25 Noyabr 2024

Bazar ertəsi, 09:38

KÖHNƏ İDEYANIN YENİ NƏFƏSİ

Mərkəzi Bank Azərbaycanda ixtisaslaşmış aqrar bankın yaradılması ideyasına qayıdır

Müəllif:

14.05.2013

Obyektiv amillər səbəbindən Azərbaycanda kənd təsərrüfatının bank yolu ilə kreditləşdirilməsi heç də aparıcı səciyyə qazana bilmədi. Aqrar bölmənin baş donoru kimi ənənəvi olaraq dövlət çıxış edir, fermerlərə subsidiyalar verir, həmçinin müxtəlif fondların vasitəsi ilə onlara texniki və maliyyə yardımları edir. Ancaq aqrar kreditləşdirmə mexanizmi yalnız ölkədə ixtisaslışdırılmış aqrar bankın yaradılmasından sonra universal xarakter daşıyacaq.

 

Dövlət kreditləri 

Son illərin aqrar islahatlarının təcrübəsi göstərdi ki, Azərbaycanın fermer təsərrüfatlarının bazar münasibətləri şəraitində intensiv inkişafı yalnız güzəştli kreditləşdirmə sisteminin orlması zamanı mümkündür. Azərbaycanın müstəqilliyinin birinci on ilində, xüsusilə də  1990-cı illərin sonlarında ölkədə öz miqyasına görə nəhəng aqrar islahatlar başlayanda, kənd təsərrüfatına aşağı faizli və uzun müddətli pul vəsaitlərinin verilməsində önəmli rolu beynəlxalq maliyyə təşkilatları oynayıblar. Bütünlükdə, torpaq islahatının aparılmasından (1998-ci il) ötən on beş il ərzində Azərbaycanın aqrar bölməsinin inkişafı 20-dən artıq beynəlxalq layihə tərəfindən dəstəklənib, ancaq kreditlərin və donor yardımının toplam həcmi $500-600 mln.-dan artıq olmayıb. 

Bu maliyyə resurslarının böyük bölümü aqrar sənayenin bu və ya başqa sahələrindəki lokal layihələrə və ya ölkənin ayrı-ayrı rayonlarında kənd təsərrüfatı icmalarının inkişafına, kooperativlərin və kredit ittifaqlarının formalaşdırılması üzrə pilot proqramların gerçəkləşdirilməsinə yönəldilib. Bu təşəbbüəslərin müsbət nəticələrinə baxmayaraq, beynəlxalq donorların yardımı əsasən konsultativ-texniki xarakter daşıyıb, özü də  kənd istehsalçılarının birbaşa kreditləşdirilməsinin payı müqayisə olunmaz dərəcədə aşağı olub. 

Aqrar sənayeinin güzəştli kreditləşdirilməsində yeni mərhələ 9 il qabaq 2004-2008-ci  və 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının gerçəkləşdirilməsinin başlanması ilə açılıb. Kənd təsərrüfatı istehsalının inkişafı üçün başqa önəmli təkan isə artıq dörd ildən çoxdur ki, gerçəkləşdirilən və 2015-ci ilə hesablanmış əhalinin ərzaqla etibarlı təchizi üzrə dövlət proqramı tərəfindən verilib. Bu  dövlət proqramlarının gerçəkləşdirilməsi üçün əsas  maliyyə aləti dövlət tərəfindən fermerlərə və ərzaq məhsulları emalı, eləcə də istehsalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə  güzəştli dövlət kreditlərinin ayrılması olub. Burada həlledici rol dövlət qurumlarına "Aqrolizinq" SC-yə, Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) və Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Ötən oniliklər boyunca bu qurumlar milyrad manatdan çox sərmayəni iqtisadiyyatın daha perspektivli sahələrinə yönəltməkdə yardımçı olublar, özəl bölməni innovasiya texnologiyalarına və proqressiv təsərrüfat formalırının yaradılmasına vəsait yatırmağa stimullaşdırıblar. Bu məsələdə əsas vurğu regionlarda çağdaş ixraca yönəlik  aqrar-sənaye komplekslərinin təşkilinə yönəldilib.

Ancaq mütəxəssislərin hesablamalarına görə, aqrar sektoru keyfiyyətcə yeni inkişaf səviyyəsinə çıxarmaq üçün kreditləşdirmə həcmlərini dəfələrlə - ildə milyard manatlara qədər artırmaq lazımdır. Lazımi vəsaitlərin toplanması üçün büdcə sərmayələri ilə yanaşı özəl sərmayəçilərin  və bankların resurslarını da işə salmaq lazımdır. Son illərdə bu prosesi intensivləşdirmək mümkün olub: ölkənin öz dövriyyə vəsaitlərini, həmçinin yaxın bankların resurslarını yeyinti və emal sənayesinin inkişafına yönəldən aparıcı holdinqlərinin nəzərə çarpacaq sərmayə fəallığı müşahidə edilir. Şərabçılıq və şirkə istehsalı, konserv, ətçilik-südçülük, yağ-piy, şəkər sənayesi, pambıq emalı və çay qablaşdırılması, soyuducu anbarların və elevatorların tikilməsi, iri süd fermalarının yaradılması - bütün bunlar son vaxtlarda yerli maliyyə-sənaye qrupları tərəfindən mənimsənilmiş sərmayə istiqamətlrinin heç də tam siyahısı deyil. 

Bununla yanaşı, yeyinti sənayesindən fərqli olaraq, kənd istehsalçılarının birbaşa maliyyələşdirilməsi hələ ki, iri kredit qurumlarının prioritetləri sırasında deyil. Risklərin yuxarı olmasına nisbətən gəlirlərin aşağılığı, girovların likvidliyi üçün problem yaradan torpaq bazarının inkişaf etməməsi, həmçinin fermerlər arasında sığortanın populyar olmaması ölkənin kommersiya bankları arasında aqrar sektorun kreditləşdirilməsinə marağı yetərincə azaldır.   

Məxsusən indi buna görə fermer təsərrüfatlarının əsas donoru kimi başlıca olaraq beynəlxalq humanitar təşkilatlar tərəfindən təsis edilmiş on beşə yaxın bank olmayan kredit təşkilatı (BOKT) çıxış edir. Onlar bütün ölkə üzrə yarım milyondan artıq  müştəriyə xidmət edirlər, onlara 150-dən artıq filial və bölmə vasitəsi ilə  xidmət göstərirlər.  Ötən il BOKT-ların məcmu kredit çantası $720 mln.-u ötüb, özü də verilən borcların böyük bölümü aqrar regionların payına düşüb. Ancaq vəsaitlərin həddindən kiçik həcmi, nisbətən yüksək faizlər və kiçik ödəniş müddəti BOKT-lar tərəfindən təqdim edilən borcları heç də həmişə fermer təsərrüfatlarının maliyyələşdirilməsi üçün yararlı etmir. 

 

İkinci nəfəs 

Bütün bunlara əsaslanaraq, Azərbaycanda artıq çoxdan müxtəlif mənbələrdən resursları toplamağa və geri qayıdan borcların istifadəsi ilə yeni borclar ayrılması ("revolver" fondu prinsipi) üzrə səmərəli sistemin yaradılmasına imkan verən ixtisaslaşmış aqrar bankın yaradılmasının vacibliyi ortaya çıxıb. "Bu gün Azərbaycanda kənd təsərrüfatına bank xidmətləri əsasən dövlət fondları və mikromaliyyələşdirmə təşkilatları tərəfindən göstərilir. Eyni zamanda, biz dövlət və özəl mövcudluğun müxtəlif kombinasiyalarından istifadə etməklə  maliyyə sektorunun kənd təsərrüfatına dəstəyinin artırılması üçün beynəlxalq təcrübəni öyrənirik. Aqrar bölmənin maliyyələşdirilməsinin milli bazar sisteminin formalaşması başqa şeylərlə yanaşı,  ixtisaslaşmış universal aqrar bankın yaradılmasını da nəzərdə tutur",- deyə bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov kənd  təsərrüfatının kreditləşdirilməsi üzrə beynəlxalq konfederasiyanın  (C.I.C.A.)  mərkəzi komitəsinin 43-cü konfransında çıxış edərkən bildirib. 

Bu cür ixtisaslaşdırılmış bankın yaradılması üzrə danışıqlar dörd il qabaq başlanıb, baza kimi  1990-cı illərin əvvəlində yaradılmış və fermerlərin aşağı faizli, uzun müddətli borclara çıxışına şərait yaradan bank olmayan kredit təşkilatı "AqrarKredit"in strukturundan istifadə etmək təklif edilib. 2003-cü ilin oktyabr ayında  "AqrarKredit"in "Aqrar-kredit fondu" ilə birləşməsindən sonra bu BOKT-un fəaliyyət sahəsi və maliyyə imkanları yetərincə genişlənib. Hazırda bu qurumun filialları ölkənin bütün iqtisadi regionlarında fəaliyyət göstərir,  müxtəlif kredit layihələri, o cümlədən SKMF-nin xətti ilə də layihələr gerçəkləşdirir.  Belə ki, 2013-cü ilin yanvar ayında "AqrarKredit"in kredit portfeli 17,7 mln manata çatıb, məcmu aktivləri isə 2,7% artaraq 26,6 mln manat təşkil edib. Təşkilat  2012-ci ildə kiçik gəlirləri başa çatdırıb, özü də onun gəlirləri 4,1 mln manatı keçib. 

Bu gün "AqrarKredit"in nizamnamə kapitalı 18,6 mln. manat təşkil edir ki, bu da yeni bankın yaradılması üçün heç yetərli deyil. AMB-nin 2014-cü ilin 1 yanvar tarixindən qüvvəyə minən normativlərinə görə,  fəaliyyətdə olan bankların məcmu kapitalına, həmçinin yeni yaranmaqda olan bankların nizamnamə kapitalına qoyulan tələblər yenidən artırılaraq 50 mln manata çatdırılıb. Uyğun olaraq, "AqrarKredit"in təsisçiləri olan Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi qarşısında kapitallaşmanın tələb olunan səviyyəyə qaldırılması üçün lazım olan vəsaitlərin tapılması məsələsinin həll edilməsi durur. Ola bilsin ki, lazım olan vəsaitlərin bir hissəsi dövlət xəzinəsindən daxil olacaq, amma vəsaitlərin xarici sərmayəçilər hesabına cəlb ediləcəyi də istisna edilmir. 

Belə ki, bir neçə il qabaq  "AqrarKredit"n tamkeyfiyyətli aqrar banka çevrilməsi üçün variantlardan biri kimi onun özəlləşdirilməsi və bu qurumun səhmdarlarının genişləndirilməsi nəzərdə tutulurdu. Bu məsələ ilə bağlı məsləhətləşmələr Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin  "Credit Agricole" və "Rosselxozbank" kimi beynəlxalq aqrar banklarla aparılırdı. Ancaq böhrandan sonrakı dövrdə də xarici donorlarla uzun sürən danışıqlar saziş bağlanması ilə nəticələnə bilmədi. "İstənilən halda, perspektivdə bu bankda geniş xarici təmsilçilik təmin ediləcək, çünki bu tip strukturlarda yüksək kapitallaşma vacibdir. Ancaq ilkin mərhələdə aqrar bankın kapitalı dövlət vəsaitləri hesabına formalaşa bilər", - deyə "AqrarKredit"in İdarə Heyətinin sədri Məmməd Musayev bildirir. İstənilən halda, bu gün ixtisaslaşmış aqrar bankın yaradılması məsələsi müstəsna önəm qazanır, çünki iqtisadiyyatın neftdən kənar bölmələrinin, o cümlədən aqrar-sənaye kompleksinin inkişafı üzrə layihələrə dövlət dəstəyi strateji prioritet olaraq müəyyən edilib. Bu məsələnin uğurla həlli üçün zəmanət kimi AMB-nin iştirakının fəallaşması çıxış edə bilər, istisna edilmir ki, bu məsələ cari ilin sonuna kimi müsbət həllini tapa biləcək. 


MƏSLƏHƏT GÖR:

530