
LONDON QİSASI DÜŞÜNMƏYƏ ƏSAS VERİR
"Primitiv terrorizm", "institusional irqçilik" və xarici siyasət arasında əlaqə varmı?
Müəllif: İrina XALTURİNA Bakı
Bu məqalə Almaniyanın müharibədən sonrakı tarixi üçün unikal sayıla biləcək məhkəmə prosesi haqda hekayə ilə başlamalı idi. Söhbət "Gizli milli-sosial" (NSU) neonasist özəyi olan "Svikkau üçlüyü" üzərindəki məhkəmə prosesindən gedir. Onlar Almaniyanın müxtəlif şəhərlərində 2000-2007-ci illərdə onlarca insanın qətlində təqsirləndirilirlər.
Lakin mayın 22-də Londonun mərkəzində hərbçinin vəhşiliklə qətlə yetirilməsi vəziyyəti dəyişdi və ortaya bir sıra suallar çıxardı. Bu yaxınlarda baş vermiş bir neçə hadisəyə diqqət edin: Bostonda illik marafon zamanı partlayış, Almaniyada neonasist qrup üzərində başlanılan məhkəmə prosesi, Stokholm ətrafında iğtişaşlar, Londonda əsgərin amansızlıqla öldürülməsi...
Bəlkə bütün bunlar eyni prosesin müxtəlif tərəfləridir? Bəlkə onların hamısının bir-biri ilə əlaqəsi var? Yoxsa təsadüfdür?
İlk baxışdan NSU ilə bağlı hər şey aydındır. Qrup üzvlərinin qisası sərbəst xarakter daşıyırdı və etnik nifrətdən irəli gəlirdi - həlak olanların əksəriyyəti türkəsilli vətəndaşlar idi. Bu səs-küylü hadisə ilə bağlı mühakimə olunanların başçısı 38 yaşlı qadın Beata Sşepedir. O, qətllərin planlaşdırılmasında və bilavasitə hazırlanmasında, hücum və aradan çıxmaq marşrutunun müəyyənləşdirilməsində, sığınacağın hazırlanmasında, 15 bank oğurluğunda iştirakda ittiham olunur.
Amma törədilmiş cinayət və vəhşilik ortada olsa da, deyəsən, məsələ ilə bağlı məhkəmə prosesi hələ uzun çəkəcək. İttiham olunan şəxslərin vəkilləri artıq hakimlərin "qərəzli olmamasında" şübhələrini dilə gətiriblər. Bundan başqa, bəzi müşahidəçilər hesab edir ki, Sşepenin günahını sübuta yetirmək o qədər də asan olmayacaq. Çünki istintaqın əlində təkbizolunmaz sübutlar yoxdur. Ola bilsin, şahidlərin dediyi kimi, bu qadın ittiham aktını məhz bu səbəbdən soyuqqanlılıqla, hətta üzündə lovğalıq ifadəsilə dinləyib.
"Üçlük" üzərindəki proses bullanıq, durğun suyu çalxalayıb və nəticədə üzə çoxlu sayda sual, söz-söhbət, ehtimal üzə çıxıb. Birincisi, çoxları məhkəmədə mətbuat nümayəndələrinə nədən cəmi 50 yerin ayrıldığını anlamır. Bu yerləri də əsasən, alman jurnalistlər tutub, dünya KİV-dən, həmçinin Türkiyədən olan jurnalistlər prosesə uzun-uzadı danışıqlardan sonra buraxılıb.
İkincisi, Almaniya KİV ölkənin daxili təhlükəsizlik sistemində ciddi problemin yarandığını, orada ciddi islahatlara ehtiyacın olduğunu yazır. Bəzi jurnalistlər və ekspertlər hesab edirlər ki, neonasist qruplaşmasının bütün bu illər ərzində çirkin əməllərini həyata keçirməsi, lakin cəzasız qalması yalnız daxili təhlükəsizlik sisteminin zəifliyi ilə əsaslandırıla bilər.
Amma "daxili təhlükəsizlik sisteminin zəifliyi" arqument kimi heç də hamıya inandırıcı gəlmir. Bəziləri düşünür ki, "üçlük"ün bu qədər uzun müddət ərzində fəaliyyətini davam etdirə bilməsi xüsusi xidmət orqanlarının, hətta bəzi siyasi partiyaların, məsələn, 1964-cü ildə yaradılmış Almaniya Milli-Demokrat Partityasının (AMDP) dəstəyi ilə mümkün ola bilər.
Əlbəttə ki, bütün bunları sübut edəcək ciddi dəlillər yoxdur. Amma artıq Beata Sşepe və "həmkarları"nın yalnız aysberqin görünən hissəsi, icraçı olduqlarına, əsl günahkarların isə heç zaman müttəhimlər kürsüsündə əyləşməcəyinə əmin olanlar da var.
Təbii ki, Almaniyada baş verənlər, NSU kimi təşkilatın mövcudluğu faktının özü meydana ultrasağçı əhvalın güclənməsinə nələrin səbəb olduğuna dair tamamilə qanunauyğun suallar çıxarır. 21-ci əsrdə cüzi də olsa, neonasist ideyaların meydana çıxmasına nə səbəb olur? Əlbəttə, düşünmək olar ki, bu cinayətləri törədən neonasist ideyalarının tərəfdarlarının psixi problemləri var; məsələn, şahidlərin sözlərinə görə, Beata Sşepe məhkəmə prosesində ona diqqətin artmasından zövq alır. Halbuki, o, sonda ömürlük azadlıqdan məhrum edilə biləcəyinin fərqindədir. O, ya özünə çox əmindir ki, bunun da səbəbi olmalıdır, ya da qadının həqiqətən də psixi problemləri var. Yaxud həm bu, həm də digəri. Amma neonasist ideyalarına yoluxmanın çarpayının üzərindən Hitlerin portretinin asılması və "Mayn kampf"ın əzbər söylənilməsi ilə başlandığını düşünmək özü-özünü aldatmaq olardı. Artıq etiraf olunmalıdır ki, miqrasiya sahəsində tənzimlənmənin uğursuz həyata keçirilməsi, multikulturalizm siyasətinin iflası, iqtisadi böhran kimi aktual problemlər ultrasağçı əhvalın güclənməsinə yol açır. Və əlbəttə ki, bu və ya digər ölkənin xarici siyasi qərarlarını da unutmaq olmaz. Nəticədə, müxtəlif terminlər, ideologiyalar, maraqlar və qanunauyğunluqlardan ibarət "alışqan qarışıq məhsul" yaranır. Üstəlik, bunun da iki üzü var.
Bir üz - NSU üzvlərinin Almaniyada törətdikləri dəhşətli qətllər, ikinci üz - Böyük Britaniyada hərbçinin amansızlıqla öldürülməsi.
Bu, Londonun cənub-şərqində yerləşən Vulviç rayonundakı insanların ən çox axın etdiyi küçədə baş verib. Öldürülən 25 yaşlı Li Riqbidir. O, Kral Atıcı Alayının ikinci batalyonundakı barabançılar bölüyündə xidmət edirdi. İki dəfə Əfqanıstanda uzunmüddətli ezamiyyətdə olub. Qətlə yetirildiyi anda isə əynində üzərində qəhrəman hərbçilərə köməklik göstərilməsinə çağırışın yer aldığı futbolka var idi. O, elə buna görə də qətlə yetirilib. Riqbi təsadüfi, amma qanunauyğun qurbandır. NSU üzvləri də elə bu cür qanunauyğun təsadüflər əsasında fəaliyyət göstərirdilər.
ITV News-un əldə etdiyi kadrlarda Londonda hərbçini qətlə yetirən şəxslərdən biri əməlini bu cür izah edir: "Bu kişini qətlə yetirməyimizin yeganə səbəbi müsəlmanların hər gün ölməsidir. Bizdən əl çəkməsəniz, mübarizəni dayandırmayacağıq. Əvəz əvəzə!". O, açıqlamasının sonunda "hamımızın hər zaman sülh şəraitində yaşamağımız üçün" adi insanlara "məhəl qoymayan" hökumətlərin devrilməli olduğunu, Əfqanıstandan qoşunların çıxarılmasının vacibliyini bildirir.
Bununla yanaşı, o, qadınlardan bu cinayəti görməyə məcbur olduqları üçün üzr istəyib. Amma onun ölkəsində də "qadınların eyni mənzərələri gördüyünü" əlavə edib. Qatil bu zaman hansı ölkəni nəzərdə tutduğunu açıqlamır. Britaniyanın xüsusi xidmət orqanları isə ən azı birinin Londonda böyüyüb boya-başa çatdığı cinayətkarların Nigeriya və Somalinin islamçı təşkilatları ilə əlaqələrinin olduğunu müəyyənləşdirib.
Britaniyanın Müsəlmanlar Şurası cinayəti qəti şəkildə pisləyib. Amma bu, ingilis ultrasağçılarının qarşısını almayıb. Onların cəmləşdiyi İngiltərə Müdafiə Liqasının, təxminən, 100 fəalı Vuliç rayonunda küçələrə çıxaraq rasist şüarlar səsləndirib, miqrasiyaya, islamın yayılmasına qarşı etiraz bildiriblər. Nümayişçilərlə polis arasında toqquşma da baş verib. Bundan başqa, qətl xəbərinin yayılmasından dərhal sonra Esseks və Kent qraflıqlarında iki məscidə hücum olunub. Beləliklə, yuxarıda qeyd olunan "alışqanqarışıq məhsul"la başlanmış dairə qapanıb - burada həm xarici siyasət var (Londonun Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakı), həm də multikulturalizmin iflası (qatil Böyük Britaniyada böyüsə də, onu bu ölkə ilə heç nə bağlamır).
Bu arada Londonda baş verənlərlə eyni vaxtda Stokholm ətrafında immiqrantların yaşadığı şəhərciklərdə kütləvi iğtişaşlar baş qaldırıb. Talanlar İsveç paytaxtının qərbində, guya əlində maçeta hərləyən 69 yaşlı kişinin güllələndiyi Xusbyu rayonundan başlayıb. Bu rayonda əhalinin 80%-i Somali, Türkiyə və Yaxın Şərq ölkələrindən olanlardır. Rayonda yoxsulluq və işsizlik hökm sürür. Uzun illərdir həyat səviyyəsinə görə müxtəlif reytinq və hesabatlarda ilk yerlərdən birində qərarlaşan ölkədə qəflətən gəlmələr arasında ciddi problemlərin olduğu üzə çıxıb. Müxtəlif məlumatlara görə, burada miqrantlar arasında işsizliyin səviyyəsi etnik isveçlilərlə müqayisədə dəfələrlə yüksəkdir, ciddi mənzil problemi var. Bundan başqa, miqrantlar polisin onlara münasibətindən də narazıdırlar - onlar polis əməkdaşları tərəfindən təhqirlərə məruz qaldığını, ksenofob fikirlər eşitməli olduqlarını deyirlər. Siyasətçilər isə miqrantların dediyinə görə, mövcud problemlər haqqında susmağa üstünlük verirlər. Bütün bunlar maraqlı terminlə ifadə olunur - institusional irqçilik. Bu, "alışqanqarışığı" daha təhlükəli həddə gətirir.
Böyük Britaniyanın baş naziri Devid Kemeronun Londonda hərbçinin qətlə yetirilməsini terror adlandırması isə odun üzərinə yağ töküb. Əslində o, haqlıdır. Qısa desək, insan ölümü və ya digər ağır fəsada yol aça biləcək istənilən əməl, hökumətin, beynəlxalq təşkilatın qərar qəbul etməsinə təsir göstərmək məqsədilə gerçəkləşdirən belə hadisə terror adlanır. Li Riqbinin qatilləri isə konkret tələblə çıxış edirlər. Amma belədirsə, Boston marafonu zamanı törədilmiş partlayış nədən terror adlandırılır? Axı onun təşkilatçılarının nə demək istədikləri, nəyə nail olmağa çalışdıqları aydın olmadı.
Amma Bostonda törədilmiş partlayışla Londondakı əsgər qətlini yenə bir cərgəyə qoydular və ona yeni ad da müəyyənləşdirdilər - "primitiv terrorçular". Söhbət məşhur terror şəbəkələrinə daxil olmayan, təkbaşına fəaliyyət göstərənlərdən gedir...
Beləliklə, vəziyyətin tam aydınlaşması mümkün olmadı. Mümkün ola da bilməzdi. Anlayış və terminlər qarışdırılır (məsələn, terrorizm, kütləvi qətl və ya nasizm, ksenofobiya), səbəblər, nəticələr qarışıq düşür (xarici siyasi qərarlar terror təhlükəsilə mübarizəyə kömək edir, yoxsa əksinə), açıq siyasi məqsədlə törədilən terror aktları isə ultrasağçı əhvalı gücləndirir, miqrasiya siyasəti haqqında düşünmək zərurətini ortaya çıxarır.
Bu problemlərin birdəfəlik, ara-sıra təsadüf edilən problem olmasını düşünərək sakitləşməyə dəyməz. Günün-günortaçağı Londonun mərkəzində ət bıçağı ilə qətlin yol aça biləcəyi fəsadlar baxımından heç də avtobus və ya metro stansiyasının partladılmasından az təhlükəli deyil. Britaniya polisi Londonun müsəlmanların yaşadığı rayonlarında mühafizəni gücləndirib. Britaniya hərbçilərinə isə müvəqqəti olaraq ictimai yerlərə forma ilə çıxmamaları tövsiyyə olunub. Amma hərbçi öz ölkəsində hərbi forma geyməkdən ehtiyat edirsə...
MƏSLƏHƏT GÖR: