Müəllif: Zeynal ƏLİ Bakı
Belə bir fikir var ki, yaxşı kitab oxuyan, yazan insanların sayı azalıb, ümumiyyətlə, dünya əhalisi getdikcə savadsızlaşır. Amma fərqli düşüncə də var - dəyişən, sadəcə, nəşrin formatıdır. Kağız ədəbiyyatın sayı azalıb və indi insanlar daha çox telefon ekranlarından, xüsusi riderlərdən oxumağa üstünlük verirlər. Audiokitablar da populyarlıq qazanıb. Bununla yanaşı, müasir insanlar xəbərlər, bloqlar, şəbəkədəki şeirlər, bir-birinin fikirlərini və populyarlıq qazanmış blogerlərin yazılarını oxuyurlar. Belə olan təqdirdə, bu gün kağız kitablar kimə gərəkdir?
Kağız sənayesinin qəsbkarları?
Bakıda müəlliflərin standart tirajı 250, maksimum 300 nüsxə olur. Bəzi hallarda kitablar metroda satılır. Bu, əsasən, 1000 nüsxə ilə buraxılan "döyüş" əsərləridir. Amma burada çeşid həddindən artıq az olur və bunu daha çox istisna saymaq olar.
Bioloq, publisist, fantastik əsərlər müəllifi Aleksandr Hakimov qarşısına son dərəcə ciddi hədəf qoyub - ildə 1 kitab nəşr etdirmək. Onun kitabları 250-300 nüsxə ilə buraxılır. "Bugünkü şəraitdə 200 nüsxədən artıq kitab buraxmaq görünməmiş nikbinlikdir", - deyə o, bildirir: "Keçmişdə bizim "ən çox kitab oxuyan" ölkəmizdə nə qədər kitabın çap olunduğunu nəzərə alsaq, bu, sadəcə, dənizdə bir damladır".
A. Hakimov son illərdə kitab oxumağa həvəsin azalmasından da danışıb: "Təxminən, son 20 ildə kitaba məhəbbət azalıb və bu, heç də yalnız bizdə müşahidə olunan tendensiya deyil. Məsələn, israilli fantastik əsərlər müəllifi Daniel Kluqer bu yaxınlarda öz müəllif kitabını 250 nüsxə ilə buraxıb. Hazırda Sankt-Peterburqda yaşayan keçmiş həmyerlimiz Andrey İzmaylov da eyni şeyi edib. Halbuki hər iki müəllif yaradıcı, çox oxuyan ziyalıların olduğu yerdə yaşayırlar".
Dünyada kağız kitablarla bağlı tendensiya, həqiqətən də, sevindirici deyil. Amma Qərbdə bu sahədə daha öndə olan elektron nəşrlər bazarı da "donub". Bu gün ABŞ-da müxtəlif qiymətləndirmələrə görə, kitab bazarının 20-25%-ni elektron kitablar tutur. Elektron kitabların dinamikası artmaqdadır. Amma bu artım, məsələn, 3 il əvvəl olduğu qədər deyil.
Ümumilikdə, kitablarla dolu planşetlərə, internetə, geniş ekranlı telefonlara və digər rahatlıqlara baxmayaraq, artıq nəsr əvvəlki dövrlərdə olduğu qədər oxunmur.
Bakılı müəlliflər üçün tirajla yanaşı, ən ciddi problem şəkil problemidir. Müəlliflər, əks hallarda, şəkillərə görə ciblərindən pul ödəməli olurlar. Cildə görə ödəniş də öz yerində. Halbuki kitab rəssamı ayrıca sənətdir. Boya ilə rəsm əsəri çəkənlərin heç də hamısı mətnə uyğun maraqlı şəkillər yarada bilmir. Bu sənətin öz qanunları və qaydaları var. Odur ki, müəlliflər üçün kitabın cildi və rəsmlərini əksər hallarda həvəskarlar yaradır və bu, təbii ki, keyfiyyətə öz mənfi təsirini göstərir.
Reklam və "zövqə uyğun kitab"
XV əsrdə kitab çapı yeni başladıqda Avropada bu işin genişləndirilməsi və inkişafı ilə kilsə məşğul olurdu. Şübhəsiz ki, bu halda təbliğ olunan əsas kitab Bibliya idi. Amma siyahıda Aristotel, Foma Akvinski, həmçinin digər antik və müasir filosofların işləri də var idi. Son 2 əsrdə ədəbiyyatın inkişafı ilə jurnallar və bilavasitə çap evləri məşğul olmağa başladı. Jurnallarda kitab müəlliflərinin nüfuzlu həmkarlarının və tənqidçilərin rəyləri dərc olunur, bəzən romanlardan parçalar yer alırdı. Nəşr evləri isə mağazalarda reklam lövhələrinə, radio və televiziyada reklamlara üstünlük verirdilər. Kitab müəlliflərinin məşhurlaşmasında bir çox hallarda onların ilk işinin ekranlaşdırılması böyük rol oynayırdı. Rey Bredberi və Stiven Kinq, məhz, bu yolla populyarlıq qazanıblar. Bu gün müasir dövrün ən populyar müəllifi, məhz, Kinqdir. Onun kitablarının ümumi tirajı 350 milyondan çoxdur.
Reklamın daha bir yaxşı yolu oxucularla görüş, yeni kitabların təqdimatıdır.
"Rəqəmsal dövr"də dünyada müəlliflərin populyarlaşmasının yolları da dəyişib. Amma bu dəyişiklik ilk baxışdan görünə biləcəyi qədər böyük deyil. Müəlliflərə hələ də ekranlaşdırma, adi reklam, yeni kitabların təqdimatı, oxucularla görüşlər ciddi kömək edir. Bu vasitələrə indi bir də internetdə reklam əlavə olunub. Bundan başqa, böyük nəşriyyatlar yeni və son dərəcə effektiv reklam vasitəsi tapıblar. Məlum olduğu kimi, Amazon, Barnes & Noble kimi kitab biznesi nəhəngləri öz "elektron qiraətxana"larını buraxırlar. Söhbət kitab oxumaq üçün xüsusi planşetlərdən gedir. Bu cür planşeti alan oxucu avtomatik olaraq ədəbi yeniliklərin reklamına abunə olur. Həmin planşet hər bir istifadəçinin nələrə üstünlük verdiyini yaddaşında saxlayır və sahibinə hər zaman onun zövqünə uyğun kitablar təklif edir.
Bizimdir, deməli pisdir?
Milli nəsrdə fenomenal nəsə baş verməkdədir. Amerikalılar Amerika, fransızlar Fransa, ruslar Rusiya nəsrinə üstünlük verirsə, Azərbaycanda vəziyyət qəribə şəkildə fərqlənir. Həm müəlliflər, həm də naşirlər oxucularda yerli nəsrlə bağlı qabaqcadan yanlış fikrin formalaşdığını bildirirlər: müəllif azərbaycanlıdırsa, demək, həmin kitaba pul verməyə dəyməz.
"Bizdə hesab edirlər ki, Azərbaycanda ərsəyə gələn şey mütləq pis, keyfiyyətsizdir; oxucu, təəssüf ki, bizim haqqımızda, indi və burada baş verənlər haqda oxumağı sevmir", - deyə məşhur müasir müəlliflərdən olan İsmayıl İmanov bildirir: "Odur ki, müəlliflərimiz vəziyyəti dəyişmək üçün əlindən gələni etməlidir. Bunun yeganə düzgün və doğru yolu maksimum mükəmməl mətnlər təqdim etməkdir".
Eksperimental nəsr müəllifi olan gənc Nika Musəvi də oxucularda yerli ədəbiyyata qarşı əvvəlcədən yanlış olaraq, mənfi rəyin yaranmasından danışır: "Bunun nə ilə əlaqədar olduğunu izah edə bilmərəm. Amma oxucularda şüuraltı əminlik var ki, yerli müəlliflər, həqiqətən, maraqlı və keyfiyyətli nəsə yazmağa qadir deyillər. Oxucular yerli müəlliflərin kitablarını alsalar belə, bunu daha çox maraqdan və ya kiminsə israrlı tövsiyəsindən sonra edirlər".
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu daha ağır fikrilə fərqlənir. Bu gün çoxlu sayda xarici və az sayda yerli kitabların buraxıldığı "Qanun" nəşriyyatının rəhbəri deyir: "Yerli müəlliflərin oxunmamasının kifayət qədər obyektiv səbəbləri var. İlk növbədə, bu, müəlliflərin öz günahıdır. Mətnlərin üzərində daha çox işlənilməlidir. Çünki müəllifin istedadı çay kimidir. Əvvəlcədən nə qədər yanlış düşüncə yaransa da, bu "çay" mütləq özünə yol tapacaq".
Bu gün milli ədəbiyyatda elə vəziyyət yaranıb ki, yazarlar nəinki ədəbiyyata qazanc mənbəyi kimi baxmır, hətta əksər vaxtlarda zərərlə üzləşirlər. "Məsələ ondadır ki, az tirajla buraxılan 1 kitabın maya dəyəri xeyli baha çıxır - təxminən, 4-5 manat. Yerli müəlliflərin oxucularının kitaba böyük məbləğdə pul xərcləmək istəmədiyini nəzərə alsaq, kitabı maya dəyərinə yaxın qiymətə satmaq lazım gəlir", - deyə A.Hakimov bildirir. Nəticədə, az sayda buraxılmış kitabın bir hissəsi belə, satılmır və müəllif növbəti kitabın çapına pul toplamağa başlayır.
Bir az da tarix haqqında...
Nə qədər qəribə olsa da, kitab nəşri heç zaman yüksək gəlirli sahə olmayıb. İlk və çox ciddi nəşriyyatlar Avropada yalnız XVIII əsrdə yaranmağa başlayıb. Tarixdə, əlbəttə ki, ayrı-ayrı böyük ədəbi uğur nümunələri var. Məsələn, XIX əsrin 60-cı illərində Boston buxtasına əsrin ən populyar müəllifi olan Çarlz Dikkensin romanları ilə dolu gəmi sahilə yaxınlaşdıqda əsl basabas düşürdü. Amma klassik hesab olunan rus ədəbiyyatını götürsək, burada vəziyyət, nə qədər qəribə olsa da, fərqlidir.
Məşhur jurnalist, yazıçı və ədəbi tarixçi Dmitri Bıkov deyir ki, bu gün rus klassikası adlandırılan əsərlərin müəllifləri heç də ədəbiyyatdan əldə etdikləri gəlirlər hesabına yaşamayıblar. "Onların əksəriyyətinin əlavə gəlirləri olub. Klassiklərin əksəriyyəti qəzetlərdə, jurnallarda jurnalist, redaktor işləyir, hətta reklam yazırdılar. Hətta Puşkin belə, gəlirlərinin əksəriyyətini adı hesabına qazanıb. Bundan başqa, o, "Sovremennik" jurnalını təsis etmişdi və ona rəhbərlik edirdi", - deyə Bıkov bildirir.
Bıkov mühazirələrində deyir ki, kitablarından əldə etdiyi gəlir hesabına yaşamış yeganə rus klassiki Lev Tolstoy olub. O da ciddi xərc tələb etməyən Yasnaya Polyanada yaşayıb.
Bu gün də vəziyyət belədir - yalnız "metro üçün kitab"lar - qadınlar üçün təmiz və saf məhəbbət, kişilər üçünsə təmiz və saf nifrət haqda bestseller yazan müəlliflər qonorar hesabına yaşayırlar. Bu cür müəlliflər, adətən, ildə 2-8 kitab yazır və bunun hesabına yaşayırlar.
Beləliklə, ötən dövrlərlə müqayisə apardıqda asanlıqla anlamaq olur ki, ədəbiyyatda, əslində, faciəvi heç nə baş vermir. Sadəcə, zamanın yalnız pisə doğru dəyişdiyini söyləmək və belə düşünmək insanlara xas haldır. Hələ Sokrat və Hesiod, daha sonra Derjavin və Lermontov vaxtilə dünya mədəniyyətinin uçuruma yuvarlandığını deyirdilər. Onlar gələcəkdə milyonlarla yeni mədəniyyət abidələrinin olacağını, ədəbiyyat üzrə Nobel mükafatının yaranacağını bilsəydilər, bu qədər qəti danışmazdılar. Nə qədər ki, insan var, o, arzularla yaşayacaq. İnsan bundan sonra da dəyişəcək, dünyanı dərk edəcək və şübhəsiz ki, yeni obrazlar yaradacaq. Nə vaxtsa o, beynindəkiləri mixi mətnlərilə, papirusla ifadə edib. Sonra perqament və kağızlar çıxıb, indi riderlər, telefonlar, internet var. Sabah nələrin olacağını heç kim bilmir.
MƏSLƏHƏT GÖR: