14 Mart 2025

Cümə, 11:05

YUMŞALMA

İranla "altılıq" arasında sülh danışıqları davam edir

Müəllif:

11.03.2014

Vyanada İran ekspertləri ilə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" arasında danışıqların növbəti raundu keçirilib. İranın xarici işlər naziri Cavad Zərifin fikrincə, xoş məram olarsa, Tehranın nüvə proqramına dair problemin birdəfəlik həllini nəzərdə tutan müqavilə artıq bu il iyulun sonlarına hazırlana bilər.

İran ətrafında vəziyyət, həqiqətən də, aydınlaşmaq üzrədir. Bu mənada bir sıra amillər və şərait İranın XİN başçısının nikbinliyinin əsaslı olduğunu göstərir.

İran prezidenti Həsən Ruhaninin ölkəsinin Müdafiə Nazirliyində keçirilən iclasda səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Ruhani bildirib ki, İranın nüvə silahından imtinasının səbəbi heç də beynəlxalq müqavilələrin bunu qadağan etməsi deyil. O, Tehranın sırf mənəvi prinsiplərə görə, nüvə silahı əldə etmək istəmədiyini söyləyib. Bundan əvvəl İranın dini lideri  Əli Xamenei də diqqəti məsələnin etik tərəfinə yönəltmişdi. Onun fətvası ölkədə nüvə silahının istehsalını qadağan edir və bu, belə addımın günah olması ilə əsaslandırılır.

Bu, İran liderlərinin ilk analoji bəyanatı deyil. Lakin problemin sülh yolu ilə həllində aşkar irəliləyişlərin müşahidə olunduğu hazırkı şəraitdə islam respublikası rəsmilərinin nüvə silahından imtinaya dair bəyanatları xüsusi əhəmiyyət daşıyır. Onlar dünyanı Tehranın nüvə proqramının hərbi təyinatlı olmadığına, birmənalı olaraq, dinc xarakter daşıdığına inandırmağa çalışırlar.

Hazırda Qərbdə də İranın potensial olaraq atom silahı əldə etməyə yaxın dövlət kimi, təhlükə yaratmadığını düşünürlər. Bu yaxınlarda ABŞ prezidenti Barak Obama MAQATE tərəfindən aparılmış təftişin nəticələrinə istinad edərək bildirib ki, Tehran artıq əldə etdiyi zənginləşdirilmiş uranın bir hissəsinin məhvinə başlayıb. Obama "İranın nüvə silahı istehsal etməyəcəyinə" ümidini ifadə edib.

Beləliklə, ümid etmək olar ki, ötən ilin noyabrında Cenevrədə İranın nüvə proqramının reallaşdırmasını qismən saxlamasına dair əldə olunmuş razılaşmanın məntiqi davamı gələ bilər. Xatırladaq ki, Cenevrə razılaşması Tehrana qarşı sanksiyaların yumşaldılmasını da nəzərdə tutur.  Nəticədə, yaxın aylarda İranla beynəlxalq "altılıq" (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında hər şeyi əhatə edən müqavilə imzalana bilər.

Bu arada Tehran artıq sanksiyaların yüngülləşdirilməsinin bəzi bəhrələrini görməkdədir. Fevralın sonunda Dubayda keçirilən illik Gulfood yarmarkasında İranın neft məhsullarının ixracı ilə məşğul olan 46 şirkəti öz stendi ilə iştirak edib. Bu, nüfuzlu yarmarkada ötən il təqdim olunmuş İran məhsullarından, təxminən, 2 dəfə çoxdur. Bu səbəbdən, ekspertlər artıq İranın qismən də olsa, qlobal ticarət sisteminə qayıtdığını bildirirlər.

İran prezidenti Həsən Ruhani isə ölkəsinin  Müdafiə Nazirliyinə İranın müdafiə təyinatlı məhsullarının ixracına başlanılmasını təklif edib. Onun sözlərinə görə, silah-sursat ixracı digər dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi baxımından vacibdir. Ruhani İranın dünya ticarətinə daha fəal cəlbinin vacibliyini bir daha ifadə edərək, bunun bütün mümkün istiqamətlərdə həyata keçirilməli olduğunu söyləyib. Bu, Tehranın beynəlxalq təcriddən çıxma perspektivinin göstəricisidir. Qərb siyasətçiləri və sahibkarlarının islam respublikasına artmaqda olan səfərləri də bunun göstəricisidir.

Məsələn, son zamanlar İtaliya, İsveç, İspaniya, Belçika kimi ölkələrin xarici işlər nazirləri İrana səfər edib, ölkələrinin Tehranla sıx iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu bildiriblər. Qərblə İran arasında dialoqun genişlənməsi fonunda son zamanlaradək İranla razılaşma işinə ciddi maneələr qoyan Fransanın addımları kifayət qədər nümunəvidir. İndi Paris Tehranla əməkdaşlıq sahəsində mövqelərini digərlərindən daha tez möhkəmləndirməyə çalışır. Bu yaxınlarda İrana səfər etmiş Fransa biznesmenlərindən ibarət nümayəndə heyətinin tərkibində "Total" neft, "Alstom" maşınqayırma, "Renault" avtomobil, "Orange" telekommunikasiya şirkətləri kimi iri müəssisələrin təmsilçiləri də var idi. Səfər Fransanın MEDEF Sənayeçilər Federasiyası tərəfindən təşkil edilmişdi. Ölkənin maliyyə naziri Pyer Moskovisi isə İranla əməkdaşlığın perspektivləri haqda kifayət qədər açıq danışıb: "Vəziyyət dəyişərsə, Fransa üçün İranda ciddi kommersiya imkanları yaranacaq".

İranla ABŞ arasında münasibətlərdə də maraqlı tendensiya müşahidə olunmaqdadır. Hələ ki, Vaşinqton Tehrana qarşı birtərəfli sanksiyaların tətbiqi təcrübəsindən imtina etməyə hazır olmasa da (bununla yanaşı, prezident Barak Obama müxtəlif ölkələrə məxsus şirkətlərin İrana tətbiq olunmuş sanksiyaların tələblərini pozması hallarının qarşısının sərt şəkildə alınacağını bildirib), sanksiyaların davam etdirilməsini də düşünmür. Amerikalılar İrana qarşı sanksiyaları artırmaqla "6+1" formatında aparılan danışıqlar prosesinə mane olacaqlarından ehtiyatlanırlar. Bundan başqa, Vaşinqtonun İrana ünvanladığı siqnallardan görünür ki, ABŞ nəinki onunla ikitərəfli əlaqələri inkişaf etdirməyə hazırdır, hətta regional məsələlərdə Tehranın maraqlarını nəzərə ala da bilər. Məsələn, İsraildəki mənbələrə istinad edən bir sıra dünya KİV-də yer almış məlumatlara görə, ABŞ administrasiyası Təl-Əvivə Tehrana qarşı mövqeyini yumşaltması üçün təzyiq edir. Məlumata görə, Amerika İsraildən iranlı nüvə alimlərinə qarşı sui-qəsdlərə son qoyulmasını tələb edir.

Bu mənada ABŞ-ın hazırkı administrasiyası və İsrail hökumətinin İranın nüvə proqramına münasibətindəki bir ciddi fərqi qeyd etmək yerinə düşər. Prezident Obama Tehranın nüvə silahı əldə etməsinə sərt şəkildə qarşı çıxsa da, İranın dinc xarakterli nüvə hüququnu dəfələrlə tanıyıb. Binyamin Netanyahu hökuməti və ABŞ-dakı aparıcı yəhudi diaspor təşkilatları isə İranın hər hansı nüvə texnolo-giyası əldə etməsinə qarşıdır.

Bütün bunlarla yanaşı, Vaşinqtonun Tehrana olan marağının daha bir amillə əlaqəsi aydın şəkildə görünür:  ABŞ Qərbin üçüncü ölkələrə qarşı apardığı böyük oyunda İran amilindən istifadə etmək istəyir. Misal kimi, Ukrayna hadisələrindən sonra ABŞ və Avropa ilə münasibətləri xeyli pisləşmiş Rusiyanı göstərmək olar. Qərb artıq İranın enerji resurslarının Rusiyaya əlavə təzyiq vasitəsi kimi, Avropa bazarlarına çıxarılmasını istisna etmir - bu gün Avropaya əsas qaz ixracatçısının Rusiya olduğu bəllidir. Rusiya üçün bu, qətiyyən arzuolunan deyil. Üstəlik, Qərb fövqəldövlətləri Moskvaya qarşı, həqiqətən də, sanksiyalar tətbiq edəcəklərsə, bu vəziyyət Rusiyanın işinə heç yaramayacaq.

İranın ABŞ və Aİ üçün Yaxın Şərqdə cəlbedici oyunçuya çevrilməyə başlaması da vacib məqamdır. Söhbət müəyyən dərəcədə elə Qərb tərəfindən bitmək bilməyən müharibələr, xaos meydanına çevrilmiş regiondan gedir. Üstəlik, regionda artıq Qərbə qarşı cihad çağırışları ilə çıxış edən qüvvələr hərbi-siyasi reallığın üzərinə çıxıb. Artıq 3 ildir vətəndaş müharibəsinin tüğyan etdiyi Suriyada yaşananlar bunu açıq şəkildə göstərir. Hazırkı mərhələdə Bəşər Əsəd rejiminə yeganə alternativ kimi, məhz, cihadçıların ortada olması ABŞ və Avropanın rəsmi Dəməşqə qarşı mövqeyini yumşaltmasının əsas səbəbidir. Eyni zamanda Qərb İranın radikal islama qarşı əks ağırlıq mərkəzi olduğunu da nəzərə almalıdır.

Qərbin də, İranın da "nüvə mübahisəsi"nin dinc yolla nizamlanmasında maraqlı olduğu geosiyasi oyunların sırasında əsas intriqa budur ki, Tehran ABŞ və onun avropalı müttəfiqlərini yalnız atom silahı əldə etmək niyyətində olmadığına deyil, həm də strateji perspektivdə onlara heç bir təhlükə yaratmayacağına inandıra biləcəkmi? Yoxsa Qərb bundan sonra da İrana şübhə ilə yanaşmaqda davam edəcək? Xüsusilə də nəzərə alsaq ki, özünün Yaxın Şərqdəki aktivliyini və digər dünya mərkəzlərinə qarşı səylərini, məhz, "İran təhlükəsi" ilə izah edən Qərb üçün, bu durumun qalması əl verir.



MƏSLƏHƏT GÖR:

647