Müəllif: Ayan AXUNDOVA Bakı
Son illər Çin və Cənub-Şərqi Asiyanın digər dövlətləri tərəfindən misin artan idxalı, Azərbaycan üçün əlverişli bazar konyunkturu yaradır. Ölkədə 2009-cu ildən Gədəbəy rayonunda mis yatağı istismar edilir. Eyni zamanda yüksək əlavə dəyər ilə sənaye məhsullarının istehsalının təşkil olunması üzrə bir sıra proqramlar reallaşdırılır. Belə ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Texnoparkında (STP) mis emalı zavodunun açılışında iştirak edib.
Zənciri qurmaq
Sumqayıt Texnoparkının (STP) sənaye obyektlərinin ilk mərhələsinin istismarından 4 ildən artıq vaxt keçib. Həmin vaxtdan şəhərdə ixraca qabiliyyətli yüksək texnologiyalı sənaye sürətli templərlə formalaşır. "Sumqayıt sənaye zonasında yeni sənaye müəssisələrinin tikintisi və burada rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar - ölkənin yeni sənayeləşmə strategiyasının mühüm hissəsidir... Bu cür iqtisadi kursun səmərəliliyi sübut edir ki, artıq bu gün iqtisadiyyatın şaxələndirilmiş qeyri-neft sektoru ölkə ÜDM-in 55%-ni formalaşdırır", - deyə Prezident İlham Əliyev STP ərazisində mis emalı zavodunun açılış mərasimində bildirib.
Yeni müəssisədə mis katod lövhələrin elektroliz üsulu ilə ekoloji cəhətdən təmiz istehsalı təşkil olunacaq. Burada, həmçinin hazır mis məmulatlarının da istehsalı nəzərdə tutulub. Yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir. Mis tullantılarından təkrar istifadə olunan istehsalda ay ərzində, orta hesabla, 500 tona qədər tullantı qəbul edilir. Bundan isə 450 ton anod xammalı əldə olunur. Nəticədə, yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99%-ə malikdir. Mis xammalının emalı və yarımfabrikatların istehsal prosesi tamamilə avtomatlaşdırılıb ki, bu da hazır məhsulun keyfiyyətini təmin edir. Xüsusən, müasir texnologiyanın misin tərkibində oksigenin faizini minimum səviyyəyə gətirməyə imkan verir. Bu da mis naqillərin ötürücülük qabiliyyətini nəzərəçarpacaq dərəcədə yüksəldir.
Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi - STP-də yerləşən kabel zavodlarıdır. Bu müəssisələrin məhsullarına istər daxili, istərsə də dünya bazarında böyük tələbat var. Yeni zavodun işə düşməsi ölkəyə heç də ucuz olmayan mis xammalının idxalından imtina etməyə imkan verir. Bundan başqa, təkrar xammalın istifadəsi ekoloji mühiti yaxşılaşdırır.
Məlumdur ki, Azərbaycanda poladtökmə istehsalı inkişaf edir, Sumqayıt və Gəncədə isə alüminium xammalının emalı və əridilməsi üzrə müəssisə fəaliyyət göstərir.
Müvafiq olaraq qara və alüminium metal qırıntılarının toplanmasının kifayət qədər uğurlu sistemi təşkil edilib. İndi isə mis tullantılarının toplanması və tədarükünə dair analoji sistem yaradılmalıdır: onun əsas mənbələri - "Azərenerji" və "Bakıelektrikşəbəkə" müəssisələri, dəmir yolları nəqliyyatı və Metropolitendir. Misi, həmçinin ATS-in köhnə avadanlıqları və kabellərindən, nəhayət, mis detalları ilə istifadə olunmayan elektrik avadanlıqları ehtiyatlarını çoxsaylı özəlləşdirilmiş müəssisələrin anbarlarında da aşkar etmək olar. Lakin təkcə metal qırıntıları ilə nəyəsə nail olmaq olmaz.
On ildən bir artıq müddətdə yaradılmış və xammal qismində metal qırıntılarından istifadə edən poladtökmə müəssisələri, artıq çoxdan onun çatışmazlığını yaşayırlar. Bu da dəfələrlə ciddi problemlər yaradıb və hətta müəssisənin dayanmasına səbəb olub. Məhz, yerli poladtökmə müəssisələrinin tullantıların asılılığından qarşısını almaq məqsədilə Gəncədə tam istehsal gücü ilə filizdən hazır məhsula kimi güclü metallurgiya kompleksinin yaradılmasına başlanılıb.
Azərbaycanda mis filizi ilə xüsusi bir problem yoxdur. 2009-cu ilin iyun ayından Gədəbəydə mis yatağı istismar olunur və hasil edilən filizin konsentrata çevrilməsi üzrə müəssisə fəaliyyət göstərir. Onun sənaye cəhətdən mənimsənilməsinə 1864-cü ildə başlanılıb: Birinci dünya müharibəsinə qədər Gədəbəydə faydalı qazıntıların - mis, gümüş və qızılın emalı ilə Almaniyanın məşhur "Siemens" şirkəti məşğul olub. Şirkət yarım əsr buradakı yeraltı sərvətlərdən, təxminən, 2 mln. ton mis filizi hasil edib. Qeyd olunanlara əsasən, demək olar ki, bu yataqda mis ehtiyatı gəlirli sənaye istismarı üçün hələ də kifayət edir. Amerikanın "SRK" konsaltinq şirkətinin mütəxəssislərinin qiymətləndirilmələrinə əsasən, Gədəbəy yatağının ehtiyat bazası 49 min ton təmiz mis səviyyəsində dəyərləndirilir.
Bu yatağı istismar edən "Anglo Asian Mining" şirkəti filizin gündəlik hasilat səviyyəsinə və onun konsentratının alınmasına çatıb. Nəticədə, istehsal 250 tondan artıq mislə təmin olunur. Bütün bunların dünya bazarlarında satışı tərəfdaş şirkət - "Glencore International"la birgə reallaşdırılır.
Təqdirəlayiqdir ki, Gədəbəy Azərbaycanda misin çıxarılması planlaşdırılan heç də yeganə yer deyil. Daha böyük ehtiyatlar "Maarif" və "Qoşa" yataqlarında aşkar edilib. Sonuncu Tovuz rayonunda yerləşir və onun potensial ehtiyatlarının proqnozu 5 mln. ton filiz təşkil edir. Mis filizi ehtiyatı nəzərə alınmaqla, Azərbaycan müşahidə olunan gələcəkdə bu qədər mühüm strateji xammalı ixrac edən ölkələr klubuna daxil ola bilər. Bundan başqa, STP-də kabel istehsalı və misdən olan digər hazır məmulatların istehsalı üzrə müasir zavodların olmasını nəzərə alaraq, ölkə xammal deyil, əlavə dəyəri yüksək səviyyədə olan məhsul da ixrac edə bilər.
Tələb olunan metal
Misdən olan məhsulların, xüsusilə də güc kabellərinin tələbatına gəlincə, son illər Çinə və digər inkişaf etməkdə olan Asiya ölkələrində fəallaşan mis idxalçıları, Azərbaycan üçün də son dərəcə əlverişli bazar konyunkturu formalaşdırır. Qlobal iqtisadi böhrandan əvvəlki illərdə misin 1 tonunun birja qiyməti 6-8 min dollar arasında dəyişirdi. Dünya üzrə azalma müqavilələri 2-3 dəfə ucuzlaşdırdı və 2008-ci ilin sonunda qiymət 3 min dollardan aşağı düşdü. Hərçənd iqtisadçılar misi əbəs yerə "böhran əleyhinə metal" adlandırmayıblar - ona olan sabit tələbata artıq birinci on il deyil ki, elektronika, energetika, rabitə sferası və digər gur inkişaf edən sahələrə olan tələbat kömək edir. Və ötən il bu metala olan tələbatın bir qədər azalmasına baxmayaraq, cari ilin fevral ayında misin bir tonunun qiyməti Londonun LME metal birjasında 7,1 min dollar həddində qeydə alınmışdı.
Qeyd edilənlərə əsasən, misə olan sonrakı qlobal tələbatın düşməsindən də çəkinmək olar. İnvestisiya qrupu "Money Morning"in mütəxəssislərinin fikrincə, Çin xammal məhsullarını dollar əvəzinə bir növ yeni dünya valyutası, beynəlxalq transaksiyalar yerinə yetirilən zaman yeni hesablama vasitəsi etməyə çalışır. Bu halda əsas rolu qızıl deyil, demək olar ki, tətbiqi və potensial ehtiyatları müqayisə edilməz dərəcədə yüksək olan mis oynayacaq. Hələ bir il bundan qabaq Çin bildirmişdi ki, 250 min ton strateji mis ehiyatına malikdir ki, bunun da dəyəri 1,3 mlrd. dollar təşkil edir. Lakin qeyri-rəsmi mənbələr rəqəmin dörd dəfə artıq olduğunu iddia edir.
Dünya bazarında tələbatın artacağına dair daha bir dəlil - Çin və regionun digər dinamik inkişaf edən dövlətlərinin energetika və nəqliyyat sahələrinin artan tələbatı ilə bağlıdır. Beynəlxalq Energetika Agentliyinin proqnozlarına görə, 2030-cu ilə qədər elektrik enerjisinə dünya tələbatının artımı ildə 2,5% yüksələcək. Dünyada mütəmadi olaraq elektrik enerjisinə olan tələbatı ödəmək üçün, min kilometrlərlə mis kabel lazım olacaq. Misə olan gələcək tələbatı təmin edən ikinci mühüm faktor, avtomobil istehsalıdır. Bu gün orta sinifli ən adi avtomobildə 22,5 kq mis var, premium-sinifli avtomobil üçün təkcə mis naqillərinin uzunluğu yarım km-dən artıq olur. İstehsalı hər il artan yeni nəsil avtomobillərdə (elektrik mühərrikli və ya hibrid) misin miqdarı daha da çoxdur - 40 kq-a qədər. Yeni nəsil yüksəksürətli qatarlarda isə 2 tondan 4 tona qədər mis olduğu təqdirdə, adi elektrovozlarda onun miqdarı 1 tondan 2 tona qədər təşkil edir.
Bütün bunlar, ümumilikdə, mis emal edən müəssisələrin məhsullarının davamlı ixracı üçün Azərbaycanın qarşısında geniş imkanlar açır.
MƏSLƏHƏT GÖR: