14 Mart 2025

Cümə, 23:38

"GƏLƏCƏYƏ BAXIŞ"

Bakı və Vaşinqton strateji tərəfdaşlığın perspektivlərinə aydınlıq gətirdi

Müəllif:

04.06.2013

Azərbaycan və ABŞ hər iki ölkənin rəsmilərinin etiraf etdiyi kimi, strateji tərəfdaşdırlar. Son illərdə onların arasında ümumi maraqlara və baxışlara əsaslanan möhkəm münasibətlər qurulub. Bakı ilə Vaşinqtonun bir sıra strateji məsələlərə baxışları üst-üstə düşür. Onlar birgə enerji layihələri reallaşdırır, qlobal təhlükəsizliyin təminində birlikdə iştirak edir, kütləvi qırğın silahlarının yayılması və terrorçuluqla bir yerdə mübarizə aparırlar.

Bununla yanaşı, tərəflər arasındakı ikitərəfli münasibətlərin mövcud potensialı tam əks etdirdiyini də söyləmək olmaz. Məsələn, bəzən ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətinin effektivliyi Bakıda şübhə doğurur. Bakını daha çox narahat edən isə, Konqresin, ayrı-ayrı ştatların qanunverici orqanlarının, çox vaxt, Ağ Evin rəsmi siyasəti ilə uzlaşmayan  bəzi antiazərbaycan əməlləri və qərarlarıdır.

Bütün bunların fonunda mayın 24-29-da Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ forumu Birləşmiş Ştatların siyasi elitasının Azərbaycanla müttəfiq münasibətlərinin vacibliyini anladığını nümayiş etdirdi. Qeyd edək ki, forumda ABŞ-ın 42 ştatının nümayəndələri - konqresmenlər, prezidentin məsləhətçiləri və sair iştirak ediblər.

Dövlət başçısı İlham Əliyevin forumun açılışında iştirakı Azərbaycan-Amerika münasibətlərinin Bakı üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərib. Prezident açılış mərasimindəki çıxışında iki ölkə münasibətlərinin uzun olmasa da, böyük tarixinin olduğunu söyləyib. "Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilib", - deyə İlham Əliyev bildirib. Prezident əksəriyyəti Azərbaycana ilk dəfə gələn amerikalı qonaqlara Azərbaycanın əsas göstəricilərindən, inkişaf istiqamətlərindən danışıb. O, Amerika şirkətlərinin Azərbaycanda əsas investorlardan olduğunu söyləyib. Bundan başqa, Prezident bildirib ki, yeni istiqamətlərin açılması ilə Amerika şirkətləri həmin sahələrdə də əməkdaşlıq imkanlarının öyrənilməsinə dəvət olunacaqlar. Ənənəvi olaraq, Bakı ilə Vaşinqton demokratiya, regional və qlobal təhlükəsizlik, nəhəng enerji layihələrinin reallaşdırılması məsələlərində əməkdaşlıq edir. Amerika administrasiyasının ciddi dəstəyi ilə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilib. "Bu layihə bizim qitənin enerji xəritəsini dəyişib", - deyə İlham Əliyev qeyd edib.

Prezident iki ölkənin təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsindəki əməkdaşlığını xüsusi qeyd edib. Bu gün Azərbaycan Əfqanıstana yük daşımalarında tranzitin 40%-ni təmin edir və bu marşrut ən sabit marşrut sayıla bilər.

Əlbəttə ki, bu cür nüfuzlu auditoriya qarşısında İlham Əliyev Ermənistanın Azərbaycan ərazilərinin beşdə birini işğal etməsi haqda da danışmaya bilməzdi. O, ABŞ-ın  fəal yardımı ilə münaqişənin tezliklə həllinə ümid etdiyini söyləyib.

Amerikalı konqresmenlər Riçard Luqar, Ted Po Azərbaycan ilə ABŞ arasında enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə sahələrindəki əməkdaşlığa diqqət çəkiblər. Birləşmiş Ştatların sabiq energetika naziri Bill Riçardson isə ölkələr arasındakı əməkdaşlığın yalnız enerji sahəsilə məhdudlaşmadığını söyləyib: "Strateji əlaqələrimiz var. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi terrorçuluqla, narkotiklərin və silahların qaçaqmalçılıq yolu ilə daşınması ilə mübarizədə vacib rol oynayır".

Konqresmen Qreqori Miks təhsil və sosial sahələrə investisiyaların artırılmasına çağırış edib. "Azərbaycan gənclərə xüsusi önəm verir və biz bunun nəticəsini illər sonra görəcəyik. Azərbaycan sülh və sabitlik təşviq edən ölkədir", - deyə o, qeyd edib.

ABŞ-ın Nəqliyyat Komandanlığının sabiq rəhbəri, general Dunkan Maknab isə Azərbaycanın onun ölkəsinin müttəfiqi olaraq Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarda bilavasitə iştirak etdiyini xatırladıb. O, Azərbaycanın hava məkanını ABŞ-ın nəqliyyat təyyarələri üçün açdığını da yada salıb.

Forumun açılışından sonra keçirilən ayrı-ayrı sessiyaların spikerləri daha konkret danışıblar və ikitərəfli münasibətlərdəki problemləri dilə gətirməkdən çəkinməyiblər. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Amerikanın regiondakı siyasətinin kifayət qədər praqmatik olmadığını açıq şəkildə dilə gətirib və buna iradını bildirib. O, beynəlxalq ictimaiyyətin (şübhəsiz ki, ilk növbədə, ABŞ nəzərdə tutulub) Ermənistanın Azərbaycana qarşı işğalına göz yummasından narazılığını dilə gətirib. Z.Əsgərov bildirib ki, Ermənistan beynəlxalq hüququn normalarına və BMT-nin qərarlarına açıq-aşkar etinasızlıq göstərir, üstəlik, Ermənistan rəhbərliyi Xocalı soyqırımında şəxsən iştirak etdiyini açıq, heç nədən ehtiyatlanmadan dilə gətirir. Birinci vitse-spiker ABŞ-la və ümumilikdə Qərb ilə tərəfdaşlığın bu işdə nəzərəçarpan nəticələr verməməsindən təəssüfünü ifadə edib.

ABŞ-ın Cənubi Qafqaz siyasətinə Amerika tərəfinin nümayəndələri, dünyaca tanınmış analitiklər də ciddi tənqidlə yanaşıblar. "Biz Cekson-Venik düzəlişinə olduğu kimi, Azadlığa dəstək aktına edilmiş 907-ci düzəlişi də aradan qaldırmalıyıq. Azərbaycanı yalnız İrandan yox, sünni radikallardan, "Əl-Qaidə"dən də qorumalıyıq. Biz Azərbaycanın yanında olmalıyıq", - deyə Amerikanın "İrs" fondunun aparıcı eksperti Ariel Koen bildirib. O, Amerika hökumətini hələ bu təhlükələrə lazımi diqqəti göstərməməkdə qınayıb.

Cənubi Qafqaz üzrə daha bir tanınmış ekspert, Amerikanın Corctaun Universitetinin əməkdaşı Brenda Şafer ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırmasından hiddətini ifadə edib. O, bunun Vaşinqtonun strateji müttəfiqi olan Azərbaycanın maraqlarına cavab vermədiyini vurğulayıb. "Sizdən xahiş edirəm, bu məsələdə daha cəsarətli olun", - deyə o, amerikalı konqresmenlərə müraciət edib. 

Digər natiqlər - keçmiş və hazırkı siyasətçilərin, aparıcı "beyin mərkəzləri" nümayəndələrinin fikirləri də eyni ruhda olub.

Açıq desək, ABŞ-ın, demək olar ki, bütün ştatlarından olan parlamentarilərin Bakıda bir araya gətirilməsinin vaxtı çoxdan çatmışdı. Heç vaxt Azərbaycanda olmamış, buradakı reallıqları bilməyən konqresmenə dezinformasiya "yedizdirmək", onu Azərbaycanın əleyhinə olan hər hansı qanunvericilik aktını, bəyannaməni imzalamağa razı salmaq daha asandır. Ayrı-ayrı ştatların qanunvericilərinin, həmçinin ABŞ Konqresi üzvlərinin erməni lobbisinin əsas hədəfi olduqları heç kimə sirr deyil. Erməni lobbisi öz maraqlarına uyğun qanun layihələrini Amerika parlamentindən keçirmək üçün məhz onları hədəf seçir. Əsas məqsəd isə Azərbaycan və Türkiyənin maraqlarına zərbə vurulmasıdır. Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın informasiya blokadasında olduğu bir vaxtda məhz erməni lobbisinin fəaliyyəti nəticəsində məlum 907-ci düzəliş qüvvəyə minib və Azərbaycan-Amerika münasibətlərində uzun müddət problem yaradıb. Bu düzəliş indi də tam aradan qaldırılmayıb və bəzi analitiklərin fikrincə, Amerika tərəfi ondan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. ABŞ-ın Ağ Ev və Dövlət Departamentinin nümayəndələri də daxil olmaqla, ayrı-ayrı təmsilçiləri dəfələrlə bu düzəlişin tamamilə ləğvinin vacib olduğunu bəyan etsə də, ayrı-seçkilik yaradan düzəliş hələ də Azərbaycan-Amerika münasibətlərinin başı üzərindən damokl qılıncı kimi asılıb.

Erməni tərəfi Azərbaycana erməni lobbisinin dilənçi payına həris olan bəzi amerikalı parlamentarilər vasitəsilə təzyiqləri davam etdirir. Bu gün ABŞ-ın ayrı-ayrı ştatlarında "Bakıda, Sumqayıtda, Gəncədə (Kirovabad) və digər şəhərlərdə erməni qırğınları"nın tanıdılması üçün ciddi cəhdlər edilir. Bu yaxınlarda isə Kaliforniyanın Fresno Şəhər Şurası, hətta "Dağlıq Qarabağın müstəqilliyini tanıyan" qətnamə qəbul edib. Şura ABŞ hökumətini onlardan nümunə götürməyə də çağırıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev R+ jurnalına açıqlamasında məsələni dramatikləşdirmək istəmədiyini söyləyib (sanki, ermənilərin kütləvi miqrasiya etdiyi şəhərlərin sırasında ilk yerlərdə olan, hazırda erməni əhalisinin sayının, təxminən, 40 minə çatdığı şəhər rəhbərliyindən bundan artıq nə gözləmək olar?). Diplomat hansısa şəhərin pis nümunəsinin digər şəhərlər, xüsusilə ştatlara "yoluxmayacağına" əminliyini ifadə edib.

Hər halda, xoşagəlməz presedent ortadadır və Azərbaycan Amerikanın hansısa ştatında eyni halın təkrarlanmaması üçün səylərini artırmalıdır.

Görünən isə odur ki, rəsmi Bakı bu istiqamətdə əməlli-başlı iş aparmağa başlayıb. Başqa sözlə, Azərbaycan Amerika decision-makers-i ilə iş istiqamətində düzgün yol seçib və nəticə artıq özünü göstərir. Bakıda keçirilən forumdan, demək olar ki, dərhal sonra ABŞ-ın Arizona ştatının ali qanunverici orqanı Azərbaycanla Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlığın dəstəkləndiyi qətnamə qəbul edib. Sənəddə senatorlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün ABŞ tərəfindən tanındığını vurğulayırlar. Bu, belə qətnamənin qəbul olunduğu ilk ABŞ ştatı deyil. Bakıda keçirilən forumun əks-sədası isə onun sonuncu olmayacağını göstərir və bu, daha vacibdir.

Deyəsən, Amerikada, nəhayət, ümumilikdə Cənubi Qafqazın və xüsusilə Azərbaycanın vacibliyini anlamağa başlayıblar. Əks təqdirdə, onlarla amerikalı parlamentari, qubernator və digər sabiq və hazırkı siyasətçilər uzaq Bakıya nədən gəlsinlər? Azərbaycan-Amerika əməkdaşlığı, həqiqətən də, qarşılıqlı maraqlara əsaslanır. ABŞ-ın Azərbaycana marağı isə bir neçə vacib amillə bağlıdır. Burada söhbət heç də yalnız ikitərəfli münasibətlər üçün ənənəvi olan enerji sahəsindən getmir. Bu mənada Stratfor Qlobal Tədqiqatlar Mərkəzinin təsisçisi və rəhbəri Corc Fridmanın yaxın gələcəkdə ABŞ-ın ən yaxın müttəfiqinin Azərbaycan olacağına dair fikrini nümunəvi saymaq olar. "ABŞ-ın müttəfiqləri hesab olunan Avropa ölkələri ciddi böhran içərisindədirlər. Bu qitə ölkələrinin mövqeləri qətiyyən bir-birinə uyğun gəlmir. Halbuki  Avropa dövlətlərinin əksəriyyəti NATO üzvüdür. Bu səbəbdən də, Amerikaya dayanıqlı iqtisadi inkişafa nail olmuş Azərbaycan kimi müttəfiq lazımdır", - deyə analitik qeyd edib.

Azərbaycanla əməkdaşlığa marağı onun ABŞ-ın geosiyasi nöqteyi-nəzərindən son dərəcə vacib regionda yerləşməsi də artırır: şimaldan Rusiya, cənubdan İran. Forumun bir çox amerikalı iştirakçısı Vaşinqtonda Bakının "İran məsələsi"nin həllində oynaya biləcəyi vacib rolun nəzərə alındığını söyləyib. Burada söhbət yalnız Azərbaycanın İranla qonşu olması amilindən yox, İranda 30 milyonluq azərbaycanlı əhalinin yaşamasından da gedir. Ağ Evdə hazırlanan istənilən strategiyada Azərbaycana xüsusi diqqət ayrılır. ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarın jurnalistlərlə söhbətində İran məsələsini Azərbaycanla Amerika arasında təhlükəsizliklə bağlı aparılan danışıqların əsas komponentlərindən biri adlandırması heç də təsadüf deyil. İranda yaxınlaşmaqda olan prezident seçkisinin və onun istənilən nəticəsinin Bakı ilə Vaşinqtonun bu dialoquna daha da aktuallıq qazandıracağına şübhə yoxdur.

İslam dünyasında imici çox da müsbət olmayan Vaşinqton üçün müsəlman ölkələri arasında Azərbaycan kimi müttəfiqə malik olmaq çox vacibdir. Regional baxımdan isə ABŞ-ın Cənubi Qafqazda əlaltıya yox, etibarlı müttəfiqə ehtiyacı var. Bu region Vaşinqtonun siyasətində strateji əhəmiyyət daşıyan istiqamətlərdəndir.

Son zamanlara qədər bu rolu Gürcüstan oynayırdı. Lakin orada Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi və Rusiya ilə yaxınlaşmanın vacibliyini bəyan etməsindən sonra Vaşinqton, deyəsən, narahat olmağa başlayıb. Görünür, indi ABŞ daha sabit və öz-özünü təmin edən Azərbaycana üstünlük verməyi lazım bilir.



MƏSLƏHƏT GÖR:

608