
"ŞİST QIZILI"
ABŞ-dakı şist inqilabı dünya siyasətini dəyişə bilərmi?
Müəllif: Rövşən İBRAHİMOV, politoloq Bakı
Bir neçə il qabaq ABŞ-da əvvəllər istismarı kommersiya baxımından cəlbedici olmayan şist qazı yataqlarının istismarı üzrə yeni texnologiyalar işlənib. Artıq 2009-cu ildə «şist» ixtiralarının hesabına Birləşmiş Ştatlar qaz hasilatına görə Rusiyanı keçdi və sonrakı illərdə hasilatın artımı davam etdi. Yeni sahənin artım inkişafının effekti dərhal özünü göstərdi. Şist inqilabı qiymətlərə də təsir etdi - 2005-ci illə müqayisədə daxili bazarda qazın dəyəri 4 dəfə azalıb. Bu zaman ABŞ-ın buraxılış qiymətləri Avropada sıxılmış təbii qazın qiymətinin üçdə birinə, Asiyadakı təbii qaz qiymətlərinin dörddəbirinə bərabərdir. ABŞ-da qazın qiymətinin aşağı salınması iqtisadiyatda canlanmaya və enerjitutarlı istehsal sahələrində canlanmaya səbəb olmalıdır.
Bundan başqa, ABŞ-da qaz idxalını azaldıblar və Yaxın Şərq ölkələrindən sıxılmış təbii qaz almaqdan imtina ediblər, perspektivdə Rusiyadan idxaldan imtina edilməsi nəzərdə tutulur. Belə durum Rusiyanın enerji nəhəngi «Qazprom»un kartlarını ciddi şəkildə qarışdırıb, çünki o, 2020-ci ilə kimi ABŞ-ın daxili bazarının tələbatının 20%-ni təmin etməyi planlaşdırırdı. Rusiya qazı Ştokman yatağından ixrac etməyi planlaşdırırdı, ancaq yeni durum ona gətirdi ki, bu yatağı işləyən konsorsium üzrə tərəfdaşlar 2012-ci ildə öz fəaliyyətlərinin dayandırılmasını bəyan etdilər. ABŞ-ın özü isə 2020-ci ildə dünya bazarına, ilk öncə Asiya bazarlarına sıxılmış təbii qaz ixracına başlamağı planlaşdırır. Ştatlarda artıq bir sıra qanunvericilik aktlarının müzakirəsi aparılır ki, onlar hüquqi baxımdan şist qazının ixracını mümkün edəcəklər.
Şübhəsiz, şist təbii qazının istehsalını mümkün edən texnologiyalar qlobal planda enerji təhlükəsizliyi anlayışını köklü şəkildə dəyişə və bu, beynəlxalq siyasətin formalaşdırılmasına təsir göstərə bilər. Şist qazının və şist neftinin istehsalı orta müddətli planda ABŞ daxilində enerji tələbatında özünü təmin səviyyəsinə çatmağa imkan verər. Bundan başqa, ABŞ-ın ardınca başqa ölkələr də öz şist ehtiyatlarının işlənməsi ilə məşğul olmağı planlaşdırırlar. Bu məsələ xüsusilə Avropa ölkələri və Çin üçün önəmlidir.
Daxili tələbatın öz enerji resursları ilə təmin edilməsi bu ölklərə xarici təchizatdan asılılığı azaltmağa imkan verərdi, qismən və ya tam şəkildə enerji müstəqilliyinə zəmanət yaradardı və öz maraqlarının təmin edilməsi üçün yeni istiqamətlər işləməyi şərait yaradardı. Hadisələrin bu cür inkişafı çox ölkələrin regional və dünya səviyyələrində xarici siyasətlərinin formalaşmasına təsir göstərir.
Prinsipcə, ABŞ-da xarici siyasətin qavranılmasında və formalaşmasında baş verən dəyişikliklər bütün dünyaya təsir göstərir. SSRİ-nin dağılmasından sonra ABŞ dünyanın yeganə superdövlətidir ki, dünya düzəninin qorunmasına və onun inkişaf istiqamətlərinə birbaşa təsir göstərir. Xususilə də oğul Buşun hakimiyyəti zamanı ABŞ demokratiya və insan hüquqlarının qorunması kimi dəyərlərin yayılmasına və tətbiq edilməsinə fəal qoşulub. Özü də onların tətbiq edilməsi alətləri regiondan və ölkəsindən asılı olaraq müxtəlif cür olub - maliyyə dəstəyindən tutmuş, hərbi müdaxiləyə qədər dəyişib. Ancaq İraqda və Əfqanıstanda hərbi əməliyyatlar göstərdi ki, ABŞ-ın imkanları sərhədsiz deyil. Birləşmiş Ştatlar gözləmirdi ki, bu ölkələrdə ona bu cür müqavimət göstəriləcək. Aradan 10 ildən çox keçib, ancaq onlar yenə də öz məqsədlərinə tam çatmağı bacarmayıblar. Bununla yanaşı, bu ölkələrdəki hərbi əməliyyatlara çəkilən xərclər ABŞ-da tüğyan edən maliyyə böhranının əsas səbəblərindən biri oldu.
Obama administrasiyası irs olaraq Yaxın Şərqdə həll olunmamış problemləri və ölkədəki ağır iqtisadi durumu qəbul elədi. Maliyyə böhranı daha da dərinləşdi: 2012-ci ilin sonuna ABŞ-ın dövlət borcu $16,4 trln. təşkil edib. Yaranmış durumda Obama administrasiyasının əsas məqsədləri İraqda və Əfqanıstanda hərbi mövcudluğu azaltmaq, ölkədə iqtisadi durumu yaxşılaşdırmaq olub. Bunun üçün artıq 2013-cü ildən Amerika qoşunlarının hərbi zonalardan çıxarılmasına başlanılıb.
Maliyyə durumuna gəldikdə isə, Konqress ölkənin büdcə kəsirini 10 il müddətinə $1,2 trln.-a qədər azalmtaq barədə qərar qəbul edib. Hadisələrin bu cür inkişafı ABŞ-ı beynəlxalq arenada fəallığını dəyişməyə məcbur edir. Əgər bütün dünyada hegemoniyanın saxlanması üçün sabit enerji resursları ilə təminat vacib idisə və bu da neft və qaz regionlarında daha fəal mövcudluğu tələb edirdisə, ancaq şist qazının və neftinin istehsalına başlanılması ilə ABŞ daha təmkinli siyasət apara bilər.
Ölkənin milli maraqları bunu tələb edir. Dünya siyasəinə qarışmaq üzrə fəallığın azaldılması Ştatlara struktur problemlərini həll etməyə imkan yaradardı. Şübhəsiz, ABŞ-ın xarici dünyadan tam təcridini gözləməyə dəyəməz - müdaxilə səviyyəsinin dəyişməsi nəzərdə tutulur. ABŞ bundan belə də onun üçün vacib olan regionlarda mövcudluğunu qoruyacaq və lazım olduqda preventiv şəkildə duruma nəzarət edəcək. Ancaq müdaxilə tədbirləri önəmli şəkildə azaldılacaq: ya bu, müxtəlif həvəsləndirmə tədbirləri və sanksiyalar şəklində, ya da məqsədlər regional müttəfiqlər ilə birlikdə və ya onların yardımı ilə gerçəkləşdiriləcək. ABŞ artıq qoşunlarının Əfqanıstan və İraqdan çıxarılmasına başlayıb, İrana qarşı hərbi müdaxilə əvəzinə siyasi sanksiyalar siyasəti gerçəkləşdirir, Fransanın Malidəki aksiyalarını dəstəkləyib, Yaxın Şərqdəki iki müttəfiqinin - Türkiyə və İsrailin arasında münasibətlərin yaxşılaşmasının təşəbbüskarı olub.
Xarici enerji resurslarından asılılığı azaldıqca ABŞ öz xarici siyasətini müdaxilə yox, nəzarət əsasında quruacaq, bu zaman o, öz müttəfiqlərinin vasitəsi ilə regional intizam strukturları yaradacaq və bu ölkə öz müttəfiqlərini sərt şəkildə öz maraqlarına uyğun olaraq dəstəkləyəcək. Bu cür siyasət ABŞ-a super dövlət statusunu saxlamağa imkan verəcək, bu zaman həm də resurs sərfini azaldacaq və uyğun olaraq iqtisadi problemləri həll edəcək. Şist inqilabı ABŞ-a dünya arenasında öz addımlarını praqmatikləşdirməyə, xarcləri azaldan zaman gəlirləri otimallaşdırmağa imkan yaradacaq.
MƏSLƏHƏT GÖR: