Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son on beş ildə intensiv inkişaf edən aqrar-sənaye kompleksi bu gün ölkənin ərzağa olan tələbatının 80%-ni təmin edir və ixrac həcminə görə energetika sahəsindən sonra ikinci yerdə gəlir. Bu günlərdə "Baku Expo Center" sərgi-kompleksində baş tutmuş 19-cu beynəlxalq "WorldFood Azerbaijan-2013" sərgisi yerli yeyinti sənayesinin uğurlarını açıq nümayiş etdirib və sərginin fəaliyyəti ilə Prezident İlham Əliyev də tanış olub.
Reklam - ticarətin hərəkətvericisi
Diqqətəlayiqdir ki, cari ilin aprel ayında aqrar qurumun mütəxəssisləri sahənin 2020-ci ilə qədər inkişaf strategiyasını işləyiblər. Bu strategiyanın komponentlərindən biri yerli yeyinti sənayesinin uğurları haqqında məlumatların yayılması üçün sərgilərin və yarmarkaların reklam və biznes resurslarının tam istifadəsini, həmçinin bu cür meydançaların işgüzar danışıqlar və investisiya qərarlarının qəbul edilməsi üçün istifadəsini nəzərdə tutur. Gözlənilir ki, ixtisaslaşdırılmış sərgilər rəqabət qabiliyyətinin artırılmasına imkan yaradacaq, həmçinin dünya bazarlarında Azərbaycanın kənd təsərrüfatı məhsullarını daha effektiv yaymağa yardımçı olacaq.
Təyinatına görə bu cür oxşar marketinq mexanizmlərinin formalaşdırılması üzərində artıq neçə illərdir, fəal şəkildə İqtisadi İnkişaf Nazirliyinin (İİN) və onun struktur bölməsi olan Azərbaycan İxracın və Sərmayələrin Təşviqi Fondunun (Azpromo) mütəxəssisləri çalışırlar. Söhbət o cümlədən çoxsaylı sərgilərdə və "Azpromo" tərəfindən hazırlanmış elektron və çap kataloqlarında Azərbaycanın aparıcı ərzaq məhsulu istehsalçılarının beynəlxalq reklamından gedir.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının inkişaf etdirilməsində hökumətin və profil nazirliklərin bu cür aktivliyi tamamilə aydın hesabata əsaslanıb. Aqrar məhsulun emalı sahəsi iqtisadiyyatın neftdəkənar bölməsinin daha inkişaflı sahəsi kimi qəbul edir və bu gün ölkənin ərzağa olan tələbatının 80%-ə qədərini təmin edir, ixrac həcmlərinə görə, energetika sektorundan sonra ikinci yerdə dayanır.
Böhrandan sonrakı dövrdə kənd təsərrüfatı və emalı sahəsinə sərmayə həcmini azaldan bir sıra dünya dövlətlərindən fərqli olaraq, Azərbaycanın ərzaq bazarının cəlbediciliyi həm yerli, həm də xarici sərmayəçilər üçün bu müddət ərzində yalnız artıb. Son bir neçə ildə işə salınan 100-150 ədəd orta və iri müəssisənin üçdəbirindən çoxu kənd təsərrüfatı məhsullarının emalı fabriklərinin, həmçinin soyuducu anbarların, elevatorların və aqrar infrastrukturun başqa obyektlərinin payına düşüb.
Bu gün ölkədə ət-süd, meyvə-tərəvəz məhsulları, alkoqol, yağ, çay və tütün istehsalı üzrə ixtisaslaşmış 200-dən artıq iri müəssisə fəaliyyət göstərir. Meyvə və tərəvəz emalında ixtisaslaşmış konserv zavodlarının toplam gücü hər il 750 min şərti banka məhsul istehsal etməyə imkan verir. Azərbaycan bu məhsul üzrə bütünlüklə daxili tələbatını ödəyir, buna görə də istehsal edilən konserv məhsullarının 2/3-i ixrac edilir.
Aqrar sənaye ixrac yönümündə
İxraca gəldikdə isə bu gün bizim ölkə bir neçə yüz adda kənd təsərrüfatı məhsulunu dünyanın, demək olar ki, 85 ölkəsinə çıxarır. Obyektiv səbəblər üzündən ərzaq ixracının 3/4-ü hələ də postsovet məkanı dövlətlərinə - daha çox Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Qazaxıstana ünvanlanıb. Nəzərəçarpacaq dərəcədə az həcmdə aqrar ixracat Türkiyə, İran və İran körfəzi ölkələrinə edilir. Ümumiyyətlə, son illərdə Azərbaycan müəssisələri daha fəal şəkildə Avropa, Kanada, ABŞ və hətta Çin, Yaponiya və Cənubi Koreya bazarlarını da mənimsəyir.
Bizim ölkədən aqrar ixracatın əsasını faraş meyvə-tərəvəz məhsulları, konservlər, şəkər tozu, çay, sirkələr, bitki və heyvan yağları, alkoqol məhsulları və bir sıra texniki bitkilər - ilk öncə pambıq, tütün, dəri xammalları təşkil edir.
Son 7-8 il ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi dəfələrlə artıb: əgər 2004-cü ildə xarici bazarlarda satılan təzə və emal edilmiş kənd təsərrüfatı məhsullarının pul ekvivalentində həcmi $41 mln təşkil edirdisə, böhrandan əvvəlki 2008-ci ildə bu bənd üzrə ixrac $450 mln.-a qədər artmışdı. 2011-ci ildə aqrar ixrac $650 mln səviyyəsini keçib, keçən il və bu ilin əvvəlində də artım templəri müsbət dinamikanı qoruyub.
Son illərdə Azərbaycanın aqrar sənaye sahəsində yeni meyil başlayıb - daxili bazarlar üçün ən çağdaş texnologiyaların tətbiqi ilə emal edilmiş və qablaşdırılmış ərzaq mallarının həcmi artır. Qablaşdırılmış ərzaq məhsullarının çeşidinin genişləndirilməsi məsələsində katalizator rolunu ölkədə iri ərzaq super-marketlərinin və ticarət mərkəzlərinin sürətlə yayılması oynayır, bunlar bu gün ərzaqla ticarətin əsas kanalına çevrilirlər. Ticarət nəhənglərinin fəaliyyətinin özəlliyi qablaşdırılmış və ştrix-kodlarla təchiz edilmiş məhsulların satışı ilə bağlıdır. Bundan başqa, fabriklərdən belə məhsulları iri həcmlərdə almaq super-marketlərə "qənaətcil qiymətləri" qorumağa və ya müştərilər üçün cəlbedici aksiyalar keçirməyə imkan yaradır. Uyğun olaraq bu amil yeyinti sənayesi müəssisələrini daxili bazar üçün istehsal həcmlərini artırmağa stimullaşdırır.
"Euromonitor International" beynəlxalq şirkətinin tədqiqatlarına görə, 2017-ci ilə kimi Azərbaycanda emal edilmiş və qablaşdırılmış ərzaq məhsulları bazarında ikiqat artım gözlənilir. "Euromonitor International" mütəxəssislərinin fikrincə, yüksək urbanizasiya templəri və Azərbaycan əhalisinin rifahının yüksəlməsi, həmçinin istehlakçıların "tərkibində geni dəyişdirilmiş məhsul yoxdur" markalı qablaşdırılmış ekoloji təmiz məhsula artan marağı da müəssisələrdə qablaşdırılmış ərzaq məhsullarının istehsalının artmasına imkan yaradır.
Bu trend, həmçinin 2011-2012-ci illərdə həm özəl kreditlər, həm də dövlət fondlarının xətti ilə ayrılan güzəştli borclar şəklində maliyyə dəstəyinin nəzərəçarpacaq dərəcədə artmasına əsaslanır. Bu da emal edilmiş və qablaşdırılmış ərzaq məhsullarının çox sayda yerli istehsalçılarına imkan yaradıb ki, yüksək istehsal həcmlərini saxlamaqla yanaşı, həm də istehsal güclərini modernləşdirsinlər.
MƏSLƏHƏT GÖR: