Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Azərbaycanda əsl tarixi qərar qəbul olunub - işçinin işə qəbulunda kargüzarlıq prosesinin asanlaşdırılması ilə, "mürəkkəb" əmək kitabçaları sadələşdiriləcək.
Azərbaycanda bütün işəgötürənlərə bu ilədək bağlanılmış əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün 2014-cü il iyulun 1-dək vaxt verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, ölkədə yeni sistemin tətbiqinə ən yaxın zamanlarda başlanılacaq. Bu sistemin tətbiqi ilə Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.
"Bütün lazımi proqram təminatları artıq hazırdır. Biz hazırda icra hakimiyyəti orqanları ilə razılaşdırma mərhələsində olan müvafiq qaydaların işlənməsini də başa çatdırmışıq", - deyə nazir qeyd edib: "Bu, bütün sivil dünyada hamı tərəfindən qəbul edilmiş praktikadır ki, onun çərçivəsində əmək kitabçalarının yerini elektron bildirişlər tutacaq". S.Müslümovun sözlərinə görə, işə qəbul və əmək müqavilələrinin hazırlanması zamanı bütün müvafiq informasiya real vaxt rejimində və elektron formada daxil olacaq.
Xatırladaq ki, işçinin işə götürülməsi zamanı elektron sistemin tətbiqi Milli Məclisin Əmək Məcəlləsinə etdiyi müvafiq dəyişikliyin bu ilin fevralında Azərbaycan prezidentinin fərmanı ilə qüvvəyə minməsindən sonra mümkün olub. Dəyişiklikləri şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllədə dəyişiklik vergi nəzarətinin gücləndirilməsinə, işçi sayının düzgün qeydiyyatına, əməkhaqqıya nəzarətlə bağlı məsələlərin tənzimlənməsinə yönəldilib. Əsas yeniliklər isə əmək müqavilələrinin elektron formada bağlanması ilə əlaqədardır. "Bu, İKT ili olan 2013-cü ildə aparılmış işlərin məntiqi nəticəsidir. Nəticədə, işçilərin hüquqları qorunacaq, işəgötürənlər ona əməl etməyə məcbur olacaqlar", - deyə Ə.Hüseynli bildirib.
Bu, necə işləyir?
Beləliklə, əmək müqaviləsinin bağlanması və ləğvinə dair məlumat elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumatlar bazasına daxil edilməlidir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, əmək münasibətləri əmək müqaviləsinin imzalandığı andan deyil, onun elektron sistemdə qeydiyyata alındığı andan başlayır. İşverənlər tərəfindən bildirişin elektron sistemdə qeydiyyata alınmasından sonra bir sutka ərzində onlara müvafiq məlumatlar veriləcək.
Azərbaycanın nəşriyyat evlərindən birinin HR-meneceri Səidə Mahmudova "R+" jurnalına açıqlamasında bildirib ki, onun çalışdığı qurumda işçilərin əmək kitabçalarındakı məlumatların elektron formata keçirilməsi prosesi, demək olar ki, başa çatıb. "Hər halda, bizim idarənin bütün işçilərilə bağlı məlumatlar çoxdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasındadır. İndi bir iş qalır - əmək kitabçalarının zibil qutusuna atılması və şkaflarımızın onlardan təmizlənməsi. Amma düşünürəm ki, sovet dönəminin bu rəmzi işçilərə müvafiq orqan tərəfindən mərkəzləşdirilmiş qaydada təqdim olunacaq. Bu haqda qərar, hələ ki, qəbul edilməyib", - deyə o, bildirib.
Mütəxəssis əmək kitabçalarının sadələşdirilməsi qərarını alqışlayır. O, hesab edir ki, bu, işçilərin işə götürülməsi zamanı kargüzarlıq işlərini xeyli yüngülləşdirəcək: "Əmək kitabçaları ilə iş həmişə çətinlik yaradıb. Onların doldurulmasına xeyli vaxt gedir, kitabçalar çox yer tuturdu. Üstəlik, işçilər iş yerlərini dəyişdikdə mütləq onu köhnə iş yerindən götürməli, yeni iş yerinə təqdim etməli olurdular. İndi işəgötürənlər bu və ya digər işçi haqqında bütün lazımi məlumatı - harada işlədiyi, stajı - 1 gün ərzində bazadan əldə edəcəklər. Maraqlıdır ki, işçilərin özləri də "ASAN xidmət"ə müraciət etməklə, öz elektron "əmək kitabçası" ilə tanış ola biləcək. İşəgötürən yeni işçi qəbul edən zaman yeni əmək müqaviləsi imzalayacaq, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu və ya digər işçinin əmək fəaliyyətinə dair məlumatlar bazasına əlavə olunacaq". Səidə Mahmudova əmək kitabçalarının artıq keçmiş SSRİ ölkələrindən cəmi bir neçəsində qaldığını da xatırladıb.
2012-2013-cü illərdə Vergilər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən, təxminən, 200 min qeyri-leqal əmək fəaliyyətilə məşğul olma faktı aşkarlanıb.
"ƏMƏK KİTABÇASI" HAQQINDA
Əmək kitabçası vətəndaşın iş yerləri haqda məlumatların yer aldığı rəsmi şəxsi sənəddir; o, SSRİ-də daha geniş yayılmışdı və MDB-nin bir çox ölkələrində tətbiq olunur.
Əmək kitabçası şəxsin ilk dəfə işə düzəldiyi anda açılır, onun çalışdığı qurumun kadrlar şöbəsində saxlanılır. Orada işçi haqda şəxsi məlumatlar - doğum tarixi, təhsili, peşəsi və ixtisası yer alır. Bütün dəyişikliklər və işçinin işəgötürənlə münasibətlərinə dair informasiya əmək kitabçasında qeyd olunur və kadrlar şöbəsinin məsul şəxsinin imzası ilə təsdiqlənir. İşdən çıxarılma haqda qeyd vətəndaşın şəxsi imzası ilə təsdiq olunur. Şəxsin işdən azad olunması və ya iş yerini dəyişməsi halında əmək kitabçası ona təhvil verilir, yeni qurumla əmək müqaviləsi imzalandıqda isə həmin təşkilatın kadrlar şöbəsinə təqdim olunur.
Fransada 1749-cu ildən etibarən, işə qəbul zamanı insanlardan əvvəlki iş yerindən verilmiş sənəd tələb olunur. Məqsəd avaralığın qarşısının alınması idi. 1781-ci ildə birdəfəlik sənədi əmək kitabçası əvəz edib. Bu, Böyük Fransa İnqilabı zamanı ləğv olunsa da, 1803-cü ildə - Napoleonun dövründə yenidən tətbiq edilib. 1854-cü ilədək bu sənəd işəgötürəndə qalıb. Həmin il iyunun 22-də qəbul olunmuş qanuna əsasən isə sənəd işçilərə verilib. 1890-cı ildə əmək kitabçasının məcburiyyəti ləğv olunsa da, 1908-ci ilədək istifadədə qalıb.
Danimarkada əmək kitabçalarının tətbiqinə 1832-ci ildə, Almaniyada 1892-ci ildə başlanılıb. Hitler Almaniyasında (1935-1945) tədricən əmək kitabçasının bütün işçilər üçün məcburi olduğu sistemin tətbiqinə başlanılıb. Müharibədən sonrakı ADR-də bu sənəd 1967-ci ilədək işləyib.
İtaliyada əmək kitabçaları 1935-1997-ci illərdə mövcud olub. Sonradan o, əmək informasiya sistemilə əvəzlənib.
Sloveniyada 1990-2009-cu illərdə mövcud olmuş əmək kitabçalarını sonradan Pensiya Fondunun məlumatlar bazası əvəzləyib.
Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyində 2012-ci ildə əmək kitabçalarının ləğvi mümkün hesab olunub. Amma bu, hələ ki, baş verməyib.
MƏSLƏHƏT GÖR: