15 Mart 2025

Şənbə, 00:30

SATELLİT OLMAQ — TƏHLÜKƏSİZLİK DEMƏK DEYİL

Latviyanın eks-prezidenti: "Azərbaycan müstəqilliyini ona "böyük qardaş" mövqeyindən yanaşan hər kəsdən qorumalıdır"

Müəllif:

14.05.2013

Latviyanın keçmiş prezidenti (1999-2007) Vayra Vike-Freyberqa mayın 6-8-də Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun ən fəal iştirakçılarından biri idi. O, forum, Azərbaycana səfəri, regional və beynəlxalq siyasi gündəmdəki aktual məsələlər haqda təəssüratlarını lütfkarlıqla "R+" jurnalı ilə bölüşüb.

- Hər şeydən öncə Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun yekunları haqda fikrinizi bilmək istərdik. Belə tədbirlərin dünya ölkələri qarşısında duran aktual problemlərin həllindəki rolu nədən ibarətdir?

- Bakıda keçirilən foruma dünyanın spesifik problemlərlə üzləşən müxtəlif ölkələrinin liderləri toplaşmışdı. Ümumi olanı o idi ki, bəzən problemli vəziyyətlərdə illərlə heç nəyə nail olunmur, cəhdlər isə davam edir. Məsələn, din haqqında danışdıq - din seçimində azadlıq, vicdan azadlığı, müxtəlif fikirlərə ölkələrin necə yanaşması, etnik müxtəliflik kimi məsələləri müzakirə etdik. Tətbiq edilməsi ilə nəticəyə zəmanət veriləcək hər hansı sehrli formul yoxdur. Düşünürəm ki, sehrli formul bütün insanların bərabər doğulduğunu, bərabər hüquqlara malik olduğunu qəbul və buna hörmət etməkdədir. Demokratik dövlətdə bütün vətəndaşlar özlərinə aid fərqliliklərindən, etnik mənşəyindən, xarici görünüşündən və dini baxışından asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. Bu, universal formuldur. O, təcrübədə heç də həmişə tətbiq edilmir. Biz də burada məhz müxtəlif ölkələrin məsələyə müxtəlif tərəflərdən yanaşmaqla bu məqsədə nail olmağa necə çalışdıqlarını müzakirə edirik - insan haqlarına və qanun aliliyinə hörmət edildiyi, bütün insanların eyni hüquqa malik olduğu dövlət, ölkə qurmaq. Bunu kommunist ideologiyası ilə qarışdırmaq olmaz. Onların arasında ümumi olan heç bir cəhət yoxdur. Amma biz yoxsulluq, çox zəngin və çox yoxsul insanlar arasındakı fərq kimi problemlər haqqında düşünməliyik. Bu problemlər bütün dünyada, hətta inkişaf etmiş ölkələrdə də var.

Azərbaycanda isə təbii sərvətlərin hesabına yoxsulluğu xeyli azalda bilmisiniz. Şübhəsiz, bu cür davam etmək üçün planlar da var. Başqa ölkələr, məsələn, mənim ölkəm təbii resurslara malik deyil. Ona görə də biz tam olaraq təxəyyülümüzə, biliyimizə arxalanmalı, çox işləməliyik. Hədəflərimiz isə eynidir.

Bu cür konfranslar müxtəlif ölkələrdə liderlik mövqeyində olan və ya olmuş şəxslər arasında, QHT nümayəndələri, ziyalılar arasında dialoqun yaranmasına da kömək edir. Bundan başqa, dünyanın müxtəlif yerlərində müxtəlif münaqişələrin həllində praktiki təcrübəyə malik BMT və digər beynəlxalq təşkilatları təmsil edən hörmətli beynəlxalq qruplararası dialoqlar da bu cür tədbirlərdə yaranır. Məsələn, o qədər də yaxşı olmayan vəziyyətlər haqqında eşitmişik. Amma onu da eşidirik ki, belə vəziyyət təslim olmağa, daha nəyisə dəyişməyə cəhd göstərməməyə əsas vermir.

- Bu cür forumlarda müharibələr nəticəsində məcburi köçkünə çevrilmiş insanların problemlərinə böyük diqqət göstərirsiniz. Azərbaycan bu problemin bütün ağırlığını öz üzərində hiss edib. Fikrinizcə, beynəlxalq ictimaiyyətin Azərbaycanın üzləşdiyi yüz minlərlə məcburi köçkünün problemlərinə lazımi diqqəti göstərməməsini nə ilə əlaqələndirirsiniz?

- Mənim şəxsi mövqeyim bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət beynəlxalq münaqişələrin həllində kifayət qədər ardıcıllıq nümayiş etdirmir. Hərdən o, məsələyə çox fəal qoşulur, ciddi tədbirlər görmək niyyətində olduğunu göstərir, bəzən isə Ruanda və ya Srebrenisada olduğu kimi, beynəlxalq təşkilatların gözü qarşısında baş verən kütləvi qətliamlara az qala reaksiya göstərmir. Beynəlxalq ictimaiyyət pərakəndə olduğundan, beynəlxalq qərarın qəbuluna da asanlıqla nail olmaq olmur. Lokal münaqişə baş qaldırdıqda tərəflərdən birinin dostları barrikadanın bir, digərinin dostları isə digər üzündə dayanır. Onlar arasında əlaqə heç yoxdursa, bu halda heç nə baş vermir və vəziyyət donur. Açığı, Minsk qrupu ümidsizlik gətirdi. O, ATƏT-in münaqişənin həlli üçün fəal işləyəcək bir neçə dövlətdən ibarət nümayəndə heyəti kimi yaradıldı. Bəlkə də, bu ölkələr ən yaxşı variant deyil. Yəni, ola bilsin, onlar bu çətin vəziyyətdə tam neytrallıqlarını qoruyub-saxlaya bilmirlər. Bunlar tamamilə mənim subyektiv fikirlərimdir. Bunu deyərkən heç kimi təmsil etmirəm. Şəxsi fikrim ondan ibarətdir ki, vasitəçilik funksiyasını neytral dövlətlərə həvalə etmək olar.

Düşünürəm ki, vəziyyətdən ən yaxşı çıxış yolu tərəflərdən heç birinin qarşısında ödəliyi olmayan vasitəçilərə üz tutmaqdır. Ölkələr bu və ya digər səbəbdən tərəflərdən hər hansına simpatiya ilə yanaşırsa, vasitəçilərin o qədər də neytral olmadıqlarından, kifayət qədər fəallıq nümayiş etdirmədiklərindən şübhələnməyə başlayıram. Minsk qrupuna bu problemin həlli etibar olundu. O, bu məsələnin üzərində işləməlidir. Və başqalarının bu prosesə hər hansı formada müdaxilə etmək səlahiyyəti yoxdur.

- Azərbaycan Avropaya inteqrasiyanı özü üçün prioritet sayan müsəlman ölkəsidir. Eyni zamanda onun şimaldan Rusiya, cənubdan İran kimi çətin qonşuları və qonşuların hər birinin də öz maraqları var. Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan kimi daha bir çətin qonşusundan isə danışmıram. Bu amillər Azərbaycanın Avropaya inteqrasiyası perspektivini çətinləşdirirmi? Yeri gəlmişkən, Azərbaycanın müsəlman ölkəsi, Avropada isə islama qarşı müəyyən fobiyanın olması bu inteqrasiyaya necə təsir göstərir?

- Düşünürəm ki, Avropada artıq dini məqam gündəmdə deyil. Bu, əlbəttə ki, Balkanlar və Şimali İrlandiya istisna olmaqla, uzun proses idi. Avropanın digər hissələrində münaqişələrin səbəbləri iqtisadi, ərazi və ideoloji maraqlardır. Səbəb bəlkə də Avropanın dini zəmində uzun-uzadı müharibələr yaşaması və bundan çox ziyan çəkməsindədir. Amma onu da görürük ki, Fransa kimi ölkələr Türkiyənin Avropa İttifaqına buraxılmasını məhz müsəlman ölkəsi olduğu üçün istəmir. Fransa bunu öz daxili vəziyyəti üzündən edir. Söhbət onun vaxtilə Fransanın müstəmləkəsi olmuş müsəlman ölkələrindən gələn miqrantlarla bağlı üzləşdiyi problemlərdən gedir. Bu, Ümumavropa düşüncəsi deyil. Yaxud, məsələn, Almaniyada müharibədən sonra 7 milyon qaçqın var idi. Onlar Avropada qalmaq və işləmək istəyirdi. Lakin BMT onları Avropadan getməyə məcbur etdi, Antarktida istisna olmaqla, dünyanın müxtəlif tərəflərinə səpələdi. Sonradan isə Almaniya Türkiyədən, Mərakeşdən və sairdən işçi qüvvəsi idxal etmək məcburiyyətində qaldı. Xristian dünyasının həmcinsliyindən danışsaq, onlar hər şeyi səhv etdilər. BMT bu qərarı qəbul edərkən, heç kimin gələcəkdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinə dair cüzi də olsa, anlayışı yox idi. Avropa İttifaqının genişlənməsi məsələsinə qayıdaq. Avrozonada böhran baş qaldırdıqda onun bütün üzvləri, xüsusilə Fransa genişlənmənin lazım olduğundan miqyaslı və sürətlə aparıldığını bəyan etdi. Ölkələrin sayı çox olan qrupu idarə etmək daha çətindir. Obyektiv desək, bütün bunlar elə əvvəllər olduğu qədər qarışıqdır. Amma bu problem "dəmir pərdə"nin götürülməsi və birliyə Şərqi Avropa ölkələrinin qoşulması ilə baş qaldırmayıb. Maliyyə böhranının səbəbləri tamamilə başqadır. İndi Avropa İttifaqına Serbiyanın qoşulmasından danışırlar. Bir az əvvəl isə Xorvatiyadan danışılırdı. Xəritəyə nəzər salsanız, siz bütün Avropanın sərhədini çəkmək istəsəniz, görəcəksiniz ki, bu ölkələrin birliyə qəbulu prioritetdir. Deyə bilərsiniz ki, Qafqaz Avropa İttifaqından çox uzaqdadır və bəlkə də onun öz ittifaqı olmalıdır. Amma ərazi məsələsində fikir ayrılıqları olan ölkələrdən ibarət ittifaqı necə yaratmaq olar?

- Və sonda. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Bu, Rusiya və İran kimi qonşuların olduğu şəraitdə çox çətindir. Onlar vaxtilə Azərbaycana öz əraziləri kimi baxıblar. Necə düşü-nürsünüz, Bakı öz müstəqil siyasətini qoruyub, saxlaya biləcəkmi?

- Düşünürəm ki, başqa yol yoxdur. İran və ya Rusiyanın əlaltısı olmaq nə sabitliyə, nə də təhlükəsizliyə töhfə olardı. Hətta əksinə. Siz Rusiya İmperiyasının çöküşündən sonra müstəqillik qazanmağa cəhd etdiniz. Sonra kommunist imperiyası gəldi və yalnız SSRİ dağıldıqdan sonra sabit müstəqillik əldə olundu. Bu, ən qiymətli nailiyyətdir və onu sizə "böyük qardaş" mövqeyindən yanaşmaq istəyən hər kəsdən qorumalısınız. Ölkəniz öz taleyini özünün müəyyənləşdirməsi üçün kifayət qədər böyük və güclüdür. Sizə lazım olan qonşularınızla qarşılıqlı hörmətə əsaslanan konstruktiv dostluq münasibətidir.


MƏSLƏHƏT GÖR:

578