Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbaycanda icbari tibbi sığortanın (MTS) tətbiqi mexanizminin hazırlanmasına start verilib. Hökumətin qərarına əsasən, xüsusi işçi qrup yaradılıb. Qrup MTS-in alternativ maliyyələşdirilmə modellərinin öyrənilməsi və müəyyənləşdirilməsilə məşğul olacaq.
Bununla yanaşı, MTS-in tətbiqinin gecikməsinin əsas səbəblərindən biri ("Tibbi sığorta haqqında" qanunun qəbulundan 15 il keçir) səhiyyənin maliyyələşdirilməsi siseminin tamamilə dəyişdirilməsi zərurətidir.
Ekspertlərin fikrincə, MTS-in tətbiqi ilə sığorta bazarı dəfələrlə böyüyəcək, pulsuz, zaman keçdikcə isə daha keyfiyyətli səhiyyə bütün Azərbaycan sakinləri üçün əlçatan olacaq. Bundan başqa, hələlik Səhiyyə Nazirliyi tərəfindən idarə olunan maliyyə axını birbaşa sığorta vərəqələri vasitəsilə tibbi qurumlar arasında bölüşdürüləcək, bu da, öz növbəsində, real rəqabət üçün şərait yaradacaq - özəl və dövlət qurumları yaxşı həkimlər, öncül texnologiyalar uğrunda yarışa başlayacaq.
Ağır problemlər
MTS-in yaxın vaxtlarda tətbiqini əngəlləyən əsas arqumentlərdən biri köhnəlmiş səhiyyə metodologiyasıdır - hazırda ölkədə hər 1000 vətəndaşa 7,6 xəstəxana çarpayısı düşür. Bu, Almaniyada olduğundan 2, Türkiyədəkindən isə 3,5 dəfə artıqdır. Bununla yanaşı, xəstəxana çarpayılarında yüklənmə (26,1%) Avropa İttifaqı (76,9%), Türkiyə (61,9%), Rusiya (86%) və digər ölkələrdə olduğundan qat-qat aşağı səviyyədədir.
MTS-in tətbiqi yolunda daha bir ciddi problem MTS vəsaitinin səhiyyə sisteminə daxil olması ilə sahənin büdcə maliyyələşdirilməsində ixtisar zərurətinin ortaya çıxacağıdır. Lakin bu zaman əməkhaqqı fondundan hesablanan sığorta ödənişinin tarifi yalnız işləyən əhalinin tibbi yardımının maliyyələşdirilməsini təmin edəcək. . Halbuki əhalinin yarısı iqtisadi baxımdan fəal olmayan təbəqəyə aiddir və tibbi yardıma ən çox ehtiyacı olanlar da onlardır. Bu səbəbdən, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin azaldılması zamanı işsiz əhaliyə görə ödənişlərin edilməsilə bağlı problem özünü daha sərt şəkildə göstərəcək. Bu zaman, ilk növbədə, təcili və təxirəsalınmaz tibbi yardım, o cümlədən tibbi yardımın sosial əhəmiyyətli növləri ziyan görəcək. Odur ki, MTS-in tətbiqinin ilkin mərhələsində müəyyən fondun formalaşmasınadək, dövlət büdcəsindən maliyyələşmə əvvəlki səviyyəsində saxlanılmalıdır.
Daha bir məqam: 2008-ci il fevralın 1-dən ölkənin dövlət büdcəsindən maliyyələşən bütün müalicə-profilaktika qurumları əhaliyə yalnız pulsuz xidmət göstərməlidir. Qeyd edək ki, Azərbaycanda Səhiyyə Nazirliyinin bazasında dövlət büdcəsindən maliyyələşən 1734 ambulator poliklinika, 550 xəstəxana, əksəriyyəti stomatoloji kabinetlər olmaqla, 500-dən artıq özəl tibb ocağı fəaliyyət göstərir. Nəzərə alsaq ki, dövlət klinikalarında təsərrüfat hesabı ilə fəaliyyət ləğv edilib, tibbi xidmətlərə görə preyskurant yoxdur, sığorta şirkətləri onları tibbi sığorta sisteminə əlavə edə bilməz.
Belə çıxır ki, bu gün özəl klinikaların dövlət sektorunda heç bir rəqibi yoxdur və onlar sığorta şirkətlərinə öz şərtlərini diktə edə bilərlər. Bundan başqa, sığortaçılar artıq "ağ xalatlılar"ın öz vəzifə borclarına vicdanla yanaşmamasından şikayətçidirlər - bir çox hallarda onlar böyük həcmdə sığorta pulu əldə etmək məqsədilə xəstələri ehtiyac olmadan bir neçə həkimin yanına konsultasiyaya göndərirlər. Bununla əlaqədar olaraq, bütün sığorta şirkətlərinin bəzi tibb ocaqlarına qarşı boykot elan etməsinə dair ideyalar səsləndirilməkdədir.
Amma gələcəkdə bu problemi də kifayət qədər asan şəkildə çözmək mümkün olacaq. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin sözlərinə görə, elektron tibbi sığorta sisteminin tətbiqindən sonra Azərbaycan vətəndaşlarının hər birinin şəxsiyyət vəsiqəsinə onun sağlamlığını özündə əks etdirən çip yerləşdirmək olar. Vətəndaş şəxsiyyət vəsiqəsini və ya sənədin nömrəsini təqdim etdikdə, onun vasitəsilə məlumatlar bazasına daxil olmaq, xəstənin doğum günündən həmin anadək olan epikrizlərinə baxmaq çətin olmayacaq.
Və həll yolları
Bütün bunlarla yanaşı, sığorta bazarı təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, ümumilikdə Azərbaycanın tibbi sığorta bazarında vəziyyət acınacaqlıdır. Bu, bütün şirkətlər üçün ən ziyanlı sığorta növüdür.
Amma bu sahənin perspektivi, o cümlədən ona ehtiyac böyükdür. MTS-in tətbiqi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş vəzifələrdən biridir. Azərbaycanın maliyyə naziri Samir Şərifovun sözlərinə görə, hər il dövlət büdcəsində MTS-in tətbiqinin maliyyələşdirilməsi məqsədilə vəsait nəzərdə tutulur. Amma müvafiq mexanizm olmadığından, həmin vəsait xərclənmədən qalır.
M. Quliyev isə hesab edir ki, MTS-in tətbiqi böyük həcmdə maliyyə vəsaiti tələb edir. Söhbət, ümumilikdə, 1 milyard manatdan artıq vəsaitdən gedir. Bununla yanaşı, vəsaitin hamısı heç də dövlət büdcəsindən ayrılmalı deyil. Büdcədən ayrılmış vəsait əhalinin yalnız sosial müdafiəsi olmayan vətəndaşlara yönəldiləcək - əlillər, işsizlər, pensiyaçılar və s. İşləyən əhalinin sığortalanması üçün isə vəsait iş yerlərindən ayrılacaq, müəyyən məbləğ isə vətəndaşların özlərindən tutulacaq.
M. Quliyevin sözlərinə görə, MTS-in tətbiqindən sonra səhiyyə sahəsində dövlətin üzərinə düşən yük bir qədər azalacaq və o, dövlət büdcəsi, vətəndaş və onun işlədiyi müəssisə arasında bölüşdürüləcək.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov isə bildirir ki, hökumətin işçi qrupu ilə yanaşı, MTS-in müxtəlif modellərinin öyrənilməsilə onun rəhbərlik etdiyi qurum da məşğuldur. ASA xüsusilə bu sahədə Türkiyə və Rusiya modellərini öyrənir. Aparılan araşdırmaların nəticələrinin vaxtaşırı ASA-nın iclaslarında müzakirə edilməsi planlaşdırılır. ASA tərəfindən yayda keçiriləcək illik sığorta forumuna isə Türkiyə, Rusiya və Rumıniyadan bu sahənin ekspertləri dəvət olunacaqlar. Məqsəd onlardan öz ölkələrində MTS-in iş sxemi haqda bilgi almaqdır. Bununla yanaşı, artıq ASA-nın konkret təklifləri də var. Məsələn, ölkədə tibbi sığortanın inkişafının stimullaşdırılması üçün tibbi xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur. Qurumda hesab edirlər ki, bu qərar tibbi xidmətlərin və tibbi sığortanın qiymətinin ucuzlaşmasına imkan verəcək.
Ekspertlərin fikrincə, MTS könüllü tibbi sığortanın inkişafı üçün yaxşı stimul ola bilər. Yəni bu halda kimlərsə MTS paketinə daxil olmayan əlavə paket əldə edə biləcək və bu, könüllü sığorta sisteminə müsbət təsir göstərəcək.
Bunun üçün bütün lazımi şərait var. Əvvəllər Azərbaycanda işçilər üçün tibbi sığorta paketini yalnız xarici şirkətlər tələb edirdisə, indi məsələ yerli şirkətlərdə də aktuallıq qazanmaqdadır. Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR bu sahədə digərləri üçün çox yaxşı nümunə göstərib: şirkət öz klinikasından imtina edərək, işçilərinin tibbi sığortasına keçib.
Beləliklə, Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, MTS-in tətbiqi bu sahədə struktur, investisiya yenidənqurmaları zərurətini meydana çıxarır. Bu, onun fəaliyyətinin iqtisadi və klinik effektivliyini artırmaq, tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün vacibdir.
BƏS, ONLARDA NECƏDİR?
Türkiyə modeli sığortalananın əməkhaqqısının məbləğindən asılı olaraq, aylıq ödənişləri nəzərdə tutur. Özəl fondlarda sığortalanmış vətəndaşlar həm də məcburi sığorta sistemində qeydiyyata düşməlidirlər. Öz istəyinə əsasən, Sosial Müdafiə Fonduna minimum əməkhaqqının 32%-i qədər vəsait köçürən Türkiyə vətəndaşları və əcnəbilərin məcburi sığorta sistemində qeydiyyatdan keçmələrinə ehtiyac qalmır. Nəticədə, hazırda Türkiyədə əhalinin yalnız 3-4%-i tibbi sığortadan kənarda qalıb.
Rusiyada MTS sistemi 2010-cu ildə qəbul olunmuş "Məcburi tibbi sığorta haqqında" Federal Qanunla tənzimlənir. Qanun daim təkmilləşdirilir. 2013-cü ildə klinikalara xidməthaqqının ödənilməsində tam tarifə keçilib. İndi isə Rusiyada MTS sisteminə dərman sığortasının da əlavə olunması təklif edilir. Çünki bu, tibbi ləvazimatların sıravi vətəndaşlar üçün əlçatan olmasının yeganə yoludur.
Avropada uzun illərdir mükəmməl dərman sığortası sistemi işləyir. Məsələn, Fransada apteklərə birbaşa büdcədən kompensasiya ödənilir (bahalı dərmanların qiymətinin 100%-i, adi dərmanların qiymətinin 65, çox vacib olmayan dərmanların dəyərinin 35%-i). Almaniyada dövlətin tibbi sığorta sistemi əhalinin 90%-ni əhatə edir və sığortalanmış vətəndaşların aldığı dərmanların 90%-nə görə kompensasiya ödənilir. Bənzər sistemlər Qərbi Avropanın digər ölkələrində də işləyir. Hətta Şərqi Avropanın rifah halı o qədər də yüksək olmayan ölkələrində Polşada dərmanların 38, Macarıstanda isə 57%-i dövlət tərəfindən kompensasiya olunur.
MƏSLƏHƏT GÖR: