25 Noyabr 2024

Bazar ertəsi, 10:39

YAXŞI YOL!

Nəqliyyat Nazirliyi Azərbaycanda ilk pullu yolların çəkilişi üçün variantları nəzərdən keçirir

Müəllif:

21.05.2013

Son bir neçə ildə Azərbaycanda ciddi büdcə vəsaitləri və kredit qarşılığında bir sıra miqyaslı yol inşaatı layihələri həyata keçirilir. Lakin avtomobil yollarının inşası və işlək vəziyyətdə saxlanılması üçün ciddi maliyyə lazımdır. Bununla əlaqədar olaraq, Azərbaycan xarici təcrübəyə müraciət etmək fikrindədir. Söhbət fərdi investorların cəlbi ilə ölkədə pullu yolların salınmasından gedir. Bu günlərdə Milli Məclisin «Avtomobil yolları haqqında» qanuna qəbul etdiyi əlavə və dəyişikliklər Azərbaycanda pullu avtomobil traslarının inşasını qanuna salıb.

 

Oxşar təcrübə

Son onillikdə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafına 3 milyard dollardan artıq sərmayə yatırılıb. Yalnız son 5-6 ildə ölkədə istifadəyə verilmiş birinci dərəcəli avtomobil yollarının uzunluğu 1500 kilometrdir. Azərbaycanın TRACECA və Şimal-Cənub kimi beynəlxalq layihələrə daxil edilmiş müasirləşdirilmiş avtomobil dəhlizlərinin uzunluğu isə 1915 kilometrə çatır. Yaxın 1-1,5 ildə qalan 400 kilometrdən artıq avtoban da dünya standartlarına uyğunlaşdırılacaq.

Maraqlıdır ki, son 3 ildə kəndarası avtomobil yollarının tikintisi və bərpası büdcədən maliyyələşmədə əsas prioritetlər sırasındadır. Bu gün Nəqliyyat Nazirliyi əsas diqqəti 14,3 min kilometr yerli əhəmiyyətli və 2,7 min kilometrlik respublika əhəmiyyətli trasların yenidən qurulmasına yönəldib. Əslində, bu işə 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının icrası ilə başlanılıb. Sonrakı 7-8 ildə 5,5 min kilometrdən artıq avtomobil və digər tipli yollar tikilib və bərpa olunub. Bərpa olunmuş yolların təxminən dörddə üçü respublika və yerli əhəmiyyətli yollardır.

«Ümumilikdə Azərbaycanda bütün kateqoriyalara aid yolların uzunluğu 20 min kilometrdir. Onların tam bərpası üçün 30-35 milyard manat investisiya tələb olunur. Bu işə 10-15 il lazımdır», - deyə «Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.

Yolların bərpası, sonradan işlək vəziyyətdə saxlanılması üçün ciddi məbləğlərin tapılması kifayət qədər çətin işdir. Bundan başqa, bu cür layihələrin yalnız büdcə vəsaiti hesabına həyata keçirilməsi ehtimalı da xeyli azdır. Beynəlxalq təcrübəyə əsasən, bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə, qiyməti kifayət qədər baha olan avtomobil magistrallarını büdcə hesabına tikmək və saxlamaq iqtidarında deyil. Müvafiq olaraq, inkişaf etmiş ölkələrin əksəriyyətində artıq yarım əsrdən artıqdır ki, pullu yollar istifadəyə verilib. Uzun müddət özəl şirkətlər tərəfindən inşa olunmuş və ya uzunmüddətli idarəetməyə verilmiş avtomagistrallara əsasən Şimali Amerikada, Avropada, 70-80-ci illərdə isə dinamik inkişaf edən Cənub-Şərqi Asiyada rast gəlinirdi. Son onillikdə isə pullu magistralların tikintisi dünyanın digər inkişaf etməkdə olan regionlarında da vüsət alıb. Məsələn, bəzi postsovet respublikaları, Baltikyanı ölkələr və Rusiya buna misaldır.

Azərbaycanda da pullu yolların tikilməsi imkanları hələ 6 il əvvəl hökumətdə ciddi şəkildə müzakirə olunmuşdu. O zaman Nəqliyyat Nazirliyinin mütəxəssisləri lazımi normativ-hüquqi sənədlərin hazırlanması ilə məşğul olmuş, potensial investorlar üçün təkliflər də hazırlanmışdı. Lakin qlobal iqtisadi böhranın baş qaldırması bu layihənin reallaşdırılması təxirə salınması ilə nəticələnmişdi. Nəticədə müvafiq qanunverici baza parlament tərəfindən yalnız bu günlərdə qəbul edilib.

«Parlamentin «Avtomobil yolları haqqında» qanuna əlavə və dəyişiklikləri qəbul etməsi avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsinə imkan yaradır. Bu, təhlükəsizlik tələblərinə əməl olunmasına, sürücülərə keyfiyyətli xidmət göstərilməsinə, yüksək sürətli hərəkətin təmininə, həmçinin ölkədə pullu yolların tikintisinə kömək edəcək», - deyə parlamentin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Yenilənmiş qanunun maddələrinə əsasən, beynəlxalq standartlara və normativlərə cavab verən pullu avtomobil yolları həm dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli yollarda, həm də ümumi istifadədə olan şəxsi yollarda yaradıla bilər. Onların tikintisinə xarici investorların da cəlb olunması mümkündür. Lakin mövcud dövlət yollarının pullu yola çevrilməsi yalnız yaxınlıqda oxşar marşrut ilə pulsuz yolun mövcud olduğu şəraitdə mümkündür.

Yenilənmiş qanunda bildirilir ki, yoldan istifadəyə görə ödəniş bütünlükdə trasa və ya onun ayrı-ayrı hissələrinə, körpülərə, tunellərə və digər mühəndis qurğularına tətbiq edilə bilər. Tariflər isə müvafiq icra orqanları tərəfindən, avtotrasın kateqoriyasına uyğun olaraq müəyyənləşdiriləcək. Bununla yanaşı, müdafiə təyinatlı, həmçinin nəzarət və ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması üçün nəzərdə tutulan bütün nəqliyyat vasitələri, polisə, kommunal xidmətlərə, təcili yardıma aid xüsusi təyinatlı maşınlar həmin yollardan pulsuz istifadə edə biləcək.

Özəl yolların sahiblərinə isə müxtəlif kateqoriyalara aid istifadəçilərə və nəqliyyat vasitələrinə güzəştlər etmək hüququ verilib.

 

Sadəcə alternativ

Azərbaycanda pullu yolların çəkilməsinin təşəbbüskarları arasında Asiya İnkişaf Bankı (AİB) də var. O, pullu yollar layihəsinin gerçəkləşdirilməsi və Azərbaycanın şəhər nəqliyyatının  (Baku Sustainable Urban Transport Program) çoxtranşlı maliyyələşdirmə proqramının (MFF) hazırlanmasına 925 min dollar ayırıb. Bankda ümid edirlər ki, bu ilin sonuna qədər MFF proqramına cəlb olunmuş məsləhətçi ölkədə pullu yollarla bağlı təkliflər hazırlanıb təqdim ediləcək. Orta perspektivdə AİB proqramın reallaşdırılmasına 300 milyon investisiya yatırmağı planlaşdırır. Bu proqram çərçivəsində 2015-ci ilə 2,8 min kilometr avtomobil yolunun Avropa standartlarında yenidən qurulması nəzərdə tutulub.

Bankın şərtlərindən biri kredit hesabına tikilən yolların saxlanılması və idarə olunması sistemində islahatların aparılmasıdır. Bunun üçün variantlardan biri kimi, yoldan istifadə üçün ödəniş sisteminin həyata keçirilməsinə özəl şirkətin cəlb olunması nəzərdə tutulur. Bank yol tikintisinin optimizasiyası və pullu yolların istismarı sahəsində böyük təcrübəyə malikdir. O, xüsusilə Cənubi Koreya və Malayziyada bu cür layihələr həyata keçirib.

Nəqliyyat Nazirliyi və onun strukturu olan «Azəryolservis» ASC artıq bir neçə ildir ki, avtomobil traslarının və ya digər mühəndis qurğularının tikintisinə fərdi investorların cəlbi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir. Onların arasında Bakı buxtası üzərindən avtomobil yolunun çəkilməsi layihəsi də var. Layihə 5 il bundan əvvəl Cənubi Koreyanın Dongsung Engineering Co. şirkəti tərəfindən hazırlanıb. Nəqliyyat Nazirliyi Amerikanın «Bechtel» korporasiyasının sürətli Trans-Azərbaycan Milli ekspress magistralın inşası ilə bağlı təklifini də nəzərdən keçirib. Onun İpək yoluna paralel çəkilməsi, Hacıqabuldan Gürcüstan sərhədinədək uzanması təklif olunur. Bu trasın yaradılması Bakıdan Gürcüstan sərhədinədək olan məsafənin 4 saatdan az bir vaxtda qət olunmasına imkan verərdi. Əlbəttə ki, o, pullu istifadəni nəzərdə tutur.

Son zamanlarda isə ilk pullu tras kimi, Qaradağ rayonunun Sahil qəsəbəsindən Sumqayıtadək üçüncü dairəvi yolun inşası variantı nəzərdən keçirilir. Bu, məsafənin 80 kilometrədək qısaldılmasına imkan verəcək. Perspektivdə paytaxtı beynəlxalq hava limanı ilə birləşdirən yeni sürət trasının da belə layihələrdən biri olacağı istisna edilmir.

Bəs, Azərbaycanda pullu yolların peyda olması sürücülərə hansı üstünlüyü qazandıracaq? Avropa dövlətləri və ya ABŞ-ın təcrübəsindən çıxış etsək, bu, ilk növbədə, sürətli hərəkət, yol örtüyünün son dərəcə yüksək keyfiyyəti, xidmətlərin genişləndirilməsi deməkdir. Dünyanın bir sıra regionlarında pullu yollarda maksimal sürət həddi yoxdur. Yol örtüyünün yüksək keyfiyyəti, müasir passiv təhlükəsizlik sistemləri - qarşıdan gələn avtomobilin sürücüsünün gözünə işıq düşməsinə imkan verməyən xüsusi panellər, yolun çoxzolaqlı olması, yol boyu çoxlu sayda yanacaqdoldurma məntəqəsi, mağazalar, kafelər, istirahət zonaları, sanitar məntəqələr də pullu yollardakı üstünlüklər sırasındadır. Nəhayət, belə magistrallara baxılması və onun işlək vəziyyətdə saxlanılması fərdi investorların üzərinə düşür, dövlətə məxsus pullu yollar isə büdcə xərclərini azaltmağa imkan verir. Misal kimi, Norveç və İspaniyanı göstərmək olar. Bu ölkələrdə yol şəbəkəsinin saxlanılmasına görə xərclərin müvafiq olaraq, 32 və 46%-i pullu yollardan əldə olunur.


MƏSLƏHƏT GÖR:

588