Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
İri neft və qaz ehtiyatlarına malik ölkələrə dünya bazarlarına çıxış imkanlarına sahib olmaq son dərəcədə vacibdir. Bu mənada, Dünya okeanına çıxışa malik ölkələrin daha çox bəxti gətirib. Azərbaycan dünya bazarlarına çıxış məsələsində imkanlara malik olsa da, ölkəmizin Fars körfəzi və ya Norveç, Böyük Britaniya, Rusiya, Meksika, Venesuelatək ölkələr kimi bəxti gətirməyib.
Lakin bu məsələ Azərbaycanın neft-qaz yataqlarının istismarı yolunda maneə olmadı. Qısa zaman kəsiyində Azərbaycan neftini və qazını dünya bazarlarına çatdırılmalı olan bir neçə ixrac boru kəmərləri hazırlanıb və istismara verilib: - Bakı - Novorossiysk, Bakı - Supsa, Bakı - Tiflis - Ceyhan, Bakı - Tiflis - Ərzurum. Hazırda Trans-Anadolu və Trans-Adriatik qaz boru layihələri işlənmə mərhələsindədir. Məhz, boru kəmərlərinin çoxşaxəliliyi Azərbaycana enerji təhlükəsizliyini və öz enerji resurslarının dünya bazarlarına daha sərfəli və təhlükəsiz çatdırılması imkanını təmin edir.
Bununla əlaqədar, Azərbaycan neftinin Bakı-Novorossiysk neft borusu vasitəsilə nəqli ilə bağlı yeni sazişin imzalanması vacib addım oldu.
"Hər bir ölkə neft daşınması marşrutlarını diversifikasiya etməyə çalışır. Bu nöqteyi-nəzərdən Azərbaycan neftinin Bakı - Novorossiysk vasitəsilə daşınmasının bərpa olunması Azərbaycanın maraqlarına uyğundur", - deyə energetika naziri Natiq Əliyev bildirib.
Bununla da, Azərbaycan neftinin Bakı-Novorossiysk vasitəsilə nəql olunmasına dair sazişin denonsasiya edilməsindən heç bir il keçmədi ki, tərəflər yeni saziş bağlamağı bacardılar. Fiziki olaraq isə, boru kəməri bir gün də işsiz dayanmırdı.
Məsələnin tarixi 2013-cü ilin mayında Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyevin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəql edilməsinə dair sazişinin yerinə yetirilməsi haqda sərəncam imzalamasından başlanılıb. Müvafiq saziş 1996-cı ildən qüvvədə idi və bir ton neftin daşınmasına görə 15, 67 dollar tarifi ilə ildə 5 mln. ton neftin nəqlini nəzərdə tuturdu. Azərbaycan isə son dövrlər tranzitin həcmini ildə 2 mln. tonla təmin edirdi. Neftin daşınması ilə məşğul olan Rusiyanın "Transneft" şirkətinin rəsmi şəxslərinin bildirdiyinə görə, müvafiq tarif marşrutun gəlirliyini heç cür təmin etmirdi.
Hökumətlərarası saziş qüvvəsini 14 fevralda itirdi. Rusiya şirkəti tariflərin neftin daşınması həcmindən asılı olaraq qradasiyasını nəzərdə tutan yeni sazişin öz variantlarını təklif edib. Məsələn, ildə 5 mln. ton neftin daşınması şərti ilə bir ton neftin daşınmasına görə 12 dollardan başlayaraq, ildə 2 mln. ton neftin daşınması şərti ilə bir ton neftin daşınmasına görə 20-22 dollara qədər şəkildə versiyalar mövcud idi.
Bu şərtlər Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) razı salmırdı və zəif keçən danışıqlarda irəliləyişin olacağını vəd etmirdi. SOCAR da fevralın ortasında öz neftinin Bakı - Tiflis - Ceyhan marşrutu ilə ixrac etməsi planları haqda məlumat yaydı. "Transneft" isə Bakı - Novorossiysk neft borusunun Azərbaycan-Rusiya sərhədindən Mahaçqalayadək olan hissəsinin konservasiyasına başladı.
Lakin hər iki tərəf mümkün itkilərin və Bakı-Novorossiysk marşrutunun bağlanmasının mənfi amillərini hesablayaraq, qısa müddət ərzində yeni razılıq əldə etməyə nail oldular.
"R+"a SOCAR-dan bildiriblər ki, yeni sazişin şərtlərinə əsasən, neftin daşınmasında tarif - bir ton neftin daşınması, təxminən, 16,2 dollar təşkil edəcək. "Müvafiq saziş 2015-ci ilin əvvəllərinədək imzalanacaq. Əvvəlki hökumətlərarası saziş çərçivəsində biz onsuz da hər il "Transneft" ilə neft nəqlinin mexanizmləri və həcmlərini razılaşdırır və texniki saziş imzalayırdıq. İndiki variantda yeni saziş tarif əlavə edilməklə, texniki sazişin parametrlərini təkrarlayır", - deyə SOCAR-dan bildiriblər.
Bu il üçün Dövlət Neft Şirkəti şimal marşrutu üzrə 1 mln. ton neft nəql etməyi planlaşdırır. Bununla belə, yeni sazişə baxmayaraq, SOCAR BTC vasitəsilə neftin nəqli ilə bağlı əvvəlcədən açıqladığı planlarından imtina etmək niyyətində deyil. "Biz bu marşrutu da işlədəcəyik və gələn il Ceyhana, təxminən, 0,5 mln. ton neft nəql etməyi planlaşdırırıq", - deyə şirkətdən bildiriblər. Yükləmənin şərtlərindən, Qazaxıstan və Türkmənistan neftinin tranzitini nəzərə almaqla, BTC-də ehtiyat həcmlərdən asılı olaraq SOCAR Bakı-Novorossiysk vasitəsilə neftin nəqlini artıra bilər.
Bununla yanaşı, yeni saziş Novorossiysk dəniz limanında Azərbaycan neftinin keyfiyyətinin saxlanılmasını nəzərdə tutmur. Orada Azərbaycan nefti daha çox sulfidə malik olan Rusiya və Qazaxıstan nefti ilə qarışan və təmiz şəkildə satılan Azərbaycan neftindən fərqli olaraq, bir barelə görə 4-5 dollar "Urals" markası altında ucuz qiymətə satılır. SOCAR-da bunu anlayışla qarşılayırlar və qeyd edirlər ki, ildə 1-2 mln. ton neft həcmi şərtlərində keyfiyyət bankı barədə danışmaq yersizdir. Lakin yeni saziş Azərbaycana üçüncü ölkələrin, xüsusi ilə Qazaxıstanın neftini Bakı-Novorossiysk marşrutu ilə nəql etmək hüququ verdi. Halbuki standart şəraitdə SOCAR çətin ki, bu imkandan yararlana bilər. Çünki Qazaxıstan özü tankerlər vasitəsilə neftini Mahaçqalaya qədər gətirir, oradan isə həmin marşrut ilə Novorossiyskə nəql edir. Amma Qazaxıstan neftinin Ceyhana tranzitinin başlamasını nəzərə almaqla, fors-major vəziyyətlərdə Bakı-Novorossiysk variantını da istifadə etmək mümkün olacaq, çünki Qazaxıstanın BTC vasitəsilə tranzit həcmləri heç də kiçik olmayacaq - 2014-cü il üçün 4,5 mln. ton həddində nəzərdə tutulub.
"Biz sazişi imzalamışıq və ona əsasən, bu il "Tengiz" yatağından Bakı - Tiflis - Ceyhan boru kəməri vasitəsilə 4,5 mln. ton neft nəql olunacaq. Yəni bu il Qazaxıstan neftinin nəql edilməsi ilə bağlı yüksəliş müşahidə olunacaq", - deyə bu yaxınlarda Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev bildirib.
Bütün parametrlərinə görə yeni saziş SOCAR-a sərfəlidir. Şirkət praktiki olaraq tarifi əvvəlki həcmlərə tranzit olunan nefti əlavə etmədən rəqabətə kifayət qədər davamlı səviyyədə saxlamağı bacarıb. Yuxarıda da qeyd olunduğu kimi, Bakı - Novorossiysk enerji marşrutlarının diversifikasiyasının təmin edilməsində vacib rolunu oynayır, çünki Azərbaycandan gedən digər boru kəmərləri Gürcüstan ərazisindən keçir. 2008-ci ilin avqustunu xatırlamaq kifayətdir. Gürcüstanda məlum olan hadisələrə görə, Bakı - Novorossiysk Azərbaycanın neftini ixrac etməsi üçün yeganə çıxışı idi.
"Transneft" üçün də bu boru kəmərini işlək vəziyyətdə saxlamaq sərfəlidir. Rusiya boru kəməri monopoliyasında hazırlanan kəmərin bir hissəsinin konservasiyası, kəmərin indiki vəziyyətdə saxlanılması üçün müəyyən vəsait tələb edirdi. Və təbii ki, bu vəsait də geri qayıtmazdı. Bundan əlavə, istismar olunmayan vəziyyətdə boru kəməri daha çox köhnəlməyə meyillidir və konservasiyadan çıxarılması daha çox vəsaitlərin xərcləməsinə gətirib çıxaracaq. Axı, indiyə kimi boru kəmərinin Bakı istiqamətində revers istifadəsi variantı istisna edilmirdi. Bu haqda ötən il SOCAR və "Rosneft"in rəhbərləri də danışırdılar. Ölkə daxilində neft məhsullarına artan tələbatı, yeni iri neft-emalı kompleksinin tikintisini nəzərə almaqla deyə bilərik ki, revers variantın şansları artacaq.
Bu vəziyyətdə sərfəli variant Azərbaycan neftinin kiçik həcmlərinin cəlb edilməsinə baxmayaraq, boru kəmərinin işlək vəziyyətdə saxlamaq idi. Hər il neftin daşınması ilə bağlı yeni saziş imzalamaqla, neft və neft məhsullarının həm dünya, həm də daxili bazarının konyunkturunun bütün incəliklərini nəzərə almaq olacaq.
Ən əsası isə, Bakı-Novorossiysk boru kəməri Azərbaycanın enerji marşrutlarının ümumi diversifikasiya strategiyasında öz rolunu qoruyacaq.
MƏSLƏHƏT GÖR: