25 Noyabr 2024

Bazar ertəsi, 10:45

GÜNƏŞ, KÜLƏK VƏ SU

Alternativ mənbələr hesabına elektrik enerjisi həcmlərinin artırılması işində Azərbaycanın üç ən yaxşı dostu

Müəllif:

14.05.2013

Dünya iqtisadiyyatının inkişafı, sənayeləşmə və sənayenin önəminin artması bəşəriyyəti enerji əldə edilməsində daim yeni və alternativ variantlar tapılması üçün axtarış aparmağa məcbur edir. Ənənəvi resursların, o cümlədən neftin və qazın getdikcə tükənməsi ölkələr qarşısında yeni məsələ - alternativ və bərpa oluna bilən enerji mənbələrinin işlənməsi məsələsini qoyur. 

İri karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, Azərbaycan da kənarda qalmayıb və son bir neçə ildə ölkə rəhbərliyi bu istiqamətin inkişafına xüsusi diqqət yetirir. Bəli, bu gün ölkədə 50 mln ton neft, 27 mlrd kubmetr qaz hasil edilir və 18 mlrd kv/ -saatdan artıq elektrik enerjisi hasil edilir. Amma ölkənin enerji təhlükəsizliyi sahəsində özünü təmin etməsinin əks tərəfi də var - bu, ekoloji təhlükədir. Buna görə də, hasilat, yanacaq və qaz yandırılması zamanı yaranan tullantıların azaldılması və bundan yaxa qurtarılması üçün yeni texnologiyaların tətbiqinin vacibliyi ortaya çıxır. Alternativ mənbələr hesabına elektrik enerjisi istehsalı həcmlərinin artırılması da bu problemin həll üsulları sırasına daxildir. 

 

Məqsəd 600 meqavatdır 

Azərbaycanın alternativ energetika sahəsində imkanlarından danışarkən qeyd etmək lazımdır ki, ölkənin 2020-ci ilə kimi günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə gücünü 600 meqavata qədər qaldırmağa yetərincə imkanı var. 

Bundan başqa, ilkin qiymətləndirmələrə görə, təbii mühit, iqtisadi infrastruktur və coğrafi yerləşmə nəzərə alınmaqla Azərbaycanın külək energetikasının resurslarının potensialı 800 meqavatdır. Uyğun olaraq, bu, 2,4 mlrd. kv/-saat elektrik enerjisi və hər il 0,8 mln. ton şərti yanacağa qənaət etmək deməkdir. 

Bərk məişət tullantılarının, biokütlənin, termal qaynaqların emalından enerji alınması, həmçinin onlarla kiçik su elektrik stansiyası (SES) tikilməsi üzrə  imkanlar da var. 

Çayların texniki gerçəkləşdirilə bilən hidroenergetik potensialının ümumi həcminin 5 mlrd kv-/saatını kiçik hidroelektrik stansiyalarının hesabına təmin etmək mümkündür. Azərbaycan çaylarının ümumi hidroenergetika potensialı isə 40 mlrd kv/saat təşkil edir,  bunun 16 mlrd. kv-/saatı texniki gerçəkləşdirilə biləndir. 

Rəqəmlər göstərir ki, alternativ enerji mənbələrinin inkişafı üzrə imkanlar yetərincə yüksəkdir. Onların inkişafı elektrik enerjisi istehsalı üçün işlədilən ənənəvi karbohidrogen resurslarının  istehlak həcmini azaltmağa imkan verir. Misal üçün, alternativ və bərpa olunan mənbələr hesabına  1000 meqavat enerji gücünün yaradılması ölkəyə əlavə olaraq  1 mlrd. kubmetr qaz ixrac etməyə imkan yaradar. 

 

İnkişaf strategiyası

Qeyd edək ki, xüsusi olaraq alternativ energetika sahəsində fəaliyyətin əlaqaləndirilməsi üçün ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Bu yaxınlarda o, ayrıca qurum kimi (Sənaye və Energetika Nazirliyindən kənarda) fəaliyyətə başladı, onun tərkibinə həm də "Azeralternativenerji" MMC daxil edilib. "Azeralternativenerji"nin vəzifələri sırasına kəşfiyyat, ixtira, enerji istehsalı və nəqli, paylanması, həmçinin enerji əldə etmək üçün avadanlıq, qurğu və obyektlərin layihələndirilməsi işləri daxildir. Agentliyin yaradılması, həmçinin "Azeralternativenerji"nin onun tərkibinə daxil edilməsi bu qurumun alternativ energetika sahəsində imkanlarını genişləndirir və uyğun olaraq lazımi infrastruktur və şərait tələb edir. O cümlədən, böyük maddi-texniki baza, kadr potensialı, mütəxəssis hazırlığı, məsləhətçilərin cəlb edilməsi və s. lazımdır. 

Şəksiz ki, bu sahədə inkişaf baxımından tutarlı töhfə kimi 2020-ci ilə kimi alternativ və bərpa edilən enerji mənbələrinin inkişafı üzrə strategiyanın təsdiqini, həmçinin bu sahədə lazımi normativ-hüquqi bazanın formalaşdırılmasını, yəni alternativ energetika haqqında qanunun təsdiqini saymaq olar. Agentliyin başçısı Akim Bədəlovun sözlərinə görə, strategiyanın gerçəkləşdirilməsi enerji istehsalının ümumi həcmində alternativ mənbələrin payını 20%-ə qədər çatdırmağa imkan verir. Onun hazırlanması çərçivəsində araşdırmalar aparılıb və tarif sistemi, həmçinin kadr siyasəti üzrə təkliflər də hazırlanıb. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir sıra ölkələrin təcrübəsinin istifadə edilməsi ilə imkan yaradacaq. 

Bu sahədə böyük təcrübə Avropa ölkələrinin payına düşür. O cümlədən Avropa Birliyində (AB) "20-20-20" proqramı qəbul edilib ki, onun çərçivəsində  2020-ci ilə qədər regionda elektrik enerjisi istehsalında alternativ energetikanın payı 20%-ə çatmalıdır.

2012-ci ilin sonuna kimi, Avropa külək elektrik stansiyalarının ümumi gücü 100 QVt-a çatıb, yəni 2007-ci ilə baxanda 2 dəfə artıb. Bu zaman günəş elektrik stansiyalarının gücü 14 dəfə artaraq 70 QVt-a çatıb. 

Avropa enerji sisteminin operatorlarını birləşdirən qrupun qiymətləndirməsinə görə, 2020-ci ilə kimi alternativ energetikanın payı 500 QVt-dan çox olmalıdır.  AB-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobianın sözlərinə görə, Azərbaycan yalnız enerji resursları ilə zəngin deyil, həm də külək, günəş, geotermal enerji mənbələri də daxil olmaqla, alternativ və bərpa olunan enerji mənbələri sarıdan da böyük potensiala malikdir. 

"AB alternativ energetikanın inkişafı sahəsində Azərbaycanı dəstəkləyir. Bu istiqamətdə bir sıra tədbirlər hazırlanıb və gerçəkləşdirilir, onların sırasında BMT INOGATE-nin tvininq-proqramı, regional proqramları və inkişaf proqramı da var. Həmçinin alternativ energetika üzrə proqramın işlənməsi üçün 14 mln. avro ayrılıb", -  deyə Kobia bildirib.

 

Qobustan poliqonu

Yuxarıda qeyd edildiyi kimi, alternativ energetika öz inkişafına son bir neçə ildə qovuşub. Uyğun olaraq bu istiqamətdə müəyyən işlər görülüb. Belə layihələr arasında parlaq nümunə kimi Azərbaycanın Qobustan rayonunda poliqonun yaradılmasını göstərmək olar. 

Bu poliqonda toplam gücü 2,7 meqavat olan üç külək turbini tikilib, gücü 1,8 meqavat olan günəş batareyaları quraşdırılıb. Həmçinin bioqazla işləyən və gücü 1 meqavat olan elektrik stansiyası tikilib. 

Hazırda Qobustandakı müəssisələrin çoxu enerjini Qobustan poliqonundakı hibrid elektrik stansiyanın hesabına alır.  "Azərenerji"  ASC ilə birlikdə poliqonda əldə edilən elektrik enerjisini ümumi enerji sisteminə yönəltməyə imkan verən sistem yaradılıb. 

2015-ci ilə kimi Qobustan poliqonunun hibrid elektrik stansiyasının gücünün indiki 5,5 meqavatdan  8 meqavata qaldırılması planlaşdırılır. Bu, Qobustan şəhərini, daha sonra isə bütün Qobustan rayonunu elektrik enerjisi ilə təmin etməyə imkan verər. 

Alternativ Energetika üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov ölkənin başqa regionlarında perspektivdə hibrid elektrik stansiyaların yaradılmasının mümkünlüyünü istisna etmir. İlkin mərhələdə bu stansiyaların gücü 15-20 meqavat təşkil edəcək, daha sonra 45-50 meqavata qaldırılması düşünülür. 

Qobustan poliqonunun nümunəsində bu cür layihələrin imkanları və onların effektivliyi barədə fikir söyləməyə imkan verir. Hər yerdə hibrid elektrik stansiyalarının tikintisi ölkənin regionlarının sosial-iqtisadi  inkişafına müsbət təsir göstərəcək. Öz növbəsində, Abşeron yarımadasının külək potensialı nəzərə alınarsa, alternativ energetikanın inkişafı paytaxtın enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verər. 

Funksiyaları genişləndirilmiş yeni agentliyin formalaşdırılması, alternativ energetika strategiyasının təsdiq edilməsi və bu sahədə bütün lazım olan hüquqi bazanın formalaşdırılması bu çağdaş, elmtutarlı və baha başa gələn inkişafına, ümumi elektrik enerjisi istehsalında və istehlakında alternativ enerji mənbələrinin payının yüksəldilməsinə xidmət edir. 



MƏSLƏHƏT GÖR:

488