
KEÇMİŞİN TƏZYİQİ ALTINDA
R+ jurnalının həmsöhbəti amerikalı tədqiqatçı, professor Pol Maykl Teylordur
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Professor Pol Maykl Teylor - antropologiya sahəsində tədqiqatçı və arxeoloji tapıntıların, qədim əlyazmaların elektron bazasını işləyib hazırlayan şəxsdir. O, eyni zamanda Smitsonian İnstitutunun (Vaşinqton) Asiyanın mədəniyyət tarixi proqramının direktorudur. Həmin maarifləndirmə və elmi tədqiqat institutunda muzey kompleksi fəaliyyət göstərir. O, dünyada eksponatların, qiymətli əşyaların, artefaktların saxlanıldığı ən böyük kompleksdir. Ona 19 muzey, zoopark, 9 elmi tədqiqat mərkəzi, həmçinin Smitsonian İnstitutunun filialı olan 156 muzey daxildir.
Professor Teylor bizimlə söhbətində mədəni irsin müasir siyasətə təsirindən danışıb.
- Cənab professor, Siz Azərbaycan mədəniyyətinin qiymətini bilən şəxs kimi tanınmısınız. Deyirlər ki, Azərbaycanın milli dəyərləri ölkənin inkişafının bazisidir. Bu haqda nə düşünürsünüz?
- Mən antropoloq olaraq məsələyə uzunmüddətli perspektiv nöqteyi-nəzərindən baxıram. Burada Azərbaycanın minilliklərlə ölçülən tarixini yaddan çıxarmaq olmaz. Ölkədə mədəni ənənələr çox dinamik inkişaf edir. Fikrimcə, tarixi mədəni ənənələr bugünkü Azərbaycan üçün özünəməxsus stimullaşdırıcı amildir. Dizaynerlərin, bəstəkarların, rəssamların keçmişdən necə ilhamlandıqlarını görürəm. Bu, hər zaman güc mənbəyi olaraq qalacaq.
Əlbəttə, sülh olmadan inkişafdan danışmaq çox çətindir. Odur ki, regionda vəziyyəti ciddi şəkildə ağırlaşdıran regional münaqişələrin tezliklə həll olunacağına səmimi qəlbdən inanıram.
- Yeri gəlmişkən, regional münaqişələr haqqında. Azərbaycana məxsus saysız-hesabsız mədəniyyət nümunəsi Ermənistanın silahlı təcavüzü nəticəsində məhv edilib. Müharibə və postmüharibə dövrün-də mədəni və tarixi abidələr necə qorunmalıdır?
- İstənilən ölkənin mədəni irsi beynəlxalq qanunvericiliklə qorunur. İşğal altındakı ərazilərdə də onlar eyni qayda ilə qorunmalıdır.
Hesab edirəm ki, istənilən ölkə mədəni irsin qorunmasının əhəmiyyətini dərk etməlidir. Məsələn, burada, Azərbaycanda alman mədəni irsinin də nümunələri var - Gəncədə, Bakıda kilsələr və digər abidələri görmüşəm. Burada rus və digər millətlərin irsinə aid nümunələrə də rast gəlinir. Azərbaycanda bir çox xalqların mədəniyyət abidələri mövcuddur. Hesab edirəm ki, Ermənistan da daxil olmaqla, istənilən ölkə mədəni irsin qeydinə qalmalıdır.
- Təəssüf ki, Ermənistan Azərbaycanın nəinki mədəniyyətinə, hətta ərazilərinə də iddia edən yeganə dövlət deyil. Son zamanlar İranın ayrı-ayrı təmsilçilərindən tez-tez bu cür bəyanatlar eşidilməkdədir. Fikrinizcə bu, nə ilə bağlıdır?
- Azərbaycanla İranın münasibətləri qədim tarixə malikdir. Nə qədər təəccüblü olsa da, bəziləri, hətta sizin respublikanızın tarixini "Böyük İrana" aid edirlər. Bəli, İran hər zaman regionun böyük güc mərkəzlərindən olub. Amma o, regionda yeganə güc mərkəzi olmayıb. Anlamaq lazımdır ki, bu ölkə artıq uzun müddətdir müstəqildir və əminəm ki, əsrlər boyunca belə də olacaq.
- Fikrinizcə, İranın ayrı-ayrı dairələrinin Azərbaycana qarşı ərazi iddiaları səsləndirməsi dövlətin ideologiyasının tərkib hissəsidir, yoxsa onlara bu ilin iyununda keçiriləcək prezident seçkisi ərəfəsində konkret namizədlərin kampaniyasının elementi kimi yanaşılmalıdır?
- İstənilən halda, azərbaycanlılar etnik və linqvistik baxımdan fərqlidirlər. Üstəlik, İran əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Ola bilsin ki, bu, İranda narahatlıq yaradır. Fikrimcə, Azərbaycanın müstəqil olmasının yolverilməzliyi ideyası İranda ümumi fikir deyil. İran Azərbaycanın suverenliyini tanıyır.
Yeri gəlmişkən, Azərbaycanın əhəmiyyətini nəinki İran, digər dövlətlər də qəbul edir. Zəngin tarixə malik Azərbaycanın suverenliyini kiminsə, həqiqətən, şübhə altına alacağını düşünmürəm.
Bir məsələ də var ki, əksəriyyət Azərbaycanı tanımır. Amma insanlar bu haqda daha çox öyrəndikcə, Azərbaycan və onun xüsusiyyətlərini daha dərindən dərk etməyə başlayırlar.
- Təmsil etdiyiniz muzeydə Azərbaycan mədəniyyətinin nümunələri varmı? Azərbaycanla birgə reallaşdırılan layihələr haqda nə deyə bilərsiniz?
- Təəssüf ki, biz böyük Azərbaycan kolleksiyasına malik olmağımızla öyünə bilmərik. Amma bizdə Azərbaycana məxsus sikkələr, markalar, etnoqrafiya nümunələri var.
Azərbaycanda artıq bir neçə ildir ki, yerli muzeylərə muzey işinin inkişafına dair treninqlərin keçirilməsi yolu ilə dəstək verilməsi istiqamətində çalışırıq. Yeri gəlmişkən, bu işlərin aparılması nəticəsində Azərbaycan haqqında daha çox məlumat toplamışıq. Odur ki, bununla yalnız öyrətmir, həm də öyrənirik.
MƏSLƏHƏT GÖR: