Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən on il ərzində Azərbaycan hökuməti sahibkarlıq fəaliyyətini tənzimləyən qaydaların və prosedurların liberallaşdırılması ilə bağlı bir sıra tədbirlər görüb. Söhbət ilk öncə "vahid pəncərə" eləcə də fiziki və hüquqi şəxslərin elektron qeydiyyatı sisteminin tətbiq edilməsi, vahid elektron xidmətlərin dövlət portalının yaradılmasından gedir. Son illər ərzində bir çox ixrac rüsumları ləğv olunub, idxal gömrük rüsumunun maksimal həddi isə 15% səviyyəsinə qədər azaldılıb, gəlir vergisinin dərəcəsi də 20%-dək azaldılıb. Nəzərəçarpacaq azalmalar gəlir vergisinin dərəcəsinə də şamil olunub. Fiskal preferensiyalar ölkədə yaradılan sənaye parkları və biznes inkubatorları üçün də nəzərdə tutulub.
Özəl sektora dəstək siyasətinin ən əsas təzahürlərindən biri də ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tətbiq edilməsi ilə bağlı fərmanı olub. Belə ki, sahibkarlıq fəaliyyəti üzərində vahid nəzarət qaydaları tətbiq olunub. Bundan əlavə, dövlət orqanları tərəfindən yoxlamalar azaldılıb və optimallaşdırılıb. Bu normativ aktın əsas müddəaları 2014-cü ilin martın 1-dən qüvvəyə minib və indi planlı yoxlamaların dövriliyi seçki xarakteri daşıyacaq - müvafiq olaraq biznes subyektlərini yüksək, orta və aşağı risk qruplarına böləcəklər. Yüksək risk qrupuna aid sahibkarlarda yoxlamalar ildə bir dəfədən çox olmayaraq, ikinci qrupunda iki ildə bir dəfədən çox olmayaraq, üçüncü qrupda isə üç ildə bir dəfədən çox olmayaraq keçirilə bilər.
Ümumilikdə, miqyaslı iqtisadi islahatların nəticəsi ölkədə sahibkarlar sinfinin formalaşdırılması olub. 2003-2012-ci illər ərzində onların sayı 2,4 dəfə artıb. Özəl sektorun ölkənin ÜDM-in strukturunda payı 83%-ə çatıb, sahibkarlar tərəfindən yaradılan şirkətlər və firmalar bu gün əmək qabiliyyətinə malik əhalinin 73, 9%-ni işlə təmin edirlər və dövlət büdcəsinə vergi gəlirlərin 57%-ni təşkil edir. Azərbaycanda formalaşdırılan işgüzar mühitin yüksək əlverişli rejimi, eləcə də xarici şirkətlərin axınına istiqamətlənən "açıq qapı" siyasətinin vacib nəticəsi, iqtisadiyyata 150 mlrd. dollar həcmində sərmayənin cəlb edilməsi olub. Bu məbləğin, təxminən, yarısı xarici sərmayənin payına düşür.
Eyni zamanda daha yüksək sosial-iqtisadi inkişafa qədəm qoyan Azərbaycanın qarşısında onilliyin əsas məqsədi - 2020-ci ilə qədər ÜDM-in ümumi həcminin ikiqat artımına nail olmaq kimi kifayət qədər çətin məsələ durur. Buna yüksək texnoloji sənayenin formalaşdırılması və ilk növbədə, yüksək səviyyədə olan əlavə dəyər məhsullarını istehsal etməyə qadir İKT sektorunda innovasiya xidmətləri sahəsinin inkişafı ilə nail olması nəzərdə tutulur. Bundan başqa, qeyri-neft sektorunun bir çox seqmentlərinin rəqabətliliyinin ixrac səviyyəsinə qədər qaldırılması planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman da, məhz, bu məqsədlərə xidmət edəcək. Bu sənədin əsas məramı daha da münbit sərmayə mühitinin formalaşması və qabaqcıl dünya təcrübəsinin müvafiq sahəyə tətbiq etməklə, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsindən ibarətdir.
Xüsusi ilə hüquqi və fiziki şəxslərin "vahid pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı üçün tələb olunan prosedurların sayının və vaxtının azalması nəzərdə tutulur. Qanunvericiliklə planlaşdırılan dəyişikliklər tikinti üçün icazənin alınması ilə bağlı prosedurların və vaxtın azalmasına yardım edəcək, enerji təminatı şəbəkəsinə qoşulması üçün sənədlərin qəbulunu elektron müstəviyə keçirməyə imkan verəcək, bununla da, bu prosedurlara sərf olunan vaxtı və vəsaitləri azaldacaq. Eyni zamanda daşınmaz əmlaka dövlət qeydiyyatı sadələşdiriləcək və ucuzlaşdırılacaq, həmçinin kreditlərin verilməsi prosesinə təsir edən institutların fəaliyyəti də təkmilləşdiriləcək. İxrac-idxal əməliyyatlarının həyata keçirilməsinə sərf olunan vaxt, vəsaitlər və sənədlərin sayı da azalacaq. Nəhayət ki, normativ islahatlar korporativ idarəetmə və sərmayəçilərin maraqların qorunması sahəsinə toxunacaq. Həmçinin "Müflisləşmə və iflas haqqında" qanun da təkmilləşdiriləcək.
"Dünya Bankının (DB) "Biznesin aparılması" hesabatının məlumatlarına görə, Azərbaycan artıq çoxdan sahibkarların "vahid pəncərə" rejimində elektron qeydiyyat xidmətlərinin inkişaf etdirilməsi məsələsində möhkəm yer tutur. Belə ki, biznesin başlaması indikatoruna görə ölkə dünyada 10-cu yeri tutur: hazırda şirkətlərin hüquqi rəsmiləşdirilməsi üçün tələb olunan prosedurların sayı üçə qədər azaldılıb, bütün lazım olan sənədlərin rəsmiləşdirilməsi üçün tələb olunan vaxt isə bir həftədən çox təşkil etmir". Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun fikrincə, yeni fərman vaxt itkisinin və biznesin rəsmiləşdirilməsi zamanı əməliyyatların sayını ikiyədək azalmasına imkan verir. Ölkə, həmçinin daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində də yaxşı mövqelərə malikdir: DB-nin məlumatlarına görə, ölkə 13-cü yeri tutur. Gözlənilir ki, bu yaxınlarda "ASAN xidmət"ə daşınmaz əmlakın rəsmiləşdirilməsi ilə bağlı hüquqların verilməsindən sonra, ölkə bu sahədə prosesləri nəzərəçarpacaq dərəcədə sadələşdirəcək və sürətləndirəcək.
Hər halda daha böyük effekt tikinti və özəl obyektlərin elektrik təchizatı şəbəkəsinə qoşulmasına icazə alınması sahəsində islahat aparılmasında gözlənilir. Belə ki, "Biznesin aparılması" hesabatının məlumatlarına əsasən, tikintinin başlanması indikatoruna görə ölkə dünyada 180-ci yeri tutur. Məsələn, müvafiq icazələrin əldə edilməsi üçün şirkətlər 28 hüquqi prosedur rəsmiləşdirməli idilər ki, bu da, orta hesabla, 212 gün tələb edir. Analoji vəziyyət obyektlərin enerji sistemlərinə qoşulması məsələsində də müşahidə olunur: bu sahədə tələb olunan 9 əməliyyatların aparılmasına 241 gün lazımdır və müvafiq olaraq, ölkə dünyada 181-ci yeri tutur. "Müqayisə üçün - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə olan sahibkarlara, tikinti üçün icazə alınmasına, orta hesabla, 13 prosedurdan keçmək lazımdır. Bu da 148 gün tələb edir.
Müvafiq olaraq, OECD ölkələrində enerji şəbəkələrinə qoşulma ilə bağlı göstəricilər 5 əməliyyat və 80 gün təşkil edir", - deyə V.Bayramov vurğulayıb. Onun fikrincə, sənədlərin qəbulu elektron formata keçirilməsi tikinti və enerji şəbəkələrinə qoşulmasına icazələrin alınması prosesini nəinki asanlaşdıracaq və prosesi əhəmiyyətli dərəcədə sürətləndirəcək, eyni zamanda istənilən mənfiliyin və bürokratik çətinliklərin ortaya çıxma ehtimalını da sıfıra endirəcək.
Həmçinin ixrac-idxal əməliyyatlarını və kreditləşmə sahəsini tənzimləyən qaydalarda ciddi islahatların aparılması da gözlənilir. DB-nin indikatorlarına əsasən, bu sahələrdə ölkə müvafiq olaraq dünyada 168 və 55-ci yerləri tutur.
Ümumiyyətlə, biznes dairələri və ekspert cəmiyyətinin ümumi fikrinə əsasən, dövlət başçısının yeni fərmanı, tənzimləyən dövlət orqanları ilə sahibkarlar arasında əlaqələri önəmli dərəcədə sadələşdirəcək və optimallaşdıracaq. Bu da özəl sektorun ölkənin iqtisadi inkişafının lokomotivinə çevrilməsinə şərait yaradır.
MƏSLƏHƏT GÖR: