Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Böyük ustad, həssas müəllim və təvazökar insan. Lütfi Məmmədbəyov 1927-ci ilin 6 fevralında Ağdaşda dünyaya göz açıb. Əslən şamaxılıydı. Ata babası Cahangir bəy Məmmədbəyov Şamaxının sayılıb-seçilən bəylərindən olub. 1902-ci ildə Şamaxı zəlzələsindən sonra o, ailəsi ilə Ağdaşa köçüb.
Cahangir bəyin oğlu Şahbaz bəy bolşeviklərə qoşulub, elə öz təbəqəsindən olan bəylərə qarşı mübarizə aparıb. Sovet hökumətinin ilk illərində qolçomaqlara qarşı vuruşan komissar Şahbaz Məmmədbəyov günlərin birində soyadı "qara siyahı"ya düşənlərdən birini həbs etmək üçün onun evinə gedib. Həyətdə gözəl qızla qarşılaşıb. Heç bir şey barədə düşünmədən Gülarə adlı bu qızı götürüb Şamaxıya qaçıb. Ordan da Bakıya gəlib, ailə qurublar. 1927-ci ildə Gülarə xanım qohumlarını görmək üçün Ağdaşa gedib. Oğlu Lütfi də orda dünyaya gəlib.
Yaradıcı potensial
Lütfi Məmmədbəyov Bakıda böyüyüb, bu şəhərdəki 29 saylı orta məktəbdə təhsil alıb. Atasını erkən itirən Lütfi 14 yaşında ailəsinə kömək etmək üçün işləmək qərarına gəlib. Əmircandakı mədəniyyət evində səhnə fəhləsi olub. Çətinliklər arzularını hə- yata keçirməsinə mane ola bilməyib. Uşaqlıqdan maraq göstərdiyi səhnə fəaliyyətinə Bakı Mərkəzi Pionerlər Sarayında başlayıb. Burada dram dərnəyinə rəhbərlik edib. 1943-cü ildə Teatr Texnikumuna daxil olub. 1947-ci ildə texnikumu bitirib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Tezliklə istedadı ilə rejissorların diqqətini cəlb edən gənc aktyora baş rolları həvalə ediblər.
1949-cu ildə bu teatr müvəqqəti olaraq bağlandıqdan sonra, Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrının truppasına işə götürülüb. Burada o, Əliağa Ağayev, Ağdadaş Qurbanov, Yusif Vəliyev, Süleyman Ələsgərov, Firəngiz Şərifova kimi sənətkarlarla tərəf-müqabil olub, tamaşalarda bir-birindən maraqlı surətlər yaradıb.
Lütfi Məmmədbəyovun aktyorluq məharəti, yaradıcılıq imkanları Akademik Milli Dram Teatrının rəhbərlərinin də diqqətini çəkib. 1961-ci ildə onu bu teatra dəvət ediblər. Lütfi Məmmədbəyov ömrünün sonunadək Dram Teatrında çalışıb. Həmin teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb. Onun yaratdığı "Günahsız müqəssirlər"də Neznamov, "Xoşbəxtlər"də Sadıq və Mürşüd, "Toy"da Surxay və başqa rollar tamaşaçıların rəğbətini qazanıb.
O, aktyorluq sənətini çox sevsə də, bir arzusu var idi: həm də rejissorluqla məşğul olmaq, sevdiyi əsərlərə səhnə quruluşu vermək istəyirdi. 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. SSRİ Xalq artisti, rejissor Mehdi Məmmədovdan dərs alıb. 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirən Lütfi Məmmədbəyov Milli Dram Teatrın quruluşçu rejissoru olub. Bu teatrın səhnəsində "Çarəsiz dələduz", "Məhəbbət yaşadır", "Qisas qiyamətə qalmaz", "Əcəb işə düzdük", "Bağ qonşuları" və digər tamaşalara uğurlu quruluşlar verib.
Lütfi Məmmədbəyovun fəaliyyətində Azərbaycan televiziyasının xüsusi yeri var. O, 60-dan çox televiziya tamaşasına quruluş verib. Rejissoru olduğu "Qürbətdən gələn səda", "Mehmanxana sahibəsi", "Kəllə", "Balaca şahzadə", "Tufan", "Atayevlər ailəsi", "Alov", "Göz həkimi", "Vicdan", "Kimdir haqlı", "Ana tarla", "Qırmızı yaylıqlı qovağım mənim", "Qisas qiyamətə qalmaz" və başqa televiziya tamaşalarına tamaşaçılar bu gün də sevə-sevə baxırlar.
Lütfi Məmmədbəyov həm də Azərbaycan televiziyasının ən yaxşı aparıcılarından biri idi. "Teatr görüşləri", "Sənətkar və zaman", "Aktyorlar, rollar" verilişləri onun aparıcılığı sayəsində tamaşaçı sevgisi qazandı. Televiziyamızın bir zamanlar ən baxımlı və uzunömürlü verilişinin - "Səhər görüşləri"nin də aparıcısı Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov oldu. Bu verilişin məşhurlaşmasında onların rolu əvəzsiz idi.
Müəllim
Lütfi Məmmədbəyovun Azərbaycan mədəniyyətində ən böyük xidmətlərindən biri aktyorların yetişdirilməsində göstərdiyi xidmətlərdir. Hələ 1953-cü ildə Xalq Teatrı yaratdı və ona qırx ildən çox rəhbərlik etdi. Məşhur Xalq Teatrını "Lütfi Məmmədbəyov teatrı" da adlandırırdılar. Aktyorların, rejissorların böyük əksəriyyətinin ilk sənət yolu həmin teatrdan başladı. Sonralar onlardan 50 nəfəri Xalq artisti, 54 nəfəri Əməkdar incəsənət xadimi fəxri adlarına, 28 nəfəri isə Dövlət mükafatına layiq görüldü. Lütfi Məmmədbəyov yetirmələrinin uğurlarına çox sevinirdi.
Rejissor kimi teatrda və televiziyada müxtəlif mövzulu əsərləri tamaşaya qoyan Lütfi Məmmədbəyov onlarca aktyor istedadının üzə çıxmasında böyük rol oynadı. Bir çoxu onun hazırladığı tamaşalarda tanınıb sevildilər, şöhrət qazandılar. Səməndər Rzayev, Yaşar Nuri, Həsən Turabov kimi aktyorlarla işləmək Lütfi Məmmədbəyova zövq verirdi.
Bu gün Azərbaycan televiziyalarında teleseriallar çəkmək dəbdədir. Ölkədə teleseriallar çəkən ilk rejissor Lütfi Məmmədbəyovdur. O, 1993-cü ildə yazıçı-dramaturq Əlibala Hacızadənin "İtkin gəlin" əsəri əsasında onikiseriyalı filmə quruluş verdi. Bu film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Bundan sonra "Dodaqdan qəlbə" (1998), "Yağışdan sonra" (1998) televiziya seriallarını çəkərək tamaşaçıların ixtiyarına verdi. Həmin teleseriallarda oynayan aktyorlar indi tanınmış aktyorlardır. Onların uğurlarında Lütfi Məmmədbəyovun böyük rolu var.
Lütfi Məmmədbəyovun həyat yoldaşı Sevil Məmmədbəyova rejissorun seriallar üzərində çalışdığı vaxtlarda çəkdiyi əziyyətlərdən danışdı: "Teatrda maliyyə çətinliyi yaranmışdı. İncəsənətə lazımi qədər pul ayrılmırdı. Həmin illərdə Lütfi Azərbaycanda ilk serialları - "Dodaqdan qəlbə", "İtkin gəlin" və digər serialları çəkdi. Sonralar həmin seriallar ekrana çıxanda irad tutanlar çox oldu. Dedilər ki, yaxşı səsləndirilməyib, küləyin səsi, yarpaqların xışıltısı eşidilir... Bu cür söhbətlər Lütfiyə də gəlib çatırdı, əsəbiləşirdi. Ona görə yox ki, tənqidə qarşı həddindən artıq dözümsüzüydü, yaxud söylənilən iradlar həqiqətdən tamamilə kənarıydı. Əlbəttə, nöqsanlar var idi. Ancaq demək asandır. O qədər çətinliklərlə, maddi imkansızlıqlarla film çəkmək rejissordan sənətinə çox böyük maraq, sevgi, dözüm tələb edir. Lütfi elələrinə belə cavab verirdi: "Bunlar Azərbaycanın ilk çoxseriyalı filmləridir. Mən bunu bacardım. Başqaları daha yaxşısını etsinlər". Əslində, o belə söyləməklə özünə haqsızlıq edirdi. Çünki onların hansı əziyyətlər bahasına ərsəyə gəldiyini yaxşı xatırlayıram. Nəinki pul ayrılmırdı, heç Lütfiyə kinokamera da vermirdilər. Aktyorlar sağ olsunlar, hamısı könüllü, sevə-sevə çəkilir, zəhməthaqqı istəmirdilər. Çəkilişə lazım olanları - kamera, maşın, rekvizit isə evimizdən gedirdi. Hamısını öz əllərimlə bir yerə yığırdım, yemək hazırlayıb göndərirdim...".
Ömür səhifələri
Onun xidmətləri bununla da bitmir. 1953-1976-cı illərdə filmlərin Azərbaycan dilinə dublyaj olunmasında bir aktyor kimi iştirak edib. Filmlərdə çəkilib. Oynadığı rolların hamısı yaddaqalan olub. Doğrudur, onların əksəriyyəti epizodik rollardır. Amma Lütfi Məmmədbəyov kiçik rollarla da öz aktyorluğunu məharətlə nümayiş etdirməyi bacarıb.
Onu kino çəkiliş meydançasına ilk dəfə rejissor Lətif Səfərov dəvət edib. Bu dəvət Lütfi Məmmədbəyov üçün gözlənilməz olub. Çünki rejissorlar onu dəfələrlə sınaq çəkilişlərinə dəvət etsələr də, sonradan boyunun balaca olmasını bəhanə gətirərək, rola çəkməkdən imtina etmişdilər. Ancaq Lətif Səfərov 1955-ci ildə "Bakı" kinostudiyasında çəkdiyi "Bəxtiyar" filmində Həbib rolunu ona tapşırdı. Rejissor göstərdi ki, Lütfi Məmmədbəyov həm də bacarıqlı kino aktyorudur. Bundan sonra - 1956-cı ildə rejissor Hüseyn Seyidzadə onu "O olmasın, bu olsun"da Sərvərin dostu roluna çəkdi. 1957-ci ildə isə rejissor Lətif Səfərov "Qızmar günəş altında" bədii filmində Lütfi Məmmədbəyova Xəlil rolunu həvalə etdi. 1960-cı ildə rejissor Ağarza Quliyev "Səhər" filmini çəkdi. Lütfi Məmmədbəyov bu filmdə Aslan rolunu oynadı. Onun rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə çəkdiyi "Sehrli xalat" filmində oynadığı Əli müəllim rolu yaddaqalan oldu.
Lütfi Məmmədbəyovun uğularının ən böyük səbəblərindən biri də bu idi: hər dəqiqəsinin qədrini bilir, bugünün işini sabaha qoymurdu.
O, sənət aləmində nüfuz sahibi idi. Lütfi Məmmədbəyovu yalnız istedadlı aktyor, mahir relissor olduğuna görə deyil, həm də xeyirxahlığına görə çox sevirdilər. Heç kimdən köməyini əsir- gəmirdi. Ona görə də Lütfi Məmmədbəyova zarafatla "təcili yardım" deyirdilər. Kimin nə qayğısı, problemi olsaydı, ona müraciət edirdi. Teatrda, televezi- yada olmayanda da istədikləri vaxt evinə zəng edir, ondan məsləhət alır, maddi və mənəvi kömək istəyirdilər. Təkcə özü deyil, ailə üzvləri də vaxt-bivaxt vurulan zənglərə öyrəşmişdilər. Heç zaman narazılıq etməzdilər.
Hətta gecənin bir aləmində mənzilinin qapısı döyülsəydi də, tərəddüd etmədən açır, ona üz tutanlara maddi və mənəvi dayaq olardı. Ona müraciət edənlərin probleminin həlli üçün lazım gələndə ayrı-ayrı vəzifə sahibləri ilə də görüşürdü.
Lütfi Məmmədbəyovu sənət aləmində sevdirən cəhətlərindən biri də bu idi: etdiyi yaxşılıqları dilinə gətirməz, üzə vurmazdı. Bir də hər zaman sözün düzünü deyirdi. Sənət dostlarının müvəffəqiyyətinə sevindiyi kimi, qüsurlarını da söyləməkdən çəkinmirdi.
Ailə başçısı
Çox mehriban ailəsi var idi. Lütfi Məmmədbəyov yaxşı həyat yoldaşı, ata, baba, əsl ailə başçısı kimi tanınırdı. O istəyirdi ki, hamı bir-biri ilə mehriban olsun, şənlik, toy-düyün xəbərləri gəlsin. Teatrda gənclərin çoxunun elçiliyinə gedir, toylarında iştirak edir, küsülüləri barışdırırdı.
Lütfi müəllimin əməksevərliliyi, sənətə bağlılığı barədə söhbət düşəndə həyat yoldaşı Sevil xanım dedi: "Lütfi zəhmətkeş insan idi. Gündəlik işlərini görüb-qurtarmamış yatmazdı. O, teatrda məşqdə olur, məşqdən gündüz saat 2-də çıxıb, Azərbaycan Dövlət Televiziyasına gedirdi. Orada da məşqlərini edib, başçılıq etdiyi Xalq Teatrına yollanırdı. Tamaşalarda çıxış etdiyi üçün axşam saat 7-də yenidən Akademik Milli Dram Teatrına qayıdırdı. Evə, demək olar ki, gecə saat 11-də, bəzən 12-yə işləmiş gəlib çıxırdı...".
Lütfi Məmmədbəyov həm də gözəl pedaqoq idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışır, gənclərə sənətin sirlərini öyrədirdi.
Sovet hakimiyyətinin süqutundan sonrakı keçid dövründə bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahələrində də ağır maddi sıxıntılar yaşandı. Teatrların yenidən inkişaf etməsində Lütfi Məmmədbəyovun gərgin əməyi oldu.
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Lütfi Məmmədbəyov 2004-cü il fevralın 1-də - 77 yaşında insult keçirərək vəfat etdi.
Hər kəs bu dünyadan köçüb-getdikdən sonra əməlləri ilə xatırlanır. Lütfi Məmmədbəyov sənətkar və insan kimi zəngin yaradıcılığı və xeyirxahlığı ilə yaddaşlardadır. Bu gün də Azərbaycan teatr sənətinin tanınmış aktyorlarının, aktrisalarının böyük əksəriyyəti Lütfi Məmmədbəyovun yetirmələri olduqları ilə fəxr edirlər.
MƏSLƏHƏT GÖR: