14 Mart 2025

Cümə, 11:12

UORLİKİN TWITTER DİPLOMATİYASI

Danışıqlarla bağlı təşəbbüslər üçün sosial şəbəkələr heç də ən yaxşı məkan deyil

Müəllif:

25.02.2014

Soçi  Qış Olimpiadasının açılış mərasimi çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında görüş gözlənilsə də, bu, baş vermədi. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin durmadan pozulduğunu, Ermənistan prezidenti Serj Sarqsyanın keçmiş Qarabağ yaraqlılarının "Yerkrap" təşkilatının qurultayındakı həyasız çıxışını nəzərə alsaq, buna təəccüblənməyə dəyməz.  İndi Ermənistanla Azərbaycan arasında, təxminən, 2 illik fasilədən sonra təzəlikcə bərpa olunmuş dialoqda yenidən pauzanın yarandığını söyləmək olar.

Sanki ATƏT-in Minsk qrupundan olan vasitəçilərin vəziyyətə  hansısa formada müdaxilə etmələrinin əsl zamanıdır. Lakin Rusiya və Fransadan olan həmsədrlər, deyəsən, "sakit diplomatiya"ya üstünlük verərək susurlar. Minsk qrupunun yalnız amerikalı həmsədri Ceyms Uorlik fəallıq nümayiş etdirir, xəbər mənbəyinə çevrilir. Bu özünü onun regiona tez-tez səfərlər etməsində göstərir. Əlbəttə ki, bu vasitəçilik missiyasında yeni olan şəxsin belə davranışı başadüşüləndir. Amma daha bir diqqətçəkən məqam Uorlikin sosial şəbəkələrdəki fəallığıdır. Hər halda bu, diplomatlar üçün o qədər də adi hal deyil. Amma bu, zamanın ruhuna uyğundur. Bundan başqa, Qarabağ mövzusunda yazan və informasiya çatışmazlığı hiss edən jurnalistlər amerikalı diplomata bu fəaliyyətinə görə, minnətdar olmalıdırlar.

Nə qədər ki, Uorlikin tvitləri "Qarabağın havasının qeyri-adi dərəcədə təmizliyi" kimi fikirlərdən ibarət idi, buna reaksiya verməmək olardı. Amma onun son yazdıqları, az qala, yeni fenomenin - twitter diplomacy - meydana çıxdığını düşünməyə əsas verir. Bu yaxınlarda diplomat Twitter səhifəsində yazıb: "Yunan və türk kiprləri nizamlanma üzrə birbaşa dialoqa başladıqlarını bəyan ediblər. Eyni şey nədən Dağlıq Qarabağla bağlı baş verməsin?".

Bu sual Kipr və Dağlıq Qarabağdakı çətin problemlərdən xəbərdar olmayan istənilən insanın ağlına gələ bilər. Amma bu sualı Minsk qrupu həmsədrinin verməsi təəccüblüdür, çünki onun statusunda olan bir adamın ritorik suallar verməsi qəribədir. Sualını ictimai məkan olan sosial şəbəkədə yazması cənab Uorlikin müəyyən mövqe ortaya qoymasıdır. Onun rəsmi statusunu nəzərə alsaq, bu mövqeyin tam aydınlaşdırılması pis olmazdı. Çünki onun bu tviti tanınmamış "DQR"in rəhbərliyini hərəkətə gətirib. Separatçıların "prezidenti" Bako Saakyan "...maraqlı instansiyaları "DQR"in danışıqların bütün mərhələlərində iştirakı olmadan Qarabağ münaqişəsinin tam həllinə nail olmağın mümkünsüzlüyünə inandırmaq üçün" ardıcıl iş aparacağını bəyan edib.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də reaksiya verməli olub və qurumun mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib: 

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında aparlır. ATƏT-in Minsk qrupu çərçivəsində Bakı ilə İrəvan arasında aparılan bu danışıqlar münaqişənin həllinə və böyük sülh sazişinin imzalanmasına yönəlib".

Düşünmək olar ki, münaqişə tərəfləri öz mövqelərini ortaya qoyublar və məsələ bağlanıb. Amma Uorlikin Kiprdə başlamış icmalararası danışıqları nümunə göstərərkən nə demək istədiyi tam aydın deyil. O, bununla Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını danışıqlara çağırıbsa, bu heç. Yeri gəlmişkən, Qarabağın erməni və azərbaycanlı əhalisi arasında nisbət elə Kiprdəki yunanlarla türklər arasındakı nisbət kimidir. Bakı uzun illərdir ki, bu təşəbbüslə çıxış etsə də, "DQR"in separatçı rəhbərliyi bunu var qüvvəsilə əngəlləyir, hətta fəal vətəndaşlar səviyyəsində dialoqun aparılmasına imkan vermir.

Cənab Uorlik Bakıya bilavasitə separatçılarla dialoqa başlamağı təklif edirsə, bunun nə hüquqi, nə də hərbi-siyasi əsaı var. Hələ 1991-ci ildə Qarabağ nizamlanması üzrə Minsk konfransına hazırlığın başlanmasına dair qərar qəbul olunarkən (məqalənin müəllifi Azərbaycan prezidentinin müşaviri kimi, ATƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqada keçirilən toplantısında iştirak edib) münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan, maraqlı tərəflər kimi isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları müəyyələşdirilib. Sonradan azərbaycanlıların zorla bölgədən çıxarılmaları (bilavasitə DQ-dən qovulmuş azərbaycanlıların sayı 45 mindən artıqdır) faktı onları sülhün bərqərar olmasına, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə dair danışıqlarda iştirak hüququndan məhrum etməyib. Təcrübədə onların hüquqları erməni separatçıları tərəfindən tapdanır və inkar olunur, Minsk qrupunun həmsədrləri tərəfindən isə təəssüf ki, heç də həmişə lazımi səviyyədə qəbul olunmur. "DQR"in separatçı rəhbərliyi mütəmadi olaraq danışıqların gedişi haqda məlumatlandırılır, onların məsələyə reaksiyası öyrənilirsə, Qarabağın azərbaycanlı icmasının liderləri ilə proforma məqsədilə görüşülür və heç bu da vasitəçilərin regiona hər səfərlərində baş vermir.

Ermənilərin danışıqların formatının dəyişdirilməsinə, tanınmamış "DQR"in separatçı rəhbərliyinin oraya daxil edilməsinə cəhdlərinin məqsədi aydındır. Birincisi, bu, işğal faktını, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin talanını maskalamağa, həyata keçirilmiş etnik təmizləməyə görə məsuliyyətdən qaçmağa imkan yaradacaq. İkincisi, bu halda İrəvan asanlıqla Dağlıq Qarabağın erməni liderlərinin inadkarlığının arxasında gizlənəcək, yalançı konstruktivlik nümayiş etdirəcək, təşviq üçün qapalı sərhədlərin açılmasını, müxtəlif maliyyə sədəqələri tələb edəcək. Və ən başlıcası, danışıqların formatında dəyişiklik ermənilərə danışıqları daha bir neçə illiyə uzatmaq, "status-kvo"nu qorumaq imkanı verəcək.

Fakt isə faktlığında qalır: müharibə nəticəsində Dağlıq Qarabağın ərazisindən 3 dəfə böyük olan ərazini işğal edən heç də Azərbaycan əhalisinin 1,5%-dən də azını təşkil edən 120 minlik Qaradağ erməniləri deyil. Kəşfiyyat peykləri vasitəsilə məlumat toplayan ABŞ nizami tank və hücum bölüklərinin Ermənistan ərazisindən Azərbaycan ərazisinə nə vaxt və necə girdiiyini, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının nə vaxt və necə işğal olunduğunu yaxşı bilir. Beynəlxalq birliyin səhlənkarlığı ona gətirib çıxarıb ki, artıq İrəvan Azərbaycan ərazisində öz ekspedisiya korpusunu saxladığını, Dağlıq Qarabağı dotasiya etdiyini, onu Ermənistanın 10-cu vilayəti kimi, özünün hüquqi, maliyyə-pul və gömrük sisteminə daxil etdiyini gizlətmir. Odur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasına, möhkəm sülhün yaradılmasına, uzunmüddətli təhlükəsizliyin təmininə dair danışıqlar məhz İrəvanla aparılmalıdır. Bakı yalnız bu istiqamətdə irəliləyişə nail olunduğu halda Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları ilə status, tam əhatəli əməkdaşlığın bərpasına dair daloqa hazırdır.

Kiprdəki barışığa gəlincə, burada icmalararası dialoq yenilik deyil. Türk və yunan icmalarının səlahiyyətli nümayəndələri bu danışıqları lap əvvəldən aparıblar. Kipr 1959-cu ildə iki icmaya malik müstəqil dövlət kimi elan edilib. Yunanıstan və Türkiyə bu dövlətin qarantları kimi çıxış ediblər. Adanın faktiki parçalanması isə Kiprin Yunanıstana birləşdirilməsi cəhdinə, orada türklərə qarşı aparılan etnik təmizləməyə cavab olub. Məhz bu üzdən Ankara qarant dövlət kimi, baş verənlərə qanuni əsaslarla hərbi müdaxilə etmək məcburiyyətində qalıb. Odur ki, bu məsələdə Ermənistanla paralel aparılması doğru deyil.

Fevralın 17-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter mikrobloqundakı hesabında yazıb: "Bu gün Ankaraya yola düşürəm. Türkiyənin mövqeyini eşidəcəyim anı səbirsizliklə gözləyirəm". Görünür, söhbət Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə və Ermənistan-Türkiyə sərhədlərinin mümkün açılmasına dair mövqeyindən gedir. Diplomatın bu mövqeyi kiminlə söhbəti zamanı eşitməyi arzuladığını demək çətindir. Çünki həmin vaxt Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə, Gürcüstan və Azərbğaycanın XİN başçıları arasında növbəti üçtərəfli görüşə qatılmaq üçün Gəncəyə səfər etmişdi. Həmin görüşün yeknunda qəbul olunmuş bəyannamədə isə regiondakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsinldə həlli prinsipinə birmənalı dəstək əks olunub. Bununla yanaşı, cənab Uorlikin Türkiyəyə səfəri, əlbəttə ki, lazımlı addımdır. Onun yenə də Twitter hesabında yazdığı kimi, "Türkiyə hökumətinin bir sıra regional məsələlər, o cümlədən Dağlıq Qarabağla bağlı mövqeyini eşitmək maraqlı olardı. Biz Minsk qrupunun həmsədrləri formatına sadiqik". Ola bilsin, Uorlik Kipr problemi ilə bağlı da biliklərini dərinləşdirməyə, onun Dağlıq Qarabağ münaqişəsilə bənzər və fərqli cəhətlərini dəqiqləşdirməyə nail olub.

Sonda  onu da qeyd edək ki, incə vasitəçilik missiyasını həyata keçirən diplomatlar üçün tərəflərin mövqelərini daim dəqiqləşdirmək, kompromisə nail olmaq üçün onlardakı nüansları, mümkün güzəştin sərhədlərini müəyyənləşdirmək son dərəcə vacib və faydalıdır. Tərəflərə verilən məsləhət və təkliflərə gəlincə, onlar sosial şəbəkələr vasitəsilə deyil, konfedensial şəkildə olmalıdır. Əks təqdirdə, müxtəlif şübhələrlə, fobiyalarla dolu, kifayət qədər çətin münaqişə olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmalı olan diplomatların səriştəsinə, bitərəfliyinə şübhələr yarana bilər.

Bu arada Ermənistanın gələcəyi haqda ölkənin sabiq XİN başçıları Vaan Papazyan, Aleksandr Arzumanyan və Vardan Oskanyan düşünməyə başlayıblar. Bu məqsədlə onların arasında xüsusi görüş keçirilib. Qeyd edək ki, sabiq nazirlərdən ikisi hazırda da siyasətlə məşğuldur və Ermənistan parlamentinin deputatlarıdırlar. Görüş iştirakçıları Serj Sarqsyan administrasiyasının siyasətini tənqid atəşinə tutublar. V. Oskanyan açıq şəkildə bildirib ki, "Biz nə vaxtsa Qarabağ probleminin həllində güzəştə getməliyik. Hakimiyyət legitim olarsa, bu güzəştlər ictimaiyyət tərəfindən qəbul olunacaq. İndiki halda isə hakimiyyət Qarabağ probleminin həllini məcməidə gətirib ictimaiyyətin önünə qoysa belə, bu, qəbul olunmayacaq". Digər 2 sabiq nazir Oskanyanın bu fikirlərinə heç bir etiraz etməyib. Yaxşı olardı ki, Azərbaycanın beynəlxalq  birlik tərəfindən tanınan ərazilərinin qəsbində israr etməyin qeyri-səmərəli olduğunu, onun yalnız Qarabağ ermənilərini deyil, Ermənistanı layiqli gələcəkdən məhrum etdiyini, bütünlükdə region üçün böyük faciələr vəd etdiyini Serj Sarqsyan administrasiyası da dərk etsin.



MƏSLƏHƏT GÖR:

475