
EKSPERİMENTÇİ
Rejissor İlqar SAFAT: "Kinematoqrafiyanın hazırkı vəziyyətini, ən azı, bir neçə ildən sonra qiymətləndirə bilərik"
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
lqar Safat Azərbaycanın xaricdə də tanınan azsaylı rejissorlarındandır. O, bu yaxınlarda Azərbaycan tərəfindən "Oskar" mükafatına namizəd kimi təqdim edilmiş "Sahə" filminin rejissoru və ssenari müəllifidir. Bu yaxınlarda isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onun Ceyn Ostinin məşhur "Qürur və qərəz" romanı əsasında tamaşası səhnələşdirilib. Bu, rejissor üçün əsl teatr eksperimenti olub. İlqar Safat həm də "Nərimanfilm" kino şirkətinin bədii rəhbəridir.
- Siz nəinki klassikaya müraciət etdiniz, hətta birbaşa "Qürur və qərəz"ə üz tutdunuz...
- Məndə o dövrə, romantik dönəmə, romanda çox əla göstərilmiş o münasibətlərə yaxınlaşmaq arzusu çoxdan idi. "Qürur və qərəz", bəlkə də, ilk "qadın romanı"dır. Orada çox aydın şəkildə göstərilir ki, müxtəlif təbəqəni təmsil edən iki insanın məhəbbətinin gücü bütün maneələri aşmağa və onları bir-birinə qovuşdurmağa qadirdir. O, mənə məhz bu cəhətilə maraqlı idi. Həqiqi hissin bütün maneələri necə aşdığını göstərmək istəyirdim. Əsl sevgi qarşısıalınmazdır.
- Siz kino rejissorusunuz. Lakin bu dəfə dramaturgiyaya müraciət etdiniz...
- Teatrla həmişə maraqlanmışam. Tələbəlik illərində, Rusiyada yaşayanda həm Moskvanın, həm də Sankt-Peterburqun, demək olar ki, bütün teatrlarına baş çəkmişəm. Bir dənə də olsun maraqlı tamaşanı buraxmazdım. Bizə görkəmli rejissorlar dərs deyirdi və onların arasında teatr rejissorları da var idi. Mənim hələ çapdan çıxmamış kitabım da teatrın tədqiqi ilə bizim şüurumuzun tədqiqinə həsr olunub. Orada teatr metodologiyası və rejissorluqdan da danışılır. Kitab "LUCIDITY: rejissorluq haqqında yuxular" adlanır. Yaxın zamanlarda onu illüstrasiyalarla çap etdirəcəyimə ümidliyəm.
- Yeri gəlmişkən, tamaşanın premyerası necə keçdi?
- Rus Dram Teatrında tamaşanı iki dəfə qoyduq. Onların hər ikisi tam anşlaqla keçdi. Zalda boş yer yox idi. Tamaşaçılar keçidlərə stul qoyaraq əyləşmişdilər. Əlbəttə ki, bir rejissor olaraq bu, mənimçün çox xoşdur. Mövzunun tamaşaçıya çox maraqlı gəldiyi görünürdü. Düşünürəm ki, tamaşa üçün mövzu seçimimdə yanılmamışam.
- Kifayət qədər uğurlu "Sahə" filminin müəllifisiniz. Yeni film çəkməyi planlaşdırırsınızmı?
- Əlbəttə. İki tamamlanmış ssenarim var. Onlardan biri üçün rejissor ssenarisi üzərində çalışıram. Əlbəttə ki, filmin süjeti haqda hələ ki, danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, bu, yaradıcılıq psixologiyası, yaradıcılıq axtarışı haqqında film olacaq. O, cəlbedici və gərgindir. Janr etibarilə mistik triller elementlərinin də yer aldığı detektivdir.
- Müasir filmləri çox izləyirsiniz?
- Hərdən baxıram. Amma daha çox klassikanı təkrar izləməyi sevirəm. Kino tarixi ilə maraqlanır, 20-30-cu illərə aid səssiz filmləri xoşlayıram.
- Niyə məhz səssiz?
- Əminəm ki, kinoda ən vacib filmlər səs peyda olanadək çəkilib. Səs yarandı, sonradan rəngli filmlər çıxdı, indi isə 3D formatında çəkirlər. Amma bütün bunlar sadəcə texniki yeniliklərdir. Məzmuna onların aidiyyəti yoxdur. Bu gün çəkilən hadisələr 100 il əvvəl də lentə alınırdı. Sadəcə, kadrda kukla Qodzilla əvəzinə rəqəmsalı qaçır. Eyni sözləri müəllif kinematoqrafiyası haqqında da demək olar. Səssiz filmlərin özülü o qədər möhkəm qoyulub ki, hələlik heç kim ortaya yeni düşüncə çıxara bilməyib - təəssüf...
- Ötən əsrin 30-cu illərinin filmlərindən danışarkən Amerika və ya Almaniya kinosunu nəzərdə tutursunuz?
- Heç də yox. Coğrafiyaşünas deyiləm və kinonu ölkələrə görə qiymətləndirmirəm. Mənə coğrafiya yox, insanlar maraqlıdır. Hər ölkənin öz dahiləri, novatorları olub. Sevdiyim, işlərini təkrar-təkrar izlədiyim rejissorlar Eyzenşteyn, Murnau, Çaplin kimi xrestomatiya rejissorlarıdır. Sonradan Berqman, Tarkovski, Antonioni, Viskonti, Bresson var idi - onların hər biri ölkəsinin sərhədlərini aşmışdılar. Onlar kinematoqrafiyanın bir incəsənət kimi əhatəsini genişləndirdilər, kino dilini yaratdılar. Nə qədər paradoksal olsa da, onların məxsus olduqları ölkələrin, dövrün mədəniyyəti məhz həmin rejissorlar vasitəsilə ifadə olunurdu.
- Amerika Kino Akademiyası, Kann festivalı, məşhur beynəlxalq Berlin festivalı... Onlar, həqiqətənmi, layiqli filmləri üzə çıxarır? Elə olubmu ki, hansısa axmaq bir filmin qalib gəlməsinə təəccüblənəsiniz?
- Bəli, çox olub. Fikrimcə, kinofestivallar nüfuzunu itirib. Onlar həddindən artıq siyasiləşib və qərəzli olub. Lakin əvvəlkitək vacib olaraq qalırlar. Prokatların olmadığı hazırkı şəraitdə bu festivallar filmin tamaşaçıya çatdırılması üçün yeganə şansdır. Əlbəttə ki, bu, qeyri-sağlam vəziyyətdir. Bir çox rejissorlar üçün festivallar bütə çevrilir. Onlar öz filmlərini əvvəlcədən festival standartlarına uyğun çəkirlər. Amma bütün çatışmazlıqlara rəğmən, yenə deyirəm, festivallar çox vacibdir. Festivallar gənc rejissorlara proseslərə qoşulmağa kömək edir, onlara filmlərini tamaşaçıya çatdırmaq imkanı yaradır. Odur ki, festival prosesi bizim peşəmizin bir hissəsidir. Ona sakit, fanatlıqdan uzaq, sadəcə işinin irəli getməsinin vacib bir bəndi kimi yanaşmalısan.
- Yaxşı müasir Azərbaycan filmlərinin adını çəkə bilərsinizmi?
- Son illərdə bir neçə uğurlu film çəkilib. Samir Kərimoğlunun "Niyyət", Elçin Musaoğlunun "40-cı qapı", Yavər Rzayevin "İlahi məxluq", Elxan Cəfərovun "Dolu", İlqar Nəcəfin "Buta", Şamil Əliyevin "Çölçü" filmlərinin adını çəkə bilərəm. Bunlar üzərində istedadlı şəxslərin çalışdığı yaxşı filmlərdir. Amma məsələ ondadır ki, kinematoqrafın bir filmi ərsəyə gətirməsinə bir, iki il, bəzən daha çox vaxt gedir. Odur ki, kinematoqrafiyanın hazırkı vəziyyətini ən azı bir neçə ildən sonra qiymətləndirə bilərik. Ümumilikdə düşünürəm ki, milli kinomuz böhrandan çıxır, istedadlı gənclər peyda olur. Müəyyən peşə standartı meydana gəlir.
- Bəs, Azərbaycan kinosu əvvəllər necə olub?
- Ötən illərdə güclü sovet kinosu ənənəsi var idi, sənaye yaradılmışdı və Azərbaycanda çəkilən filmlər Sovet İttifaqının bütün respublikalarında nümayiş olunurdu. Bu, yeganə peşəkar sahə idi. Rejissorların nəhəng tamaşaçı auditoriyası var idi. Bu gün filmlərimizin prokatı baxımından daha çətin durumdayıq. Prokat yoxdur və bizim işlərimiz tamaşaçıya çatmır. Vəziyyətin dəyişəcəyinə ümid edirəm.
MƏSLƏHƏT GÖR: