24 Noyabr 2024

Bazar, 08:24

KURİKULUM VAR, BƏS, TƏHSİL?

Uşaqların oxumağa həvəs göstərməsi üçün nə lazımdır?

Müəllif:

11.03.2014

Hələ 2007-ci ildə Azərbaycanın Nazirlər Kabineti "Milli Kurikulum" adlı sənədi qəbul edib. Bu, Sovet İttifaqının mövcud olduğu 70 ildə və ittifaqın dağılmasından sonrakı bir neçə ildə də davam edən təhsil konsepsiyasından tam fərqli, uzunmüddətli strategiyadır.

Köhnəlmiş sistemin nəticələri göz qarşısındadır. Ölkədə təhsilin səviyyəsi ildən-ilə geriləyir, uşaqlara verilən biliklərin səviyyəsi heç kimi qane etmir. 

 

Təhsildə yenidənqurma

Artıq 3-cü tədris ilidir ki, Azərbaycan məktəbləri bu bədnam kurikuluma keçiblər. Ona görə bədnam ki, bu sistemin konsepsiyası hələlik nəinki şagirdlər və valideynlər, həm də əksər müəllimlər üçün müəmma olaraq qalır.

Əslində, əlbəttə ki, kurikulum konsepsiyası lazımlı və müsbət şeydir. Təhsil Nazirliyindən bildirirlər ki, milli kurikulum cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi kimi, şəxsiyyətin formalaşdırılmasına, təhsilin, bacarığın problemlərin həlli, müstəqil qərarların qəbulu üçün lazım olan səviyyəyə yüksəldilməsinə yönəlib. Bununla yanaşı, ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşması və universallaşması, informasiya və kommunikasiya texnologiyalarının rolunun artması, rəqabətin güclənməsi şəraitində hər bir şəxsiyyətin istedad və bacarığı diqqətə alınır.

Qeyd edək ki, təhsilə yaradıcı yanaşma, şagirdlərin, tələbələrin şəxsiyyətinə hörmət, onun hərtərəfli inkişafı qabaqcıl ölkələrdə  çoxdan tətbiq olunan məsələlərdir. Postsovet məkanının bir hissəsi olan, təhsilə köhnəlmiş "kazarma yanaşması"na, şagirdin tam simasızlaşdırılmasına vərdiş etmiş Azərbaycan üçün yeni sistem, sanki, özünəməxsus şok terapiyası olub.

Aydındır ki, yenilikdən dərhal müsbət nəticələr gözləmək çətindir. Çünki şagirdlərin zərif, bərkiməmiş çiyinləri birdən-birə belə ağır yükü qaldırmaq iqtidarında deyil. Bu gün əksər valideynlər 1-ci sinif şagirdlərinin həddindən artıq yüklənməsindən, onlara keçilən fənlərin sayından, dərslik materialının həddindən artıq çox olmasından narazıdırlar. Valideynlər hesab edirlər ki, 6-7 yaşlı uşaqların bu qədər materialı qavraması çətindir.

4-cü sinif şagirdi olan qızın anası Sevda Mövsümova deyir: "Sovet illərində 1-ci sinifdə uşaqlara bədən tərbiyəsi də daxil olmaqla, 7 fənn keçilirdi. Məktəblərdə gündə 4 dərs olurdu. İndi isə 1-ci sinif şagirdlərinə 11 fənn keçilir və onların arasında 3 dil var. Bir gündə uşaqlara 5-6 dərs keçilir". Bununla yanaşı, valideyn hesab edir ki, proqramda 1-ci sinifdə üzərindən səthi keçilən fənlərin sayı həddindən artıqdır. Halbuki bir neçə ildən sonra həmin fənlər uşaqlara daha dərindən keçiləcək.

10 yaşlı məktəblinin anası Aliyə Haqverdi əsas fənlər üzrə proqramın ümumilikdə çətin olmadığını, amma 1-ci sinif şagirdlərinə 3 dilin keçilməsinin həddindən artıq ağır olduğunu düşünür. 1-ci sinif şagirdinin anası, eyni zamanda müəllimə olan Alla Məmmədova da eyni fikirdədir: "Uşaqlar yeni dili öyrənməzdən əvvəl, heç olmasa, bir dili tam qavramalıdırlar". A.Məmmədova hesab edir ki, 1-ci sinif şagirdlərinin qarşısına onların gücünə uyğun gəlmə- yən vəzifələr qoyulur - onlara hər gün 1 hərf öyrədilir. Bu cür ritmə uyğunlaşmayan uşaq üçün belə yükləmə həddindən artıq ağır gəlir.

Dərsliklərin səviyyəsi də qaneedici deyil. Onlar tədris materialları ilə həddindən artıq yüklənmələrilə yanaşı, tez-tez oradakı materialın təqdimatı da çətin olur. Görünür, dərslikləri hazırlayanlar da hamı kimi, kurikulum konsepsiyası haqda çox az şey bilirlər. Amma dərs vəsaitlərində saysız-hesabsız səhvlər olmasaydı, yenə də bütün bunlara göz yummaq olardı. Bu, xüsusilə tərcümə olunan dərsliklərə aiddir.

Təhsil sahəsindəki çətinliklər, dəqiq sistemin olmaması, əslində, yeni strategiyanın tətbiqini ləngidən əsas amillərdir. Xüsusi təhsil almış kadrların olmaması isə problemi daha da dərinləşdirir -  istirahət haqqı verilməyən uşaqlar çox əziyyət çəkirlər. Yükləmə isə getdikcə artır. Bu gün şəhərdə bir çox yerlərdə "1-ci sinif şagirdi üçün repetitor axtarıram" elanına rast gəlmək mümkündür. Dünənədək bağçaya gedən 1-ci sinif şagirdi üçün məktəbdəki sistematik tədrislə yanaşı, bir də əlavə məşğələyə getməyin necə ağır olduğunu təsəvvür etmək mümkündür. Bu, hələ bərkiməmiş uşaq orqanizminə ciddi zərbədir. Bir qədər böyük məktəblilərin daimi keçirdikləri stress isə əsəb sistemində silinməz izlər buraxır.

 

Motivasiya 

12 illik təhsil sisteminə keçid, üstəlik, dərs ilinin uzadılması haqda xəbərlər valideynlər tərəfindən heç də məmnunluqla qarşılanmayıb. Bir çox təhsil layihələrinin rəhbəri və fasilitator, 30 ildən artıq təhsil sistemində çalışmış Rüfət Əliyev isə "R+" jurnalına açıqlamasında dərs saatlarının artırılmasında pis bir şeyin olmadığını söyləyib, bu fikrini Avropa təcrübəsilə əsaslandırıb. Bununla yanaşı, hər şey təhsilin keyfiyyətinə bağlıdır. Onun fikrincə, bütün tədris prosesi uşaqların psixologiyası nəzərə alınmaqla qurulmalıdır.

Ekspert hesab edir ki, keçid mexaniki olmamalıdır. Yəni sadəcə saatları artırmaq düzgün olmazdı. Ümumtəhsil məktəblərindəki son pillə - 10-11-ci siniflər və daha sonra 12-ci sinif motivasiyalı uşaqlar (simasız şagirdlər yox, məhz uşaqlar!) tərbiyə edilməlidir və fərqli keyfiyyətdə olmalıdır. "Bugünkü abituriyentlər üçün prioritet ali məktəbə qəbul olmaqdır. Halbuki ali təhsil sistemi bu arzuda olanların yalnız 30%-ni qəbul edə bilər. İlk növbədə, texniki-peşə məktəbləri strukturu bərpa olunmalıdır. Bu, gənclərə ali məktəbə qəbul olunmaqdan fərqli inkişaf ssenarisi təklif edərdi. Eyni zamanda gənclər bu halda "oyundankənar" vəziyyətdə qalmazdılar", - deyə ekspert bildirir. R.Əliyevin sözlərinə görə, inkişaf etmiş ölkələrdə ümumi kütlədə peşəkar təhsilin payı o qədər də çox deyil. Məsələn, Finlandiyada abituriyentlərin 47-48%-i texniki-peşə məktəblərinə üstünlük verir.

R.Əliyev hesab edir ki, bu gün dünyada mövcud olan erkən inkişaf tendensiyası ya tam başa düşülmür, ya da fərqli formada anlaşılır. Uşağın beyni 22-23 yaşadək inkişaf edir. Hadisələrin proqnozlaşdırılması və təhlili bacarığı insanda yalnız bu yaşdan sonra yaranır. Azərbaycanlılar da daxil olmaqla, indiki valideynlər erkən inkişafın heç də uşağın dərslə yüklənməsi olmadığını anlamırlar. Erkən inkişaf uşağın həmahəng inkişafı və özünü reallaşdırması üçün ona sərbəstliyin verilməsidir.

Ekspert bildirir ki, kurikulum  tədris proqramı yox, tədrisin strategiyasıdır: "Faktiki olaraq bu, iqtisadi düşüncə forması ilə bağlıdır. Bu, marketinq və menecmentdir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb-də insanlara uşaqlıqdan iqtisadi kateqoriyalar əsasında düşünmək öyrədilir. Bizdə isə tarixi səbəblər üzündən belə təcrübə yoxdur".

Bu yerdə ortaya əsas sual çıxır: bu cür mükəmməl ideya niyə belə çətinliklərlə reallaşır və valideynlərdə, şagirdlərdə, xüsusilə də müəllimlərdə bu qədər narahatlıq yaradır?

 

"Axsayan metodologiya" 

Bütün problemlər tədris metodologiyasındadır. Təhsil sahəsində ekspert, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, hazırda metodologiyanın öyrədilməsinin özündə bir sıra problemlər var. Onun sözlərinə görə, müəllimlərin əksəriyyəti hələ də kurikulumun məğzini, bunun təhsil prosesinə tam fərqli yanaşma olduğunu anlamır: "Hələ 2007-ci ildə milli kurikulum konsepsiyasının təsdiqlənməsindən sonra müəllimlər üçün 10 günlük treninqlər təşkil olunmuşdu. Amma müəllimin özü də öz üzərində işləməyə həvəs göstərməli, tədrislə bağlı tələblərin dəyişdiyini anlamalı, başa düşməlidir ki, sovet illərindəki şagirdə yanaşma bu gün yersizdir". Amma köhnə təhsil sistemində təhsil almış və bütün ömrünü həmin sistemdə çalışmış insanların dünyagörüşünün 10 günlük treninqlə dəyişdirilməsi çox çətindir.

Yeni sistemə keçilməli olduğunu hər kəs bilsə də, bunun yolunu bilən yoxdur. Müasir müəllimlər vərdiş etdiklərindən fərqli tədris ssenarisini təsəvvür etməkdə çətinlik çəkirlər. Kurikulum çərçivəsində üstünlük şagirdlərə təzyiqə, daimi nəzarətə, onların biliklərə yiyələnməsinə deyil, onda təfəkkürün, nəticə çıxarmaq, fikrini söyləyə bilmək bacarığının formalaşdırılmasına yönəldilir. Yəni prioritet şagirdin şəxsiyyətidir. Dünyada belə sistemə nümunə çoxdur. Kurikulum strate-giyasına baxmayaraq, bu gün də məktəblilər bütün fənlər, o cümlədən bədən tərbiyəsi və musiqi fənləri üzrə əzbərçiliyi davam etdirirlər.

Norveçdə yaşayan həmyerlimiz Günel Cuvarlinskaya 2 məktəblinin anasıdır. Onun kiçik uşağının 4 yaşı var. Günel deyir: "Burada tədris ili bizim vərdiş etdiyimizdən uzundur - demək olar ki, iyun ayı ərzində də uşaqlar dərsə gedir, avqustun ortalarında isə yay tətili bitir. Amma uşaqlara ev tapşırığı verilmir və bütün materiallar məktəbdə həll olunur. Bundan başqa, 8-ci sinfədək məktəbdə şagirdlərə qiymət yazılmır. Məqsəd şagirdlərin üzərlərində əlavə təzyiq, nəzarət hiss etməmələridir. Şübhəsiz ki, bəzi valideynlər övladlarının məktəbdə necə oxuduğunu bilmək istəyir; bunun üçün hər rübdə valideynlərə uşağının müvəffəqiyyətilə bağlı yazılı hesabat verilir. Bundan başqa, uşağın özünü ifadə etməsinə həddindən artıq böyük diqqət göstərilir, onlara hər bir məsələ ilə bağlı öz fikrini dilə gətirmələrini öyrədirlər. Uşaqlar məktəbdə heç zaman tənqid olunmur, danlanmırlar".

Rüfət Əliyev isə nümunə kimi "Sony" şirkətinin həmtəsisçilərindən olan Masaru İbukanın məşhur "3 yaşdan sonra artıq gecdir" kitabını göstərir. Müəllif kitabda uşağın beyninin 3 yaşadək formalaşdığını, bu dövr ərzində beyinə külli miqdarda informasiya yazıldığını bildirir. İbukanın yazdığına görə, uşağın 3 yaşadək beyninə yaza biləcəyi informasiyaları böyük insanın qavraması üçün 20 il lazım gələ bilər. Problem ondadır ki, bu kitabı bizdə başqa cür anlayırlar: sanki, uşağa az qala 2 yaşından dərs keçilməlidir. Halbuki kitabın əsas məğzi "oynayaraq öyrətmə"dir. Yəni müəllif deyir ki, "uşaqların dünyanı anlamaları üçün onlara imkan yaradın, onu əşyalarla, kitablarla, musiqi alətlərilə, boyalarla əhatə edin, onun özünün inkişaf etməsinə şərait yaradın". Uşağa təhsil zorla verilməməli, o, az qala "oyun şəklində" olmalıdır (bu yerdə məktəbəqədər təhsil sistemini yada salmaq yerinə düşər). Əsas çətinlik, məhz, təhsilin verilməsi yoludur.

Kadrların hazırlanması 1 ilin işi deyil. Müəllimlər üçün 10 günlük treninq kimi "tələsik tədris" kifayət deyil. Milli kurikulumun - təhsil konsepsiyasının artıq 7 ildir mövcud olmasına rəğmən, onun lazımi formada icrasına nəzarət edən bir dənə də orqan və ya struktur yoxdur. Bu sistemin, daha doğrusu, onun yoxluğunun qurbanı isə həmişə olduğu kimi, məktəblilərdir... 


MƏSLƏHƏT GÖR:

896