
ƏDALƏTSİZLİK FƏRYADI
Dünyaca məşhur fotorəssam Rza DEQATİNİN "R+" jurnalına müsahibəsi
Müəllif: Vəfa ZEYNALOVA Bakı
Məşhur fotorəssam, dünya vətəndaşı Rza Deqatinin obyektivi sonradan bəşəriyyət üçün açıq nəsihət rolu oynayacaq şəkillərin çəkilməsinə tuşlanıb. Onun bəzi fotoları dünya ictimaiyyətini sarsıtmış hadisələrin rəmzinə çevrilib. Onun fotolarından insanlara dünyanın ən müxtəlif nöqtələrindən iztirab, ağrı boylanır. Bu, müharibələrin, inqilabların episentrində olan insanların taleyinin əks olunduğu əsl fotoincilərdir. Əvəz olunması mümkün olmayan itkilər - doğmalarını, yaxınlarını, Vətənini, evini itirmişşəxslərin faciəsini göstərən simalar, gözlər/... Adi həyatdan qopmuş insanlar... Rza Deqati üçün onların hansı millətdən olmasının, dərisinin rənginin heç bir fərqi yoxdur. O, çəkir ki, sonradan lentə aldığı fotolar dünyadakı bütün ədalətsizliklərin şahidinə çevrilsin. Rza dünyanın müxtəlif bölgələrində az qala bütün münaqişələrin görüntülərini lentə alıb. Onun fotolarını "Taym", "National Geographic" jurnalları dərc edir. Rzanın müəllifi olduğu fotolar "Masud. Ruslardan taliblərə. Əfqan müqavimətinin 20 ili", "Qalileydə sülh. Beyrut", "Kürdlər. Yandırılmış mahnılar", "Buddanın fırçası" kimi albomlarda da yer alıb.
Bu yaxınlarda Rza Deqati Bakıda olub. Onunla söhbətləşmək imkanını əldən vermədik.
- Bakıya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsüçərçivəsində təşkil olunmuş "Yer kürəsi uşaqların gözü ilə" şüarı altında keçirilən Gənclərin beynəlxalq fotofestivalında iştirak etmək üçün gəlmisiniz. Fikrinizcə, uşaqlar bu dünyanı necə görürlər? Yer kürəsinin gələcək nəsli necə olacaq?
- Təəssüratım çox böyükdür. Bu festivalın keçirilməsi ideyası isə bu gün üçün çox qiymətlidir. Müsabiqənin mövzusu "Mən təbiəti sevirəm" idi. Dünyada daim üç yüzədək fotosərgi və fotofestival keçirilir. Amma bu, uşaqların iştirakı ilə təşkil etdiyimiz ilk festival idi. Orada ümumilikdə dünyanın 91 ölkəsindən 1200 uşaq iştirak edirdi. Biz təqdim olunan işlərin arasından ən yaxşı 100 fotonu seçdik və childreneyesonearth.org. saytında yerləşdirdik. İstənilən şəxs bu sayta baş çəkməklə həmin fotolarla tanış ola bilər. Yaxşı işlərin sayı həddindən artıq çox idi və bu, bizə seçim etməkdə çətinlik yaradırdı. İlk yeri Rusiyadan, Sankt-Peterburq şəhərindən olan 8 yaşlı Anastasiya Vorobko tutdu. Bu festivalın təşkilində iki məqsəd var. Bir tərəfdən o, uşaqları fotolara cəlb edir. Bu dövrdə uşaqları nəyəsə cəlb etmək çox çətindir. Məsələn, indi ekologiya haqda düşünmək kimi maraqlandırır? Amma uşağa desən ki, "ekologiya mövzusunda foto çəkməlisən", bu, onu lazımi kadr axtarmağa, təbiətlə tanış olmağa məcbur edəcək. Hələ 10 il əvvəl insan yaxşı fotoqraf olmaq üçün 30-35 yaşa çatmalı idi. Lakin texniki inkişaf, informasiya bolluğu, İnternet uşaqların da diqqətliliyini artırıb, onlar yaxşı fotolarla tanış olurlar. İndi insan 12 yaşında da, 15 yaşında da yaxşı fotoqraf ola bilər.
İkinci məsələ bu mövzunu böyüklərə uşaqların gözü ilə göstərmək, onların uşaqları narahat edən məsələlərə daha diqqətlə yanaşmasına yol açmaqdır. Uşaqlara dünyanı daha həssaslıqla hiss etmək xüsusiyyəti xasdır.
Bundan başqa, daha bir məqam da var. Festivalda dünyanın müxtəlif ölkələrindən xeyli sayda uşaq var idi. Biz onların hamısına Azərbaycanı göstərdik, onlar bu ölkənin adını eşitdilər, tanıdılar. Azərbaycandan da iki iştirakçı var idi. Təəssüf ki, onlardan heç biri qalib gələ bilmədi. Amma bu layihə hələ birinci ildir reallaşdırılır. KİV-də, orta məktəblərdə fəal iş aparılmalıdır ki, azərbaycanlı uşaqlar bu festivaldan xəbər tutsun, orada iştirak etsin və qalib gəlsinlər.
- Amma digər tərəfdən texniki inkişaf fotonu o qədər adiləşdirib ki, "qüdrətli" rəqəmsal fotoaparata malik olan hər kəs özünü peşəkar fotoqraf saya bilər. Bu məsələyə münasibətiniz necədir və onun müsbət və mənfi tərəfləri nədən ibarətdir?
- Məgər, insanın yazdığı qələmin qiyməti onun yazdıqlarının dəyərini dəyişir? Savadsız bir adama son dərəcə bahalı qələm verə və ondan şeir yazmasını istəyə bilərəm. Amma bu, onun şeir yaza biləcəyi anlamına gəlmir. Nizami şeirlərini daş parçası ilə yazsaydı belə, onlar olduğundan pis alınmayacaqdı. Fotoaparat da belədir. Mən fotoaparat üzərimdə olmadıqda telefondan istifadə etməklə də məqsədimə nail oluram. Amma insanlar fotoaparatdan nə qədər çox istifadə edirlərsə, bu, o qədər yaxşıdır. İndi dünya inkişafın elə mərhələsindədir ki, fotoaparatlar çoxdur və onları əldə etmək asandır. Çünki foto yeni dil, yeni dünya, insanın söyləmək istədiklərini çatdırdığı yeni vasitədir.
- Son reportajlarınız inqilablar dalğasının yeni səngidiyi ərəb dünyasındandır. Hazırda ərəb dünyasında baş verənlərə necə yanaşırsınız? Bu, nədir? Fövqəldövlətlərin maraqları uğrunda apardıqları oyun, yoxsa tarixi zərurət?
- Hər ikisi. İlk növbədə, bütün bu inqilablar tarixi zərurət gücündən baş verir. Lakin bir çox ölkələr, Avropa və ABŞ bu proseslərə müdaxilə edərək öz paylarını qoparmağa çalışırlar. Bu dəyişiklikləri insanların özləri istədilər. İyirmi il, əlli il, yüz il keçəcək, onlar nəyin daha yaxşı olduğunu anlayacaqlar.
- Müsahibələrinizdən birində dünyadakı bütün ədalətsizliklərin carçısı olmaq istədiyinizi söyləmişdiniz. Qışqıra bildinizmi? Sizi eşidən oldumu?
- Bu suala özüm cavab verə bilmərəm. "National Geographic" jurnalında mənim fotolarımı 600 min insan görür. Fotolarımın onlara hansı təsiri göstərdiyini deyə bilmərəm. Amma bəzən mənə yaxınlaşan insanlar fotolarımın onların həyatını dəyişdirdiyini söyləyirlər.
- Əl işlərinizin Luvr muzeyi kimi tarixi və mədəni baxımdan önəmli yerdə sərgiləndiyini bilmək necə hissdir?
- Mənim üçün fotolarımın harada sərgilənməsinin əhəmiyyəti yoxdur. Fotolarımı, hətta Əfqanıstandakı kənddə də nümayiş etdirmişəm. Əfqanıstanın milli qəhrəmanı olan Əhmədşah Masudla çox işləmişəm. Əfqanıstanın Pancşir kəndində şəkil çəkirdim. O, soruşdu: "Bu fotoları niyə çəkirsən? Bu kəndlilər onları onsuz da görməyəcəklər". Mən isə ona dedim ki, "görəcəklər!" Masud 2001-ci ildə qətlə yetirildi. Amma mən ona verdiyim vədi unutmamışdım. 2008-ci ildə yenidən həmin kəndə yollandım. Oraya özümlə Kabildə çərçivəyə salınmış 50 foto aparmışdım. Kəndin hər tərəfindən insanlar şəkillərə baxmağa axışırdı. Açığı bu, mənim üçün Luvrdakı sərgidən daha önəmlidir.
- Dünyanın qaynar nöqtələrində işləyən fotoqraflar tez-tez oradakıədalətsizliyin şahidlərinəçevrilirlər. Onlar həmin ədalətsizliyi önləmək iqtidarında olmasalar da, peşə borclarını yerinə yetirmək məcburiyyətindədirlər. Sizin üçün foto nədir və hansısa anıəbədiləşdirmək xatirinə nələrə getməyə hazırsınız? Fotoqraf onu daha da məşhurlaşdıracaq qiymətli kadrı lentə almaq üçün ürəyinin səsinə qulaq asmaya bilərmi?
- İlk növbədə, biz qaynar nöqtələrə orada baş verənləri insanlara göstərmək üçün gedirik. Bu zaman baş verənlərə heç bir müdaxilə etmirik - bizim etik borcumuz məhz budur. Amma elə olub ki, dünyanın ən gözəl fotosunu çəkmək imkanı qazanmışam, lakin insanlara mənim fotolarımdan əvvəl əllərim lazım olub. Bu anda şəkil çəkməyə ehtiyac yoxdur. İnsanlara mənim köməyim lazım olub və mən həmin köməkliyi göstərmişəm. Məsələn, Əfqanıstanda belə halla qarşılaşmışam. Səhralıqla Kabilə tərəf gedirdim. Taliblərlə müharibənin ən qızğın vaxtı idi. Qarşıdan Kabildən olan qaçqınlarla dolu avtobus gəlirdi. Aramızda təxminən 50 metr məsafə qaldıqda avtobus minaya düşdü. O, dərhal aşaraq yanmağa başladı. Dərhal fotoaparatımı götürərək maşından düşdüm və yanan avtobusa tərəf qaçmağa başladım. Amma bu anda avtobusdan qan içində olan balaca bir qız çıxıb "Əmi! Əmi!" qışqıraraq mənə tərəf qaçmağa başladı. O anda bütün müsabiqələrdə qalib gələcək fotonu lentə ala bilərdim. Amma bunun əvəzinə qızcığaza tərəf qaçaraq onu qucaqladım. Bütün paltarım qan içərisində idi və düşündüm ki, dünyaya mənim fotolarım lazımdır. Amma daha vacibi bu qızı qucaqlamağımdır. Ona bu lazım idi.
- Kimisəölümdən xilas etmisinizmi?
- Mən də xilas etmişəm, məni də xilas ediblər. Bəlkə, yüz dəfə ölümün astanasında qalaraq dua etməyə başlamış, lakin xilas edilmişəm. Dəfələrlə yaralanmışam. Ətrafımdakılar öldürülüb, lakin mən sağ qalmışam.
- Siz 20 Yanvar faciəsinin nəticələrini lentə köçürmüsüz, Xocalıda olmusuz. Bu çəkilişlərə gedərkən hansı hisslər keçirirdiniz? Bu hadisələr sizi bir azərbaycanlı, yoxsa bir peşəkar kimi cəlb edib?
- 2010-cu ilin fevral-sentyabr aylarında Paris metrosunun "Lüksemburq" stansiyasında dünyanın qaynar nöqtələrində çəkdiyim fotolardan ibarət "Yarımçıq qalmış talelər" sərgisi nümayiş olunub. Orada sərgilənən işlərin arasında 1992-ci ildə Ağdamın erməni separatçıları tərəfindən işğalından sonra yaxınları - oğlu və ərinin ölümünə görə ağlayan azərbaycanlı qadının fotosu da var idi. O, ağlayırdı. Onun səsi hələ də qulaqlarımdadır. Avqustun sonlarında erməni liderləri bu fotodan xəbər tutdular və təşkilatçılardan onun sərgidən yığışdırılmasını tələb etdilər. Çünki o, erməni yaraqlılarının Azərbaycanda törətdikləri hərbi cinayətlərin parlaq sübutu idi. Ermənilərin tələbi, əlbəttə ki, rədd edildi. Amma cəmi 2 gün sonra naməlum şəxslər həmin fotonu parça-parça etdilər. Bu haqda düşündükdə ikili hiss keçirirəm. Bir tərəfdən məyus oluram, digər yandan isə sevinirəm. Görəsən, həqiqətənmi erməni liderlər erməni yaraqlılarının Azərbaycanda törətdikləri vəhşiliyi göstərən bir fotonun cırılması ilə bütün faktları yox edəcəklərini düşünürlər? Mən ermənilərin azərbaycanlılara qarşı dəhşətli cinayətlərini 1992-ci il fevralın 26-da Xocalıda da görmüşəm. Minlərlə azərbaycanlı işgəncələrə məruz qalmış, qətlə yetirilmişdilər. Onların cəsədləri eybəcər hala salınmış, gözləri çıxarılmışdı. Dinc əhaliyə işgəncələr vermiş ermənilər isə ciblərində çay qaşığı gəzdirir, ondan gözlərin oyulması üçün "silah" kimi istifadə etmələrilə öyünürdülər. İndi özünüz düşünün, bütün bunları lentə aldıqda nələr çəkir, hansı hisslər keçirirdim...
- Fotojurnalistikanın dəyərini nədə görürsünüz - incəsənətdə, yoxsa informasiya ötürməkdə?
- "Fotojurnalistika" sözünün özü iki hissədən ibarətdir - foto və jurnalistika. Yəni, əlbəttə ki, insanın, ilk növbədə, fotodan başı çıxmalıdır: kompozisiyanın necə qurulduğunu, işığın necə verildiyini, kadrın necə seçildiyini bilməlidir. Amma o, həm də yaxşı jurnalist olmalıdır. Çünki heç də bütün bədii foto informasiyanı düzgün və doğru ötürmür.
- Fotonun sosial, ictimai və siyasi qiymətini nədə görürsünüz?
- Dünya insanları dəyişir. Dünyanın dəyişdiyi insanlar orada nələrin baş verdiyini bilməlidirlər. Foto dünyanı dəyişmək üçün sadəcə aralıq vasitədir. O, insanlara həqiqəti göstərir, onların qəlbinə toxunur. Ötən əsrin tarixinə nəzər salsaq, tarixi dəyişmiş fotoların olduğunu görərik. Məsələn, Vyetnam müharibəsinin bitməsində sadəcə bir şəklin rolu olub. Amerikada bu şəkli görən insanlar küçələrə çıxaraq müharibəyə son qoyulmasını tələb ediblər. Yaxud, ərəb dünyasında bir müddət əvvəl baş qaldırmış inqilab dalğası Feysbukda yerləşdirilmiş bir fotodan başlamışdı. İnsanlar lentə alınmış hansısa hadisəni görərək küçələrə çıxmışdılar. Odur ki, fotonun həyatı dəyişdiyini cəsarətlə söyləyə bilərik.
- Foto sənətinin inkişafı nə ilə bağlıdır? Bu, daha çox inkişaf etmiş ölkələrdə baş verir, yoxsa əksinə, insanlar yaxşı sənətkar olmaq üçün çətinliklərdən keçməlidir?
- Bu, hər şeydən asılıdır. Əgər ölkəni dənizə bənzətsək, su sakitdirsə, insanlar tələsmədən, sakit şəkildə üzəcəklər. Yox, dənizdə qasırğadırsa, insanlar ciddi-cəhdlə çalışacaq, daha yaxşı ustalıq və üzmək bacarığı göstərməyə çalışacaqlar. Amma bu zaman insanın istedadı, bacarığı da olmalıdır.
- Müasir fotojurnalistika haqqında nə deyə bilərsiniz? Dünyada bu sahədə hansı məktəblər daha məşhur və güclüdür?
- Hələ 10 il əvvəl foto sənətinin inkişafına görə ən yaxşı ölkələr arasında Fransa, ABŞ və İngiltərənin adını çəkərdim. Bütün dünyanı gəzir, Asiyanın, Afrikanın bir çox ölkələrində ustad dəsrləri verirəm. İndi dünyanın hər yerində əla fotoqrafların olduğunu deyə bilərəm. Məsələn, 1992-ci ildə Banqladeşdə foto dərsi keçirdim. İndi Banqladeş fotoqraflarının işləri ən yaxşı işlər sayılır. 2002-ci ildə Əfqanıstandan olan tələbəm ortaya qoyduğu işlərə görə Pulitser mükafatı qazanıb. Fransada məşhur fotoqrafların əksəriyyəti gəlmələrdir. Məsələn, mən özüm, yaxud uzun illərdir Fransada yaşayan və çalışan braziliyalı Salqado.
- Bu gün dünyanın ən yaxşı fotoqrafları kimi hansı adları çəkə bilərsiniz?
- (gülümsəyir) Ən yaxşı fotoqraflar bu festivala qatılmış uşaqlardır.
- Bəs Azərbaycanda fotojurnalistikanın inkişafı haqda nə deyə bilərsiniz? Onun vəziyyəti necədir?
- Azərbaycanda fotoya və ümumilikdə incəsənətə çox maraqlı yanaşma var. Azərbaycanlı rəssamların əksəriyyəti dünyaca məşhurdurlar. Azərbaycan fotojurnalistikasının gələcəyi isə hələ qarşıdadır. Amma indi də burada Sənan Ələkbərov, Fərid Məmmədov və digərləri kimi istedadlı fotoqraflar var.
- Bəlkə, Azərbaycanda foto məktəbi açmaq və burada dərslər, ustad dərsləri keçmək fikriniz var?
- Bakıda fotoqraflarla görüşmüş, onlara öz fotolarımı göstərmiş, filmlər nümayiş etdirmişəm. 1997-ci ildə burada UNİCEF ilə birlikdə ustad dərsi vermişəm. Kitab buraxmışıq. Hesab edirəm ki, Azərbaycanda yaxşı multimedia məktəbinə - foto və video - ehtiyac var. Əfqanıstanda təhsil mərkəzi açmışam. Orada yalnız foto sənətini öyrətmirdik. Radiojurnalistlər, qrafika dizaynerləri də hazırlayırdıq. Bu kurslara gələn qızların işləri 9 ay ərzində Emmy Award mükafatına layiq görülmüşdü. Məktəb açırsansa, ona bütün ürəyini verməli, çox işləməlisən. Azərbaycanda da öz məktəbimi açmağı çox istərdim.
- Bakıya ilk dəfə gəlmirsiniz. Təəssüratınız necədir? Son səfərinizdən keçən dövrdəşəhərdə dəyişikliklər çoxdurmu?
- Artıq 30 ildir ki, Bakıya gəlib-gedirəm. Əlbəttə ki, bu illərdə şəhər çox dəyişilib. Belə ciddi dəyişikliyə məruz qalmış başqa şəhər tanımıram.
- Bütün dünyada, saysız-hesabsız şəhərlərdə vəölkələrdə olmusunuz. Bakını hansışəhərə bənzədərdiniz?
- Parisə. Xüsusilə İçərişəhərin küçələri və evləri mənə Parisin küçə və binalarını xatırladır.
MƏSLƏHƏT GÖR: