14 Mart 2025

Cümə, 11:05

YÜKLƏNMƏNİN QARŞISINI ALMAQ

Fitch Ratings: "AMB-nin istehlak kreditlərində risklərin məhdudlaşdırılmasına dair tədbirləri özünü doğruldub"

Müəllif:

11.03.2014

Azərbaycan hökumətinin iqtisadi siyasəti artıq birinci il deyil ki, aparıcı reytinq agentliklərinin təqdirinə layiq görülür. Onlar icmallarında və hesabatlarında ölkə iqtisadiyyatının müxtəlif sektorlarının reallıqları haqda son dərəcə obyektiv rəy bildirirlər. Bununla da, respublikanın nüfuzuna ümumilikdə və ayrılıqda biznesin ayrı-ayrı  subyektlərinə olduqca müsbət təsir göstərirlər. Bu da, nəticədə, onların investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.   

Bu günlərdə Azərbaycanda, xüsusən də bank sektorunda iqtisadi vəziyyətə dair nəticə və proqnozlarını "Fitch Ratings" beynəlxalq reytinq agentliyi  açıqlayıb. Agentliyin fikrincə, bu il ölkə iqtisadiyyatının artımı 3,5-4% təşkil edəcək.

 

Əsas - sabitlikdir 

Avropanın inkişaf edən ölkələrinin suveren reytinqi üzrə agentliyin direktoru Çarlz Sevilin Bakıda keçirilən III illik "Fitch Ratings" konfransında səsləndirdiyi fikirlərə əsasən, Azərbaycan iqtisadiyyatının əsas cəhətləri neft gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Xüsusən qeyri-neft sektorunun inkişafı üçün işgüzar mühitin yaxşılaşdırılması istiqamətində görülən təşəbbüslər qeyd edilib. Bundan başqa, müsbət amil qismində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferin həcminin 2013-cü ildə 11,35 milyard manat məbləğdən, 2014-cü ildə 9,337 milyard manata qədər azalması ola bilər.

"Xarici borcun səviyyəsi də Azərbaycan üçün "narahatedici" amil deyil. Ölkə iqtisadiyyatı digər inkişaf etməkdə olan bazarlar kimi dünya trendlərinə çox güclü məruz qalmayıb", - deyə agentliyin analitiki bildirib. Ç. Sevilin sözlərinə görə, manat digər inkişaf etməkdə olan ölkələrin milli valyutaları ilə müqayisədə sabit qalır. Manatın sabitliyinin nəticəsi, Azərbaycan iqtisadiyyatında dollarlaşmanın səviyyəsinin azalmasının davam etməsidir. "Dollarlaşma Azərbaycanda, Rusiya və ya Qazaxıstandan yüksək səviyyədədir, amma onun səviyyəsi getdikcə düşür", - deyə o, bildirib. Ç. Sevil, həmçinin Azərbaycanda inflyasiyanın aşağı həddini qeyd edib. "Bütövlükdə regionda böhran cüzi olub, bu isə dünya bazarlarında ərzaq məhsullarının qiymətinin enməsi ilə əlaqədardır" - deyə  Ç. Sevil bildirib.

Bir sözlə, Azərbaycanda ümumiqtisadi vəziyyət sabitdir. Bu isə əlbəttə ki, onun ayrı-ayrı sektorlarının qiymətinə təsir edir. Belə ki, bu dəfə "Fitch Ratings"in diqqət mərkəzində ölkənin bank sektoru olub.  Agentliyin mütəxəssislərinin fikrincə, hazırda bu sektor sabitdir və iqtisadiyyatın məqbul göstəriciləri ilə dəstəklənir. Hərçənd struktur məsələləri aktivlərin keyfiyyəti, mənfəət və sektorun kapitallaşmasına təsir göstərməkdə davam edir.  

 

AMB-nin fəaliyyəti  özünü doğruldub

"Hazırda Azərbaycan bankları daha çox pərakəndə kreditləşməyə üstünlük verir ki, bu da korporativ kreditləşmədə olan itkiləri kompensasiya edir və kapitalın rentabelliyini artırır. Ümumilikdə, pərakəndə kreditləşmənin artım tempi (2013-cü ildə - 44%), əhalinin gəlirlərinin artım tempini (8%) dəfələrlə üstələyir ki, bu da əhalinin borc yükünü kəskin artırır", - deyə məlumatda qeyd edilib.

Lakin eyni zamanda istehlak kreditləşməsinin keyfiyyətini agentlik məqbul hesab edir. Kreditləşmənin (2013-cü ilin sonunda pərakəndə kreditlərin həcmi ÜDM-yə münasibətdə cəmi 11% təşkil edib) hələ də orta səviyyəsi nəzərə alınmaqla, gələcək artımı və bank sisteminin hələ kifayət qədər əhatə etmədiyi potensial müştərilərin cəlb olunması üçün bir qədər ehtiyat mövcuddur. Əksinə korporativ kreditləşmə bazarı dolmağa hazırdır. Bu isə yaxşı keyfiyyətli (korporativ kreditləşmənin artımı 2012-ci ildə 25% artdıqdan  sonra, 2013-cü ildə 15% təşkil edib) borcalanların çatışmazlığını göstərir.

"Fitch"in direktor müavini Dmitri Vasilyevin dediyi kimi, "bir sıra şirkətlərin şəffaflıq və hesabatlılıq ilə bəzi problemlərinin olması səbəbindən, Azərbaycan banklarına yaxşı korporativ borcalanlar tapmaq daha da çətindir. "İkincisi,  riteyl kreditləşmə daha mənfəətlidir. Belə ki, burada dərəcələr yüksəkdir və bu, banklara daha faydalıdır. Üçüncüsü, pərakəndə kreditləşmə tarixən korporativ kreditləşmədən aşağı olub. Yəni hələlik əhalinin bank xidmətlərinə cəlb olunmayan böyük hissəsi, uyğun olaraq potensial müştərilər qismində çıxış edirlər".   

Qeyd edək ki, elə bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında qaydalar"ı təsdiqləyib. Qaydalara əsasən, borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün bankın iri kredit riskləri, məbləği bankın birinci səviyyəli kapitalı həcminin 10 faizindən çox olduğu halda iri kredit riskləri hesab edilir. Bu qaydalar avtomobil kreditlərinə də şamil olunacaq. Bundan başqa, qaydalar borcalanların qarşılıqlı əlaqədə olduğunu və kredit risklərinin şərtlərini müəyyən edir.

Vasilyevin fikrincə, AMB-nin vəzifəsi risklərin məhdudlaşdırılması və bank bazarının yüklənməsinə imkan verməməkdir. "Bu, bir çox ölkələrdə tətbiq edilən normal təcrübədir. Deyək ki, indi Rusiyada istehlak kreditləşməsi fəallaşır və Mərkəzi Bank kifayət qədər sərt tədbirlər tətbiq edərək, bu prosesə müdaxilə edir", - deyə o, qeyd edib.

Eyni zamanda "Fitch"in hesabatında qeyd edilir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyət göstəriciləri vaxtı keçmiş kreditlər üzrə vəziyyətin yaxşılaşdığını göstərir. "Fitch"in reytinq olunan banklar üzrə tədqiqatlarına əsasən, 90 gün gecikmiş kreditlərin sayı 2013-cü ilin sonunda 9,6% təşkil edib. Bundan əvvəlki illə müqayisədə analoji rəqəm 13,1% azalıb. Amma agentlik həm də güman edir ki, bəzi amillər nəzərə alınaraq, aktivlərin keyfiyyəti hesabatlılıq rəqəmlərinin göstərdiyindən fərqli olaraq bir qədər zəif ola bilər. 

 

Kapital artımı müsbətdir 

2015-ci ilin 1 yanvar tarixinə qədər kapitalın 50 mln. manat normativ minimuma qaldırılmasına dair məsələyə gəldikdə isə, tənzimləyicinin bu qərarı da "Fitch Ratings" mütəxəssislərinin razılığı ilə qarşılanıb.  D. Vasilyevin qeyd etdiyi kimi, mütləq mənada kapital artımı ölkənin bank sistemi üçün müsbətdir. "Bununla belə, biz hesab edirik ki, artım templərinə - kapitalın banklar tərəfindən necə sürətlə istehlak olunduğuna baxmalıyıq. Banklar gəlirdən daha sürətlə böyüyür və müvafiq olaraq onların artımını saxlamaq üçün yeni kapital tələb olunacaq", - deyə ekspert hesab edir.  O, hesab edir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti ilə bağlı suallar mövcuddur. "Bankların kredit portfelləri kifayət qədər "uzundur". Aktivlərin keyfiyyətinin bankların yaratdığı ehtiyatlarla nə dərəcədə adekvat olduğunu demək çətindir. Burada hələ suallar qalıb", - deyə D. Vasilyev bildirib. Bu arada "Fitch"in hesabatına əsasən, "banklar balanslarında məqbul likvidlik ehtiyatı saxlayırlar. Amma stress olduğu təqdirdə, likvidlik kredit portfellərinin yavaş amortizasiyası səbəbindən zəif ola bilər".

Bank sektorunda digər problemlər, xüsusilə də bazarın demonopolizasiya zərurətinə (əvvəlki illərdə də reytinq agentlikləri və beynəlxalq maliyyə institutları bunu qeyd edirdilər) gəldikdə isə, D. Vasilyev qeyd edib ki,  bu sahədə də irəliləyiş var: "Azərbaycan Beynəlxalq Bankı son illər kapitalla bağlı problemlər yaşayırdı. Düzdür, bu, rekapitalizasiya barədə qərarın elan olunmasından əvvəl olub. Buna baxmayaraq, AMB aktivlərini  artıra bilməyib. Bu fonda digər banklar inkişaf edərkən, bu, AMB-nin Azərbaycan bank bazarında payının azalmasına təsir edib. Bu amilin bazara müsbət və ya mənfi təsiri haqda danışmaq hələlik çətindir. Lakin monopolizasiyanın bazarda səviyyəsi nə qədər az olarsa, o qədər yaxşıdır".   

Xatırladaq ki, 2013-cü ilin oktyabr ayında AMB nizamnamə kapitalının minimum miqdarının dörd il (bu günə 368 mln. manat) müddətində 50 milyon manatadək artırılmasına dair konsepsiya qəbul edib.  

Bir sözlə, "Fitch Ratings"in ekspertlərinin qiymətləndirilmələrinə görə, son illər Azərbaycanın bank sektorunda vəziyyətin yaxşılaşması göz qabağındadır. Bu, 2008 -2009-cu illərin maliyyə böhranı ilə heç də uğurlu yaşamayan MDB ölkələrinin bazarları ilə müqayisədə də nəzərə çarpır. Eyni zamanda daxili və xarici struktur risklərə qarşı kifayət qədər zəif olan bu sektor, mövcud problemlərə və boşluqlara qarşı daha diqqətli yanaşma tələb edir. Və tənzimləyici tərəfindən bəzən son dərəcə sərt tədbirlər də bununla sübut olunur.



MƏSLƏHƏT GÖR:

709