15 Mart 2025

Şənbə, 00:33

SƏADƏT NAMİNƏ …

Bakı zadəganlığının görkəmli təmsilçiləri xeyriyyəçilik yolunda öz vəsaitlərini heç zaman əsirgəməyiblər

Müəllif:

28.05.2013

15 fevral 1913-cü il tarixdə İctimai Məclisin zallarında "Nəşr-Müarif" Maarifçilik Cəmiyyətinin xeyrinə dördüncü müsəlman axşamı keçirilib. Şevalyanovun "Mərhumun həyatının bir günü" komediyasından, "Şah Abbas" operasından və "Ər və arvad" operettasından parçalar göstərilib. 

Köşkdə hədiyyə satışları ilə Duma qlasnısı Mirzə Şəmsi Əsədullayevin qızı Kövsər xanım Əsədullayeva və Musa Nağıyevin qardaşı qızı  Ruqiyyə xanım Nağıyeva məşğul olublar. Burada tanınmış insanların həyat yoldaşları - A. Aşurova, S.Həsənova, E.M.Nazanskaya və L.Muxtarovanın rəhbərlik etdiyi xeyriyyə bufeti işləyib. Axşama Bakı qubernatoru Alışevski, Bakı polismeysteri Nazanski və  başqa rəsmi şəxslər təşrif buyurublar. Axşamda 8000  rubldan çox pul yığılıb. Tağıyevin ianəsi 1000 rubl təşkil edib.  

Başqa məşhur neft sənayeçiləri - Ağa Şəmsi Əsədullayev və Ağa Musa Nağıyev də H.Z.Tağıyevdən geri qalmamağa çalışıblar. 

Ş.Əsədullayevin Moskvada böyük evi olub və orda mədrəsə yerləşib. O bəyan edib ki, yazda orda dördmərtəbəli bina tikdirəcək. Tikinti üçün 150 min rubl ayırıb. Tikintidən gələn bütün gəlir ibtidai məktəbin genişləndirilməsinə sərf ediləcək. Həmin vaxt məktəbin 4 bölməsində 56 şagird olub. Yoxsul uşaqlar üçün məktəbdə pansion da var  imiş.  

Ancaq ən böyük hədiyyə Ağa Musa Nağıyev tərəfindən edilib. O, Bakı Şəhər Dumasına müraciət edərək, öz hesabına 225 yerlik və ən son tibbi texniki avadanlıqla  təchiz edilmiş cərrahiyyə (keçmiş "Semaşko", indiki Ağa Musa Nağıyev adına - müəllif) xəstəxanası tikməyi təklif edib. Nağıyev, təxminən, 300 min rubl pulu dərhal şəhər kassasına keçirməyə vəd verib, amma şərt qoyub ki, şəhər xəstəxanası üç il ərzində tikilməlidir. Bu zaman xeyriyyəçi həmçinin istək bildirib ki, 225 yerdən 50-si müsəlman qadınlar üçün ayrılsın və xüsusi təchiz edilərək onların məişət xüsusiyyətlərinə və həyat şəraitinə uyğunlaşdırılsın. 

Şəhər Duması Ağa Musa Nağıyevin hədiyyəsini minnətdarlıqla qəbul edib və yekdilliklə gələcək xəstəxana binasında onun portretini asmaq, həmçinin xəstəxananın fasadının çıxdığı küçəyə onun adını vermək barədə qərar çıxarıb. Yeni xəstəxana üçün "Şamaxinka"da yer ayırmaq qərara alınıb. Şəhər Duması bunun üçün iki bulvardakı - Staroselsk və Aleksandrovsk bulvarlarının kəsişməsində olan yeri seçib. 



MƏSLƏHƏT GÖR:

571