Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan neftinin Bakı-Novorossiysk boru xəttilə tranzitinə dair 1996-cı ildən qüvvədə olan hökumətlərarası razılaşmanın ləğvi haqda sərəncam imzalayıb.
Rusiya tərəfi bunu boru xəttinin istismarı ilə məşğul olan "Transneft" səhmdar cəmiyyətinin üzləşdiyi zərərlə əlaqələndirib. Şirkətin mətbuat katibi İqor Demin Azərbaycanın artıq bir neçə ildir boru xəttilə müqavilədə nəzərdə tutulduğundan az neft nəql etdiyini bildirib.
Rusiya tərəfinin iddiasına görə, Azərbaycan boru xətti ilə ən azı 5 milyon ton neft nəql etmək haqda öhdəlik götürsə də, son 5 ildə bu rəqəm 2,5 milyon tonu keçməyib. Bəzi illərdə isə o, hətta 2 milyon tondan da az olub. Moskvada onu da bildirirlər ki, 1000 kilometrə görə 15,67 dollarlıq tarif məhz razılaşdırılmış həcmdə neftin nəqli ilə əlaqədar müəyyənləşdirilib.
Deminin sözlərinə görə, "Transneft" 5 milyon ton Azərbaycan neftini reallaşdırmağa məcburdur. Lakin real həcm bundan xeyli az olduğundan şirkət ildə 50 milyon dollar gəliri itirməli olur.
Bundan başqa, Rusiya tərəfi hesab edir ki, Azərbaycan neftinin tranzit qiyməti güzəştlidir və ÜTT-nin qaydalarına uyğun gəlmir. Hələ bir il əvvəl "Transneft" SC-nin "Neftin borularla nəqli" korporativ jurnalında bildirilirdi ki, "bu razılaşmanın ÜTT-nin müddəalarına zidd olduğuna dair ciddi şübhələr var".
"Bakı-Novorossiysk" boru xətti ilə nəql olunan xammalın həcmi ildə 5 milyon tondan az deyil. Əslində, neft nəqli bir xidmətdir. Bu xidmət vasitəsilə xammalını nəql edən digər ölkələrin məhsulunun həcmi dolayısı ilə məhdudlaşır. Bu, hüquq bərabərliyi rejiminin pozulmasıdır", - deyə yazıda bildirilirdi: "ÜTT-də ticarətin əsas prinsipi tranzit azadlığı prinsipidir. İstənilən halda, bu məsələ ilə bağlı problemin meydana çıxması mümkündür. Azərbaycan neftinin tranziti ÜTT-yə üzv olan digər dövlətlərin maraqlarına toxuna bilər".
Məqalədə bildirilirdi ki, bu razılaşmadan imtina olunmalı və yeni şərtlərlə tranzit razılaşması əldə edilməlidir.
Sözügedən hökumətlərarası razılaşmanın ləğvindən sonra isə "Transneft" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ticarət razılaşması əldə etmək fikrindədir. Orada həm nəql həcmi, həm də tranzit tariflərinin artırılması əksini tapmalıdır.
Xatırladaq ki, bu, yarım ildən bir qədər az müddətdə Rusiya ilə Azərbaycan arasında ləğv edilmiş ikinci nəhəng hökumətlərarası razılaşmadır. 2012-ci ilin sonunda Rusiya Qəbələ RLS-in icarəsindən imtina etmişdi. Məsələ ilə bağlı aparılan uzun-uzadı danışıqlara baxmayaraq, tərəflər RLS-in icarə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməmişdilər.
Amma neft kəmərilə bağlı məsələ heç də Rusiya tərəfinin təqdim etdiyi kimi, sadə deyil.
Əlbəttə ki, hazırkı qiymətlərlə hər tona görə 15,67 dollar tranzit haqqı güzəştli qiymət kimi görünə bilər. Amma hələ 10 il əvvəl Azərbaycan üçün bu, çox sərfəsiz tarif idi. 2000-ci ilin əvvəllərində Bakı-Supsa boru xətti ilə neft nəqlinin qiyməti hər tona görə 3-3,5 dollar arasında idi. Üstəlik, Supsada yüksək keyfiyyətli Azərbaycan nefti "qara qızıl"ın heç bir başqa növü ilə qarışdırılmırdı. Novorossiyskdə isə Azərbaycan Urals qarışığı əldə edirdi. Onun qiyməti isə "Azeri Light" markalı neftdən hər zaman 4-5 dollar ucuz olub.
Azərbaycan hökuməti 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Bakı-Novorossiysk marşrutu ilə nəql olunan neftə görə şərtlərin dəyişdirilməsinə çalışıb və buna dəfələrlə cəhd edib. Məqsəd tranzit tarifinin azaldılması, həmçinin Rusiyanın Qara dəniz limanında neftin satış qiymətində itirməmək üçün keyfiyyət bankı təmin etmək idi. Lakin "Transneft" hər zaman bunun müqabilində neft tranzitinin həcminin artırılmasında israr edib, tarif məsələsinə isə heç zaman toxunulmayıb.
Həqiqətən də, Azərbaycan neftinin Bakı-Novorossiysk boru xəttilə nəql şərtlərində ayrı-seçkilik var idi. Amma bu, korporativ jurnalın yazdığı kimi, "Transneft"ə qarşı yox, Azərbaycana qarşı baş verirdi. Faktiki olaraq, Moskva 1996-cı ildən Bakının öz neftini dünya bazarlarına çıxarması üçün başqa vasitəsinin olmamasından sui-istifadə edib. Azərbaycan üçün Bakı-Novorossiysk marşrutu Azəri-Çıraq-Günəşli yatağından hasilatın başlanması ilə neft ixracının sürətləndirilməsi üçün lazım idi. Lakin məhz bu marşrutla neft nəqlinin şərtləri Bakını qane etmədiyindən qısa müddətdə Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa boru xətti istismara verildi. O, artan neft həcminin ixracı ilə yanaşı, həm də enerji marşrutlarının diversifikasiyasına imkan yaradırdı. 1999-2000-ci illərdə Şimali Qafqazda gedən döyüşlər və dəfələrlə törədilmiş partlayışlar səbəbindən Bakı-Novorossiysk marşrutu işləmədikdə Gürcüstan istiqamətinin əhəmiyyəti bir daha təsdiqləndi. Nəticədə "Transneft", hətta Çeçenistandan kənar keçən xətt çəkməli oldu. Yeri gəlmişkən, xatırladaq ki, həmin dövrdə rəsmi Bakı "Transneft"ə tranzit razılaşmasına əməl etməməsilə bağlı heç bir irad bildirmədi.
Azərbaycanın əsas neft ixracı arteriyası Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin istismara verilməsi ilə isə Bakı-Novorossiysk sadəcə ehtiyat varianta çevrildi. Bu boru xətti ilə 4,6 milyon tonluq maksimal neft ixracının 2006-cı ildə qeydə alınması da təsadüf deyil - Azəri-Çıraq-Günəşli yatağının tam miqyasda işlənməsinə məhz həmin il başlanıldı, BTC isə hələ istismara hazır deyildi. Buna görə həcmi artmaqda olan neft şimal marşrutuna vuruldu.
BTC-nin istismara verilməsi ilə isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (Azəri-Çıraq-Günəşli yatağının işlənilməsi üzrə) Bakı-Novorossiyskdən imtina etdi, ARDNŞ isə enerji marşrutlarının şaxələndirilməsi üçün bu boru xətti ilə ildə 2 milyon ton neftin tranzitini lazım bildi.
Azərbaycan üçün Bakı-Novorossiyskin daha bir mənfi cəhəti var. Rusiya limanından neft 1 milyon barelədək (135 min ton) olan orta həcmli tankerlərlə əsasən Qara dəniz, maksimum isə Aralıq dənizi bazarlarına çıxarılır, bunun üçünsə Bosfor boğazını keçmək lazım gəlir. Bu boğazın ötürücülük qabiliyyəti Qara dəniz limanlarında iritutumlu tankerlərin yüklənməsinə imkan vermir. Ceyhandan isə Azərbaycan nefti 300-500 min tonluq tankerlərlə dünyanın istənilən nöqtəsinə daşınır. Bu, bazarların diversifikasiyası baxımından daha bir üstünlükdür.
Lakin bütün mənfi cəhətlərə rəğmən, ARDNŞ şimal marşrutunun fəaliyyətini davam etdirməsində maraqlıdır.
"ARDNŞ üçün Bakı-Novorossiysk marşrutunun qorunub saxlanılması vacibdir. Biz mütləq "Transneft"lə danışıqlara gedəcəyik. Bu marşrut enerji resurslarının tranzitində diversifikasiya strategiyasına uyğundur. Xatırlayırsınızsa, 2008-ci ildə Gürcüstanda baş vermiş məlum hadisələrə görə Bakı-Novorossiysk Azərbaycandan yeganə neft ixracı marşrutu idi", - deyə ARDNŞ nümayəndəsi "R+" jurnalına açıqlamasında bildirib.
Bununla yanaşı, ARDNŞ sözügedən marşrutla neft tranzitinin davam etdirilməsi üçün bir neçə vacib məsələni həll etməlidir.
"Əlbəttə ki, biz keyfiyyət bankını qorumalıyıq - bu, yeni razılaşmanın əsas şərtlərindən biri olacaq. Çünki Novorossiyskdən satdığımız Urals nefti xalis Azərbaycan neftindən xeyli ucuzdur. Bundan başqa, minimal nəql həcminin ildə 1,5-2 milyon ton olaraq qalmasını istəyirik. Daha bir vacib məqam isə boru xətti ilə üçüncü ölkə neftinin nəqli olacaq. Hazırda biz Bakı-Novorossiysk boru xətti ilə Qazaxıstan neftini nəql edə bilərik. Lakin mövcud müqavilədə bu, nəzərdə tutulmayıb", - deyə ARDNŞ nümayəndəsi qeyd edib.
Azərbaycan Rusiyaya Bakı-Novorossiyskdən əks istiqamətdə istifadəni də təklif edəcək. Rusiya bununla neftini ARDNŞ-ın yeni neft emalı zavodlarına yönəldə bilər.
"Bu məsələ SOCAR-"Transneft" danışıqlarında müzakirə olunacaq. Bu halda boru xətti ilə Rusiya nefti Azərbaycana nəql oluna bilər. Gələcəkdə bu neft SOCAR-ın inşa edəcəyi yeni neft-kimya kompleksində emal oluna, yaxud digər istiqamətlərdə ixrac edilə bilər", - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Qeyd edək ki, Bakı-Novorossiysk boru xətti 1980-ci illərin əvvəllərində məhz Rusiya və Qazaxıstandan Bakıya neft nəqli üçün tikilib. O, yalnız müstəqillik illərində əks istiqamətdə istifadə olunmağa başlayıb. Boru xəttindən Bakı istiqamətində istifadə olunması ilə bağlı təklif ARDNŞ tərəfindən əvvəllər də səsləndirilib. Bu təklif xüsusilə BTC-nin istismara verildiyi dövrdə aktual idi. Çünki bu, Rusiya neftinin birbaşa Aralıq dənizinin Ceyhan limanına Türkiyənin Bosfor boğazından yan keçməklə nəql etməyə imkan verirdi. Lakin Moskva bu təklifi ciddiyə almayıb - o, postsovet ölkəsindən çəkilən ixrac borusunun Rusiyanın ərazisindən yan keçməsini qəbul etməyib.
Bununla yanaşı, Aralıq dənizindəki nəhəng neft tranziti limanı olan Ceyhana çıxış həmişə Rusiya şirkətlərini maraqlandırıb. Hələ 2009-cu ilin oktyabrında "Rosneft", "Transneft" və "Sovkomflot" Türkiyənin Calik Holding və İtaliyanın "Eni" şirkəti ilə Samsun-Ceyhan neft kəmərinin inşasına dair razılaşma imzalamışdılar. Lakin layihə kağız üzərində qaldı və bu boru xəttinin çəkilməsi və istismarı xərcləri çox yüksək olduğundan, yaxın illərdə o, çətin ki, reallaşdırılsın.
Beləliklə, vaxt o qədər də çox olmasa da, ARDNŞ və "Transneft" arasında müzakirə olunacaq məsələlər kifayət qədərdir. Bakı-Novorossiysk boru xəttilə tranzit müqaviləsinin ləğvinə rəğmən, Azərbaycan tərəfi 2014-cü ilin əvvəlinədək ondan istifadə edə bilər. Danışıqların müsbət nəticə verməməsi halında belə, Azərbaycan çox şey itirməyəcək. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi ümumi nəql gücü 60 milyon ton olan (bu həcmi daha da artırmaq mümkündür) iki ixrac marşrutuna malik Azərbaycanın tranzit problemi olmamalıdır. Odur ki, danışıqların müsbət nəticələnməsi, ilk növbədə, "Transneft"ə sərf edir. Çünki ARDNŞ qısa müddətdə də olsa, Bakı-Novorossiysk boru xəttindən istifadə etmədikdən sonra, ona bir daha dönməyə bilər.
MƏSLƏHƏT GÖR: