14 Mart 2025

Cümə, 21:39

ƏYRİ GÜZGÜ

Amerikanın "müstəsna"lığı haqda bir neçə kəlmə

Müəllif:

04.03.2014

ABŞ hökuməti yenə qayğılıdır. Dövlət Departamentini həmişə olduğu kimi, yenə də dünyada, o cümlədən Azərbaycanda insan haqları ilə bağlı vəziyyət narahat edir. Amerikalıların məsələ ilə bağlı mövqeyi Dövlət Departamentinin ötən həftə açıqlanmış növbəti illik məruzəsində yer alıb. Sənədin Azərbaycana aid bölməsində ölkəmizdə insan haqlarının təmini sahəsində ciddi problemlərin olmasından danışılır.

Bakı isə yumşaq desək, amerikalı həmkarlarının mövqeyini o qədər də bölüşmür. "ABŞ həmişə olduğu kimi, bu hesabatında da ölkəmizdə cərəyan edən proseslərə qərəzli münasibətini ortaya qoyub", - deyə Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.

N. Məmmədov ABŞ-ın Azərbaycanla bağlı siyasətində eyni halın Dağlıq Qarabağ münaqişəsinə yanaşmada da hiss olunduğunu bildirir. O, buna misal kimi Vaşinqtonun Xocalı soyqırımına qiymət vermək istəməməsini göstərib: "Dövlət Departamentinin rəsmisi xanım Psaki jurnalistlərin Xocalı soyqırımına dair sualına əhəmiyyət verməyib. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar isə vasitəçi ölkənin Ermənistanı nədən işğalçı kimi tanımadığına dair sualı belə cavablandırıb: "Biz təhqirə yol verə bilmərik. Biz nə Ermənistanı, nə də Azərbaycanı işğalçı adlandıra bilərik. Çünki bu, vasitəçilik missiyamızı mümkünsüz  edər". Vaşinqtonun Qarabağ məsələsində mövqeyi belədir. Odur ki, Vaşinqtonun bu qeyri-obyektiv mövqeyinə vərdiş etmişik. Son hesabat da onlardan biridir".

N. Məmmədov bu gün 50-dən artıq ölkədə qeyri-sabitliyin hökm sürdüyünü, 10 ölkənin isə müharibə və xaos içərisində olduğunu xatırladıb: "Bu proseslər özbaşına baş vermir və onların hər birində kənar müdaxilə müşahidə olunur".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ hökuməti Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı qanuna edilmiş dəyişikliklə bağlı narazılığını bildirmişdi. Bu narazılığı ABŞ-ın ATƏT-dəki səfiri Daniel Ber qurumun Daimi Şurasının Vyanada keçirilən toplantısında ifadə etmişdi.

Vaşinqtonda hesab edirlər ki, qanun QHT-lərin maliyyələşdirilməsi məsələsini daha da məhdudlaşdıracaq. Xatırladaq ki, yeni qanun ötən ilin sonunda parlament tərəfindən qəbul edilib və prezident tərəfindən təsdiqlənib. Ber bildirib ki, sənədə edilmiş dəyişikliklər azad, müstəqil vətəndaş cəmiyyəti üçün məkanı daha da məhdudlaşdırıb, bu isə Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə ziddir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə QHT haqda qanuna dəyişikliklərin Avropa İnsan Haqları Konvensiyası əsasında, Azərbaycan Konstitusiyasına uyğun, o cümlədən ölkənin ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərini pozmadan hazırlandığını bildirib. Əlavə və dəyişikliklər QHT təmsilçiləri vasitəsilə geniş ictimaiyyətin müzakirəsinə çıxarılıb, Milli Məclisin, Ədliyyə Nazirliyinin və beynəlxalq təşkilatların müzakirəsinə verilib. E. Abdullayev əlavə və dəyişikliklərdə əsas məqsədin QHT-lərin fəaliyyətində, xüsusilə maliyyələşdirilməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması, QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən qurum kimi, rolunun artırılması olduğunu söyləyib. XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi bu təşkilatların fəaliyyətində şəffaflığı artırıb, hüquqi bazanı möhkəmləndirib. ABŞ-ın məsələyə münasibətində isə qərəzli münasibət və siyasi təzyiq cəhdləri hiss olunmaqdadır.

Azərbaycanın bu iki məsələyə reaksiyası göstərir ki, Bakı ölkənin daxili işlərinə mütəmadi şəkildə davam edən müdaxilədən məmnun deyil. Bəs, ABŞ-ın özündə insan haqları sahəsindəki vəziyyətin ürəkaçan olmadığı halda, Vaşinqtonun bu cür davranışa hüquqi və mənəvi haqqı çatırmı? 

 

Loqan "tıxac"ı"

Prezident Barak Obama günlərin birində ABŞ-ı müstəsna dövlət adlandırıb. Amma o, əlbəttə ki, diplomatik toxunulmazlığı olmayan adi amerikalılara başqa ölkələrin dövlət strukturları ilə təmasa girməyə icazə verilməməsini nəzərdə tutmayıb. Amerika prezidentinin "tıxac"ı var. O, "bu tıxac"la xarici vətəndaşla ünsiyyət zamanı "ədəbsizliyə" yol verən istənilən ABŞ vətəndaşının ağzını yuma bilər. Bu "tıxac" "Loqan qanunu"dur. Hələ 1799-cu ildə qəbul olunmuş bu qanun Amerika vətəndaşlarının digər dövlətlərin rəsmilərilə müstəqil şəkildə "xarici siyasi münasibətlərə" girməsini qadağan edir. Qanuna əsasən, bu əməl cinayət məsuliyyətini nəzərdə tutur və belə hala yol vermiş vətəndaş 10 ilədək azadlıqdan məhrum oluna bilər. Üstəlik, bir ABŞ vətəndaşının bu cəzanı alması üçün heç də onun düşmən dövlətə sirr verməsi, müharibə zamanı ona yardım etməsi lazım deyil: hər hansı məmurla icazəsiz ünsiyyət kifayətdir.

"Loqan qanunu" kifayət qədər önləyici amildir. Məsələn, 2013-cü ilin yayında məşhur amerikalı ictimai xadim, nikahların dəstəklənməsi üzrə NOM (National Organization for Marriage) qeyri-hökumət təşkilatının həmtəsisçisi Brayan Braun Rusiyaya səfər etmişdi. Səfər zamanı o, Rusiya Dövlət Dumasında rusiyalı deputatların uşaqların və ailələrin müdafiəsi təşəbbüsünə dəstək çıxışı da etmişdi. Braunun çıxışında ABŞ-ın ünvanına zərrə qədər də olsun, tənqid yox idi. Buna baxmayaraq, Amerika Braunun çıxışını satqınlıq kimi qiymətləndirdi. ABŞ prezidentinin sabiq siyasi müşaviri və məsləhətçisi Fred  Karqer isə Braunu "Loqan qanunu"nu pozmaqda ittiham etdi.

Daha bir maraqlı məqam. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı 180 ölkədə söz azadlığı sahəsindəki vəziyyətlə bağlı  monitorinq aparıb və ABŞ bu siyahıda... yalnız 46-cı yeri tutub. Sən demə, Birləşmiş Ştatların vətəndaşları üçün fikirlərini açıq şəkildə söyləmələri Yamayka, Kosta-Rika, Namibiya, Qana, CAR, Salvador və s. ölkə vətəndaşları ilə müqayisədə daha çətin imiş. Hesabat müəllifləri bildirir ki, "demokratiyası ilə, qanunun aliliyilə öyünən dövlət, əslində, bu sahədə nümunə olmaqdan çox uzaqdır. Burada söz azadlığı tez-tez milli təhlükəsizliklə bağlı həddindən artıq geniş və sərt anlayışın qurbanına çevrilir".

"Sərhədsiz reportyorlar" təşkilatı bildirir ki, Obama administrasiyası informasiya sızdıran şəxslərə qarşı daha sərt tədbirlər görür - 5 il ərzində Ədliyyə Nazirliyi ABŞ-ın istənilən digər prezidentinin dövrü ilə müqayisədə daha çox cinayət iddiası qaldırıb. 

 

"Dürüst olmaq lazımdır" 

Əlbəttə ki, "Sərhədsiz reportyorlar"ın hesabatı hökm və Allahın qanunu deyil. Bu təşkilatı bir çox mütəxəssislər qeyri-şəffaflıqda, qərəzdə ittiham edir. Söhbət başqa məqamdan gedir: söz azadlığına əməl edən dövlətlərin sırasında, hətta ilk 30 ölkə arasına düşə bilməyən ABŞ hansı haqla digər ölkələrdəki vəziyyətdən narazılıq ifadə edir?

ABŞ-da jurnalistlərə basqı ilə bağlı  faktlar da az deyil. Bu sahədə kifayət qədər uzun siyahıdan və adlardan yalnız ən maraqlılarını   təqdim edirik: məhkəmə qərarına əsasən, "The New York Times" qəzetinin müxbiri Ceyms Rayzen MKİ-nin sabiq əməkdaşı Ceffri Sterlinqin əleyhinə ifadə verməlidir. Sterlinq qəzetə ABŞ-ın İranın nüvə proqramına qarşı olan məxfi əməliyyatı haqda informasiya ötürməkdə günahlandırılır.

Müstəqil  jurnalist Barret Braunun həbsini də xatırlatmamaq olmaz. O, həm də "kölgə MKİ"si adlandırılan Statfor analitik-kəşfiyyat təşkilatının məlumatlarını yayımlayıb.

Daha bir son dərəcə maraqlı məqam ABŞ xüsusi xidmət orqanlarının ölkənin iri şəhərlərində heç bir məhkəmə qərarı olmadan "Associated Press" (AP) agentliyi ofislərindəki söhbətləri dinləməsidir.

Xüsusi xidmət orqanlarının bu tipli təzyiqləri 11 sentyabr  terrorundan sonra artıb. Həmin hadisədən sonra ölkədə Vətənpərvərlik aktı (USA Patriotic Act) (2001), Terrorçulara nəzarət aktı (Terrorist Surveillance Act) (2006) və Amerikanın müdafiəsi aktı (Protect America Act) (2007) kimi qanunlar qəbul olunub.  Hökumət bu qanunların köməyilə öz vətəndaşlarının azadlığı ilə istədiyi  formada manipulyasiya etmək imkanı qazanıb.

Bu,  dünyaya demokratiya dərsi keçən ölkədə söz azadlığı və QHT-lərlə bağlı vəziyyəti göstərən yalnız bir neçə nümunədir.

"ABŞ Dövlət Departamentinin məruzəsində ölkənin özündə insan haqları ilə bağlı problemlərdən danışılmır", - dünyada insan haqlarına dair Çində hazırlanmış məruzədə belə bildirilir. Sənəddə o da qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin internetdən, PRISM telefon şəbəkələrindən məlumat yığması "insan haqlarının kobud şəkildə pozulmasıdır".

Çin indiyədək ABŞ-da insan haqları ilə bağlı vəziyyəti ən müxtəlif platformalarda müzakirəyə çıxarmağa cəhdlər etsə də, Dövlət Departamenti hər dəfə bunu "ölkənin daxili siyasətinə müdaxilə" kimi qiymətləndirib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Syuzan Rays isə açıq şəkildə deyir: "Söhbət milli təhlükəsizliklə bağlı məsələlərdən gedirsə, ABŞ insan haqlarını da, demokratiyanın baza prinsiplərini də poza bilər. Dürüst olmaq lazımdır"... Göründüyü kimi, şərhə ehtiyac yoxdur...



MƏSLƏHƏT GÖR:

620