
RUSİYANIN SÜQUTU, YOXSA ABŞ-ın QÜRUBU?
Krım "soyuq müharibə"nin bərpası meydanına çevrildi
Müəllif: İrina XALTURİNA Bakı
Krımda vəziyyət son dərəcə təhlükəli olaraq qalır. Ola bilsin ki, bu, hər şeyi öz gözlərilə görən krımlılardan daha çox KİV-dəki ziddiyyətli informasiyalara, sosial şəbəkələrdə və bloqlardakı "sensasion" materiallara ümid edənlər üçün təhlükəli təsir bağışlayır. Krım parlamentinin muxtariyyətin Rusiyanın tərkibinə daxil olmaq haqda prinsipial qərar qəbul etməsindən sonra vəziyyət daha da gərginləşib. İndi krımlılar martın 16-da keçiriləcək referendumda bu qərarı möhkəmləndirməyə hazırlaşırlar.
Rusiya rəsmiləri Krımda keçiriləcək referendumun nəticəsini dəstəkləyəcəklərini deyirlər. Referendum qərarına Dumanın bütün fraksiyaları da dəstək verib.
ABŞ "Krım xalqının iradəsini ifadə etməsinin legitimliyini tanımaqdan" əvvəlcədən imtina edib. Vaşinqtonda, o cümlədən bir sıra Avropa paytaxtlarında əmindirlər ki, Krımdakı xüsusi fərqləndirici əlamətləri olmayan hərbçilər rusiyalı əsgərlərdir və Rusiya, bununla, Ukraynanın bir hissəsini işğal edib. İndi Amerika Rusiyanı Ukraynanın suverenliyinə qəsddə ittiham edir. Birləşmiş Ştatların prezidenti Barak Obama hesab edir ki, Moskva "tarixin səhv tərəfində qərar tutub".
Krımda keçiriləcək referendumu Kiyev də tanımaq fikrində deyil.
"Krım parlamentinin Rusiyanın tərkibinə daxil olmaq qərarı Ukrayna Konstitusiyasına tam ziddir. Odur ki, Ukrayna qanunvericiliyinə əsasən, onun hüquqi qüvvəsi yoxdur. Əvvəlcə Krım parlamenti qanunsuz olaraq Nazirlər Sovetinə rəhbər təyin edib. Sonra martın 30-da referendumun keçirilməsinə dair antikonstitusion qərar çıxarılıb, daha sonra onun vaxtı martın 16-na dəyişdirilib və nəhayət, Rusiyanın tərkibinə daxil olmaq qərarı verilib. Ukrayna qanunvericiliyində bu cür qərarların qəbulu üçün heç bir mexanizm yoxdur. Tamamilə aydındır ki, BMT Təhlükəsizlik Şurasının Krımda baş verən proseslərlə bağlı real informasiya əldə etməsindən, Krım Muxtar Respublikasında BMT-nin xüsusi nümayəndəsinin oğurlanmasından və sonradan sərbəst buraxılmasından sonra bu beynəlxalq qurum Rusiyanın tərəfində olmayacaq. ABŞ və Böyük Britaniya Ukraynanı siyasi müdafiə və iqtisadi dəstəklə təmin etməyə hazır olduqlarını bəyan ediblər. ATƏT nümayəndələrinin Krıma buraxılmamasından sonra bu təşkilatda Rusiya prezidentinə qarşı sərt mövqe nümayiş etdirəcək. Sanki Çin Putinin müttəfiqi idi. Lakin BMT-nin iclasında Çin təmsilçisi Pekinin Ukraynanın ərazi bütövlüyünü, onun toxunulmazlığını dəstəklədiyini bəyan edib. Faktiki olaraq, Moskva tək qalıb", - deyə politoloq Dmitri Timçuk "R+" jurnalına açıqlamasında Kiyevin mövqeyini dilə gətirib.
Rusiya əməllərinə, guya, Krım sakinlərinin ondan baş verənlərə müdaxilə etməsini istəməsilə haqq qazandırmağa çalışır.
Aydındır ki, ruslar ukraynalılarla müharibə etməyəcək. Hansısa lokal toqquşmalar mümkündür. Amma çoxlarının gözlədiyi müharibə olmayacaq. Ən azı ona görə ki, ukraynalı ilə rusu bir-birindən ayırmaq mümkün olmur. Əksər hərbçilərin sərhədin hər iki tərəfində qohumları və dostları var və onlar "xaric"i, həqiqətən də, "xaric" saymırlar.
Əksər siyasətçilər və ekspertlər NATO-nun Ukraynaya qoşun yeritməsini də qeyri-real ssenari sayırlar. Amma yenə də qarışıqlığı heç kim istisna etmir. Çünki "bəzi təxribatlar"ın mümkün olduğu daim müzakirə edilir. Bununla yanaşı, belə təxribatların baş verə, onun kimin tərəfindən törədilə biləcəyinə dair heç bir dəlil yoxdur.
Hələlik Qərbin sanksiyalar prosesində nə qədər dərinə getməyə hazır olduğu, Rusiyanın buna nə qədər effektiv cavab verə biləcəyi, bütün bunların nəticəsində hansı tərəfin daha çox ziyan görəcəyi məsələləri fəal şəkildə müzakirə olunmaqdadır. Bu haqda tamamilə ziddiyyətli fikirlər səsləndirilməkdədir və anlamaq olmur ki, dünya Rusiyanın süqutunun başlanğıcını müşahidə edir, yoxsa qüdrətli ABŞ-ın qürubunu...
NATO Rusiya ilə "bütün sahələrdə" əməkdaşlığa yenidən baxır. Söhbət, hətta Suriyanın kimyəvi silahının məhvinə dair birgə missiyanın dayandırılmasından da gedir. Alyansın baş katibi Rasmussen NATO-nun Ukraynanın yeni mülki və hərbi rəhbərliyilə əməkdaşlığı gücləndirdiyini, Polşa və Baltikyanı ölkələrlə əməkdaşlığın genişləndirilməsinin planlaşdırıldığını bəyan edib. Pentaqon Baltikyanı ölkələrin hava məkanının mühafizəsinə cəlb olunmuş NATO missiyası üçün qırıcıların sayını artırmaq fikrindədir. KİV-də yer alan müxtəlif məlumatlara görə, ABŞ-ın ən azı 2 hərbi gəmisi artıq Qara dəniz hövzəsinə daxil olub. Yeri gəlmişkən, martın 5-də Ukraynanın "Batkivşşina" partiyasından olan deputatlar Ali Radaya yeni qanun layihəsini təqdim ediblər. Sənəd Ukraynanın NATO-ya üzvlüyünün dəstəklənməsini nəzərdə tutur. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarı "Ukraynadakı hadisələrin səbəb və nəticəsinin analizinə qərəzli yanaşma" adlandırıb.
2-ci mübarizə cəbhəsi daha real və daha həssas sahədədir. Söhbət maliyyə və iqtisadi sahədən gedir. Krımda yaşananların fonunda Rusiyanın indeksləri axsayır. Rublun real effektiv kursu fevralda 3,5% enib və bununla, 1 ay ərzində bütünlükdə ötənilkindən daha çox itki verib. Obama Rusiya və Ukraynanın Ukraynada, xüsusilə Krımda vəziyyətin gərginləşməsinə aidiyyəti olan vətəndaşlarının aktivlərinin dondurulmasına sərəncam verib. Buna cavab olaraq, Rusiyanın Federasiya Şurasında bu ölkəyə qarşı sanksiyaların tətbiq olunacağı təqdirdə, Amerika və Avropa şirkətlərinin aktivlərinin və hesablarının müsadirə olunmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Ukrayna üçün isə apreldən etibarən təbii qazın qiyməti artırılır. Üstəlik, Ukraynanın hazırda Rusiyaya olan borcu 2 milyard dollar təşkil edir. Bununla əlaqədar olaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Con Beyner "The Wall Press Journal"da dərc olunan məqaləsində "Putinə etiraz olaraq, ABŞ-ın təbii qazının liberallaşdırılmasını" təklif edib. "Putin yalnız Rusiya iqtisadiyyatına, onun enerji ixracına yönəlmiş qərarlara ciddi yanaşa bilər. Çünki Rusiya liderinin siyasi nüfuzunu, əsasən, məhz, bu amil müəyyənləşdirir", - deyə "The Guardian" yazır.
Bütün bunlarla yanaşı, Rusiyanın nəyə nail omlağa çalışdığı sualına hələ də birmənalı cavab yoxdur. Qərbin Yaxın Şərqdəki keçmiş addımlarının (əsasən, ABŞ-ın BMT TŞ-nin qərarı olmadan atdığı addımların) indi ən azı Rusiya prezidentinin dilində necə Vaşinqtona və Avropa paytaxtlarına qarşı yönəldiyini hər kəs görür. Bəs, Rusiya eyni riski etmirmi? Rusiyanı hərəkətə gətirən Krımın rus əhalisinin müdafiəsidir, yoxsa 1954-cü ilin tarixi "ədalətsizliyini" düzəltmək? Əgər Vladimir Putinin dediyi kimi, Moskva Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirsə, onda Krımda yarımadanın Ukraynadan ayrılmasını rəsmiləşdirə biləcək referenduma necə dəstək verilə bilər?
Rusiya xüsusilə ölkənin hazırkı iqtisadi durumunu nəzərə alaraq, daha bir dotasiyalı regionun qayğılarını öz üzərinə götürməyə hazırdırmı? Bəlkə, nəzarətində olan, amma Ukraynanın tərkibində qalan Krım Rusiya üçün daha sərfəlidir? Aydındır ki, Kiyevin Aİ ilə yaxınlaşmasından sonra Krımdakı Qara dəniz donanmasının taleyi və hətta Ukraynada NATO bazasının peyda olması məsələsi gündəmə gələ bilər. Bu, Şərqi Avropada ABŞ HHM sisteminin yerləşdirilməsilə müqayisədə daha ciddi məsələdir. Moskva tamamilə haqlı olaraq, bu addımları öz milli təhlükəsizliyi üçün problem sayır. Bununla yanaşı, Krım hadisələri kifayət qədər uzana bilər. NATO və Aİ-nin nizamnamələrinə görə isə ərazi münaqişəsi olan ölkələr bu birliklərə üzv ola bilməzlər.
Əslində, Qərb ölkələrinin Ukrayna ilə bağlı mövqeləri də ilk baxışdan göründüyü qədər üst-üstə düşmür. Problemin həlli üçün sərt addımların atılmasını heç də bütün Qərb dövlətləri məqbul saymır. Bununla bağlı, istər ABŞ-la Aİ, istərsə də Avropa İttifaqı üzvlərinin öz aralarında fikir ayrılıqları var. Ola bilsin ki, razılaşdırılmış ümumavropa siyasətinin olmaması (bu fakt indi tam çılpaqlığı ilə üzə çıxıb) özünü göstərir. Bu məsələdə özünü Aİ-nin ən nüfuzlu və zəngin üzvü olan Almaniya xüsusilə maraqlı aparır. Angela Merkel Vladimir Putini "reallıqla əlaqəsini itirməkdə" ittiham etsə də, Berlinin mövqeyi heç də birmənalı deyil. Deyəsən geniş tərkibli koalisiya Moskva ilə mübahisəyə girişməyə meyilli görünmür. Almaniya mətbuatında az qala Rusiyanın mövqelərinə loyal münasibətin əks olunduğu şərhlərə rast gəlinir. Avropa Komissiyasının son məruzəsi, o cümlədən ABŞ-ın səsləndirdiyi tənqid belə deməyə əsas verir ki, Avropada iqtisadi artıma mane olan əsas amil Almaniyanın buraya ixracının artmasıdır. İndi Almaniya üçün Rusiya bazarının da itirilməsi heç də arzulanan deyil. Daha doğrusu, Almaniya üçün yox, bütünlükdə Aİ üçün. Bütün bunların fonunda bir məqam yenə də sual olaraq qalır: Ukrayna Qərbə nə qədər lazımdır? Fransanın son prezident seçkisində 3-cü yeri tutmuş sağçıların lideri Marin Le Pen Ukraynada yaşananların günahkarı kimi Brüsseli göstərib. Onun fikrincə, Brüssel "Ukraynanın bir hissəsini Kiyevin Aİ-yə üzv ola biləcəyinə inandırıb və bu, qətiyyən doğru deyil". Digər tərəfdən Ukraynada yaşanan böhran avropalılara bir daha göstərib ki, onların ən güclüləri belə, hərbi sahədə NATO-dan, demək, ABŞ-dan asılıdır. ABŞ-da isə bəzi respublikaçılar "Putinə həsəd aparır" və Obamanı ruslarla münasibətdə uğursuzluqda günahlandırırlar.
Ukrayna isə iqtisadi tənəzzülün astanasındadır. Avropa İttifaqı Kiyevə yaxın 2 ildə 11 milyard avroluq maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib. Halbuki bir müddət əvvəl Ukraynanın Maliyyə Nazirliyi yaxın 2 il üçün ölkənin 35 milyard dollar yardıma ehtiyacı olduğunu açıqlamışdı. Artıq sosial duruma və əhalinin yaşayış səviyyəsinə ciddi zərbə vuracaq kompleks tədbirlər məlumdur. Belə olan təqdirdə, sadə ukraynalıların Yanukoviçin dövründə olduğundan daha ağır həyat şəraitinə hansı səbəbdən yuvarlanmalı olduqları bəlli deyil. Axı, qubernator postlarında yenə də oliqarxlardır. Onlar öz milyardlarını rəhbərlik etdikləri əyalətlərin inkişafına xərcləməyə hazırdırlarmı?
"Fikrimcə, Ukraynanın hazırkı rəhbərliyinin Qərbin siyasi dəstəyinə malik olması onu əvvəlki hökumətdən effektiv etmir. Ukraynada toqquşmalara yol açmış iqtisadi inkişaf, korrupsiya məsələləri gündəmi tərk etməyib", - deyə moldovalı politoloq Nikolay Svetkov "R+" jurnalına açıqlamasında bildirib. Onun fikrincə, hakimiyyətin legitimliyinin pozulması vəziyyəti daha da ağırlaşdırır.
Bundan başqa, Ukraynanın hazırkı hökumətini hörmətdən salan daha bir məqam Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştonla Estoniyanın XİN başçısı Urmas Paet arasında martın 5-də ortaya çıxmış danışıqlardır. Onlar telefon danışığı zamanı Kiyevdə baş vermiş qətllərə "yeni koalisiya"dan kimlərinsə aidiyyətinin ola biləcəyini qeyd ediblər. Yeri gəlmişkən, Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov Kiyevdəki bir müddət əvvəl silahlı qarşıdurmaya hansısa "üçüncü qüvvə"nin aidiyyətinin olduğunu bildirmişdi.
Ukraynada vəziyyət, hələ ki, çözümündən çox uzaqdadır. Bu böhranın növbəti mərhələsi Krımda keçiriləcək referendum zamanı müşahidə olunacaq. İstənilən halda, referendumda veriləcək qərar dönüş nöqtəsi olacaq və səsvermədən sonra yuxarıda səslənən suallardan, heç olmasa, bəzilərinin cavabı üzə çıxacaq.
MƏSLƏHƏT GÖR: