24 Noyabr 2024

Bazar, 06:32

DİLİN METAMORFOZASI

Dilçilər hesab edir ki, Azərbaycan dilinin müdafiəyə və daha ehtiyatlı münasibətə ehtiyacı var

Müəllif:

25.02.2014

Bütün dünyada fevralın 21-i Ana dili günü kimi qeyd olunur. Azərbaycan da dünyanın bir hissəsi kimi, bu cür tarixlərdən, tədbirlərdən kənarda qalmır. Çünki ana dili mədəni, tarixi əhəmiyyəti ilə yanaşı, həm də dövlətin rəmzlərindən biri, Azərbaycanı xalq kimi təqdim edən vasitədir. Qeyri-maddi irs siyahısında bu cür vacib kateqoriya olan dilə dövlət tərəfindən nəzarət olunmasına ehtiyac var. Onun bugünkü durumunun dərindən öyrənilməsinə də diqqət ayrılmalıdır.

 

Neologizmlər 

Hazırda dilimizin onun daşıyıcılarının dilində "canlanma"sının yaxşı səviyyədə olduğunu söyləmək çətindir. Təhsilin, dili mükəmməl bilmənin səviyyəsindəki total tənəzzül ölkənin ümumilikdə mədəni irsinə ciddi zərbə vurur.  Hazırda doğma dilin ədəbi formasına az rast gəlinir. Tarixən Azərbaycan dili uzun inkişaf yolu keçib. Onun yaşını "Dədə Qorqud" dastanından hesablasaq, bu, təxminən, 1300 il edir.

Tarixən Azərbaycan dilində ərəb və fars dillərindən gəlmiş çox sayda sözlərdən istifadə olunub. Amma dünyada gedən sürətli qloballaşma prosesləri mövcud dil bazasına çoxlu sayda qarışıq terminlərin daxil olmasına da yol açır. Bu gün daha aydın görünür ki, Azərbaycanın 9 milyonluq əhalisi ilə yanaşı, dünyada, təxminən, 50 milyon insanın da danışdığı dilə daha ciddi diqqət ayrılmalıdır.

Bu haqda fikirlərini "R+" jurnalı ilə bölüşən Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri, filoloq, dilşünas, professor Nizami Cəfərov bildirir ki, qloballaşan dünyada dilin qorunması və inkişafına müxtəlif yanaşmalar mövcuddur. Məsələn, milli xüsusiyyətlərin, rəmzlərin və dilin qorunması ilə yanaşı, dilin dünyaya açıq olması da vacibdir. Amma eyni zamanda, qloballaşma prosesində dünya dilləri üçün müəyyən problemlər meydana çıxır - dil metamorfalaşır, dəyişir, bəziləri isə tamamilə yoxolma həddinə çatır. Bu baxımdan, orfoqrafiya qaydalarına yenidən baxılması, sözlərin düzgün ifadə olunması üçün orfoepik lüğətin yaradılması məsələləri dəfələrlə Elmlər Akademiyasının toplantılarında müzakirə olunub.

Dil ilə hər gün bilavasitə təmasda olan redaktor, mətn tərcüməçisi Samirə Əhmədbəyli isə hesab edir ki, dilçiliyə akademik yanaşmaq və nəzarət lazımdır. "Mən mətnləri tərcümə edir və orada türkizmin nə qədər çox olduğunu görürəm. Halbuki, bizim dilimizdə həmin mənanı verən sözlər var", - deyə o, bildirir. S.Əhmədbəyli deyir ki, dilə neologizmləri yalnız həmin sözlərin alternativi olmadığı halda daxil etmək olar. Əlbəttə ki, buna əks-arqument olaraq, Azərbaycan dilində rus dilindən gəlmə çox sayda sözün olduğunu göstərmək mümkündür (danışarkən tez-tez rus sözləri işlədən azərbaycandilli şəxslərə kifayət qədər çox rast gəlinir). Amma Samirə Əhmədbəylinin bununla bağlı ciddi arqumenti var: "Sovet İttifaqının mövcud olduğu 70 ildə rus dili həyatımıza kifayət qədər ciddi şəkildə daxil olub. Amma bu, yalnız danışıq, adi ünsiyyət səviyyəsində olub. Rus dilinin akademik dilimizə, ədəbiyyatımıza və mətbuatımıza yeridiyini düşünmək üçün heç bir əsas yoxdur". Əhmədbəylinin sözlərinə görə, sovet illərində Azərbaycan dilinin linqvistikası üzərində nəzarət xeyli yüksək olub.

"Doğrudur, tarixən dilimiz sinonimlərə görə, məsələn, elə həmin ərəb və ya fars dili ilə müqayisədə çox zəngin olmayıb. Azərbaycan dilinin özündə xeyli ərəb və fars sözləri var. Odur ki, dilə yeni sözlərin daxil edilməsində pis  bir şey yoxdur. Bu, təbii prosesdir. Son zamanlar, məsələn, yeni texnologiyaların peyda olması ilə əlaqədar, dilimizə ingilis dilindən çoxlu sözlər daxil olub. Bu, anlaşılandır. Amma bütün bu proseslər akademik nəzarət altında getməlidir - məsələ dilçi və dilşünasların ciddi nəzarətində olmalıdır", - deyə S.Əhmədbəyli qeyd edir. 

 

Biz necə danışırıq? 

Danışıq dilində də vəziyyət eynidir. Aydındır ki, Azərbaycan danışıq dilinin səviyyəsi, ilk növbədə, əhalinin təhsil səviyyəsindən asılıdır və sanki dilçiliyin bu məsələyə birbaşa aidiyyəti yoxdur. Amma dərsliklərdə dildə baş verən dəyişikliklər nəzərə alınmır.

Yazıçı, jurnalist və filoloq Fəxri Uğurlu Azərbaycan dilinin yalnız ictimai həyatda deyil, başqaları üçün nümunə sayılacaq sahələrdə - mətbuatda, müasir ədəbiyyatda, televiziyada da aşağı səviyyədə olduğunu bildirir. "Dilin "təmizlənməsi" vacibdir və bütün bunlar dövlət səviyyəsində edilməlidir", - deyə o, qeyd edib. Dilin "çirklənmə"sində ayrıca amillərdən biri geologizmlər və digər dillərdən, əsasən, rus və ingilis dillərindən gələn sözlərdir. F. Uğurlu hesab edir ki, dilə yeni sözlərin gəlməsi daha çox öz-özünə baş verən proses olsa da, o, ciddi nəzarətdə saxlanılmalıdır.

"Bu işdə kiçik Avropa xalqlarından nümunə götürməmiz yaxşı olardı. Məsələn, Finlandiyada dilə daxil olan müxtəlif beynəlxalq texniki terminlərin əvəzinə fin dilində xüsusi, sinonim sözlərin tapılması ilə məşğul olan təşkilat var. Bizim də uyğun Azərbaycan sözlərini seçməmiz yaxşı olar", - deyə yazıçı qeyd edir. F.Uğurlu bildirir ki, qloballaşma əsrində dilin təmizliyinin qorunub-saxlanması məsələsi vacib məqamlardan biridir.

Azərbaycan dili bizi keçmiş nəsillərlə, tariximizlə, mənəvi dəyərlərimizlə bağlayır. Onun bizim etnik və milli kimliyimizin bünövrəsini təşkil etməsi üçün əlimizdən gələni etməliyik. Bizim vəzifəmiz onu qorumaq, bir milli sərvət kimi nəsillərdən-nəsillərə ötürməkdir. 


MƏSLƏHƏT GÖR:

498