24 Noyabr 2024

Bazar, 12:06

EKOQİYMƏT

Ekoloji cəhətdən sağlam yaşamaq baha olsa da, hələ ki, mümkündür

Müəllif:

04.06.2013

Filosoflar deyir ki, insan nə yeyirsə, elə özü də odur. Bizsə əlavə edək ki, həm də nə içirsə, nə geyinirsə, nə ilə yuyunursa - elə özü də odur. Əlbəttə ki, minilliklər ərzində bizim həyat tərzimiz və "istehlak normalarımız" ciddi şəkildə dəyişib; biz həyatımızı yüngülləşdirən inkişafa minnətdar olmalıyıq. Bu inkişaf nəticəsində səhər yeməyində, naharda və şamda mamont əti yeməkdən, paltarı donmuş çayda yumaqdan və qazmalarda yaşamaqdan qurtulmuşuq. Amma bəşəriyyətin elə bu inkişafı irəliləməkdə olan urbanizasiya ilə birlikdə tədricən həyat tərzimizi də "sintetitik"ləşdirir: cəngəlliyi sağlamlıq üçün zərərli olan panel evlər, təravətli azonu qazlarla dolu hava əvəzləyir, ən başlıcası isə soyuducularımızda Mendeleyevin konservləşdirilmiş və yaxşıca qablaşdırılmış cədvəli yer alır. Müasir atoynadanlar yaşıl otlaqlarda bəslənən quzunun təzə ətini yemək əvəzinə, vilka ilə qızardılmış kolbasa yeyir, gözəl qızlar isə tellərini çobanyastığı həlimi ilə yox, perhidrol və ammiyakla rəngləyirlər.

Çoxları soruşacaq ki, bəs nə edək? Başqa yolumuz varmı? Ekoloji cəhətdən sağlam yaşamaq mümkündürmü? Böyük şəhərlərdə ekoloji cəhətdən sağlam yaşamağa çalışan insanların hansı çətinliklərlə üzləşdiyinə dair suallara cavab verməyə çalışaq.

Düşünmək olar ki, sivilizasiyanın nailiyyətləri həyatın, qəbul etdiyimiz ərzaqların keyfiyyətini yaxşılaşdırmalıdır. Amma, əslində, hər şey o qədər də sadə deyil. Həyatın sürətlənməsi, Yer kürəsində əhalinin artım tempinin yüksəlməsi nəticəsində təbii, natural qidalar adi istehlakçı üçün asanlıqla əldə edilməsi mümkün olmayan qidaya çevrilir. Buna insanın sağlam yaşaması üçün lazım olan ərzaq, qeyri-ərzaq məhsulları və xidmətləri özündə cəmləşdirən istehlak zənbili misalında baxaq.

 

Biz nə yeyirik? 

Təbiətin qoynunda öz inəyindən alınmış ev qaymağı, kəsmiyi, yağı ilə səhər yeməyini kim arzulamır ki? Yenicə kəsilmiş və qızardılmış quş əti ilə nahar etməyi, öz ləkindən çiyələk dərərək yeməyi necə? Bütün bunların əvəzində isə şəhər reallığı əksəriyyətimizə ən yaxşı halda tez hazırlanan sıyığı, pis halda isə istehsalçısı məlum olmayan kolbasa məmulatlarını, nahara yaponların patentləşdirdiyi və bütün dünyanın məmnuniyyətlə mənimsədiyi quru əriştəni təklif edir. Qəbul etdiyimiz bütün ərzaqların təbiiliyinin, faydalılığının sual altında olduğuna şübhə yoxdur. Əlbəttə ki, istehsalçılar, dövlət standartları və sertifikatlar "bütün əlavələrin məqbul miqdarda olduğunu, insan orqanizminə ciddi zərər vurmadığını" bildirir. Amma, əslində, hər birimiz bilirik ki, normal süd yarım il ərzində, bəzən isə daha çox müddətdə ilkin formasında qala bilməz. Yaxşı xama isə istehsalından cəmi 2 gün sonra xarab olur və qaxsıyır.

Məsələn, kolbasa. Bu məhsulun istehsalı zamanı bütün mümkün norma və meyarların pozulduğuna dair KİV-də dəfələrlə yer almış faktları nəzərə almasaq belə, bu məhsulda orqanizmə xeyirli nəsə tapmaq çətindir. Ekspertlər bildirir ki, kolbasanın yalnız ətdən hazırlanmadığını ən azı onun qiyməti sübut edir. Yaxşı ətin bir kiloqramının qiyməti 10-15 manat arasındadırsa, "kifayət qədər yaxşı" kolbasanın bir kiloqramını 6-7 manata almaq mümkündür. Üstəlik, nəzərə almaq lazımdır ki, onun maya dəyərinə istehsal xərcləri də əlavə olunur. Bundan başqa, onun çəkisinin az qala yarısını soya zülalı təşkil edir. Bu zülal isə özündə maye saxlamaq kimi daha qəribə xüsusiyyətə malikdir (bu, əlbəttə ki, məhsulun çəkisini artırır). Kolbasaların tərkibində nişasta formasında qatılaşdırıcılar, boyaq maddəsi olan nitritlər, eyni zamanda dadverən əlavələr - məşhur qlütamat natrium (tərkibində zərərli duz olan) və konservantlar da var.

Süd məhsulları ilə bağlı vəziyyət də oxşardır. Nəzərə alsaq ki, təmiz süd məhsullarının saxlama müddəti çox deyil, belə məhsulların qablarının üzərində az qala yarım il saxlama müddətinin göstərilməsi öz-özlüyündə hər şeyi ortaya qoyur. Süd, əsasən, pasterizə edilmiş halda, yəni yüksək hərarətdə emal edildikdən sonra satılır. Bu zaman onun tərkibindəki xəstəlik əmələ gətirən bakteriyalar ölür (amma onlarla birlikdə xeyirli bakteriyalar da məhv olur). Eyni sözlər qabının üzərində qatılaşdırıcı kimi istifadə olunan kitrə, həmçinin "şəkli dəyişdirilmiş nişasta" olan digər süd məhsullarına da aiddir.

Geniş reklam edilən, guya, sağlamlıq üçün superfaydalı olan yoqurtlarla bağlı vəziyyət də fərqli deyil. Reklama əsasən, onların tərkibində olan bifidobakteriyalar adi kefirdə də var. Qiymətin böyük hissəsi brendə görədir. Kalsiumla zəngin vitaminli uşaq yoqurtlarında isə "natural aromatizatorlara bərabər aromatizatorlar"ın (kimyəvi yolla əldə edilmiş) və konservantların mövcudluğunu nəzərə almasaq, 100 qramlıq məhsulda kalsiumun miqdarı eyni miqdarda süddəkindən cəmi 60 mq artıqdır. Əvəzində onların tərkibindəki şəkər südlə müqayisədə həddindən artıq çoxdur - 10 qram! Bu isə əlbəttə ki, uşaq orqanizminə təsirsiz ötüşə bilməz. Uşaqlar üçün təbii məhsullar isə az saxlama müddətinə rəğmən, bahadır.

Əgər sizə məhsulları kənddən gətirəcək südə su, xamaya qatılıq vermək üçün salfet qırıqları qatmayacaq xeyirxah birini tapsanız, alacağınız məhsulun qiyməti ən azı 1,5-2 dəfə artacaq.

Bu da aydındır. Belə məhsulların saxlama müddəti çox olmur. Üstəlik, əgər məhsullar regionlardan gətirilirsə, məsələn, südün qiyməti mövsümdən asılıdır (yayda o bol olduğundan, qiyməti ucuz olur). Belə məhsulların maya dəyəri də yüksəkdir.

Heyvandarlıq məhsulları ilə bağlı da vəziyyət eynidir. Sahibkar - fermer Vüsal Kərimov bildirir ki, Azərbaycanda cins mal ətinə o qədər də çox rast gəlinmir. Hələ sovetlər dönəmində yetişdirilmiş cinslər keçid dövründə itirildi (daha dəqiqi, qiymətli nümunələrin saxlanılmasına nəzarət edilmədiyindən qida kimi istifadə olundu). Hazırda dövlətin kənd təsərrüfatı siyasəti cinslərin yaxşılaşdırılması və bu cinsin yaxşı nümunələrinin ölkəyə gətirilməsi istiqamətində bir sıra genişmiqyaslı işlərin həyata keçirilməsini nəzərdə tutur. Ümumilikdə keyfiyyətli "ət"in saxlanılması baha başa gəlir. Çünki cins heyvanların qidalanması üçün xüsusi şərait yaradılmalıdır.

Sahibkar Mehman Məmmədov 7 ildir kənd təsərrüfatı ilə məşğuldur. Onun alma bağında hazırda kökü kəsilməkdə olan alma sortları yetişdirilir. Onun məhsulunun qiyməti məhsuldarlıq da daxil olmaqla, bir çox amillərə bağlıdır: "uğurlu" illərdə almanın 1 kiloqramı 30-40 qəpik, "pis" illərdə isə 60-70 qəpik olur. Əlbəttə ki, oxucu bu qiymətləri gördükdə təəccüblənəcək. Çünki sıravi alıcıya alma bundan xeyli baha başa gəlir. Əlbəttə ki, məhsulun son qiymətinin üzərinə məhsulu bazara gətirən alverçilər, onu satan mağaza da öz əlavəsini qoyur. Bununla yanaşı, Mehman bildirir ki, maya dəyərinə işçi qüvvə, bağbanlar, texnika və s. xərclərilə yanaşı, ziyanvericilərə qarşı dərmanların və gübrələrin də pulu əlavə olunur: "Əlbəttə ki, bütün bunlar kimyadır. Amma onlardan lazımi miqdarda istifadə olunur".

"Mən təbii, tam üzvi məhsulların yetişdirilməsilə məşğul olmaq istəyirdim. Amma bizim reallıqda bu, əlverişli deyil", - deyə sahibkar qeyd edir. Məmmədovun sözlərinə görə, Qərbdə üzvi məhsullar üçün müəyyən normativlər mövcuddur: "Qərbdə təbii, üzvi məhsullar yetişdirmək istəyirsinizsə, müvafiq instansiyaya ərizə ilə müraciət edirsiniz. Bundan sonra, xüsusi komissiya ekoloji cəhətdən təmiz meyvə-tərəvəzi əkməyə hazırlaşdığınız torpağı yoxlayır. Üç il ərzində yoxlanılan torpaqda heç bir mineral, gübrə, fosfat aşkarlanmamalıdır. Yalnız 3 ildən sonra həmin torpaqda öz işinizi görə bilərsiniz. Amma bundan sonra da eyni komissiya hər il əraziyə baxış keçirir, eyni zamanda yetişdirilmiş məhsulların tərkibində gübrələrin, mineralların olub-olmadığını yoxlayır. Göstəricilər normalara uyğun gəlirsə, fermerə sertifikat verilir və o sertifikat sahibkara öz məhsuluna bir neçə dəfə yüksək qiymət qoymaq imkanı verir".

Azərbaycanda isə belə instansiya yoxdur. Üzvi məhsulların sertifikatlaşdırma olmadan becərilməsi isə iqtisadi baxımdan səmərəli deyil: sahibkar dərmanlama, mineral gübrələmə - şora, fosfat, kalsium - həyata keçirmədən yalnız 10% rəqabət qabiliyyətli məhsul əldə edir. Düşünmək olar ki, bu, əldə edilmiş məhsulun qiymətinin xeyli yüksək olmasına imkan yaradacaq. Amma bu, sahibkarın gəlirinə yalnız mənfi təsir göstərəcək. Çünki məhsulun qiymətini tələb və bazar müəyyənləşdirir. Sertifikatlaşdırma isə artıq qeyd olunduğu kimi, mövcud deyil.

 

Ev üçün kimya 

Həyatı nəinki qida məhsulları olmadan, həmçinin təmizliksiz də təsəvvür etmək mümkün deyil. Bazar bizə təkcə xarici görünüşümüzü normada saxlamaq deyil, həm də ətrafımızdakı hər şeyin mikrobsuzlaşdırılması üçün saysız-heabsız vasitələr verir. Burada "məişət kimyası" sözünün özü göstərir ki, bu iş üçün təbii vasitələr axtarmağa dəyməz. Təmizləyici yuyucu maddələrin hamısı, ilk növbədə, həssas insanlarda allergiya yarada bilər. Amma ən təhlükəlisi bu deyil. Məsələn, ammonyak və ya tərkibində bu maddənin olduğu vasitələr gözlərdə, nəfəs yollarında qıcıq yaradır, başağrısına səbəb olur. Benzil spirti isə mərkəzi əsəb sistemində pozuntulara, ürəkbulanmasına, qusmaya yol açır. Bəziləri hətta mədəaltı vəzin xərçəngi xəstəliyini də onunla əlaqələndirir. Dekorativ kosmetika və saqqızın tərkibində olan ftalat isə xüsusilə hamilə, körpə əmizdirən analara ziyandır. O, anadangəlmə pozğunluğa səbəb ola bilər. Sintetik ətirlər zəhərlidir, boyaq maddələrinin tərkibində isə kanserogenlər var. Hazırkı şampunların, demək olar ki, hər birinin tərkibində ən zərərli iki kimyəvi maddəyə - propilen qlikol və lauril sulfat natriyə rast gəlinir. Sübut olunub ki, onlar dərini qurudur, qaraciyərə mənfi təsir göstərir, gözlərə ziyandır və yaddaşı zəiflədir. Eyni sözləri uşaq kosmetikası haqqında da söyləmək mümkündür.

Qab-qacaq yuyulması üçün vasitələrdə isə kimyəvi aktiv maddələr var. Onlar su ilə yuyulmur və yalnız yağ ilə kontakta girir. Maye vasitə ilə yuyulmuş qabdan yağlı yemək yedikdə bu vasitəni də uduruq və o, toplanaraq hüceyrələri məhv edir. Kosmetika və antiperspirantların tərkibindəki alümin isə şiş yaradır.

Təbii ki, bütün istehsalçılar məhsulunun ən zərərsiz olduğunu, onların tərkibindəki zəhərli maddələrin normanı keçmədiyini bildirir. Amma geniş reklam olunan bu məhsulların "tez təsir göstərməsi" və effektivliyi, yalnız, kimyəvi tərkiblərilə təmin olunur. Söhbət kimyəvi maddələrdən birdəfəlik yox, daimi istifadədən gedir.

 

Başqa variant varmı? 

Avropanın inkişaf etmiş ölkələrində və ABŞ-da əksər ailələr ekoloji baxımdan təmiz, kənd məhsullarından istifadə edə bilmir. Bizim bazarlarda daha yoxsul alıcılara rast gəlinirsə, onlarda bazar və yarmarkalardan yalnız əhalinin varlı təbəqəsi bazarlıq edə bilir.

Odur ki, vəziyyət elə də pis deyil. Axtaran hər zaman tapır. Amma özümüzün və yaxınlarımızın sağlamlığına xeyir olan nələrisə əldə etmək üçün pul xərcləmək lazımdır. Ya sınanmış tədarükçülərdən ekoloji cəhətdən təmiz məhsula görə xeyli pul ödəməli, ya da daha az xərc ilə həmin məhsulun hazırlanması üçün vaxt sərf etməli.

Məsələn, yoqurtu hamımızın yaxşı tanıdığı süd qaymağının mayasından çalınmış qatıq əvəz edə bilər.  Hazır məhsulun tərkibində asan həzm olunan zülal, həmçinin D vitamini var. Onun qiyməti xeyli ucuz, xeyri isə lap çoxdur.

Kimyəvi maddələrlə dolu olan kolbasa əvəzinə onun evdə hazırlanmış analoqunu yemək olar: məsələn, suda bişirilmiş mal dilindən hazırlanmış məhsul, şübhəsiz ki, dietik və faydalıdır.

Ümumiyyətlə, sağlam qidalanmaq üçün yerli istehsalçıların məhsullarını almağa çalışın. Meyvə və tərəvəzə gəlincə, yalnız şəxsi bağçada becərməklə ekoloji təmiz məhsula yaxın məhsul əldə etmək olar (şəhər şəraitində bu, kifayət qədər çətindir). Bu üzdən də çalışın ki, meyvə-tərəvəz alarkən xarici görünüşü o qədər də gözəl olanlara meyil göstərməyəsiniz.

Məişət kimyasını zərərsiz, ucuz analoqları ilə əvəzləmək tamamilə mümkündür - qabı adi xardalla əla yumaq olar. Yuyucu tozu soda və boraks əvəzləyir. Paltarı isə sabun (Sapindus ağacının) qozaları ilə yumaq mümkündür. Başımızı isə nənələrimizin etdiyi kimi, yumurta sarısı və kefirlə yuya bilərik. Bu sadə vasitələrlə siz sağlamlığınızı qoruya, ətraf mühitə, bizim də bir parçası olduğumuz biosa zərəri azalda bilərsiniz.


MƏSLƏHƏT GÖR:

422