25 Noyabr 2024

Bazar ertəsi, 10:40

GMO-suz

Azərbaycan transgen məhsullarla mübarizəni sərtləşdirir

Müəllif:

14.05.2013

Əcnəbi alimlər genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) insan orqanizminə mənfi təsiri  ilə bağlı hələ də konsensusa gələ bilmir. Bu, nəhəng aqrar sənaye korporasiyalarının "xidməti"dir. Onlar GMO-nun insana təsirinin araşdırılması ilə bağlı uzun-uzadı tədqiqatları, bu sahədə informasiya kampaniyalarını maliyyələşdirirlər. 

Məsələ ondadır ki, qəti qərar qəbul etmək üçün 3 nəslin tədqiq edilməsi vacibdir. Hər nəsil isə 25 il deməkdir. Lakin heyvanlar üzərində aparılmış tədqiqatlara əsaslanan alimlərin açıqlamaları məsələyə öz təsirini göstərib. İndiyədək Avstriya, Yunanıstan, Venesuela, Polşa, Belçika, Almaniya və Yeni Zelandiya özünü GMO-lu məhsullardan azad zona elan edib.

Bəs Azərbaycanda tərkibində GMO olan məhsullarla bağlı vəziyyət necədir?

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Resurslar İnstitutu (GRİ) məhsullarda GMO-nun aşkara çıxarılması üçün genişmiqyaslı monitorinqlərə başlayır. İnstitutun direktoru Zeynal Əkbərovun sözlərinə görə, monitorinqlər üç il ərzində Nazirlər Kabinetinin təsdiqlədiyi "Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası"na əsasən aparılacaq. Milli Elmlər Akademiyası ilə yanaşı, daha 4 dövlət strukturu da bu işlə məşğul olacaq - Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi.

Sonda araşdırmaların nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabinetinin icazəsindən sonra Fitosanitariya xidməti müvafiq nazirliklərin iştirakı ilə tərkibində GMO olan məhsulları məhv edəcək.

Z.Ələkbərov bildirir ki, ölkəyə tərkibində GMO olan toxumları idxalı, həmçinin tərkibində transgen maddələrin olduğu kənd təsərrüfatı məhsullarının istehsalı qanunla qadağandır. "Bütün dünyada olduğu kimi, Azərbaycanda da genetik modifikasiyaya məruz qalmış taxıl bitkiləri, pambıq, tərəvəz, meyvə və yem bitkiləri var. Belə bitkilərin harada əkildiyini dəqiqləşdirmək lazımdır. Genetik modifikasiya olunmuş məhsulların istehsalçıları ciddi məbləğdə cərimə olunurlar", - deyə o, bildirib.

Qeyd edək ki, monitorinqlər yalnız əkin sahələrində aparılacaq.

Azərbaycan bazarlarına gəlincə, burada vəziyyət tam fərqlidir. Məsələ ondadır ki, dövlət strukturları, ekspertlər və tibb işçiləri tərkibində transgen elementlər olan ərzaq məhsullarının, heyvan yemlərinin və kənd təsərrüfatı məhsullarının ölkəyə gətirildiyini çoxdan bildirirlər. İnsanlar isə bu məhsulları alaraq qəbul edir. Lakin bu şübhələrin konkret faktlarla sübuta yetirilməsi hələ ki, mümkün olmayıb. Çünki müvafiq araşdırmanın aparılması üçün xüsusi laboratoriya yox idi.

Hazırda isə bu sahədə vəziyyət köklü şəkildə dəyişir - Standartlarşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ərzaq məhsullarının tərkibindəki GMO-nu üzə çıxaracaq laboratoriya fəaliyyətə başlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, laboratoriya AzTEST komitəsinin tğəcrübə-sınaq mərkəzi yanında yaradılıb.

"Dövlət komitəsi müasir avadanlıqlar alıb, mütəxəssislərini bu sahədə öncül mövqelərdə olan Avropa ölkələrində təcrübəyə göndərib. Laboratoriyada artıq Bakı mağazalarında satılan və üzərində "GMO-suz" yazılan məhsulların analizi aparılır. Hər hansı məhsulun tərkibində belə maddələr aşkarlanırsa, komitə satıcıdan və ya tədarükçüdən bu nişanlanmanın yığışdırılmasını tələb edir", - deyə F.Talıblı qeyd edib.

Hələlik laboratoriyanın fəaliyyəti müəyyən qrupa aid məhsualların analizi ilə məhdudlaşır. Çünki  Milli Məclis "Genetik modifikasiya olunmuş məhsullar" haqqında qanunu təsdiqləməyib. Müvafiq olaraq, ölkədə monitorinqlərin bütün məhsul növlərinə tətbiq edilməsi üçün lazımi normativ baza da mövcud deyil. Odur ki, yoxlamalar yalnız tələblərlə və göstərişlərlə məhtudlaşır.

"Gələcəkdə GMO haqqında qanunun qüvvəyə minməsi ilə yoxlamaları gücləndirmək, müvafiq inzibati tədbirlər görmək niyyətindəyik. Amma artıq indidən deyə bilərəm ki, yerli istehlak bazarında tərkibində GMO olan məhsulların çoxluğu haqda fikirlər həqiqətə uyğun deyil", - deyə F.Talıblı bildirib.

Hazırda Azərbaycanda Milli Məclis tərəfindən "Mülki dövriyyədə olan və istifadə olunmasına xüsusi icazə əsasında yol verilən məhsullar haqda" qanununa edilmiş dəyişiklik qüvvədədir. Dəyişikliyə əsasən, Azərbaycanda GMO-nun dövriyyəsi xüsusi lisenziyalaşma tələb edən fəaliyyət növlərinə aiddir. Bu işlə lisenziya almadan məşğul olanlara qarşı sanksiyalar nəzərdə tutulur: fiziki şəxslər üçün - 200-300 manat, vəzifəli şəxslər üçün 500-600 manat, hüquqi şəxslər üçün 150-2000 manat. 

Bundan başqa, ölkədə "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun da qüvvədədir. O, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin dekarbrında imzalanıb.

Tərkibində GMO olan məhsualların yetişdirilməsi və qəbulu həm ekoloji, həm də tibbi nöqteyi-nəzərindən bir sıra risklər yaradır. Birincisi, genetik formasını dəyişmiş məhsul təsadüfən vəhşi təbiətə düşə, bu isə Azərbaycanın ekoloji sistemində faciəvi dəyişikliklərə yol aça bilər.

İkincisi, transgen məhsulun qəbulu əksər insanlarda yad zülala allergiya yaradır. Bundan başqa, pestisidlərə qarşı dayanaqlı olan bitkilər (genetik modifikasiya olunmuş soya və qarğıdalı) zərərli maddələrin toplanmasına, qidanın qəbulu zamanı zəhərlənməyə səbəb ola bilər.

Artıq bitkiyə yad gen vurulduqda  genomun sabitliyinin pozulduğuna dair çoxsaylı sübutlar yaradır. Məsələn, ötən əsrin 80-ci illərinin sonunda ABŞ-da triptofan qida əlavəsinin hazırlanması üçün geni dəyişdirilmiş bakteriya yaradılıb. Lakin hələ də tam məlum olmayan səbəbdən həmin bakteriyadan adi triptofanla yanaqşı etilen-bis-triptofan  yaranmağa başladı. Nəticədə onu qəbul edən 5 mindən artıq insan xəstələndi, onlardan 37-si öldü, 1500-dək insan isə əlil qaldı. Müstəqil ekspertlər bildirir ki, genetik modifikasiyaya məruz qalmış bitkilər adi orqanizmlərlə müqayisədə min dəfə daha çox zəhər ifraz edir.


MƏSLƏHƏT GÖR:

625