14 Mart 2025

Cümə, 22:43

"DİASPOR BÖHRANI"

O, Ermənistan dövlətinin tutarsızlığını növbəti dəfə sübut etdi

Müəllif:

21.05.2013

Ermənistanda yeni hökumətin formalaşdırılması prosesi sona çatır. Əslində, onu yeni adlandırmaq da çətindir. Faktiki olaraq, Nazirlər Kabinetində yalnız 3 nazir dəyişib: idman və gənclərlə iş naziri, maliyyə  və iqtisadiyyat naziri. Baş nazir postunu isə əvvəlkitək Tiqran Sarqsyan tutur. 

Kabinetin bir çox digər üzvləri də postlarında qalıblar. Bu, diaspor naziri Qranuş Akopyana aiddir. Onun postunda qalması çoxları üçün gözlənilməz olub: İrəvanda çoxları tam əsaslı olaraq əmindirlər ki, Ermənistanın "diaspor siyasəti" tam iflasa uğrayıb. 

Özü də bu, heç də yalnız İrəvandakı düşüncə deyil.

Ciddi tənqid dalğasında Suriyada yaşanan vətəndaş müharibəsinin də rolu az deyil. Qeyd edək ki, müharibə Suriyadakı çoxsaylı və nüfuzlu erməni icmasını da zərbə altında qoyub. Əksər tənqidçilərin fikrincə, Ermənistan hökuməti Suriyadan etnik ermənilərin evakuasiyasını lazımi səviyyədə təşkil edə bilməyib. İş o yerə çatıb ki, Suriyadan kütləvi köçün yaşandığı bir vaxtda "Armavia", hətta bu istiqamətdə uçuşların qiymətini artırıb.

O da qeyd olunmalıdır ki, bu məsələdə erməni ictimaiyyətinin soydaşlarının taleyi  ilə bağlı keçirdikləri narahatlıq yerli siyasətçilərin narahatlığı yanında kölgədə qalır. Siyasətçiləri narahat edən isə heç də Suriyadakı ermənilərin durumu deyil. Sadəcə onlar yaranmış vəziyyətdən istifadə edərək ölkədəki demoqrafik problemi aradan qaldıra bilmədikləri, yaxud Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi planının baş tutmaması üzündən narahatdırlar. Suriya erməniləri Ermənistanda qalmadılar. İndi İrəvan ekspertlərini narahat edən daha bir məqam meydana çıxıb. Suriya ermənilərinin nümayəndələri bildirir ki, onların arasında Bəşər Əsədin tərəfdarları daha çoxdur. Bu, başa düşüləndir. Hələ hazırkı prezidentin atası Hafiz Əsədin dövründə Suriyada etnik ermənilərin vəziyyəti, məsələn, türkmənlərin vəziyyətindən çox yaxşı idi. Lakin bu gün Suriyada vətəndaş müharibəsinin bitməsində əvvəlki siyasi qüvvələr nisbətinin qalacağı ehtimalı, demək olar ki, yoxdur və bunu İrəvanda da yaxşı başa düşürlər.

Ermənistan üçün bu, əsl siyasi fəlakətdir. Suriyada güclü erməni diasporunun mövcudluğu iki dövlət arasında münasibətlərin formalaşdırılması üçün də əsas özül idi. İndi bu "əsas" aradan qalxırsa, bunun Ermənistan üçün nəticəsi acınacaqlı ola bilər. Çünki Ermənistan-Suriya münasibətləri üçün başqa özül yoxdur.

Ermənistanın Fransa, ABŞ və bir çox digər dövlətlərlə də münasibətləri məhz bu amil üzərində qurulur.

SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Ermənistan üçün bu cür siyasiləşmiş nüfuzlu diasporun mövcudluğu görünməmiş üstünlük sayıla bilərdi. Ermənistan keçmiş SSRİ respublikaları arasında xaricdə bu dərəcədə inkişaf etmiş, öz informasiya və lobbiçilik "Rıçaqlar"ı olan struktura malik yeganə dövlət idi. Onların arasında milyarderlər də var idi və İrəvanda hesab edirdilər ki, həmin şəxslər bu gün olmasa da, sabah vətəninə bol-bol investisiyalar yatıracaqlar...

Lakin müstəqilliyin ilk illərində görünməmiş üstünlük sayılan bu məqam SSRİ-nin dağılmasından 20 il sonra fərqli qəbul edilir. Diaspor Ermənistana ilk əlaqələrin qurulmasında, ilk addımların atılmasında yardım etdi. Lakin 20 il ərzində, ilk növbədə, iqtisadi baxımdan qarşılıqlı maraqlar əsasında mükəmməl münasibətlər qurulmalı idi.

Buna klassik nümunə kimi, Azərbaycan-Türkiyə münasibətlərini göstərmək olar. SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Bakı ilə Ankara arasında ikitərəfli əlaqələrdə dil və mədəni yaxınlıq, tarixi əlaqələr az qala əsas amil idi. Bir çox ölkələrin politoloqları Türkiyənin türk liseyləri, türk telekanallarının yayımı ilə diplomatik strategiya qurmaq cəhdlərinə hətta rişxənd edirdilər. Lakin vaxtilə liseylərdən və türk müğənnilərinin konsertlərindən başlanan əlaqələr indi boru xətləri, zavodlar, dəmir yolları və irimiqyaslı investisiya proqramları kimi "baza" əldə edib.

Azərbaycanda işlər real investisiya cəlbediciliyinə, düşünülmüş siyasi strategiyaya və bir çox digər amilə əsaslanan siyasi texnologiyalar işə salındı. Məhz bu məqamlar ölkəyə nəinki Türkiyədən, həm də ABŞ, Böyük Britaniya, Norveç və digər dövlətlərdən investisiya axınını təmin etdi.

Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. İrəvan yürütdüyü təcavüzkar siyasətə görə regional iqtisadi və infrastruktur layihələrindən kənarda qalıb. Ölkə daxilində kriminalın yüksək səviyyədə olması da oraya investisiya axınına maneə yaradıb. Nəticədə Ermənistanda faciəvi səviyyədə miqrasiya müşahidə olunur, ölkə əhalisinin üçdə biri isə yoxsulluq həddində yaşayır.

Diaspor isə real siyasi və iqtisadi vəziyyəti dəyişə bilmir. Məsələn, siyasətçilərin xüsusilə seçkilər ərəfəsində yerli erməni icmasının xeyrinə reveranslar etmək imkanını əldən buraxmadığı Fransa artıq Azərbaycanın ən iri iqtisadi tərəfdaşlarından biridir. Bakıda Fransanın neft şirkətləri fəaliyyət göstərir, AzAL Dövlət Konserni yeni airbuslar alır, hətta Azərbaycanın rabitə peykini orbitə Fransa raketi aparıb...

İrəvan üçün ən xoşagəlməz olanı isə bu "ümumsiyasi" reallıqların diasporla qarşılıqlı münasibətlərə də təsir göstərməyə başlamasıdır. Bu gün əksər ekspertlər Ermənistan əsl "diaspor böhranı" yaşamaqda olduğunu bildirir. Xaricdəki soydaşların yardımına olan ümidlər doğrulmur. Erməni sahibkarların əksəriyyəti əvvəlcə biznesmen, sonra erməni olub. Onlar vətənlərinə pul yatırmazdan əvvəl isə bir suala cavab almaq istəyirlər: onların xeyri nə olacaq? Məhz bu səbəbdən diapor gözlənilənlərin əksinə olaraq, ölkəyə investisiyalar yatırmağa tələsmir. Diasporun ayrı-ayrı nümayəndələrini, uzaqbaşı, birdəfəlik yardım aksiyalarına razı salmaq mümkün olur. Lakin bu gün kriminalın geniş vüsət almasından qorxan bir çox xeyriyyəçilər tarixi vətənindəki proqramlarını bağlayır. Ən məşhur nümunələr Kerk Kerkoryan və Şarl Aznavurdur. Amma siyahı bunlarla məhdudlaşmır. İrəvan "erməni lobbisi"nin potensialını da düz qiymətləndirməyib. Əlbəttə ki, onun fəalları Paris və Ankara ilə münasibətlərdə əsəbi vəziyyət yarada bilərlər. Amma bir ölkəni tamamilə öz maraqlarının ziddinə getməyə məcbur etmək onların imkanları xaricindədir. 

Başqa sözlə, bu gün Ermənistan diasporun simasında özünün əsas və yeganə siyasi resursunu itirir. Onun potensialını sadəcə düzgün qiymətləndirməyiblər.


MƏSLƏHƏT GÖR:

749