Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda küçə və prospektlərin dəqiq işarələri, müəssisələrin, yaşayış evlərinin və əmlakın digər obyektlərinin ünvanlarının müəyyən edilməsini tənzimləyən vahid mexanizmin yaradılması zəruriliyi artıq kifayət qədər çoxdan yetişib. Axı, bəzi küçə və prospektlərin hələ də adı yoxdur və ya onların əvvəlki adları indiki tələblərə uyğun deyil. Hələ bununla bağlı tez-tez rast gəlinən faktları demirik. Məsələn, ünvanlarla qarışıqlıq və ya ünvanların adlarının fərqli oxunuşu, bu və ya digər sənədin hazırlanması zamanı və ya mülkiyyət hüququ rəsmiləşdirilərkən son dərəcə mürəkkəb problemlər yaradırdı.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) martın 1-dən Ünvan Reyestri İnformasiya Sistemini (ÜRİS) işə salıb. İlkin mərhələdə sistem Bakının altı rayonunu əhatə edəcək. Cari ilin sonuna qədər ƏMDK əhaliyə göstərilən elektron xidmətlərin sayını 31-ə qədər artırmağı planlaşdırır.
Məlumat bankı
ÜRİS ünvan reyestrinin formalaşdırılması üzrə layihənin bilavasitə reallaşdırılması, Prezident İlham Əliyevin 2012-ci il 10 fevral tarixli "Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na dəyişikliklər edilməsi haqda fərmandan başlayıb.
Ünvan reyestrinin informasiya sisteminin və ünvanların verilməsinin yeni mexanizmlərinin yaradılması prosesinə, tenderdə qalib gəlmiş Cənubi Koreyanın SK C&C Co.LTD şirkəti cəlb olunub. Ünvan reyestri sisteminin yaradılmasına xərci, əsasən, dövlət çəkir və buna 5 mln. manat ayırıb. Lakin layihənin maliyyələşdirilməsində 550 min dollar qrant ayıran Norveç hökuməti də iştirak edir.
Keçən ilin aprel ayından küçə, prospekt, meydan, xiyaban və Bakının digər obyektlərinə verilmiş ünvanlarla, yeni qaydalara uyğun olaraq hazırlanmış lövhəciklərin qurulması işlərinə başlanılıb. Ünvan lövhəciklərinin yeni dizaynı şəhərlərin memarlıq üslubu nəzərə alınmaqla və müasir texnologiyaların tətbiqi ilə hazırlanıb. Növbəti addım Nazirlər Kabinetinin cari ilin 29 yanvar tarixli qərarı oldu. Sənədə əsasən, ÜRİS-in səlahiyyətlərinə nəqliyyat infrastrukturu obyektlərinə kodların verilməsi, küçələrin əvvəli və sonunun, mərkəzinin və bu obyektlərin kəsişməsinin müəyyən edilməsi üzrə bütün aspektlər daxildir.
"Ünvanların verilməsi prosesi yeni qaydalar üzrə gedir və hazırda Bakının 1 235 küçə və prospektinə giriş ünvanları verilib. Sumqayıtda analoji işlər 70 küçədə yekunlaşıb və artıq dəqiq koordinatlar - onların başlanğıcı və sonu müəyyənləşdirilib, həmçinin təsdiq edilmiş adları da qeyd edilib. Bu tədbirlər Gəncədə də başlayıb", - deyə ƏMDK-nın sədri Kərəm Həsənov məlumat verib. İlk mərhələdə bu sistem Bakının Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov və Nizami rayonlarını əhatə edəcək. Lakin Nazirlər Kabinetinin qərarı ilə bir sıra dövlət müəssisələrinə mərkəzləşdirilmiş qaydada ÜRİS sisteminə inteqrasiya olunmaları tapşırılıb. Digər təşkilatlar isə bunu müstəqil şəkildə etməlidirlər. Paytaxt rayonları bütünlüklə ÜRİS-in mexanizmləri ilə tam həcmdə 2015-2016-cı illərdə əhatə olunacaq.
ÜRİS hansı səlahiyyətləri vəd verir? İlk növbədə, bu layihənin sosial əhəmiyyəti az deyil. Mərkəzləşdirilmiş informasiya bazasının yaradılması, ümumilikdə ünvan mexanizminin nizama salınmasında mühüm rol oynayacaq. Həmçinin ünvanların verilməsi və daşınmaz əmlak obyektlərinin idarə olunması prosesi də sadələşəcək.
Xüsusilə, ünvanların reyestri tərtib olunarkən, buraya Gəncənin 489 küçəsi daxil edilib. Bu gün sözügedən şəhərin icra hakimiyyəti, təxminən, daha 220 adsız küçənin olduğunu açıqlayıb. Analoji məsələlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də həll olunur. Daşınmaz əmlak və obyektlərin ünvanları haqda məlumatlardan savayı, reyestrdə obyektin növü və fəaliyyəti, onun sahibi, hazırda və əvvəlki ünvanı, eləcə də digər informasiyalar haqda sistemləşdirilmiş informasiya olacaq. ÜRİS ünvan informasiyasının çatdırılmasını adi istifadəçilərə qədər sadələşdirəcək, eləcə də ölkədə mövcud olan digər elektron reyestrlərlə elektron mübadiləni asanlaşdıracaq. Bununla belə, təxminən, 34 dövlət strukturu, elektron hökumətə qoşulan bələdiyyələr də tez bir zamanda bu sistemin bank məlumatlarından operativ şəkildə istifadə edə bilərlər.
Mütərəqqi yanaşma
ÜRİS sisteminin yaradılmasına paralel olaraq, Azərbaycanda irimiqyaslı layihə - ölkənin kadastr xəritəsinin yaradılması da reallaşdırılır. Kadastr bazası və rəqəmsal kadastr xəritəsinin yaradılması Dünya Bankının Azərbaycanda "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində həyata keçirilir. Artıq 2012-ci ildə yekunlaşmış işlər sırasında - Sumqayıt üçün elektron kadastr məlumat bazası və rəqəmsal xəritələrin yaradılması yer alıb. "Ölkədə "Daşınmaz əmlakın kadastrı və qeydiyyatı" layihəsi reallaşdırılır və yaxın 2,5 ildə Gəncə və Şəkinin kadastr xəritələrinin tərtib olunması işləri yekunlaşacaq. 2015-ci ilin sonuna qədərsə bütün Bakı üzrə vahid ünvan kadastrı bitəcək: bu gün artıq paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonlarında işlər yerinə yetirilib",- deyə ƏMDK rəhbəri Kərəm Həsənov qeyd edib.
Paytaxtın kadastr məlumat bazası və kadastr xəritəsi müasir tələblərə cavab verəcək, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək. Digərləri ilə yanaşı, layihə ilə respublika ərazisinin 2 mln. ha-nın kadastr bazasının yaradılması nəzərdə tutulub. Belə ki, cari ilin əvvəlində respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşıb.
Eyni zamanda ƏMDK-nın aparıcı fəaliyyət trendi - elektron xidmətlər sisteminin tətbiq edilməsi nəzərəçarpacaq dərəcədə vətəndaşların daşınmaz əmlakının özəlləşdirilməsi və qeydiyyat prosedurunu sadələşdirib. Bu məqsədlə ƏMDK-nın təşəbbüsü ilə qurumun mərkəzləşdirilmiş informasiya sistemi (ASDİS) yaradılıb. Bu sistem qəbulun, vətəndaşların müraciətlərinin nəzərdən keçirilməsini və cavablandırılmasının şəffaflığını və operativliyini yüksəldir. Komitənin göstərdiyi, təxminən, 40 xidmətin bu gün 16-sı elektron formata köçürülüb, cari ilin sonuna kimi onların sayı 31-ə qədər artacaq.
Ayrılıqda, innovasiya texnologiyalarının tətbiqi, dövlət komitəsinə ötən il, demək olar ki, 170 min daşınmaz əmlakı qeydiyyatdan keçirməyə imkan verib. Cari ilin mart ayından etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedurlar daha da sadələşəcək və tezləşəcək.
Belə ki, daşınmaz əmlak sahibi və digər onun tərəfindən vəkil edilmiş şəxslərin ərizəsi olduğu halda, daşınmaz əmlakın təsviri və bu əmlak üzərində yüklülüyə dair arayışı (yəni "Forma 1") müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər. Bu prosesə notariat şöbələr, eləcə də dövlət komitəsinin "ASAN xidmət"də fəaliyyət göstərən nümayəndələri cəlb olunacaqlar. Bu hallarda sənədləri ən qısa zamanda əldə etmək mümkün olacaq. Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli fərmanla çıxarışların, mənzil və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar qeydiyyata alınmasına dair texniki pasportların verilməsi xidmətləri də "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Bu sahədə reallaşdırılan islahatlar, artıq bu gün danşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyat müddətini dəfələrlə azaltmağa imkan verir. Müqayisə üçün - 2005-2009-cu illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışı 20-30 gün ərzində almaq mümkün idisə, 2010-2012-ci illərdə 14-18 gün, 2013-cü ildə isə bu prosedur 7 gündən artıq vaxt almırdı. Daşınmaz əmlaka aid digər arayışları isə bir iş günü ərzində almaq olar. Yeri gəlmişkən, məhz, bu sahədə müvəffəqiyyət Azərbaycana "Doing-Business 2014" reytinqində mövqeyini yüksəltməyə imkan verib. Belə ki, Azərbaycan daşınmaz əmlakın operativ qeydiyyatına görə dünyada 13-cü yeri tutur. Ehtimal etmək olar ki, ölkəmiz növbəti hesabatda bu bənd üzrə mövqeyini daha da yaxşılaşdıracaq.
MƏSLƏHƏT GÖR: