
ARKTİKA "HƏRARƏT"i
Şimal qütbünün bölünməsi uğrunda mübarizə qızışır
Müəllif: Rövşən İBRAHİMOV, politoloq Bakı
İsveçin Kiruna şəhərində Arktika Şurasının iclası keçirilib. Hazırkı qlobal ölçülər baxımından bu toplantı o qədər geniş işıqlandırılmasa da, bu onun əhəmiyyətini heç də azaltmır. Qeyd edək ki, 1996-cı ildə yaradılmış bu şura üzvləri uzaq Şimal ilə həmsərhəd olan ölkələrdir: Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, İslandiya və Finlandiya. Onun işində Şimalın köklü xalqlarının 6 assosiasiyası da iştirak edir. Şura ildə 2 dəfə toplanır. Mayın 14-də isə hər bir üzvün növbə ilə Şuraya rəhbərlik etdiyi tam dövrə başa çatıb.
Şura əvvəlcə Arktika regionunun ekoloji problemlərinin müzakirəsi və həlli məqsədi ilə yaradılmışdı. Qlobal istiləşmə orada buzlaqların əriməsinə səbəb olur və bu, qarşısıalınmaz ekoloji fəsadlara yol aça bilər. Üzv dövlətlər bir sıra tədbirlər həyata keçirməklə, bu arzuolunmaz nəticəni önləməyə çalışır. Məsələn, son toplantıda Şimal Buzlu okeanı hövzəsində neft axını ilə mübarizəyə hazırlıq haqqında razılaşma imzalanıb. Lakin nəinki region dövlətlərinin, həm də beynəlxalq sistemin vacib oyunçularının bu bölgəyə marağı yalnız ekoloji məsələlərlə məhdudlaşmır.
Arktika regionu özündə Şimal Buzlu okeanı və Avrasiya ilə Şimali Amerikanın bir hissəsini birləşdirir. Bununla yanaşı, hansı suüstü ərazilərin və sualtı şelflərin bu materiklərin davamı olması regiona qonşu ölkələr üçün böyük əhəmiyyətə malikdir. Bu, təbiidir. Qeyd etmək lazımdır ki, Şimal Buzlu okeanının açıq dənizlərində dünya miqyasında əhəmiyyətli sayılan neft və təbii qaz yataqları var. Ehtimal olunur ki, Arktikadakı karbohidrogen ehtiyatları dünyada aşkar olunmuş yataqlardakı ümumi ehtiyatdan bir neçə dəfə artıqdır. Bundan başqa, region qiymətli metal və almaz yataqları ilə də zəngindir.
Arktika təbii resursları ilə yanaşı, həm də Avropa ilə Asiya arasında əlavə və alternativ marşrutdur. Şimalda buzlaqların sürətlə əriməkdə olduğunu nəzərə alsaq, daha rahat Şimal marşrutunun açılması və onun geniş şəkildə istifadəsi kifayət qədər real görünür. Arktika regionunda iki dəniz marşrutu var - Rusiya boyunca keçən Şimal dəniz yolu və Kanadanın Arktika zonasından keçən Şimal-Qərb yolu. Onlar Panama və Süveyş kanallarından keçən yoldan 6-9 min kilometr qısa olması ilə əhəmiyyətlidir.
Zəngin təbii sərvətləri və əlverişli marşrut imkanları Arktikanı yalnız həmsərhəd ölkələr üçün yox, regionun digər vacib oyunçuları üçün də əhəmiyyətli bölgəyə çevirir; məsələn, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya, həmçinin Yerin bu hissəsində tədqiqatlarını getdikcə artıraraq orada önəmli rola iddia edən Avropa İttifaqı regiona son dərəcə ciddi diqqət göstərir. Yeri gəlmişkən, Kirunada Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Niderland və İspaniya ilə yanaşı, Çin, Yaponiya, Sinqapur, Hindistan, Cənubi Koreya və İtaliyaya da müşahidəçi statusu verilib.
Bu qurumda Arktika regionu ilə həmsərhəd olmayan ölkələrin fəal iştirakı yalnız Arktikaya dair dəqiq müəyyənləşdirilmiş hüquqi rejimin olmadığı şəraitdə mümkündür. Arktikanın bütün perimetri ABŞ, Kanada, Danimarka, Norveç və Rusiya arasında (Arktika Şurasının 8 yox, 5 üzvü arasında) sektorlara bölünüb. Hər hansı dövlətin arktik sahilindən şimalda yerləşən, bu sahilyanı ərazinin sektoruna daxil olan və Şimal qütbdə meridianlarla kəsişən ərazilər və adalar həmin dövlətə aiddir. Lakin bəzi məqamları qeyd etmək vacibdir: qütb sektorların yan sərhədləri şərtidir və dövlət sərhədi sayılmır: qütb sektorunda dövlətin ərazisi ərazi sularının xarici sərhədləri ilə məhdudlaşır. Bu sərhədlər isə BMT-nin 1982-ci ildə qəbul olunmuş Dəniz Hüququ Konvensiyasına əsasən, 12 dəniz mili təşkil edir.
Mövcud beynəlxalq hüquqa əsasən, həmsərhəd ölkələrin ərazi sularına 200 dəniz mili təşkil edən eksklüziv iqtisadi zonanı da əlavə etmək olar. Dəniz Arktikasının qalan hissəsi bəşəriyyətin ümumi mülki sayılmalıdır və o, bir sıra beynəlxalq razılaşmalarla qorunur. Amma Arktika ilə bağlı elə həmin Dəniz Hüquqları Bəyannaməsində şərt var: həmsərhəd ölkələrdən hər hansı biri Şimal Buzlu okeanı şelfinin ona məxsus qitə platformasının davamı olduğunu sübuta yetirə bilərsə, Arktika şelfinin bu hissəsi həmin dövlətin mülkiyyəti sayılacaq.
Bununla əlaqədar olaraq, Rusiya 2007-ci ildə sualtı ekspedisiya təşkil edib, nəticədə, Lomonosov sualtı silsiləsinin Sibir qitə platformasının davamı olduğu bəyan olunub. Rusiya, hətta okeanın dibinə titandan hazırlanmış bayraq sancmaqla, bu ərazinin ona məxsus olduğunu göstərməyə çalışıb.
Maraqlıdır ki, Lomonosov silsiləsinə Kanada da iddia edir. Kanada da onu öz qitə şelfinin davamı sayır. İstənilən halda, Rusiya artıq məsələ ilə bağlı BMT-yə baxılması üçün müvafiq sənədləri təqdim edib. Bundan başqa, Moskva şərq tərəfdə yerləşən Mendeleyev silsiləsinin də Rusiya qitə şelfinin davamı olduğunu iddia edir.
Rusiya ilə yanaşı ABŞ, Kanada, Norveç və Danimarka da regiona ərazi iddiaları ilə çıxış edirlər. Danimarka da Rusiya kimi ekspedisiya təşkil etsə belə, o, gözlənilən nəticəni verməyib. Bundan başqa, Danimarka Rokall qayası ətrafındakı ərazi suları və iqtisadi zonanın mənsubiyyəti ilə bağlı problemlə üzləşə bilər. Çünki oraya Böyük Britaniya və İslandiya da iddia edir.
Vəziyyəti müşahidə edərkən görünən odur ki, zəngin təbii sərvətləri və geosiyasi əhəmiyyəti olan Arktika regionu getdikcə beynəlxalq münasibətlər sistemində daha əhəmiyyətli yer tutmağa başlayacaq. Qlobal istiləşmə və nəticədə regiondakı buzlaqların əriməsi, texniki inkişaf müxtəlif dövlətlərin bu regiona diqqətini artırması üçün əlavə impuls olacaq. Nəticədə, Arktika həm beynəlxalq ictimaiyyətin əməkdaşlığına, həm də ciddi rəqabətə, hətta ədavətə meydan da ola bilər. Şübhəsiz, Arktikanın mənimsənilməsində yalnız onun mənsubiyyətinin hüquqi təsdiqi yox, dövlətlərin onu gen-bol istifadə etməyə hazır olmaları da ciddi rol oynayacaq. Belə olan təqdirdə, maddi-texniki baza hüquqi iddialardan daha ciddi arqument ola bilər.
Beləliklə, region uğrunda mübarizəyə artıq start verilib.
MƏSLƏHƏT GÖR: