25 Noyabr 2024

Bazar ertəsi, 09:52

İTİRİLMİŞ NƏSİL

Avropada hər 4 gəncdən 1-i işsizdir

Müəllif:

14.05.2013

Avropa İttifaqı ölkələrində maliyyə böhranı artıq altıncı ildir ki, davam edir. Nəticədə süni yaradılmış bu nəhəng strukturda hər dəfə yeni zəif yerlər, bəndlər meydana çıxır. Yunanıstanın üzləşdiyi ağır xəstəliyini müalicə etməyə macal tapmamış digər problemlər yaşanmağa başlayıb. Söhbət Kiprin üzləşdiyi maddi-mənəvi problemdən gedir. Proqnozlar isə Avropa İttifaqının daha bir neçə ölkəsinin "böhran növbəsi"ndə olduğunu deyir. Təbii ki, böhran nə qədər dərinləşir və genişlənirsə, qitə sakinlərinin həyatına onun təsiri də bir o qədər güclənir.

İstənilən iqtisadi böhranda qaçılmaz olan işsizlik Aİ-də rekord həddə çatıb. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, hazırda Avropada 26,3 milyon insan işsizdir. Bu, 2008-ci ildə qeydə alınmış rəqəmdən 10 milyon çoxdur. Hazırda Avropanın əmək bazarında vəziyyət böhrandan əvvəlkilə müqayisədə daha pisdir. Aİ-nin 27 üzvündən 22-də bu tendensiya müşahidə olunmaqdadır. Böhrandan əvvəlki dövrlə müqayisədə bu gün işsizlik səviyyəsi ittifaqın yalnız 5 ölkəsində pisləşməyib - Almaniya, Macarıstan, Avstriya, Lüksemburq və Malta.

Məruzəyə əsasən, Aİ-də işsizliyin orta səviyyəsi 10,9%-dir. Bu, böhrandan əvvəlki dövrlə müqayisədə 4,1% artıqdır. Bu zaman bir fakt diqqəti daha çox cəlb edir: avrozonada işsizlərin sayı Aİ-yə daxil olan, lakin öz valyutasını qoruyub saxlamış dövlətlərlə müqayisədə daha sürətlə artır. 2013-cü ilin fevralına olan məlumata görə, avrozona ölkələrində işsizliyin səviyyəsi rekord həddə çatıb - 12%. Problemli sayılan ölkələrdə bu rəqəm daha da yüksəkdir. Portuqaliyada iş yerlərini itirmiş əhali 17,5%-dirsə, Yunanıstan və İspaniyada bu göstərici 26%-dən artıqdır.

Bir qayda olaraq, belə vəziyyətlərdə əsas ağırlıq gənc nəslin üzərinə düşür. Aİ ölkələrində böhran artıq bir neçə ildir davam edir və hələ əmək fəaliyyətinə başlamağa macal tapmamış gənclər işsizlər ordusuna qoşulur. Avropa Statistika Agentliyi - Eurostat tərəfindən açıqlanan rəqəmlər Aİ-nin bəzi ölkələrində gənclərin durumunun sözün əsl mənasında kritik olduğunu göstərir. Qurumdan bildirirlər ki, Yunanıstan və İspaniyada hər ikinci gənc işsizdir (müvafiq olaraq 57,6 və 55,6%). İtaliyada bu göstərici 36,6% təşkil edir. Avropa İttifaqının yalnız 1 üzvü - Almaniyada gənclər arasında işsizlik artmayıb (cəmi 8%). İqtisadçılar isə hesab edir ki, Almaniyada da gizli işsizlik hökm sürməkdədir. Belə ki, əmək qabiliyyətli vətəndaşların dörddəbiri aşağı əməkhaqqı ilə işləyir və dövlətdən müavinat alır. Ümumilikdə avrozonada gənc nəsil arasında işsizliyin səviyyəsi 23,9% təşkil edir.

Avropa İttifaqının əmək və sosial məsələlər üzrə komissarı Laslo Andor Eurostat tərəfindən açıqlanan rəqəmləri "Avropa üçün faciə" kimi qiymətləndirib. Almaniyanın Junge Welt nəşrinin məlumatına görə, komissar bütün Aİ ölkələrini təcili tədbirlər görməyə çağırıb: "Aİ və üzv dövlətlər bütün vasitələrdən istifadə edərək yeni iş yerləri açmalı, iqtisadi artımı bərpa etməlidir".

Beynəlxalq Əmək Təşkilatının proqnozuna görə, 2017-ci ildə İspaniyada gənclər arasında işsizlik 50%-i ötəcək, İtaliya və Yunanıstanda isə 30%-dən artıq olacaq. Bu, psixi problemlərə, gənclər arasında bədbinliyə səbəb ola bilər, gəncləri ən ağır yollara əl atmaq məcburiyyətində qoya, onları  müxtəlif radikal hərəkatların təsiri altına sala bilər.

Bundan başqa, Avropa Komissiyası gənclər arasında işsizliyin hər il Aİ-yə 150 milyard avroya başa gəldiyini bildirir. Bu, Avropa İttifaqının ÜDM-in 1,2%-i deməkdir. İqtisadi problemləri daha da ağırlaşdıran məqamlardan biri də məhz budur.

Beynəlxalq Əmək Təşkilatının analitikləri əmək bazarında vəziyyətin ağırlaşmasının sosial təlatümlərə aparıb çıxaracağını istisna etmir. Artıq nümunələr də var. KİV-də demək olar ki, hər gün Avropanın bu və ya digər ölkəsində etiraz aksiyaları, tətillər haqqında xəbərlərə rast gəlmək mümkündür. Əksər ölkələrdə etiraz aksiyaları dinc xarakter daşıyarsa, Yunanıstanda onlar özünü iğtişaşlar kimi göstərir. Nəticədə Yunanıstanda insan ölümü hallarına belə, rast gəlinir. Bu isə heç də təəccüblü deyil. Statistikaya görə, Yunanıstanda hər güc, təxminən, 900 nəfər iş yerini itirir. Yaş kateqoriyasına gəlincə, yaşı 24-dək olan hər 100 yunanın 60-dan artığı işsizdir.

Problemli ölkələrdə son illər yaxşı savad almış gənclərin daha zəngin ölkələrə üz tutması tendensiyası da müşahidə olunur. İlk baxışdan düşünmək olar ki, Avropa sərhədləri qitənin bütün vətəndaşlarının üzünə açıqdırsa, üstəlik daha yaxşı durumda olan Almaniya iqtisadiyyatı hələ Yunanıstandakı işsizlərin də bir hissəsini qəbul etməyə hazırdırsa, bu, tamamilə təbii bir haldır. Amma bu məqamda ortaya dözümsüzlük və ksenofobiya problemləri çıxır. Yunanıstanda sərt iqtisadi rejimə Avropa İttifaqı, BVF və Avropa Mərkəzi Bankının israrı ilə keçilsə də, yunanlar yaşayış vəziyyətlərinin pisləşməsində məhz almanları günahkar bilir. Artıq Yunanıstanda Almaniya kanslerinin nasist geyimində çəkilmiş karikaturaları heç kimi təəccübləndirmir.

Bu söz duelində Almaniya mətbuatı da kənarda qalmır. Son iki ildə saysız-hesabsız məqalədə yunanlar fırıldaqçı və müftəxor adlandırılıb. Alman KİV-i Yunanıstanı dəfələrlə mövcudluğu ilə avrozonanı əziyyətə salmamağa çağırıb. Üstəlik, avrozonadakı böhranda formal olaraq günahkar sayılan cənublulara bu münasibət heç də yalnız Almaniyada hökm sürmür. Belə münasibətin hədəfindəkilər də heç də yalnız yunanlar deyil. Beləliklə, bu cür "siyasi simpatiya"nın olduğu halda şimal cənubdan işsiz gənclərin axınına heç də sevinmir.

Yaranmış vəziyyətdə bəzi analitiklər, hətta ötən əsrin 30-cu illərinə aid və artıq unudulmuş "itirilmiş nəsil" məsələsini xatırlamağa başlayıblar və bu, tamamilə təbiidir: böhran əmək bazarından kənara atılmış və yaşamaq üçün pul qazanmağa olan ümidlərini günbəgün itirən böyük bir gənc nəslin həyat tərzinə çevrilir. Hələ ki, Avropanın maliyyə strukturları müxtəlif problemli ölkələrin təcili "müalicəsi"lə məşğuldur. Gənclər arasında işsizlik probleminin aradan qaldırılması üçün nə vaxt, nə də vəsait var. Halbuki büdcə və dövlət borcuna nəzarət qədər, işsizliyin aradan qaldırılmasının da son dərəcə vacib olduğunu hər kəs başa düşür. Gənclərin cəmiyyətin radikallığa daha meyilli hissəsi olduğu unudulmamalıdır.

Avropada indi tez-tez gənclər arasındakı təlatümlərin hökumətləri devirdiyi, dünyanın siyasi simasını dəyişdiyi 1968-ci ili xatırlayırlar. O dövrü xatırladan ilk çağırışlar artıq Paris və Londonətrafı qəsəbələrdə, Afina və Roma meydanlarında eşidilməkdədir... Vəziyyət hələ ki, tam çıxılmaz deyil. Amma Avropanın gənc nəslinin vaxtilə böyüklərdən böyük, sabit və etibarlı Avropa vədi aldıqları və indi aldanmış vəziyyətə düşdükləri də faktdır. "İtirilmiş nəsil" onlara bir damın altında parlaq gələcək vədinə ümid edərək sakit şəkildə gözləyəcəkmi? Üstəlik, iqtisadi böhran uzandıqca, siyasi, sistem problemlərinin əlamətləri də tam aydınlığı ilə üzə çıxmağa başlayır...



MƏSLƏHƏT GÖR:

502