomat prosesin irəli getdiyini, tərəflərin Avrasiya İttifaqına üzvlükdə problemlərin meydana çıxmaması üçün bu qanunvericiliyi razılaşdırmalı olduqlarını və s. dilə gətirsə də, məsələyə tam aydınlıq gəlməyib.
Ermənistan baş nazirinin mətbuat katibi Arutyun Berberyan isə "Azadlıq" radiosuna açıqlamasında məsələyə belə münasibət bildirib: "Ermənistan fərqli şəraitdədir. Onun Gömrük İttifaqı ölkələri ilə ümumi sərhədi yoxdur. Bunu Rusiya tərəfi də etiraf edir. Bu halda söhbət Ermənistanla Gömrük İttifaqı arasında hər iki tərəfi qane edən əməkdaşlıq formatının tapılmasından gedir".
Belə formatın tapılma ehtimalı çox yüksəkdir. Hər halda, Ermənistan KTMT-nin üzvüdür. Halbuki, onun nə dənizə çıxışı, nə də qurumun digər üzvləri ilə ümumi sərhədi var. Tiqran Sarqsyanın "hansısa inteqrasiya memorandumu"nun imzalanmasına hazırlıqla bağlı sözləri İrəvanın xarici siyasi istiqamətini Rusiyaya tərəf götürdüyünün təsdiqidir. Buna şübhə yoxdur. Görünür, İrəvan "komplementarizm" və "Avropa perspektivləri" ilə vidalaşmasa belə, ən azı, onu ikinci plana keçirib.
Qeyd edək ki, əksər ekspertlər hələ İrəvanın Moskvadan Gömrük İttifaqına üzvlüklə bağlı təklifin gəldiyi dönəmdə "müstəqil xarici siyasət" haqqında danışmasını ciddi qəbul etmirdi. Onlar hesab edirlər ki, İrəvanın xarici siyasətini şaxələndirməsi üçün real şansları yoxdur. Çünki Rusiya Ermənistanda bir çox sahəyə nəzarət edir: dəmir yolu, mobil rabitə, qaz və elektrik enerjisi şəbəkəsi… burada "komplementarizm yeri deyil. İrəvanın məqsədi də reallıqda daha praqmatik idi - onlar sadəcə Gömrük İttifaqına üzvlüyə atacaqları imzanı daha baha satmağa çalışırdılar. Üstəlik alınarsa, Avropa İttifaqından sabitləşdirici kredit qoparmaq da pis olmazdı.
Əlbəttə ki, qazın qiymətinin artırılmasının bütün bu prosesin başlanğıc nöqtəsi olması versiyası da düşündürücüdür. Sanki bununla Moskva göstərib ki, daha İrəvana "iqtisadi" hədiyyələr etmək niyyətində deyil. Bundan başqa, Tiqran Sarqsyan hələ iki həftə əvvəl jurnalistlərə verdiyi açıqlamada açıq şəkildə bildirib ki, Ermənistan Rusiya qazını, məsələn, Belarusdan daha baha qiymətlərlə alır. Çünki Gömrük İttifaqına üzv olmayan dövlətlər üçün əlavə 30%-lik ixrac vergisi də nəzərdə tutulur.
Bütün bunların fonunda İrəvanın Moskva ilə müttəfiqlik yolunu seçdiyini daha bir məqam təsdiqləyib. Bu günlərdə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazaya müasir silahlar göndərdiyinə dair xəbər yayılıb. Söhbət yalnız Rusiyanın yeni naviqatorlarından və zenit kompleksləri üçün hərəkət edən idarəetmə məntəqələrindən getmir. Rusiya Gümrüdəki bazaya yeni "Tornado" yaylım atəşi sistemi, "İskəndər-M" operativ-taktiki raket kompleksləri kimi ciddi silahlar da göndərir. Formal olaraq, əlbəttə ki, bu silahlar Ermənistan silahlı qüvvələrinə yox, Rusiyanın hərbi bazasına məxsusdur. Lakin İrəvan artıq bu silahların Ermənistana "hədiyyə" olduğunu düşünür.
Qeyd olunanların fonunda bir ciddi məsələ açıq qalır: Gümrüdəki hərbi bazada "İskəndər" komplekslərinin yerləşdirilməsi Ermənistanla Azərbaycan arasında yaşanan münaqişədə ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik edən Rusiyanın statusuna nə qədər uyğun gəlir?
MƏSLƏHƏT GÖR: