
SONU GÖRÜNMÜR
"Cenevrə-2"nin iflasının etirafı ən acı nəticələrə yol aça bilər
Müəllif: İrina XALTURİNA Bakı
İsveçrədə Rusiya və ABŞ-ın təşəbbüsü ilə çağırılmış Suriya üzrə sülh konfransının 2-ci mərhələsi başa çatıb. Amma onun uğurla sonuclandığını söyləmək olmaz - tərəflər faktik olaraq, heç bir maddə üzrə razılığa gələ bilməyiblər. Demək, Suriyada 3 ildir davam edən münaqişəyə son qoyulması yenə mümkün olmayıb.
Halbuki, münaqişənin həllinin ləngidiyi hər gün yüzlərlə insan həlak olur. Münaqişə tərəfləri və beynəlxalq vasitəçilərin dünyanın ən neytral ölkəsində gözəl kreslolarda əyləşib danışıqlar apardıqları bir vaxtda Suriyada hər gün təxminən 300 insan həyatını itirir. Suriyadan qaçqın düşənlərin sayı 11% (2,2 milyondan 2,5 milyonadək) artıb. Daxildəki məcburi köçkünlərin sayında artım 55%-dir (4,2 milyondan 6,5 milyonadək). 10 milyonadək suriyalının humanitar yardıma ehtiyacı var. Bununla yanaşı, Yaxın Şərq ölkələrinin, məsələn, içməli su çatışmazlığı kimi ciddi problemi bir qədər də ağırlaşıb. Bu, xüsusilə qonşu İordaniyada hiss olunur. Əksər suriyalılar müharibədən can qurtarmaq üçün məhz bu ölkəyə üz tutublar. İnsanların şüşələrdə satılan suyu almağa imkanı çatmır, keyfiyyətsiz su isə müxtəlif infeksion xəstəliklərin yayılması təhlükəsini yaradır.
Münaqişənin isə sonu görünmür. BMT-nin Suriya münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi bildirib ki, tərəflər 3-cü raund ərəfəsində məsləhətləşmə üçün yenidən bir araya gələ bilərlər. Görüşün gündəliyi artıq bəllidir: terrorçuluqla mübarizə, keçid hökuməti, milli orqanların və milli barışıq sxeminin yaradılması. Suriyanın xarici işlər naziri Valid Muallem məhz bu üzdən hesab edir ki, Cenevrə danışıqlarının 2-ci raundu iflasa uğrayıb.
Suriya müxalifəti isə fərqli fikirdədir. Müxalifətçilərin fikrincə, danışıqların pozulmasına səbəb hökumətin bütün diqqəti yalnız "terror məsələsi"nə - terrorçu qruplarla birgə mübarizəyə yönəldərək, digər vacib məqamlara diqqət göstərməməsidir. Əsədin əleyhdarları isə ilk növbədə, keçid hökumətinin yaradılmasında maraqlıdırlar.
Vasitəçilərə, müşahidəçilərə gəlincə, onlar da danışıqların nəticəsiz bitməsinə görə, rəsmi Dəməşqi günahlandırırlar. ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Suriya rejiminin irəli sürdüyü şərtlər danışıqlarda uğur qazanılmasına imkan verməyib. Kerrinin Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları da onun bu fikrilə razıdırlar. Səudiyyə Ərəbistanı isə danışıqlarda rəsmi Dəməşqin güzəştə getmədiyini, "diqqəti "Cenevrə-1" konfransında müəyyənləşdirilmiş hədəflərdən yayındırmağa çalışdığını" bəyan edib.
Bundan başqa, Con Kerri Suri- yaya yalnız Rusiyanın silah ixrac etmədiyini, İranın və "Hizbullah" şiə hərəkatının da Əsəd rejiminə yardımları artırdığını bildirib.
Amerikalılar artıq Vaşinqtonun Suriya müxalifətinin silahla təchizatına başlaya biləcəyini bildirirlər. Söhbət "məhdud sayda yüngül atıcı silahlardan", kəşfiyyat məlumatlarından, bəzi logistik xidmətlərdən gedir. "Wall Street Journal" yüksək rütbəli mənbələrə istinadən xəbər verir ki, Suriyanın hava məkanının uçuşlar üçün qadağan olunmuş zona elan edilməsi məsələsi də gündəmdədir. Deyilənə görə, məhz Suriya qiyamçılarına yardım göstərilməsinin yollarını müzakirə etmək məqsədilə "Suriyanın dostları" qrupuna daxil olan 11 ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları Vaşinqtonda bir araya gəliblər. KİV-in yazdığına görə, Pentaqon rəsmisi kontr-admiral Con Kirbi artıq "Suriya probleminin həlli üçün yeni strategiyanın hazırlanmasına başlanıldığını" bildirib. Kirbinin sözlərinə görə, hələlik söhbət güc tətbiqindən getmir, sadəcə, hadisələrin mümkün inkişaf variantları nəzərdən keçirilir. Ağ evin mətbuat katibi Cey Karni də rəhbərinin hələlik Suriya böhranının hərbi yolla həlli variantına şübhə ilə yanaşdığını söyləyib. Yeri gəlmişkən, Barak Obamanın məhz bu mövqeyinin Con Kerri ilə aralarında fikir ayrılığına səbəb olduğu bildirilir. Məlumata görə, dövlət katibi problemin həlli üçün daha cəsarətli addımların atılmasını vacib sayır.
Bununla yanaşı, ABŞ müxalifətçilərə göndərdiyi silahların "Əl-Qaida"nın Suriyadakı qanadları sayılan "Cebhat ən-Nusra" ("Qələbə cəbhəsi" kimi radikal islamçı qrupların əlinə keçə biləcəyindən ehtiyatlanır. Məsələ ondadır ki, Suriya müxalifətinin sıralarında ciddi qarşıdurma və rəqabət hökm sürür. Hətta Suriya Azadlıq Ordusunun Ali Hərbi Şurasının komandiri gerenal Salim İdrisin bu yaxınlarda postundan uzaqlaşdırıldığına dair xəbərlər var. Deyilənə görə, onu briqada generalı Abdel əl-İllah əl-Bəşir əvəzləyib. İdris ötən ilin dekabrında "Ən-Nusra"nın hücumu zamanı öz qərargahını və silahlarla dolu anbarlarını qoruya bilməmişdi. Ekstremistləri şəxsən silahla təchiz etməkdə təqsirləndirilən generalın ölkədən qıçdığı bildirilir. Bununla yanaşı, son zamanlar ABŞ administrasiyası ilə danışıqlarda əsas vasitəçinin də məhz İdris olduğu söylənilirdi. İndi o, istefaya göndərilməsi qərarını qəbul etmir. O, Suriya Milli Koalisiya ilə bütün əlaqələrin kəsildiyini və Suriya Azadlıq Ordusunda islahatlara başlanıldığını bəyan edib. İdris müxalifətdəki bütün mötədil qüvvələri onun rəhbərlik etdiyi strukturda birləşməyə çağırıb.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 17-də keçirdiyi mətbuat konfransında Suriya müxalifətinin xaricdəki sponsorlarının yeni struktur yaratmağa hazırlaşdıqlarına dair məlumata malik olduqlarını söyləmişdi. Onun sözlərinə görə, söhbət Milli Koalisiyanı əvəzləyəcək strukturdan gedir. Yeni struktur güman ki, artıq Milli Koalisiyanı tərk etmiş qruplaşmalardan yaradılacaq.
"Başqa sözlə, danışıqlar trektindən çıxmaq, yenə üstünlüyü hərbi ssenariyə vermək kursu götürülür. Demək kənadrdan yenə güclü dəstək gələcək", - deyə Lavrov qeyd edib.
Rusiya faktiki olaraq rəsmi Dəməşqin mövqeyini dəstəkləyir. Moskvada hesab edirlər ki, Suriyada problemin çoxu Bəşər Əsəd rejimindən deyil, terrorçu və ekstremist qruplaşmalardan gəlir.
Rusiyanın Bəşər Əsəd rejiminə silah verdiyinə dair ABŞ-ın ittihamlarına gəlincə, birincisi, bu silahlar müdafiə xarakterlidir, ikincisi, Moskva legitim hökumətlə əməkdaşlıq edir və bunu heç bir beynəlxalq qayda qadağan etmir. Sergey Lavrov bildirib ki, Vaşinqton Rusiyadan Suriya hakimiyyətinə təzyiqlərin artırılmasını tələb etməkdənsə, özü rəsmi Dəməşqlə birbaşa təmas qurmalıdır.
"Cenevrə-2"nin bitiməsindən dərhal sonra Amerika və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Suriya münaqişəsinə bu və ya digər dərəcədə təsiri olan regional qüvvələrlə danışıqlara başlayıblar. Məsələn, Sergey Lavrov Küveytə səfər edib, orada Rusiya ilə Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurası (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı) arasında 3-cü strateji dialoq iclasına qatılıb. Con Kerri isə Cakartada Suriya müxalifətinə yardımların artırılmasında israr edən Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyətilə danışıqlar aparıb.
Bütün bunların fonunda BMT TŞ-də Suriyadakı humanitar vəziyyətə dair qətnamə layihəsi üzərində işlər başa çatdırılıb. KİV-də yer alan məlumatlara görə, sənəddə Suriyadakı münaqişə tərəfləri ölkədə terrorla mübarizəyə çağırılır. Yeri gəlmişkən, bir müddət əvvəl Rusiya Suriyaya rəsmi Dəməşqin razılığı olmadan kənardan humanitar konvoyların gətirilməsinə mane olmaq fikrində olduğuna işarə edib. Moskvada əmindirlər ki, "Bu, beynəlxalq humanitar hüquqa, BMT-nin humanitar əməliyyatlar üçün qəbul etdiyi normalara birbaşa ziddir və Təhlükəsizlik Şurası belə presedent yaratmayacaq".
Beləliklə, "Cenevrə-2" həqiqətən də iflasa uğradımı? Bunun etirafı daha bir problemin həlli üçün nəsə etməyin mümkün olmadığı ilə razılaşmaqdır. Belə çıxır ki, Suriya münaqişəsi yalnız güc yolu ilə həll oluna bilər. Bu variantın nə ilə nəticələnəcəyini təsəvvür etmək çətindir. Amma bu halda dinc əhali arasında ölənlərin sayının dəfələrlə çox olacağı dəqiqdir. Odur ki, danışıqlar mütləq davam etdirilməlidir. Amma danışıqların boşuna aparılmaması üçün, ən azı, beynəlxalq birlik Suriyadakı bütün terrorçu təşkilatlar dəqiq müəyyənləşdirməli, Suriya müxalifəti isə bütün ziddiyyətləri, "daxili məsələləri" həll etməlidir. Nəhayət, münaqişə tərəflərinə hansısa formada təsir imkanı olan heç bir qüvvəyə etinasızlıq göstərilməməlidir; məsələn, İrana.
Hələliksə hər şey tam əksinə baş verir. Suriyanın silahla təmini davam edir, dinc əhali humanitar fəlakətin bir addımlığındadır, münaqişə tərəfləri bir-birlərini eşitmir, diplomatlar və siyasətçilər fəal, amma ümumilikdə nəticəsiz danışıqlar aparır, dünyanın ən qədim paytaxtlarından biri isə faktiki olaraq, terror ocağına çevrilib.
ACINACAQLI STATİSTİKA
Londonda yerləşən "Syrian Observatory for Human Right" hüquq müdafiəsi təşkilatının məlumatına görə, Cenevrə danışıqlarının başlamasından (22 yanvar) 14 fevral 2014-cü ilədək olan müddət ərzində Suriyada ən azı 5792 nəfər həlak olub. Bu, həmin dövrün Suriya münaqişəsinin ən qanlı dövrü olduğu anlamına gəlir. Bombardmanlar və atışma 1622 dinc sakinin həyatına son qoyub (onların arasında 564 qadın və uşaq var). Aclıq və tibbi ləvazımatların çatışmamasından dünyasını dəyişmiş dinc sakinlərin sayı isə 84-dür. Ümumilikdə, 3 ildir davam edən müharibədə 140 mindən artıq insan dünyasını dəyişib. Bunu BMT-nin rəsmi statistikası da təsdiqləyir - 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək Suriya münaqişəsində həlak olanların sayı 36% artıb (100 mindən 136 minə çatıb ki, onların da 11 mini uşaqdır).
MƏSLƏHƏT GÖR: