
FLAQMAN MÖVQEYİNİ GÜCLƏNDİRDİ
"Neftçi" ardıcıl üçüncü mövsüm Azərbaycan çempionu oldu
Müəllif: Sənan ŞƏFİZADƏBakı
Futbol üzrə Azərbaycan çempionatı başa çatdı. 9 aylıq marafon gözlənildiyi kimi maraqlı oyunlar, gözəl qollar, sevinc bəxş edən qələbələr və acı məğlubiyyətlərlə yadda qaldı. Azərbaycanın ən qocaman komandası "Neftçi" daha bir çempionluğu bayram etdi. Ardıcıl üç il ölkənin ən güclü klubu olan "ağ-qaralar" azarkeşlərinə ümumilikdə 8-ci dəfə bu uğurun sevincini yaşatdı. Komanda qızıl medalların taleyini mövsümün başa çatmasına bir tur qalmış Qəbələdə rəsmiləşdirdi.
Cari mövsüm "Neftçi" ilə yanaşı "Qarabağ" və "İnter" də qızıl medallara layiq idi. Amma stabil oyun göstərməyən komandalar sonda layiqli olaraq gümüş və bürünc medalla kifayətləndilər.
Maraqlıdır ki, Azərbaycan futbol çempionatlarının tarixində heç bir klub ardıcıl üç mövsümü qalib kimi tamamlamayıb. Bakılılardan savayı, artıq güclülər dəstəsi ilə vidalaşan "Kəpəz" və gününü 1-ci divizionda keçirən "Şəmkir" də ardıcıl iki dəfə Azərbaycan çempionu adını qazanıb. Ümumilikdə 15 dəfə mükafatçılar sırasına düşən "Neftçi" bu nominasiyada ən yaxın izləyicisi "Kəpəz"i (6 dəfə) xeyli qabaqlayır.
Mövsüm "ağ-qaralar" üçün heç də asan keçmədi. Avropa Liqasının qrup oyunları ilə əlaqədar "Neftçi"nin ölkə premyer-liqadasında bir sıra görüşləri təxirə salındı. Bu səbəbdən təqvimdə sıxlıq yarandı ki, bu da bəzi qarşılaşmalarda "Neftçi"yə ciddi çətinliklər yaratdı. Amma bu amil komandanın ümumi uğur qazanmasına mane olmadı.Təsnifat mərhələsini lider kimi bitirməsə də, ilk altılıqda "Neftçi", belə demək mümkünsə, qarşısıalınmaz təsir bağışladı. Əsas rəqibləri "İnter" və "Qarabağ"la oyunlarda büdrəməyən "neftçi"lər onların xal itirməsindən də istifadə edərək, liderliyi ələ keçirdi və sonadək üstünlüyünü qorudu.
Qızıl medallar uğrunda mübarizədə "İnter" erkən təslim olsa da, "Qarabağ" cəhdini sonadək davam etdirdi. Xüsusilə, şəxsi oyunlarda "Neftçi"ni üstələməsi ağdamlıların şansını və inamını artırmışdı. Əzəli rəqibi ilə qarşılaşmalarda ardıcıl üç qələbə qazanan "Qarabağ" sonuncu, dördüncü oyunda da qalib gəlsəydi, xal fərqini aradan qaldıracaq və zirvəni ələ keçirəcəkdi. Bu mənada, 29-cu tur mühüm əhəmiyyət daşıyırdı: "Qarabağ"ı, nəhayət, məğlub edən "Neftçi" çempionluq məsələsini böyük ölçüdə həll etdi. Beləliklə, ən yaxın izləyicisi ilə xal fərqini 6-ya yüksəldən bakılılar son üç turda üstünlüyü əldən vermədilər.
Mövsüm ərzində enişli-yoxuşlu qrafik cızan "Neftçi"nin çempion olmasında bir amili xüsusi vurğulamaq lazımdır. Hücumçu Nikolas Kanales vurduğu mühüm qollarla qalibiyyətdə böyük pay sahibi oldu. Özü də çilili futbolçu təkcə imkanları o qədər də yüksək qiymətləndirilməyən klublarla görüşlərdə deyil, əsas rəqibləri ilə oyunlarda da qoleodorluq keyfiyyətini nümayiş etdirdi. Hazırda aktivində 26 qol olan forvard yekunda çempionatın bombardiri seçildi. Ancaq bu nəticə ilə o, legionerlər arasında uzun illər Badri Kvaratsxeliyaya məxsus rekordu yenilədi: 1997/98-ci illər mövsümündə 20 qolla bombardir olan gürcü futbolçunun nəticəsi yalnız 15 ildən sonra tarixə çevrildi. Əksəriyyətin fikri belədir ki, ötən ilin yayında transfer olunan N.Kanalesin bundan sonra da istər ölkədaxili yarışlarda, istərsə də qitəmiqyaslı turnirlərdə "Neftçi"yə böyük faydası dəyəcək.
Komandanın qələbələrində baş məşqçi Böyükağa Hacıyevin də rolunu qeyd etmək lazımdı. Matç ərəfəsində futbolçuları motivasiya edən məşqçi həmişə olduğu kimi bir sıra maraqlı açıqlamalarıyla da yadda qaldı. Mətbuat konfranslarının birində braziliyalı Flavinyo haqda Hacıyev belə demişdi: "Flavinyo mənim üçün azərbaycanlıdı. O, qollarıyla bizə kömək edir. Flavinyo yox, o mənə görə Firəddindi". Səhhətindəki problemə baxmayaraq komandanı oyuna yüksək səviyyədə hazırlayan baş məşqçi üçün ən çətin görüşlər "Qarabağ"la oldu. "Xəzər-Lənkəran" ilk altılığa vəsiqə qazanmadığından "Neftçi"nin prinsipial oyunları "Qarabağ"la idi. Qurban Qurbanovun rəhbərlik etdiyi ağdamlılar ardıcıl 3 görüşdə "Neftçi"dən güclü oldu. Amma flaqmanın revanş istəyi özünü çox gözlətmədi. Həlledici məqamda 2 dəfə "Qarabağ"a qalib gələn ağ-qaralar həm çempionluğa yaxınlaşdı, həm də ağdamlıları ölkə kubokundan kənarlaşdırdı.
Qarşıda daha çətin və məsuliyyətli avrokuboklar gəlir. Ötən mövsüm "Neftçi" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığından azarkeşlər ən azı ötənilki nəticənin təkrarlanacağını gözləyəcək.
MƏSLƏHƏT GÖR: