25 Noyabr 2024

Bazar ertəsi, 09:33

KREDİT SANİTARLARI

Borclu qalanlardan vaxtı keçmiş kreditləri sivil yolla kim "toplayacaq"?

Müəllif:

21.05.2013

Bu yaxınlara qədər azərbaycanlılar üçün naməlum və hətta indinin özündə də tam aydın olmayan «kollektor xidmətləri» anlayışı çox tezliklə bizim həyatımıza daxil olacaq. Məlumat üçün deyək ki, «kollektorluq» termini (ingiliscə «collect» - yığmaq deməkdir) hüquqi və fiziki şəxslərin borclarını çox vaxt eyni tipli olan borclarının konveyer üsulu ilə alınmasıdır.

Məsələ bundadır ki, son zamanlarda Azərbaycanda müşahidə edilən kreditləşmə həcminin artımı istər-istəməz borcların qaytarılmamasının artımına səbəb olur. Kollektor agentlikləri isə  elə də az olmayan vaxtı keçmiş borcların azaldılmasında önəmli rol oynaya bilər. Belə ki, 2012-ci ilin sonlarına vaxtı keçmiş borcların həcmi 748,8 mln. manat (bankların ümumi kredit çantasının

5,9%-i qədər) olub, halbuki ilin əvvəlinə bu göstərici 633,8 mln. manat təşkil eləmişdi.

 

Borcu qaytar, yoxsa!..

Müxtəlif səbəblərə görə borcu vaxtında qaytarmaq istəməyən borclular həmişə olub. Vaxt var idi ki (elə indi də var), «borcun alınması» ilə qanunla elə də arası olmayan xüsusi tutulmuş adamlar məşğul olurdu, sonra bu proses daha sivil forma qazandı və hüquq-mühafizə orqanlarının, məhkəmə icraçılarının və s.-in nəzarətinə keçdi.

Müxtəlif formalı kiçik kreditləşdirmənin inkişafı və bununla məşğul olan qurumların çeşid müxtəlifliyi genişləndikcə (banklar, bankolmayan kredit təşkilatları, kredit ittifaqları və sadəcə öz malını satan, ödənişin vaxtını uzadan ticarət qurumları məsələyə qarışdıqca) problem dərinləşməyə başladı. Borclu ilə kreditor arasında vasitəçi kimi çıxış edən və müəyyən mükafat qarşılığında borcun qaytarılmasına yardım edən kollektor təşkilatına ehtiyac artdı.

Praktika göstərir ki, kollektorların fəaliyyəti güc və təhdid tətbiq etməklə borcun kobud şəkildə alınması deyil. Hər şey yetərincə sivil qaydada, amma tamamilə ciddi və inamlı həyata keçir. İlk başdan kollektor agentliyinin mütəxəssisləri borclu barədə, onun əmlak və maliyyə durumu barədə əlçatar məlumatları toplayırlar, onun kreditora təqdim etdiyi göstəriciləri yoxlayırlar.

Sonra kağız və elektron daşıyıcılar (e-mail, SMS-ismarış, poçt) vasitəsilə yığılmış borcu yaxın zamanlarda ödəmək tələbi ilə xəbərdarlıq hücumuna başlayırlar. Borclu ilə əlaqəyə girib söhbət aparırlar. Lazım olanda başqa təsir vasitələrindən istifadə edirlər. Borcu ödəməyənlə birbaşa söhbətdənsə, rəisi, həmkarları, dostları, qohumları, qayınanası ilə söhbət nəhayət böyük effekt verə bilər.

Əgər görülmüş tədbirlər lazımi təsir göstərmirsə, kollektor agentlikləri öz işlərində növbəti mərhələyə - borcun məhkəmə yolu ilə alınmasına keçirlər. Agentliklərin əməkdaşları sırasında peşəkar hüquqşünaslar var ki, onlar iddia ərizələrini və başqa sənədləri hazırlayırlar, həmçinin məhkəmədə müştəri kreditoru təmsil edirlər. Bütün məhkəmə prosesinə və borcun məcburi yolla alınması üzrə qərarın yerinə yetirilməsinə kollektor agentliyinin əməkdaşları tərəfindən nəzarət edilir.

Kollektorların alacağı pul mükafatı geri qaytarılan məbləğdən asılı olduğundan, onların borcların qaytarılması üzrə öhdələrinə götürdükləri işi başa çatdırmaq niyyətlərinə heç bir şübhə ola bilməz.

 

Requlyator yalnız «lehinə»dir

Kollektor agentlikləri Azərbaycan bazarında nisbətən yaxın zamanlarda - inişildən peyda olublar, amma faktiki işə isə keçən ildən başlayıblar. Müqayisə üçün deyək ki, onlar Rusiya bazarında müstəqil olaraq 2004-cü ildən fəaliyyət göstərirlər və hazırda onların  sayı  1  agentliyə yaxındır (ABŞ-da 7 min agentlik var). Azərbaycanda isə hələ ki, bir neçə belə qurum var və özü də kollektorlar bankların yanında fəaliyyət göstərirlər. Çox vaxt belə agentliklərin özü də kreditor rolunda çıxış edirlər, borcu ilkin kreditordan ucuz qiymətə satın alırlar.

İstənilən halda, onların səmərəliliyi göz qabağındadır. Əks halda, Azərbaycan Mərkəzi Bankı (AMB) kollektor təşkilatlarının yaradılmasını dəstəkləməzdi və ölkədə bu institutu inkişaf etdirməyi vacib saymazdı. AMB-nin baş direktoru Rəşad Orucov sanır ki, bu, maliyyə infrastrukturunun çox vacib institutudur və inkişaf etməsi çox yaxşı olardı. «Hazırda bir neçə belə qurum var və yerli bazarda belə agentliklərin yaradılmasına meyil hiss edilir. Onların duruma necə təsir göstərəcəyinə indidən qiymət vermək hələ tezdir, ancaq bütünlükdə bu, banklara keyfiyyətsiz aktivlər məsələsini daha yaxşı həll etməyə böyük kömək ola bilər", - deyə R.Orucov hesab edir.

Bu gün Azərbaycanda kollektor təşkilatlarının işi ümumi qanunvericiliklə tənzimlənir. AMB xüsusi qanunun yaradılmasına ehtiyac görmür. AMB-də düşünürlər ki, kollektor şirkətləri ölkə üçün yeni məsələdir və hələ ki, sayları azdır, həm də nəzərəçarpacaq dövriyyələri yoxdur. Əgər onların inkişafı davam edərsə, o zaman AMB bu sektorun tənzimlənməsi üçün ən yaxşı beynəlxalq təcrübəni tətbiq edər. Beynəlxalq təcrübəyə görə, agentliklərin fəaliyyəti bankların kredit borclarının yığılması prosesinə uyğun ümumi tələblərlə tənzimlənir.

 

Əlverişli biznes

Köhnə borcların qaytarılmasına əlavə xərc çəkmək (işçi saxlamaq, ayrıca məkan icarə götürmək) və vaxt sərf etmək əvəzinə, bu işi kollektorlara həvalə etmək və qaytarılan pulun bir hissəsi ilə bunun haqqını ödəmək, həmin vaxt ərzində isə öz biznesini  genişləndirmək daha yaxşı olardı. Bunu Azərbaycanın kollektor agentliklərindən birinin direktoru Samir Mustafayev bildirir.

O, qeyd edib ki, agentliyin müştəriləri arasında həm iri banklar və mağazalar, həm məişət texnikası mağazaları, həm də fiziki şəxslər var. Kredit borclarının  diapazonu 400 manatdan (telefon alınmasına verilən kreditdən) 0,5 mln. manata qədər dəyişir.

Banklar problemli kreditlər üzrə işləri bir neçə yüz işi əhatə edən portfel formasında verirlər. «Pullar qayıtdıqca biz onları banka keçiririk, onlar da öz növbəsində bizə yeni işlər verirlər», - deyə S.Mustafayev bildirir.

Bir portfeldə çox sayda mövqelər ola bilər, buna görə də faiz dərəcələri, uyğun olaraq, müxtəlif olur. Adətən, kollektor agentliyinə ödənişlər borcun məbləğindən və işin mürəkkəbliyindən asılı olaraq 25%-dən 50%-ə kimi təşkil edir. Bir ilə qədər girovla verilmiş kreditlər üzrə ödəniş 20-25% arasında təşkil edir.

Kollektorun borcun qaytarılması ilə məşğul olması üçün əsas şərt borcun müqavilə əsasında və ya notarius tərəfindən etibar edilməsidir, əks halda fəaliyyət qanunsuz sayılır. Halbuki müraciətlər məhz bu tərəfdən olur.

Borclunun ölkəni tərk etməməsi üçün onun yerini müəyyən edən kimi məhkəmə qərarının əsasında onun ölkə ərazisindən çıxmasının bütün mümkün marşrutları dayandırılır. Uyğun olaraq, bu prosesə sərhədçilər və gömrük xidməti də cəlb edilir.

Ən maraqlı odur ki, banklara borc ödəyən adamların əksəriyyəti borcu birbaşa götürənlər deyil, onların zaminləridir. Məsələn, pis kredit tarixçəsi olan birisi qohumunun, dostunun və ya tanışının adına kredit götürür, sonra da aylıq  ödənişləri keçirməyi dayandırır və ya ümumiyyətlə, heç nə ödəmir, təbii ki, borc zaminin çiyninə düşür. Belə hadisələr ən çox avtomobil kreditləşdirilməsi zamanı baş verir. Yəni maşın kimin adına götürülüb, o da bankın borclusuna çevrilir.

Əgər kollektorlar artıq borcu qaytarmaq imkanında deyillərsə, hüquqşünaslar işə başlayırlar və məhkəmə araşdırmasından sonra yenidən işə kollektorlar qatılır, onlar məhkəmə icraçıları ilə birlikdə borcun qaytarılması prosedurunu başa çatdırırlar.

Bir sözlə, Azərbaycanın maliyyə sektorunun indiki gerçəklikləri fonunda kollektor agentliklərinin vacibliyi göz qabağındadır. Onların fəaliyyətinin önəmi ondadır ki, debitor borclarının səviyyəsinin azaldılması banklara öz borc götürənləri üçün daha əlverişli kredit şərtləri təklif etməyə imkan verir və bununla biznesi inkişaf etdirmək, yeni müştərilər cəlb eləmək imkanı qazanır. Məhz buna görə, vaxtı keçmiş kreditlərlə mübarizə məsələsi banklar üçün getdikcə daha prioritetli olur.


MƏSLƏHƏT GÖR:

663