
"BU POTENSİALI NƏZƏRƏ ALMAMAQ MÜMKÜN DEYİL"
Mark Kramer: "Amerikanın regiondakı siyasətində Azərbaycan amili getdikcə daha çox nəzərə alınır"
Müəllif: Rizvan HÜSEYNOV Bakı
Professor Mark Kramer - Harvard Universitetinin Rusiya və Avrasiyanın öyrənilməsi üzrə Devis Mərkəzinin böyük elmi işçisi və "soyuq müharibə"nin öyrənilməsi proqramının direktoru. O, həm də SSRİ-nin siyasətinə, Sovet İmperiyasının dağılma səbəblərinə, həmçinin Şərqi Avropada və potsovet məkanındakı inqilabi proseslərə, milli-azadlıq hərəkatlarına dair çoxsaylı elmi məqalələrin, nəşrlərin müəllifidir. Mayın əvvəlində professor Kramer ilk dəfə Azərbaycanda olub. Biz isə öz növbəmizdə onunla söhbətləşmək imkanını əldən vermədik.
- Professor Kramer, Qərbdə SSRİ-ni, adətən, "Şər imperiyası" adlandırırdılar. Bu regionu tədqiq edən bir şəxs kimi bu haqda fikrirlərinizi bilmək istərdik...
- Mənim cavabım SSRİ tarixinin dövrlərindən asılıdır. Söhbət Stalinin rəhbərliyi dövründən gedirsə, düşünürəm ki, bu, Sovet İttifaqının "Şər ittifaqı" olduğu dövr idi. Stalin dəhşətli diktator idi. Onun siyasəti xüsusilə Azərbaycana baha başa gəlmişdi. Bilirəm ki, Azərbaycan xalqına qarşı aparılmış repressiyalar məhz Stalinin adı ilə bağlıdır. Bütünlükdə Azərbaycan xalqının Qazaxıstana və Sibirə sürgün edilməsini məhz o istəyirdi. Məhz Stalinin göstərişi ilə 1940-1950-ci illərdə Ermənistandan azərbaycanlıların böyük bir hissəsi çıxarıldı. Bu işdə Stalinin silahdaşı, sovet xadimi Anastas Mikoyan da az rol oynamayıb. O, azərbaycanlılara qarşı aparılan etnik təmizləməyə və repressiyalara rəhbərlik edirdi.
- Yeri gəlmişkən, tədqiqatlarınızda SSRİ-nin dağılmasında əsas katalizatorlardan olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolunu necə qiymətləndirirsiniz?
- Bu gün Bakının arxivlərində işləmək imkanı əldə etdiyim üçün çox məmnunam. Məni buradakı vacib arxiv materialları maraqlandırır. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin başlamasına aid sənədləri, onun başlama səbəblərini öyrənmək niyyətindəyəm. Artıq bənzər layihələrlə Rusiyanın, həmçinin bir sıra digər postsovet ölkəsinin arxivlərində də işləmişəm.
- Məlumdur ki, SSRİ-də müstəqillik uğrunda ilk mübarizələrdən biri Azərbaycanda başlayıb. Fikrinizcə, Sovet İttifaqı rəhbərliyinin məhz Azərbaycandakı Milli-Azadlıq Hərəkatını daha sərt şəkildə yatırmağa çalışması nə ilə bağlıdır? Halbuki, digər respublikalara qarşı bu miqyasda cəza tədbirlərinə əl atılmadı...
- Mixail Qorbaçov milli siyasətdə zəif idi və ermənipərəst mövqe tuturdu. Amma fikrimcə, o, Dağlıq Qarabağı ermənilərə vermək fikrində deyildi. Belə olan təqdirdə Qorbaçov əlbəttə ki, Ermənistanda və Dağlıq Qarabağda separatçılara, millətçilərə qarşı güc tətbiq etməli idi. Bununla da o, münaqişənin baş qaldırmasına imkan verməyə bilərdi. Amma əvəzində Qorbaçov 1990-cı ilin yanvarında Bakıda Azərbaycan xalqına qarşı güc tətbiq etdi. Yəni, bütün bu addımlar Ermənistan-Azərbaycan münaqişəsini qızışdırdı, silahlı qarşıdurmadan qaçılmasına imkan vermədi.
- Hələ 80-ci illərin ortalarında Qorbaçov Ermənistanda azərbaycanlıların qətlə yetirildiyini, ölkədən qovulmağa başlanıldığını, Dağlıq Qarabağda separatçı hərəkat hazırlandığını yaxşı bilirdi. Lakin İrəvan və Xankəndidəki azsaylı erməni millətçilərinə güc tətbiq edilmədi...
- Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Məsələ ondadır ki, Qorbaçov o zaman Şərqi Avropa ölkələrində kommunist rejimlərinin süqutunun təsiri altında idi. Almaniyada birləşmə prosesi gedirdi, sosial düşərgədəki keçmiş müttəfiqlərlə münasibətlər pozulurdu. Bütün bunlar Qorbaçovu qorxudurdu. O, SSRİ-nin də eyni taleni yaşayacağından qorxurdu. Bütün bunlar 1990-cı ilin yanvarında Bakıya ordu yeridilməsinə, Azərbaycan xalqına qarşı sərt addımların atılmasına öz təsirini göstərdi.
- Hələ 1985-ci il fevralın 21-də Sov. İKP MK Siyasi Bürosunun Qorbaçovun rəhbərliyi ilə keçən ilk iclasında o, SSRİ-də "erməni soyqırımı"nın 70 illiyi ilə bağlı tədbirlərin keçirilməsinin vacibliyini bildirmişdi. Bu, Siyasi Büronun bir çox üzvləri tərəfindən birmənalı qarşılanmamış və onların təəccübünə səbəb olmuş, Qorbaçovun ermənilərə olan sevgisini göstərmişdi...
- Bəli, Qorbaçovun bu təşəbbüsünün qəribə olduğu ilə razıyam. Amma nəzərə almaq lazımdır ki, artıq o dövrdə erməni diasporu yalnız Qərbdə deyil, Moskvada, Kremldə də ciddi nüfuza sahib idi. Məsələ ondadır ki, Qorbaçovun bir çox məsələlərlə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikrinə onun ermənilərdən ibarət ətrafı ciddi təsir göstərirdi. Söhbət Şahnazarovdan, Miqranyandan, Aqambekyandan və digərlərindən gedir. Mixail Qorbaçovun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı fikrinin formalaşmasında Amerika və Avropanın erməni diasporunun da ciddi rolu olub.
- Qərbdə Qorbaçovun mütərəqqi, müsbət siyasi fiqur sayıldığı sirr deyil. Halbuki, postsovet məkanında SSRİ-nin dağıldığı dövrdəki mənfi hadisələr məhz Qorbaçovun siyasətilə əlaqələndirilir. Bəs şəxsən siz Qorbaçovun rolunu necə qiymətləndirirsiniz?
- Düşünürəm, postsovet məkanında gələcəkdə Qorbaçovun rolu daha müsbət qiymətləndiriləcək. Axı o, SSRİ ilə ABŞ arasındakı mənasız "soyuq müharibə"yə və silahlanma yarışına son qoya bildi. Əlbəttə ki, Qorbaçov Sovet İttifaqının daxili siyasətində bir sıra ciddi səhvlər edib. Belə səhvlərdən biri də Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə yanlış yanaşmadır. Təcili cəsarətli qərarların verilməli, həmin qərarlara görə məsuliyyətin üzərinə götürülməli olduğu məqamlarda Qorbaçov çox tez-tez qeyri-ardıjıl olurdu.
- Necə düşünürsünüz, SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin başqa həll variantı və ya bu vəziyyətdən çıxış yolu var idimi?
- Düşünürəm, 1989-cu ilin sonlarında, hətta 1990-cı ildə bu münaqişəni başqa cür həll etmək olardı. Qan tökülməsindən qaçılması mümkün idi. Lakin Sovet hakimiyyəti bu şansdan istifadə edə bilmədi.
- Azərbaycanın hazırda erməni silahlılarının işğalı altında olan torpaqlarını istənilən yolla azad etmək niyyətini necə qiymətləndirirsiniz?
- Mən ötən əsrin 90-cı illərində NATO qoşunlarının Serbiyaya girməsinin əleyhinə idim. Sonradan Kosovonun Serbiyadan ayrılması və müstəqil dövlət kimi tanınmasına da qarşı çıxmışam. 2008-ci ildə Rusiyanın Gürcüstana soxulmasına, Abxaziya və Şimali Osetiyanın müstəqilliyinin tanınması ilə də razı deyildim. Eyni zamanda mən Dağlıq Qarabağ münaqişəsinin də bu cür yolla çözülməsinin əleyhinəyəm. Mən dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirəm.
- Qərbin bəzən Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həlli üçün kifayət qədər səy göstərməməklə erməni tərəfinin xeyrinə çıxış etməsini necə qiymətləndirirsiniz? Halbuki bu, bütünlükdə Cənubi Qafqaz regionunun inkişafında görünməmiş sıçrayışa yol açardı...
- Məsələ ondadır ki, erməni faktoru və onun diasporu ABŞ və Avropanın ictimai-siyasi həyatında ciddi rola malikdir. Məsələn, ABŞ-da ermənilər anklavlar şəklində yaşayır və yerli hakimiyyət orqanlarına ciddi təsir göstərirlər. Seçkidə və digər siyasi aksiyalarda onlar fəal iştirak edirlər. Bu üzdən də Amerikanın siyasətində ermənilərin mövqeyi də nəzərə alınır. Amma ABŞ-da Azərbaycana da marağın getdikcə artdığına şübhə etmirəm və bunu görürəm. Azərbaycanın böyük potensialı Amerika siyasətçilərinin diqqətini özünə cəlb etməyə bilməz. Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi ABŞ üçün həm iqtisadi, həm də siyasi baxımdan çox sərfəlidir. Bu üzdən də Amerikanın regiondakı siyasətində Azərbaycan amili getdikcə daha çox nəzərə alınır.
- Adətən, söhbət Azərbaycandan və səmərəli əməkdaşlıqdan getdikdə ilk növbədə neft və qazdan danışılır. Fikrinizcə, Azərbaycan dünya ictimaiyyətini daha nə ilə maraqlandıra bilər?
- Müsəlman ölkəsi olan Azərbaycandakı unikal tolerant dövlətçilik modeli mənim üçün və bir çox ekspertlər üçün əsl kəşfdir. Ölkənizdə Qərbin və bütün dünyanın həsəd apara biləcəyi model yaradılıb. Burada yaradılmış cəmiyyət və dövlət modeli ekstremizmdən qaçmağa, müxtəlif dini və etnik icmaların birgə inkişafına imkan yaradır. Fikrimcə, Azərbaycanda yaradılmış bu unikal yaşam və inkişaf modeli dünya ictimaiyyəti üçün daha vacib ola bilər. Çünki bu, Qərbin çox ehtiyac hiss etdiyi müsbət nümunə və təcrübədir.
MƏSLƏHƏT GÖR: