13 Mart 2025

Cümə axşamı, 14:16

KOREYALAR BARIŞIR?

Pxenyanla Seul arasında birbaşa dialoq bərpa olunub

Müəllif:

25.02.2014

KXDR və Koreya Respublikası arasında 7 il əvvəl dayandırılmış birbaşa dialoq bərpa olunub. Pxenyanla Seul arasında fikir ayrılıqları nə qədər ciddi olsa da, adi koreyalılar vətənlərinin birləşəcəyinə səmimi olaraq inanırlar. Bunu Şimal ilə Cənub arasında son danışıqların nəticəsi olaraq təşkil olunmuş görüş də təsdiqləyib. Söhbət 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ayrılmış ailələrin görüşündən  gedir.

Maraqlıdır ki, danışıqları hər iki tərəf rəsmiləri yüksək qiymətləndirib. "Cənubi və Şimali Koreyalar münasibətlərin qarşılıqlı inama əsaslanan inkişafı istiqamətində ilk addımlarını atıblar", - deyə Koreya Respublikası Milli Təhlükəsizlik Şurası katibliyinin rəhbəri Kim Qyu Xen bildirib.

Şimali Koreyanın "Çason sinbo" qəzeti isə dialoqu daha inamla xarakterizə edib. Qəzetin yazdığına görə, "KXDR-in ali rəhbərliyi iki ölkənin birləşməsi istiqamətində ardıcıl olaraq hərəkətdədir".

"Hər iki Koreya"nın yaxınlaşma cəhdlərini ən parlaq nümayiş etdirən məqam isə ayrılmış koreyalı ailələrin KXDR ərazisindəki Kımqansan turizm kompleksindəki görüşü olub. İlk belə görüş hələ 1985-ci ildə təşkil olunmuşdu. 2010-cu ilədək 18 belə görüş keçirilmiş, görüşlərdə, təxminən, 10 min ailənin üzvü iştirak etmişdi.  Amma budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki Koreyaların birləşməsinə, sanki heç bir şans qoymayan ideoloji və geosiyasi xarakterli amillərə rəğmən, məhz iki ölkə rəhbərliyi birləşmə prosesinin yenidən təşkilinin vacibliyini bildirir. Məsələn, Cənubi Koreyanın Koreyaların Birləşməsi üzrə Nazirliyinin rəhbəri Ryu Kil Çje yeni birləşmə planını ortaya qoyub (hələlik onun detalları açıqlanmır). Seulun 1989-cu ildə qəbul etdiyi əvvəlki planda 3 mərhələli prosesdən söhbət gedirdi: Koreya Respublikası ilə KXDR arasında barışıq və əməkdaşlıq, Koreya Birliyinin yaradılması və nəhayət, Koreyaların tam siyasi birləşməsi. "3 mərhələli birləşmə planı vətənin birləşməsi üçün konkret yolları özündə əks etdirmir və şübhəli təsir bağışlayır. Plana yenidən baxılmasının vaxtıdır", - deyə Ryu Kil Çje bildirib.

Bütün bunlar, əlbəttə ki, iki tərəf arasında yaxınlaşmanın əlamətləri sayıla bilər. Seul və Pxenyanın bir-birlərini yalnız hədələməyi de-yil, ikitərəfli dialoq şəkilində danışması, konkret nəticələrin əldə olunmasını planlaşdırmağı  bacarmaları da sevindirici haldır. Hər halda, bu prosesin məqsədi sonda vahid Koreya yarımadasının yaradılmasıdır. Amma tezliklə nəticənin əldə olunacağını gözləmək adəlövhlük olardı. Çünki fərqli sistemlərin mövcud olduğu Koreyalarda nəinki birləşməyə yanaşmada ideologiyası ciddi şəkildə fərqlənir, həm də koreyalararası proseslərin cərəyan etdiyi geosiyasi reallıqlar fərqlidir. Bu reallıq Pxenyanla Seul arasında danışıqlşarın, hətta son raundunu da iflasa uğratmaq iqtidarındadır.

Koreya  müharibəsi nəticəsində bir-birindən ayrı düşmüş ailələrin görüşünə dair razılaşma Key Resolve adlı Amerika-Koreya hərbi təlimləri ərəfəsində mümkün olub. Qeyd edək ki, təlimlərin 27 fevral - 9 mart tarixlərində keçirilməsi nəzərdə tutulur və məqsəd rəsmi olaraq, KXDR tərəfindən gələn təhlükənin önlənilməsidir. Şübhəsiz, Pxenyan Vaşinqtonla Seulun bu addımına etirazını bildirib və hətta hərbi təlimlər ləğv olunmayacağı təqdirdə, ailələrin görüşünə dair razılaşmanın pozulacağını da istisna etməyib. Amma o, məsələdə qətilik göstərməyib. Halbuki, Seula səfər edən ABŞ dövlət katibi Con Kerri ölkəsinin Cənubi Koreya ilə birlikdə illik hərbi manevrlərdən heç bir halda imtina etməyəcəyini bildirib.

Bununla yanaşı, Pxenyandan gələn "təhlükənin önlənməsi" məqsədilə görülən tədbirlər yalnız sözü- gedən təlimlə bitmir. BMT Şimali Koreya lideri Kim Çen Ina ünvanladığı məktubda bu ölkədə insanlığa qarşı həyata keçirilən çoxsaylı cinayətlərin araşdırılmasını tələb edib. Məktubda repressiyalara, aclıqla əzabvermələrə, uşaqlara və qadınlara qarşı zorakılıq hallarına dair konkret faktlar, 10 minlərlə siyasi məhbusun düşərgələrdə saxlanıldığına dair dəlillər var. Kim Çen Ina rejimi tərəfindən törədilən cinayətlərə görə şəxsən məsuliyyət daşıdığına, bir gün Beynəlxalq Məhkəmə qarşısında dayana biləcəyinə dair xəbərdarlıq  edilib. 

Şübhəsiz, insan haqlarının pozulması halları heç bir dövlətə başucalığı gətirmir və belə halları mümkün olduğu qədər pisləmək lazımdır. Amma ilk növbədə, ABŞ tərəfindən BMT-nin müxtəlif strukturlarında  ayrı-ayrı ölkələrin insan haqlarının pozulmasına görə tənqidi əksərən müstəsna xarakter daşıyır (hər halda, bu tənqid Vaşinqtonun planetin müxtəlif regionlarında yerləşən müttəfiqlərinə nadir hallarda yönəldilir). Odur ki, BMT-nin rəsmi Pxenyana ünvanladığı məktuba KXDR-ə siyasi təzyiq vasitəsi kimi baxmaq olar. Bəs bu kontekstdə Vaşinqtonun Koreyanın birləşməsi perspektivinə münasibəti necədir?

Vaşinqton, şübhəsiz ki, bunda maraqlıdır. Amma bir şərtlə ki, proses Şimali Koreya rejiminin çöküşü ilə nəticələnsin. Əks təqdirdə, regional fövqəldövlətlərdən birinə çevriləcək vahid Koreyanın (nəzərə alsaq ki, Pxenyanın nüvə silahı var, cənubda isə texnologiya güclü inkişaf edib, o, dünyanın aparıcı güclərindən birinə də çevrilə bilər) ABŞ-la müttəfiq olacağına heç bir zəmanət yoxdur. Odur ki, Koreyaların birləşməsi prosesi ABŞ üçün aydın geosiyasi risk yaradır. Üstəlik, vahid Koreya ilə bağlı digər fövqəldövlətlərin də öz planları var və bu, ilk növbədə, Çinə aiddir.

Yeri gəlmişkən, Pekin artıq KXDR-in məsələsinə Beynəlxalq Məhkəmədə baxılmasına qarşı çıxıb. O, BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamənin qəbuluna veto qoyacağını bəyan edib. Amma Çinin Koreya məsələsinə strateji yanaşması yalnız Pekinlə Pxenyan arasında ənənəvi müttəfiq münasibətləri ilə bağlı deyil. O, həm də ABŞ-la Çin arasındakı siyasi-ideoloji yarışla, o cümlədən Asiya-Sakit Okean regionunda təhlükəsizliklə bağlı vəziyyətin ağırlaşması ilə əlaqədardır. Çin burada Amerika təhlükəsi görür: Amerika RHM sisteminin böyük bir hissəsi məhz bu regionda, ABŞ-ın müttəfiqlərinin (Yaponiya, Cənubi Koreya, Tayvan) ərazisində və donanmalarında yerləşir. Onlar rəsmi olaraq 2012-ci ildə Yaponiya üzərində ballistik raket sınağı keçirmiş, ötən il isə 3-cü dəfə nüvə sınağı aparmış Şimali Koreyaya tərəf  istiqamətlənib. Amma Pekində anlayırlar ki, Amerika RHM sisteminin miqyası Şimali Koreyadan gələn təhlükədən çox böyükdür. Bu üzdən də çinlilər onun məhz Çinin nüvə potensialına qarşı yönəldiyini düşünürlər.

Çinin Şimali Koreyaya verdiyi dəstək, Pekinin ABŞ tərəfindən strateji təhlükəni neytrallaşdırmağa yönəlib və bu məsələdə Rusiya da Çinlə həmfikirdir. Amma bu ölkənin Asiya-Sakit okean regionundakı hərbi mövqeləri son bir neçə onillik ərzində xeyli zəifləyib. Moskva indi Pxenyan və Seul ilə əməkdaşlığı gücləndirməyə çalışır, öz qazını Cənubi Koreyaya tədarük etməyə, kommunikasiya, kömür hasilatı, xam neftin Rusiyanın Uzaq Şərq regionlarından ixracı kimi sahələrlə bağlı layihələrdə Çinlə əməkdaşlığa hazır olduğunu bildirir.

Sadalananları nəzərə alsaq, Koreya yarımadasının birləşməsinə həm daxili, həm də xarici maneələrin olduğunu söyləyə bilərik. Odur ki, bu perspektiv kifayət qədər dumanlı görünür. Amma danışıqlar prosesinin başlanması faktının özü dünyanı daha bir gərginlik zonasından xilas edə bilər. 



MƏSLƏHƏT GÖR:

458