Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Qeyri-neft sektorunun və ilk növbədə, onun innovasiya sektorunun inkişafı, eyni zamanda, kiçik və orta sahibkarlığa dəstək son illər dövlət iqtisadiyyatı proqramlarının əsas hissəni təşkil edir. Bu cür layihələrin yerinə yetirilməsi üçün Azərbaycanda bir sıra müxtəlif profilli texnoparklar yaradılıb və həmçinin gənc sahibkarların biznes ideyalarının və layihələrin düzgün tərtib edilməsi üçün biznes-inkubator sistemi formalaşır.
Yardım və dəstək
Ümumiyyətlə, dünyada mövcud olan biznes-inkubatorların 40%-i diqqətini yüksək texnologiyaların, ilk növbədə, İT sahəsində inkişafa yönəldib. Qalan hissə isə tibbi avadanlıqların və biotexnologiyaların, kompozit materialların, nanotexnologiyaların, alternativ energetika və təmizləmə texnologiyaları üçün avadanlıqların yaradılması və kiçik seriyalı istehsal kimi "çoxfunksiyalı" fəaliyyətini həyata keçirir. Xidmət sferasının və kompüter proqramlarının yaradılmasında elektron kommersiya inkişafı kimi müxtəlif internet servislərin və hətta turizm, kulinariya layihələrinin yaradılması da bu strukturların fəaliyyətində heç də az yer tutmur.
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, istisnasız olaraq bütün növ biznes-inkubatorların yaradılması iqtisadiyyatda kiçik və orta sahibkarlıqda (KOS) xüsusi çəkinin artmasına yardım edir. Məhz bu məqsəd Azərbaycanda təhsil sisteminin formallaşmasına və işgüzar başlanğıclara kömək göstərilməsinin əsasını təşkil edir. Söz gəlişi, ilk tədris biznes mərkəzlərinin formalaşmasına 2002-ci ildə Enterprise Centre ES biznes mərkəzini yaratmaqla BP şirkəti yardım göstərdi. Orada yerli sahibkarlara vasitəçilik fəaliyyətinin əsasları - biznes layihələrin yaradılmasına, alış və tədarük proseduralarına, texniki parametrlərə riayət edilməsi və müasir idarəetmə standartları öyrədilirdi.
Lakin Azərbaycanda biznes-inkubatorların formalaşmasında aparıcı rol dövlətə məxsusdur. Belə ki, biznes-inkubator funksiyalarının bir hissəsinə malik ilk struktur 2004-cü ilin payızında Sumqayıtda İnfotek ictimai təşkilatının təşəbbüsü və şəhər icra hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Sonradan oxşar tapşırıqlara malik təşkilatlar Bakıda, Gəncədə, Qubada və ölkənin iqtisadi regionlarının inzibatı mərkəzi olan bir neçə şəhərdə də yaradılıb. Bu mərkəzlər İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və dayanıqlı inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı 2011-2015-ci illər fəaliyyət planına əsasən yaradılır.
Müvafiq strukturların əsas fəaliyyəti fiziki şəxslərə şirkətlərin yaradılmasında ilk addımlarını atmaqda kömək etmək, müasir ofislər və xüsusi otaqlarla təchiz etməkdir. Biznes-inkubatorlar sahibkarlara tərəfdaşların və müştərilərin axtarılmasında, xüsusi treninqlərin keçirilməsində, biznes ideyaların yoxlamasında və pilot layihələrin həyata keçirilməsində köməklik göstərirlər. Xüsusi olaraq, KOS nümayəndələri marketinq, mühasibat uçotu və vergilərin ödənilməsi sahəsində münasib qiymətlərə məsləhət xidmətlərini alırlar və eyni zamanda treninq mərkəzlərində ixtisaslaşmış xarici və yerli mütəxəssislərin iştirakı ilə öz kadrlarına təlimlər keçirlər. Gələcəkdə inkubatorların potensialını istehsalat, xidmət və elmi tədqiqatlar sahəsində pilot sərmayə layihələrin həyata keçirilməsində istifadə etmək olar.
Bu yaxınlara kimi bu cür strukturlar sözün tam mənasında biznes poliqonuna qədər inkişaf etməyərək, əsasən məsləhət xidmətlərini göstərirdilər.
İmkanları genişləndirmək
Genişləndirilmiş sənaye tipli biznes-inkubatorun yaradılması təşəbbüsü ilə on ildən artıq öncə İqtisadi İnkişaf Nazirliyi çıxış edib. Layihə paytaxtdan 47 kilometr uzaqda yerləşən Yeni Yaşma qəsəbəsinin yanında sənaye şəhərciyinin tikintisini nəzərdə tuturdu. Burada rəqabətə davamlı idxalı əvəz edə biləcək məhsullar istehsal etmək gücündə olan, təqribən, 80 kiçik müəssisənin tam gücündə fəaliyyət göstərməsinin təmin edilməsi nəzərdə tutulurdu. Lakin infrastrukturun yaradılmasına böyük olan xərclər layihəni əvvəlcədən rentabelli etmirdi. Sonradan ölkədə iri seriyalı istehsalata yönələn inkubator mərkəzlərin formalaşdırılması ideyası texnoparkların formasına transformasiya olunub və 2009-cu ildən layihə əsasən dövlət sərmayələri sayəsində uğurla Sumqayıtda reallaşdırılır.
Bununla belə, müasir sənaye müəssisələrinin və elm tutumlu istehsalatın Sumqayıt texnoparklarında cəmləşməsinə baxmayaraq, dövlət qurumları və özəl şirkətlər ölkədə inkubatorların klassik formalarının inkişaf etdirilməsi ideyasından imtina etmədilər. Barama adlı və yaradıcılıq, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində innovasiya ideyalarının inkişafına yönələn bu cür layihələrdən biri - ölkənin mobil operatorlardan birinin təşəbbüsü və CİSCO sahibkarlıq institutun dəstəyi ilə 2009-cu ildə start götürüb. İKT sahəsində təyinatına görə oxşar layihənin icrasına bir neçə il bundan əvvəl digər mobil rabitə operatoruyla birgə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) də başlayıb.
İT texnologiyalarının inkişafı, çox güman ki, Azərbaycanın biznes-inkubatorlarının formalaşan sisteminin ən perspektivli istiqamətlərdən biridir. Bu istiqamətdə vacib dönüş nöqtəsi 2012-ci ilin noyabrında prezident İlham Əliyev tərəfindən imzalanan Pirallahı adasında Yüksək Texnologiya Parkının (YTP) yaradılması haqda sərəncam olub. Burada artıq 50 hektar ərazidə yer sahəsi ayrılıb və artıq parkın material-texniki baza və infrastrukturunun yaradılması üzrə işlərə başlanılıb. YTP-nin gələcək zonasının əsas komponenti bu yaxınlarda paytaxtda yaradılan biznes-inkubasiya mərkəzi olacaq. "Yüksək texnologiyaları sahəsində start up layihələrin tez bir zamanda həyata keçirilməsi üçün birbaşa Bakıda Pi-Campus inkubasiya mərkəzinin yaradılmasına qərar verilib. "Pi" - Pirallahı adasının ilk iki hərfidir və həmçinin məşhur riyazi simvoludur.
Pi-Campus bu ilin fevral ayında artıq fəaliyyətə başlayacaq. Hazırda, ilk növbədə, reallaşdırılması planlaşdırılan layihələrin siyahısının tərtib edilməsi prosesi gedir. Bunlar da 13-ü artıq fəaliyyət göstərən və iki planlaşma mərhələsində olan layihələrdir", - deyə YTP direktoru Seymur Ağayev bildirib. İnkubasiya mərkəzində həyata keçirilməsinə yalnız perspektivli start up layihələr iddia edə bilərlər (tez reallaşmasına yönələn biznes ideyalar).
İkimərhələli mexanizm Biznes-inkubasiya mərkəzində bütün pilot layihələri yoxlamağa imkan verəcək və uğursuz başlanğıcları kənara atacaq. Əksinə - həyat qabiliyyətini və bazarda tələbatın olmasını sübut edən start up layihələr YTP-də gələcək inkişafını qazanacaq.
Pul lazımdır
Təcrübə göstərir ki, təkcə İKT sahəsində olan layihələr biznes-inkubator sistemində sınaq üçün cəlbedici deyil. Buna sübut olaraq, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan irimiqyaslı layihəni göstərmək olar. Söhbət xüsusi ilə 2013-cü ildən reallaşdırılan "Youth İnc" gənc sahibkarlara dəstək və biznes inkubasiya proqramının birinci mərhələsindən gedir. Bu layihə "2011-2015-ci illərdə Azərbaycan gəncliyi" dövlət proqramı çərçivəsində həyata keçirilir və gənclər arasında işgüzar aktivliyinə dəstək verilməsinə yönəlib. Beş il müddətinə nəzərdə tutulmuş proqram çərçivəsində Bakı, Sumqayıt və Şəkidə dörd biznes-inkubator yaradılıb və orada təxminən iki min gənc təlim keçib. Proqramının həyata keçirilməsinin birinci mərhələsinin nəticələrinə əsasən, onlarla biznes layihə yaradılıb, bir neçə gənc sahibkar yeni sərmayələr cəlb etməyi bacarıb, youthinc.az saytı fəaliyyətə başlayıb. Onun köməyi ilə gənc sahibkarlar məlumat və təcrübə mübadiləsi apara və öz məhsullarını, xidmətlərini təqdim edə bilərlər.
Yuxarıda göstərilən faktları cəmləşdirərək, iddia etmək olar ki, Azərbaycanda biznes-inkibatorların dayanıqlı sistemi yaradılıb. Gələcək strateji əhəmiyyətli, başlanğıc addımlarını atan sahibkarların imtiyazlı əsasla maliyyələşməyə çıxışının genişləndirilməsi olmalıdır. Söhbət inkubasiya mərkəzlərinin uğurlu fəaliyyətinin vacib elementindən - layihələri "uzun və az faizli" maliyyə resursları ilə təmin edən vençur fondların yaradılmasından gedir. Banklardan fərqli olaraq, bu strukturların risk tolerantlığı artır, çünki onlar yeni başlayan sahibkarlara maliyyə resurslarını kredit şəklində deyil, faiz iştirakı əsasında ayırırlar. Bu cür maliyyələşmənin üstünlüyü ondan ibarətdir ki, vençur fondlar sahibkarlara təkcə maliyyə resursların verilməsi ilə kifayətlənmirlər və bilavasitə şirkətlərin idarə edilməsində və zəngin təcrübə və biznes əlaqələr vasitəsi ilə sahibkarlara uğur qazanmağa kömək edirlər. Lakin, təəssüflər olsun ki, Azərbaycanda vençur maliyyələşdirmə sahəsində ixtisaslanan şirkətlərin sayı çox azdır...
ARAYIŞ
Müasir biznes-inkubatorların ilk nümunələri hələ ötən əsrin ortalarında Böyük Britaniyada yaradılıb. Lakin bu cür strukturların müasir anlayışda yaradılması öz başlanğıcını 1959-cu ildən götürür. O zaman Cozef Mankuso adlı bir şəxs Bataviya şəhərində fabrik yanında anbar alıb və ABŞ-da sahibkarlar üçün Batavia Industrial Center adlı ilk inkubatoru yaranıb. Onun məqsədi iqtisadi depressiya zamanı tənəzzülə düşən şəhərdə yeni iş yerlərinin yaradılması idi. Uzun müddət sahibkarların bu cür tədris forması və biznes başlanğıcların inkişaf etdirilməsi Amerika bazarının eksklüziv bir üsulu idi. Xüsusi ilə hələ bu yaxınlarda, 1985-ci ildə dünyada cəmi 70 biznes-inkubator var idi və onların əsas hissəsi Şimali Amerikada yerləşirdi. Bu cür mərkəzlərin formalaşmasının kütləvi xarakteri, yalnız Cənub-Şərqi Asiyada müşahidə olunan iqtisadi bumun ardında olub və bu proses sosializm sisteminin dağılmasından və Şərqi Avropada və postsovet məkanında bazar dəyişmələrinin başlaması ilə dəfələrlə artıb. Belə ki, 1992-ci ildə biznes-inkubatorların sayı 470-i keçib, XXI əsrin ilk onilliyində isə bütün dünyada artıq iki mindən çox bu cür strukturlar mövcud idi. Onların böyük hissəsi Biznes-inkubatorların beynəlxalq assosiasiyasında birləşib (NBİA).
Biznes-inkubatorların strukturunun formalaşması və onların təyinatı dünyanın regionlarına görə dəyişirdi: məsələn, bu gün də biznes-inkubatorların sayına görə liderlik edən ABŞ-da, bu strukturlar əsasən tənəzzülə düşən şəhər mərkəzlərinin və regionların dirçəldilməsi və universitetlərdə innovasiya fəaliyyətinin həvəsləndirilməsi üçün yaradılırdı. Asiya regionunda bu cür mərkəzlərin yaradılması özəl sərmayəçilər üçün cəlbedici şəraitlərin yaradılması və xarici texnologiyaların və kapitalların cəlb edilməsi məqsədlərini güdürdü. Nəhayət, postsovet məkanında biznes-inkubatorların fəaliyyəti, diqqətini gənc sahibkarların öyrədilməsi və bu və ya digər istehsalat ya da tədqiqat layihələrinin bazar mexanizmlərinin yoxlanılmasına cəmləşdirirdi.
MƏSLƏHƏT GÖR: